• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Oktyabrın 31-də “Avropa” otelində “Azərbaycan ilə İtaliya arasında təhsil sahəsində əməkdaşlıq: mövcud vəziyyət və perspektivlər” mövzusunda ikigünlük konfrans öz işinə başlayıb.

Tədbirdə Azərbaycan Respublikası Təhsil Nazirliyinin, o cümlədən İtaliyanın Təhsil, Universitet və Tədqiqatlar Nazirliyinin məsul əməkdaşları, hər iki ölkənin təhsil müəssisələrinin rəhbərləri və bir sıra dövlət qurumlarının səlahiyyətli nümayəndələri iştirak ediblər.
Məlumat üçün bildiririk ki, iki ölkə arasında təhsil sahəsində əlaqələr 1 iyun 2002-ci ildə Bakı şəhərində Azərbaycan Respublikası Hökuməti ilə İtaliya Respublikası Hökuməti arasında mədəniyyət, elm və texnologiya sahəsində əməkdaşlıq haqqında saziş imzalandıqdan sonra genişlənməyə başlayıb. Qeyd olunan sazişdə universitetlərarası birbaşa əməkdaşlıq, professor və tədqiqatçıların mübadiləsi, iki ölkənin dil və ədəbiyyatının öyrənilməsi məqsədi ilə universitetlərdə, həmçinin digər ümumi təhsil məktəblərində kafedraların açılması, mühazirələrin təşkili, tədris metodları, vasitələri, materialları və proqramlarının mübadiləsi, həmçinin bir sıra digər məsələlər öz əksini tapıb.
Tədbir iştirakçılarını salamlayan təhsil naziri Misir Mərdanov Azərbaycanla İtaliya arasında diplomatik əlaqələrin qurulmasının 20 illik yubileyinə həsr olunmuş konfransın əhəmiyyətindən bəhs edərək müvafiq görüşlərin iki ölkə arasındakı münasibətlərin daha da inkişafına, eləcə də qarşılıqlı təhsil əlaqələrinin genişlənməsinə müsbət təsir göstərəcəyinə əminliyini bildirib. Nazir 1-8 iyun 2012-ci il tarixlərində İtaliyanın təhsil, universitet və tədqiqatlar nazirinin dəvəti ilə Azərbaycan Respublikası Təhsil Nazirliyinin nümayəndə heyətinin ali təhsil təcrübəsi ilə tanışlıq, əməkdaşlığın genişləndirilməsi və birgə layihələr üzrə təkliflərin müzakirə olunması məqsədi ilə İtaliyada rəsmi səfərdə olduğunu söyləyib. Səfər çərçivəsində İtaliyanın Təhsil, Universitet və Tədqiqatlar Nazirliyində, La Sapienza Universitetində keçirilmiş görüşlərdən söz açan Misir Mərdanov aparılan müzakirələrdə ikitərəfli əməkdaşlıq istiqamətləri, Azərbaycanla İtaliya arasında təhsil üzrə birgə işçi qrupunun yaradılması və təhsil sənədlərinin qarşılıqlı tanınması məsələlərinin yer aldığını nəzərə çatdırıb.
Azərbaycanla İtaliyanın tarixi, siyasi, iqtisadi əlaqələrinə toxunan təhsil naziri ölkələrimiz arasındakı illik ticarət dövriyyəsinin 10 milyard dollar civarında olduğunu müsbət hal kimi dəyərləndirib. Misir Mərdanov buna uyğun olaraq digər istiqamətlərdə, eləcə də təhsil sahəsində əlaqələrin genişləndirilməsinin zəruriliyini və bunun üçün hərtərəfli potensialın mövcud olduğunu vurğulayıb.
Nazir Azərbaycan Respublikası Prezidentinin 16 aprel tarixli, 2090 nömrəli sərəncamı ilə təsdiq edilmiş “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində kadr hazırlığını nəzərdə tutan ali təhsil müəssisələri siyahısına İtaliyanın 24 ali təhsil müəssisəsinin adının daxil edildiyini bildirib. Dövlət Proqramı çərçivəsində 3 nəfər azərbaycanlı gəncin İtaliyanın ali təhsil müəssisələrini uğurla başa vurduğunu söyləyən Misir Mərdanov 4 nəfərin isə magistratura səviyyəsi üzrə bu ölkədə təhsil aldığını qeyd edib.
