• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Oktyabrın 14-də «Ambassador» otelində «İnklüziv təhsil: təcrübə və qarşıda duran vəzifələr» mövzusunda ikigünlük V beynəlxalq elmi-praktik konfrans işə başlayıb.

Konfransı təhsil naziri Misir Mərdanov açaraq tədbirin əhəmiyyətini qeyd edib və ölkəmizdə uşaqların rifahının yüksəldilməsi işinin daim diqqət mərkəzində saxlanıldığını bildirib. Nazir əlavə edib ki, Azərbaycan Respublikası Təhsil Nazirliyi, YUNİSEF, Azərbaycan Müəllimlər İnstitutu və Avropa Gözdən Əlil Şəxslərin Təhsili və Reabilitasiyası üzrə Beynəlxalq Şuranın (ICEVI) təşkilatçılığı ilə keçirilən konfransın məqsədi sağlamlıq imkanları məhdud şəxslərin inklüziv təhsilə cəlb olunması yollarını araşdırmaq, onların cəmiyyətə inteqrasiyası və belə şəxslər üçün maneəsiz mühitin yaradılması ilə bağlı gələcək perspektivləri müəyyənləşdirmək, Azərbaycanda bu sahədə çalışan insanların digər ölkələrin uğurlu təcrübə nümunələri ilə tanış olmalarına şərait yaratmaqdır.
 Ulu öndər Heydər Əliyevin uşaqların müdafiəsi sahəsində həyata keçirdiyi siyasətin hazırda ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirildiyini vurğulayan nazir bu istiqamətdə Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın gördüyü işləri də nəzərə çatdırıb.
Nazir qeyd edib ki, Azərbaycan müstəqillik illərində insan hüquqları ilə bağlı bir sıra beynəlxalq saziş və konvensiyalara qoşulub, bununla bağlı üzərinə götürdüyü öhdəlikləri yerinə yetirir. Təhsil naziri hazırda ölkəmizdə 60 mindən çox əlilliyi olan uşaqdan 1105-nin xüsusi məktəblərdə, 2664-nün xüsusi internat məktəblərində (onlardan 1353 nəfəri müəssisədə gecələyir), 7750-nin evdə, 268-nin isə inklüziv təhsil aldığını bildirib.
 «Təhsil haqqında» Azərbaycan Respublikasının Qanununda sağlamlıq imkanları məhdud şəxslərin təhsil hüquqlarının təmin olunmasının təsbit edildiyini söyləyən Misir Mərdanov qeyd edib ki, Azərbaycanda inklüziv təhsilin təşkili istiqamətində Təhsil Nazirliyi tərəfindən 2005-2009-cu illərdə xüsusi qayğıya ehtiyacı olan uşaqların təhsilinin təşkili ilə əlaqədar İnkişaf Proqramı həyata keçirilib. Nazir həmin proqrama əsasən sağlamlıq imkanları məhdud uşaqların təhsil hüquqlarının həyata keçirilməsi, inklüziv təlimə keçidin reallaşdırılması, təhsil müəssisələrində bütün uşaqların təhsili üçün bərabər imkanların yaradılması, dövlət himayəsində olan uşaqların sosial müdafiəsinin gücləndirilməsi, bütün kateqoriyadan olan sağlamlıq imkanları məhdud uşaqların ölkə üzrə qeydiyyatının aparılması və təhsilə cəlb edilməsi, xüsusi təhsil müəssisələrinin maddi-texniki, eləcə də tədris bazasının müasir standartlara uyğunlaşdırılması sahəsində əhəmiyyətli işlər görüldüyünü nəzərə çatdırıb. Proqramın icrası istiqamətində Heydər Əliyev Fondunun müstəsna xidmətlərindən bəhs edən təhsil naziri «Azərbaycan Respublikasında dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi (de-institutlaşdırma) və alternativ qayğı Dövlət Proqramı (2006-2015-ci illər)» çərçivəsində həyata keçirilən tədbirlərə toxunub.
  Misir Mərdanov bildirib ki, inklüziv təhsil imkanlarının genişləndirilməsi məqsədilə təhsil qanunvericiliyində müvafiq dəyişikliklərin edilməsi üçün YUNİSEF və Təhsil Nazirliyi tərəfindən «İnklüziv təhsil haqqında Qanun» layihəsi işlənib hazırlanaraq Milli Məclisə təqdim olunub. Nazir,  həmçinin YUNİSEF-in texniki dəstəyi ilə inklüziv təhsilin inkişafına dair Dövlət Proqramının hazırlandığını və Nazirlər Kabinetinə təqdim olunduğunu söyləyib.
Çıxışında inklüziv təhsillə bağlı digər məsələlərə də toxunan nazir bu sahədə görülmüş işlərin və icrası nəzərdə tutulan tədbirlərin ölkəmizdə hər bir əlilliyi olan uşağın təhsil hüququnun təmin edilməsinə yönəldiyini qeyd edib. Təhsil naziri konfransda təqdim olunan digər ölkələrin uğurlu təcrübə nümunələri nəzərə alınaraq Azərbaycan Müəllimlər İnstitutunda inklüziv təhsil üzrə elmi mərkəzin yaradılması təklifini irəli sürüb.
Sonra YUNİSEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri Mark Herevard, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Natiq Məmmədov, Nazirlər Kabinetinin şöbə müdirinin müavini Qurban Əmirov, Azərbaycan Müəllimlər İnstitutunun rektoru Aqiyə Naxçıvanlı beynəlxalq elmi-praktik konfransın keçirilməsinin əhəmiyyəti, ölkəmizdə inklüziv təhsillə bağlı həyata keçirilən tədbirlər, bu sahədə beynəlxalq təcrübənin öyrənilməsi, beynəlxalq təşkilatlarla əməkdaşlıq məsələləri barədə fikir və mülahizələrini bildiriblər.
Sonra Hollandiyanın Fontys Universitetinin professoru H.Şuman, Rusiya Federasiyasının əməkdar elm xadimi, biologiya elmləri doktoru, professor, Sankt-Peterbrq Xüsusi Pedaqogika və Psixologiya İnstitutunun rektoru L.Şipitsina, Moskva şəhər Psixoloji –Pedaqoji Universitetin nəzdində fəaliyyət göstərən İnteqrativ (inklüziv) Təhsil İnstitutunun direktoru S.Alyoxina və başqaları elmi məruzələrlə çıxış ediblər.
Oktyabrın 15-də Azərbaycan Müəllimlər İnstitutunda təşkil olunacaq seminarda konfrans iştirakçılarını maraqlandıran məsələlər barədə mühazirəçilərə müraciət etmək və məlumat almaq imkanı yaradılacaq. Konfransda, həmçinin sağlamlıq imkanları məhdud uşaqlar tərəfindən hazırlanmış əl işləri və rəsmlərin sərgisi təşkil olunacaq.


8 il əvvəl