06.11.2018

“Rəqəmsal bacarıqlar” layihəsi çərçivəsində infotur

Noyabrın 6-da 132-134 nömrəli Təhsil Kompleksində “Rəqəmsal bacarıqlar” layihəsi çərçivəsində infotur keçirilib. İnfotur  informasiya texnologiyaları sahəsində ölkədəki qabaqcıl şirkətlərin nümayəndələrini layihə ilə yaxından tanış etmək məqsədi daşıyıb.

10-a yaxın şirkət nümayəndəsinin qatıldığı tədbirdə qonaqlar əvvəlcə yeni formatda keçirilən “İnformatika” dərsinin gedişi ilə tanış olublar.

Tanışlıqdan sonra “Yeni tədris metodunun şagirdlər üzərində müsbət təsiri” mövzusunda dəyirmi masa keçirilib. Tədbirdə “Rəqəmsal bacarıqlar” layihəsi üzrə tətbiq edilən metodologiyanın şagirdlərin “İnformatika” fənnini mənimsəməsində rolu müzakirə olunub. “Microsoft”, “Edumedia”, “SAP”, “Bestcomp”, “İTE”, “AzEduNet”, “İT STEP” Kompüter Akademiyasının, həmçinin Təhsil Nazirliyinin nümayəndələri “İnformatika” fənninin tədrisinin təkmilləşdirilməsi yolu ilə şagirdlərin kompüter savadlılığının yüksəldilməsində, onların yüksək texnoloji ixtisaslara marağının artırılmasında layihənin rolunu yüksək qiymətləndiriblər. “İnformatika” fənninin tədrisində təcrübi məşğələlərə daha çox vaxt ayrılması xüsusi qiymətləndirilib və yeni yanaşmanın başqa fənlərə də tətbiqinin vacibliyi vurğulanıb.

Qeyd edək ki, “Rəqəmsal bacarıqlar” pilot layihəsi 2017-2018-ci tədris ilində Bakı şəhərində 45 məktəb üzrə 6500 şagirdi əhatə edib. Cari tədris ilində isə Bakı və Gəncə şəhərləri üzrə 71 məktəb və 26 000 şagird bu layihəyə cəlb olunub. Layihə informasiya texnologiyaları sistemləri və rəqəmsal bacarıqların öyrədilməsi üzrə proqramlar hazırlayan “Alqoritmika” beynəlxalq təhsil şirkəti ilə birgə keçirilir. Dünyanın ən innovativ metodikalarından istifadə edilməklə peşəkar metodist və pedaqoqlar tərəfindən hazırlanan proqram müvafiq sahə üzrə ən yaxşı təcrübələri özündə birləşdirir. Həmçinin fərdi təlim, nəzəriyyə və tətbiqi yanaşma, fənlərarası əlaqə və motivasiyanın artırılması prinsiplərinə əsaslanır.


Açar sözlər: ,  ,