Hər iki ölkənin ali təhsil müəssisələri arasında əməkdaşlığın inkişafına toxunan nazir bildirib ki, İtaliyanın Perucia Əcnəbilər Universiteti və Siena Universiteti ilə Azərbaycan Dillər Universiteti (ADU) arasında bakalavr və magistr pillələri üzrə tələbə mübadiləsini nəzərdə tutan saziş çərçivəsində ADU-nun tələbələri İtaliya universitetlərinə göndərilir və həmin universitetlərdən ADU-ya mütəxəssislər dəvət edilir. Təhsil naziri onu da qeyd edib ki, TEMPUS proqramı çərçivəsində Milan Tərcüməçilik İnstitutu “Yazılı və şifahi tərcümənin tədrisində islahatlar” layihəsi üzrə ADU ilə sıx əməkdaşlıq edir. Azərbaycan Memarlıq və İnşaat Universiteti, Bakı Dövlət Universiteti, Azərbaycan Tibb Universiteti, Azərbaycan Texniki Universiteti, Xəzər Universitetinin də İtaliyanın ali məktəbləri ilə əlaqələrini genişləndirdiyini önə çəkən Misir Mərdanov birgə elmi konfransların təşkilinin və müştərək layihələrin həyata keçirilməsinin əhəmiyyətini vurğulayıb.
Ali təhsil müəssisələri arasındakı əlaqələrin inkişafında İtaliyanın La Sapienza Universitetinin xüsusi rolunu qeyd edən nazir bu ali məktəbdə Azərbaycanşünaslıq kafedrasının yaradıldığına, ölkəmizin tarixinə, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə həsr olunmuş 3 kitabın hazırlanaraq tədris edildiyinə diqqət çəkib. Misir Mərdanov bildirib ki, məhz bu kimi amillər ölkələrimiz arasındakı münasibətlərin dərin etimad və qarşılıqlı anlaşma ruhunda inkişaf etdiyini deməyə əsas verir.
La Sapienza Universitetinin rektoru Luici Frati konfransın təşkilinə görə təşəkkürünü bildirib. Avropanın ən böyük ali təhsil müəssisələrindən biri olan La Sapienza Universitetində 140000 tələbənin təhsil aldığını söyləyən L.Frati rəhbərlik etdiyi ali məktəb haqqında ətraflı məlumat verib. Rektor universitetdə 11 fakültə, 2 xəstəxana, muzey və zəngin kitabxananın mövcud olduğunu, bir sıra ixtisaslar üzrə tədrisin ingilis dilində aparıldığını, elmi-tədqiqatlara geniş yer verildiyini nəzərə çatdırıb. Azərbaycan universitetləri ilə əməkdaşlıqda maraqlı olduqlarını bildirən qonaq bu konfransın ikitərəfli əlaqələrin uğurla davam etdirilməsi baxımından əhəmiyyətli olacağına inamını ifadə edib.
Konfransda çıxış edən İtaliyanın Təhsil, Universitet və Tədqiqatlar Nazirliyinin təmsilçisi Ezio Sina, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi İqtisadi Əməkdaşlıq və İnkişaf İdarəsinin rəisi Əşrəf Şıxəliyev, Azərbaycanın İtaliyadakı fövqəladə və səlahiyyətli səfiri Vaqif Sadıqov, İtaliyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mario Baldi qarşılıqlı əməkdaşlığın inkişafı üçün görülmüş işlərdən və qarşıda duran vəzifələrdən söhbət açıblar. Qeyd olunub ki, ölkələrimiz arasındakı əlaqələrin genişləndirilməsi istiqamətində mövcud potensialdan səmərəli istifadə edilməli və təhsilin bütün pillələri üzrə əməkdaşlıq genişləndirilməlidir.
Sonra konfrans öz işini sessiyalar üzrə davam etdirib.


8 il əvvəl