• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

“CanSat Azərbaycan 2018” model peyk müsabiqəsinin qalibləri mükafatlandırılıb

Oktyabrın 16-da Milli Aviasiya Akademiyasında Təhsil Nazirliyi“Azərkosmos" ASC-nin birgə təşkilatçılığı ilə “CanSat Azərbaycan 2018” model peyk müsabiqəsində uğur qazanan komandaların təltifetmə mərasimi keçirilib.

Mərasim iştirakçıları əvvəlcə komandalar tərəfindən hazırlanmış peyk modellərinin sərgisi ilə tanış olublar.

Tədbirdə Milli Aviasiya Akademiyasının rektoru, Kosmik Məsələlər üzrə Şuranın sədri, akademik Arif Paşayev, Kosmik Məsələlər üzrə Şuranın həmsədri, akademik Roald Saqdeyev, təhsil naziri Ceyhun Bayramov, AMEA-nın prezidenti Akif Əlizadə, “Azərkosmos" ASC-nin sədri Rəşad Nəbiyev və ali təhsil müəssisələrinin rektorları iştirak edib.

Milli Aviasiya Akademiyasının rektoru, Kosmik Məsələlər üzrə Şuranın sədri, akademik Arif Paşayev çıxış edərək “CanSat Azərbaycan 2018” müsabiqəsinin gənclərin kosmik texnologiyalar sahəsinə marağının artırılmasına xidmət etdiyini bildirib. Rektor müsabiqənin finalında iştirak edən hər bir komandanın qalib olduğunu və adlarını Azərbaycanın ilk “CanSat” müsabiqəsinin tarixinə böyük hərflərlə yazdıqlarını diqqətə çatdırıb.

Azərbaycan Respublikası Kosmik Məsələlər üzrə Şuranın həmsədri, Milli Aviasiya Akademiyasının aerokosmik məsələlər üzrə elmi məsləhətçisi, akademik Roald Saqdeyev müsabiqədə tələbələrin həvəslə iştirak etdiyini və bu tədqiqatların onların gələcək inkişafı üçün əhəmiyyətli olduğunu deyib.

Təhsil naziri Ceyhun Bayramov isə qeyd edib ki, Azərbaycanda ilk dəfə keçirilən “CanSat Azərbaycan 2018” model peyk müsabiqəsində ölkənin 11 ali təhsil müəssisəsindən 31 komandanın iştirak etməsi tələbələrin bu yarışmaya olan yüksək marağından xəbər verir. Nazir ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən insan kapitalının inkişafına göstərilən yüksək diqqət və qayğının müsbət nəticələr verdiyini nəzərə çatdırıb. Təhsil naziri bildirib ki, uğurla reallaşdırılan düşünülmüş dövlət siyasəti nəticəsində Azərbaycanın adı kosmik sənayesi olan azsaylı ölkələrin siyahısına daxil edilib. Bu ilin sentyabrında Azərbaycanın sayca 3-cü peykinin orbitə çıxarılması ölkəmizin dünya kosmik sənayesindəki mövqeyinin daha da möhkəmləndirilməsi baxımından tarixi hadisə olub.

Nazir onu da əlavə edib ki, gənclərdə kreativ düşüncələrin, innovativ yanaşma vərdişlərinin formalaşması müasir dövrümüzdə əsas proritetlərdən hesab olunur. Bu baxımdan “CanSat Azərbaycan 2018” müsabiqəsinin əhəmiyyətli olduğunu diqqətə çatdıran nazir müsabiqənin yüksək səviyyədə təşkil olunduğunu deyib.

Təhsil naziri Ceyhun Bayramov müsabiqə qaliblərini təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Nazir əmin olduğunu bildirib ki, müsabiqə qalibləri gələcəkdə ölkəmizi beynəlxalq yarışlarda layiqincə təmsil edəcəklər.

Ölkəmizdə ilk dəfə keçirilən müsabiqəyə böyük maraq olduğunu deyən “Azərkosmos" ASC-nin sədri Rəşad Nəbiyev qeyd edib ki, tələbələrin bu layihədə iştirakı onların gələcəkdə kosmosa doğru atdığı kiçik bir addımdır.

Daha sonra müsabiqənin final mərhələsində uğur qazanan komandalara - birinci yerin qalibi Milli Aviasiya Akademiyasının “Envi_Sat”, ikinci yerin qalibi Bakı Ali Neft Məktəbinin “İnterstellar”, üçüncü yerləri bölüşən M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının “MS_U_FO” və Bakı Mühəndislik Universitetinin “Rodimus” komandalarına qiymətli hədiyyələr və sertifikatlar, müsabiqə müddətində göstərdikləri dəstəyə görə komandaların təmsil olunduğu təhsil müəssisələrinə təşəkkürnamə verilib. Müsabiqədə fərqlənən digər komandalara həvəsləndirici mükafatlar təqdim edilib.

Tədbirdə “CanSat Azərbaycan” müsabiqəsinin ölkənin milli kosmik sənayesində innovasiyaların tətbiq edilməsi və bu sahədə yerli kadrların hazırlanmasında xüsusi önəm daşıdığı qeyd olunub. Növbəti illərdə “CanSat Azərbaycan” müsabiqəsinin davamlı olacağı və regional yarışa çevriləcəyi də tədbir iştirakçılarının diqqətinə çatdırılıb.

Tədbir Milli Aviasiya Akademiyasının təqdim etdiyi bədii proqramla başa çatıb.

Qeyd edək ki, “CanSat Azərbaycan 2018” müsabiqəsinin əsas məqsədi tələbə peyki layihələrinə marağın artırılması, ölkənin beynəlxalq müsabiqələrdə daha çox və təcrübəli komandalarla təmsil olunması, bununla milli peyk sənayesinin stimullaşdırılması, gələcəkdə nano və digər real peyklərin məhz yerli mütəxəssislər tərəfindən hazırlanması üçün bacarıq və vərdişlərin əldə edilməsinə nail olmaqdır.


5 il əvvəl