Həştərxanda ümummilli liderin adını daşıyan məktəbin 15 illiyi qeyd olunub
13.11.2026 - 11:00
Rusiyanın Həştərxan vilayətində 11 saylı tam orta ümumtəhsil məktəbinin əsaslı yenidən qurulmasının və təhsil müəssisəsinə ümummilli lider Heydər Əliyevin adının verilməsinin 15 illiyinə həsr olunmuş tədbirlər keçirilib.
Tədbirlərdə Azərbaycan nümayəndə heyətinin tərkibində elm və təhsil nazirinin müavini İdris İsayev, Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, Milli Məclisin deputatları Rizvan Nəbiyev və Zaur Şükürov, YAP Abşeron rayon təşkilatının sədri Abbas Əliyev iştirak ediblər.
Tədbirlər çərçivəsində ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyəti, Azərbaycan xalqı və dövləti qarşısındakı misilsiz xidmətləri, ölkəmizin yenidən qurulması və hərtərəfli inkişafı istiqamətində həyata keçirdiyi tarixi missiya, eləcə də Azərbaycan-Rusiya münasibətlərinin formalaşması və inkişafındakı mühüm rolu barədə ətraflı bəhs olunub.
Noyabrın 11-də Azərbaycan nümayəndə heyəti, Həştərxan Hökumətinin sədri Denis Afanasyevin rəhbərliyi ilə vilayətin rəsmi şəxsləri və Azərbaycan diasporunun nümayəndələri Həştərxan şəhərində ümummilli lider Heydər Əliyevin adını daşıyan xiyabanı ziyarət ediblər. Xiyabanda ucaldılmış abidə önünə gül dəstələri qoyularaq ulu öndərin xatirəsi dərin ehtiramla yad edilib. Daha sonra nümayəndə heyəti İkinci Dünya müharibəsində həlak olanların xatirəsinə həsr edilmiş “Qardaşlıq məzarlığı”nı ziyarət edib, əbədi məşəl abidəsi önünə gül dəstələri qoyub.
Həmin gün Azərbaycan nümayəndə heyətinin Həştərxan Hökumətinin sədri Denis Afanasyevlə rəsmi görüşü keçirilib. Görüşdə Azərbaycan ilə Həştərxan vilayəti arasında əlaqələrin inkişaf perspektivləri, qarşılıqlı əməkdaşlığın genişləndirilməsi və humanitar sahədə birgə fəaliyyətin gücləndirilməsi məsələləri müzakirə olunub. Tərəflər ümummilli lider Heydər Əliyevin iki xalq arasında dostluq və qardaşlıq münasibətlərinin möhkəmləndirilməsindəki tarixi xidmətlərini vurğulayaraq bu irsin gələcək nəsillərə çatdırılmasının əhəmiyyətini qeyd ediblər.
Noyabrın 12-də Azərbaycan nümayəndə heyəti Heydər Əliyev adına 11 saylı tam orta ümumtəhsil məktəbini ziyarət edib. Əvvəlcə məktəbin foyesində ulu öndərin büstü önünə gül dəstələri qoyulub, xatirəsi ehtiramla yad edilib. Daha sonra məktəbin əsaslı yenidən qurulmasının və ümummilli liderin adının verilməsinin 15 illiyinə həsr olunmuş yubiley tədbiri keçirilib.
Çıxışlarda ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqı və dövlətçiliyi qarşısındakı tarixi xidmətləri, müəyyən etdiyi inkişaf strategiyasının müasir Azərbaycanın tərəqqisindəki rolu, eləcə də Azərbaycan-Rusiya münasibətlərinin inkişafına verdiyi töhfələr vurğulanıb. Həmçinin Heydər Əliyev adına 11 saylı məktəbin iki ölkə arasında humanitar əlaqələrin və dostluq münasibətlərinin möhkəmləndirilməsindəki əhəmiyyəti, təhsil müəssisəsində ulu öndərin irsinin öyrənilməsi və təbliği istiqamətində görülən işlər yüksək qiymətləndirilib. Heydər Əliyev Fondunun Həştərxan vilayətində həyata keçirdiyi layihələrin əhəmiyyəti qeyd olunub, məktəbin 15 illik yubileyi münasibətilə kollektivə gələcək fəaliyyətində uğurlar arzulanıb.
Yubiley tədbiri çərçivəsində tədris ili ərzində Heydər Əliyev irsinin öyrədilməsi və təbliğində xidmətləri, eləcə də fəallıqları ilə fərqlənən müəllimlər fəxri fərman və mükafatlarla təltif olunub, təhsil nailiyyətləri ilə seçilən şagirdlərə hədiyyələr təqdim edilib. Sonda məktəblilərin ifasında yubileyə həsr olunmuş bədii proqram nümayiş etdirilib.
Səfər çərçivəsində Azərbaycan nümayəndə heyətinin Həştərxan vilayətinin qubernatoru İqor Yuryeviç Babuşkinlə görüşü də keçirilib. Görüşdə Azərbaycan ilə Həştərxan vilayəti arasında mövcud əməkdaşlığın inkişaf perspektivləri və qarşılıqlı əlaqələrin daha da genişləndirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Digər xəbərlər
-
Milli Süni İntellekt Mərkəzinin hazırladığı "Neyron.ai" platforması “Rəqəmsal məktəb”də istifadəyə verilib
13.11.2026 - 14:30 -
Dövlət məktəbəqədər təhsil müəssisələrində çalışan təhsilverənlərin sertifikatlaşdırılması prosesinə başlanılır
13.11.2026 - 11:07 -
Həştərxanda ümummilli liderin adını daşıyan məktəbin 15 illiyi qeyd olunub
13.11.2026 - 11:00 -
Emin Əmrullayev Corc Vaşinqton Universitetinin nümayəndələri ilə görüşüb
11.11.2026 - 18:00 -
Məktəblər üçün 146-4 texniki dəstək xətti fəaliyyət göstərir
11.11.2026 - 16:30
