• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Gəncə Dövlət Universitetinin 80 illik yubileyi qeyd olunub

Noyabrın 30-da Gəncə Dövlət Universitetinin (GDU)  80 illik  yubiley mərasimi keçirilib.

Yubiley mərasimində təhsil naziri Ceyhun Bayramov, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Milli Məclisin deputatları, ali məktəb rektorları, ictimai-siyasi xadimlər və universitetin professor-müəllim heyəti iştirak edib.

Tədbir iştirakçıları Gəncə şəhərinin mərkəzində ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə əklil və gül dəstələri qoyublar.

Daha sonra universitetin ən böyük tədris binası olan 5-ci korpusunun əsaslı yenidənqurmadan sonra açılışı olub. Məlumat verilib ki, yeni tədris binası müasir təhsil standartları səviyyəsində yenidən qurulub. Ümumi ərazisi 4,8 hektar olan 4 mərtəbəli tədris binası müasir infrastruktura və zəngin maddi-texniki bazaya malikdir. Korpusda 2 mərtəbəli tədris binası, 99 otaq, idman və 306 yerlik iclas zalı, kiçik iclas zalı, tibb məntəqəsi, yeməkxana və idman sahəsi var. Həmçinin yeni tədris binasının nəzdində Heydər Əliyev guşəsi, universitetin tarixini əks etdirən muzey, 30 min kitab fonduna malik Nuru Paşa adına kitabxana, Əlil Tələbələr üçün Mərkəz, Müasir Təlim Mərkəzi, E-Öyrənmə Mərkəzi, Aleksandr Düma adına Fransa Mədəniyyət Mərkəzi, Dil Resursları Mərkəzi və iki müxtəlif istiqamətdə fəaliyyət göstərəcək kompüter mərkəzi yaradılıb.

Mərasimdə çıxış edən təhsil naziri Ceyhun Bayramov ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən təhsilin müxtəlif pillələrini əhatə edən istiqamətlər üzrə mühüm dövlət sənədlərinin imzalandığını diqqətə çatdırıb.  Nazir qeyd edib ki, son 5 ildə aparılan islahatlar nəticəsində təhsilin bütün sahələri üzrə uğurlar əldə olunub.

Ölkədə ali təhsilin əhatəlilik səviyyəsinin əhəmiyyətli şəkildə artdığını qeyd edən nazir vurğulayıb ki, 2018-2019-cu tədris ili üzrə qəbul imtahanlarının nəticələrinə əsasən, rekord sayda - 41 min abituriyent tələbə adını qazanıb, 500 və daha artıq bal toplayan məzunlar arasında 2090 nəfər müəllimlik ixtisasını seçib.

Ceyhun Bayramov ölkə Prezidenti tərəfindən imzalanan “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın ali təhsilin beynəlxalq standartlara uyğunlaşmasına səbəb olacağını deyib. Nazir qeyd ki, yeni Dövlət Proqramı rəqabət qabiliyyətli və dayanıqlı iqtisadi inkişafın təşkilində, milli təhsil sisteminin yüksək ixtisaslı kadrlarla təmin edilməsində mühüm töhfələr verəcək.           

Yubiley tədbirinin əlamətdar bir ildə qeyd edildiyini deyən nazir bildirib ki, 2018-ci il Prezident İlham Əliyevin müvafiq sərəncamına əsasən “Azərbaycan Xalq Cümhuriyyəti ili” elan edilib. Hər iki yubiley tədbirinin arasında rəmzi bağlılığın olduğunu deyən Ceyhun Bayramov vurğulayıb ki, Azərbaycanda dövlətçilik ənənələrinin formalaşdırılmasında, xalqımızın ictimai-siyasi və mədəni həyatında çox zəngin irs qoymuş Azərbaycan Xalq Cümhuriyyəti fəaliyyəti dövründə, həmçinin təhsil sahəsində də tarixi qərarlar qəbul edib.

Universitetinin 80 illik yubileyi münasibətilə təhsil ocağının kollektivini bir daha təbrik edən Ceyhun Bayramov vurğulayıb ki, Gəncə Dövlət Universiteti böyük potensiala malik təhsil müəssisəsi olmaqla yanaşı, həm də qərb bölgəsində böyük mədəni mərkəzdir.

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov isə bildirib ki, Gəncə Dövlət Universitetinin istifadəyə verilən yeni tədris korpusu ölkə rəhbərliyinin təhsilin inkişafına göstərdiyi diqqət və qayğısının bariz nümunəsidir. Niyazi Bayramov yalnız qərb bölgəsindən deyil, respublikanın müxtəlif guşələrindən yüksək ballı abituriyentlərin Gəncə Dövlət Universitetini seçməsinin diqqətəlayiq olduğunu deyib.

Universitetin rektoru Yusif Yusibov isə qeyd edib ki, GDU ötən 80 il ərzində təkçə ölkəmiz üçün yox, qonşu respublikalar üçün də peşəkar, səriştəli pedaqoji kadrlar hazırlayıb və qərb regionunda maarifçiliyin inkişafında öz xidmətlərini göstərib. Son illər tələbə qəbulu planının 97 faizə çatması ilə GDU ali məktəblər arasında ilk üçlüyə daxil olub.

Tədbirin sonunda ölkə Prezidentinin sərəncamları ilə təhsilin inkişafındakı xidmətlərinə görə Gəncə Dövlət Universitetinin fəxri adlarla və “Tərəqqi” medalı ilə təltif olunan 23 əməkdaşına dövlət mükafatları təqdim edilib.

 


5 il əvvəl