• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Təhsilimizin artan balı

Müstəqillik tarixində rekord tələbə sayı - 40806

 

Ən uğurlu universitetlərin innovasiya və iqtisadi artım mərkəzlərinə transformasiyası gözümüzün önündə baş verir. İstər birinci, istər ikinci amil bilik iqtisadiyyatının mövcudluğunu şərtləndirir. İstənilən iş yerini tutmaq üçün əmək bazarına daha bilikli insanlar dəvət olunur. İnsanlar bunu anlayaraq ali təhsilə üz tutur.

Müasir dövrdə insan kapitalı fenomeninin əsas şərtlərindən biri ali təhsilin əlçatan olmasıdır. Bu əlçatarlıq həm də ali təhsillə əhatə olunma səviyyəsini müəyyən edir. Sevindirici haldır ki, son 5 il ərzində ölkəmizin universitetlərinə qəbul olunan tələbələrin sayında davamlı artım müşahidə olunur.Və cari tədris ilində bu say indiyədək rekord göstəricidir- 40 806 tələbə. Son 5 tədris ilində tələbə qəbulunun proqnoz yerləri 20,8 faiz, faktiki qəbul olunan tələbələrin sayı isə 21,2 faiz artıb.

Bu faiz təkcə tələbələrin ümumi sayı kimi deyil, həm də ali təhsil müəssisələrinə tələbə qəbulunun keyfiyyət göstəriciləri ilə həmahəngdir.

İkinci cədvəldən də aydın göründüyü kimi, son 5 ildə I-IV ixtisas qruplarının hər biri üzrə və bütövlikdə tələbə qəbulunun keyfiyyət göstəricilərində nəzərəçarpacaq dərəcədə (18.2 faiz) artım müşahidə olunur. Qeyd edək ki, keyfiyyət qöstəricisi qəbul imtahanlarında müsabiqə şərtlərini ödəyən abituriyentlərin sayına görə müəyyənləşdirilir.

Bu il qəbul imtahanlarında I-IV ixtisas qrupları üzrə 200-dən yuxarı bal toplayanların sayı 38 201 nəfərdir. Bu da imtahan iştirakçılarının 52.9 faizi deməkdir. Deməli, qəbulun ekvator xətti müsbət dinamika nümayiş etdirir.

 

300-dən 700-ə davamlı artım...

 

Son 5 ildə qəbul imtahanlarında 300 baldan çox toplayanların sayı 26.5 faiz, 400 baldan çox toplayanların sayı 35.1 faiz, 500 baldan çox toplayanların sayı 51.5 faiz, 600 baldan çox toplayanların sayı isə 81.3 faiz artıb. Bu isə ali təhsil müəssisələrinin, eləcə də qəbul olunanların orta bal göstəricilərinin artması deməkdir.

Bu ilin qəbul imtahanlarında 3127 nəfər abituriyent 600 baldan yuxarı nəticə göstərib. Həmin göstərici ötən il 2472 nəfər, 2016-cı ildə 2281 nəfər, 2015-ci ildə 2094 nəfər, 2014-cü ildə isə 1725 nəfər olub. Bu tədris ilində 29 nəfər abituriyent 700 bal toplayıb. Ötən il bu göstərici 15 nəfər idi.

Bu dinamikanı həm də son 5 ildə təhsil sistemimizdə aparılan islahatların nəticəsi kimi xarakterizə etmək olar. Belə ki, sözün həqiqi mənasında, son illər ərzində təhsil sistemimiz kifayət qədər dəyişib, strateji hədəflər müəyyən olunub və XXI əsrin reallığı tam dərk olunub.

 

Gələcəyin inkişaf motoru - İKT

 

Sirr deyil ki, İKT ixtisaslarına qəbulun keyfiyyəti həm də hər bir ölkənin gələcək inkişafının təminatıdır. Əbəs yerə demirlər ki, 4-cü sənaye inqilabına hazır olmayanlar inkişafın yüksək fazasına əlvida deyirlər. Bəs ölkəmizdə İKT ixtisaslarına tələbə qəbulu keyfiyyət fərqi yarada bilirmi?

2018-2019-cu tədris ili üçün 5 İKT ixtisası üzrə tələbə qəbulu proqnozu ümumi tələbə qəbulunun 5.4 faizini təşkil edib. İKT ixtisaslarına ("Kompüter elmləri”, "Kompüter mühəndisliyi”, "İnformasiya texnologiyaları”, "İnformasiya təhlükəsizliyi”) tələbə qəbulu proqnozu ötən illə müqayisədə 40.2% (707 nəfər) artıb. Belə ki, bu ixtisaslara qəbul 1759-dan 2466 nəfərə yüksəlib.

Bununla yanaşı, "Pedaqoji” ixtisas qrupuna aid olan "İnformatika müəllimliyi” və "Riyaziyyat və informatika müəllimliyi” ixtisasları üzrə tələbə qəbulu proqnozu da artıb. Belə ki, 2017-2018-ci tədris ilinə nisbətən cari ildə bu göstərici 16.6 faiz artaraq 1055 yer təşkil edib.

İKT ixtisasları üzrə tədrisin ingilis dilində aparıldığı tələbə qəbulu proqnozu da ötən illə müqayisədə 24 faiz artaraq 465 nəfər təşkil edib.Eyni zamanda ali təhsilin magistratura səviyyəsinə İKT ixtisasları üzrə tələbə qəbulu proqnozunda ötən ilə nisbətən 34.1 faiz artım müşahidə olunub.

Maraqlı fakt həm də ondan ibarətdir ki, 2007-2015-ci illər "Xaricdə təhsil üzrə Dövlət Proqramı” çərçivəsində İKT ixtisasları üzrə 369 nəfər dünyanın aparıcı universitetlərində təhsil almaq hüququ qazanıb. Onlardan 201nəfəri məzun olub (14 nəfər iki dəfə təqaüd almaq hüququ qazanıb). Məzunlardan 118 nəfər magistratura, 94 nəfər bakalavriat, 3 nəfər doktorantura səviyyəsində təhsil alıb. 12 nəfər isə Azərbaycanın aparıcı universitetlərində akademik fəaliyyətlə məşğuldur.

 

Təhsilin qlobal dili

 

Dünyada müxtəlif dillərdə ünsiyyət bacarıqları təkcə gündəlik münasibətlərdə deyil, eyni zamanda təhsil-elm müstəvisində də sürətlə genişlənir. Artıq ən azı bilinqual(ikidilli) mühit qlobal təhsil məkanının vazgeçilməz üstünlüyüdür. Xüsusilə də ingils dilinin təhsil sistemində təsir gücü günbəgün artır. Bəs Azərbaycanın ali təhsil müəssisələrinə qəbulda tədris ingilis dillində aparılan ixtisaslarda vəziyyət necədir? Yerli və beynəlxalq əmək bazarının tələbləri nəzərə alınmaqla ölkəmizin ali təhsil müəssisələrinin tədrisi ingilis dilində aparılan ixtisasların sayı 44-dən 57-yə, qəbul yerlərinin sayı isə ötən illə müqayisədə 15 faiz artıb.

Son 3 tədris ilində ingilis dilində tədris olunan ixtisaslara tələbə qəbulunda proqnoz yerlərinin də sayı artıb və xüsusulə də bu ilin tələbə qəbulunda, demək olar ki, məzunlar 100 faizlik nəticə ilə xarici dildə tədrisi seçiblər.

 

Magistratura cinsə baxmır

 

Son iki ildə ali təhsil müəssisələri və AMEA-nın magistraturalarına keçirilən qəbul imtahanları üzrə nəticələr müsbətdir.

Qeyd edək ki, ötən ildən başlayaraq magistratura təhsili almaq istəyənlərin sayında kəskin artım müşahidə olunur. Bu artım əsasən oğlanların hesabınadır və təbii ki, cənab Prezidentin sərəncamı ilə 2016-cı ildə "Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununa edilən dəyişikliklə bilavasitə bağlıdır.

 

Və nəticələr sevindiricidir

 

Gəlin möhlət hüququnun verilməsindən sonrakı rəqəmlərə baxaq. Belə ki, 2017-2018-ci tədris ili üçün magistraturaya aparılan qəbulun nəticələrinə görə qəbul olunan 6361 magistrdən 3590 nəfəri qız, 2771 nəfəri isə oğlan olub.

Bu, oğlanların sayında əvvəlki illə müqayisədə 73.9 faiz artım deməkdir. Eləcə də cari ildə faktiki qəbul 6396 nəfər olub. Onlardan 3242 nəfəri qızdısa, 3154 nəfəri oğlanlardır. Yəni, oğlanlarla qızlar arasındakı kəskin fərq nəinki azalıb, demək olar ki bərabərləşib.

 

Təhsilin yeni ili

 

Adətən, ilin nəticələri həm də təhlil tərkib üçün yeni fürsətlər yaradır. Ələlxüsus, davamlı artım dinamikasını saxlamaq daha uzağa baxmağı tələb edir. Necə dəyərlər, tələbə doğru. Bir də ki, universitetin qarşısında duran vəzifə təkcə qəbulun nəticəsi ilə bitmir. Bu, sadəcə olaraq, başlanğıcıdır. Təhsildə nəticə qazanmaq həm də yeni yanaşmaların davamlı tətbiqidir. Bir sözlə, yaxşı material başlanğıc üçün əla imkandır. Bu imkanları dəyərləndirmək isə ali təhsil müəssisələrinin ixtiyarındadır. Yeni tədris ilinə isə 10 gündən də az vaxt qalıb.

Gözləyək...

 

“Azərbaycan” qəzeti


5 il əvvəl