Mühəndislik və robototexnika yarışı keçirilib
Mayın 12-də “ADA” Universitetində məktəblilər arasında “FIRST LEGO League (FLL) Azərbaycan” mühəndislik və robototexnika yarışı keçirilib.
“Hidrodinamika: suyun səyahəti” mövzusuna həsr edilmiş yarışda hər birində dörd məktəbli olmaqla 12 komanda dörd kateqoriya - əsas dəyərlər, layihə təqdimatı, robot dizaynı və robot yarışı üzrə gücünü sınayıb. Şagirdlər ərsəyə gətirdikləri layihələri 3 turda onlara ayrılmış 2.5 dəqiqə ərzində münsiflər heyəti qarşısında nümayiş etdiriblər. Məktəblilər əyləncəli bir mühitdə elmi və texnoloji xarakterli problemləri qaldırıb və onların həlli yollarını araşdırmağa cəhd ediblər.
Yarış iştirakçılarını salamlayan təhsil nazirinin müavini Firudin Qurbanov çıxışında gənclərin inkişafında bu cür intellektual yarışların böyük əhəmiyyət daşıdığını qeyd edib. Nazir müavini yarışın məktəblilərin dünyagörüşünün zənginləşdirməsinə, onların intellektual səviyyəsinin qiymətləndirməsinə, peşəkar bilik və bacarıqlarının artmasına köməklik göstərəcəyinə ümidvar olduğunu bildirib.
Sonra yarışmada 4 ayrı-ayrı nominasiya üzrə qalib gələn komandaların adları açıqlanıb. Bakıdakı "İstək" liseyinin komandası "Robot yarışı", "Ankara məktəbi" məktəb-liseyi "Layihə təqdimatı", 6 nömrəli məktəb-lisey "Robot dizaynı", akademik Zərifə Əliyeva adına lisey "Əsas dəyərlər", Bakı Modern Təhsil Kompleksinin komandası "Mars Akademiya" nominasiyaları üzrə qalib elan olunublar.
Qaliblərə medal və sertifikatlar, müxtəlif kateqoriyalar üzrə qalib komandalara isə kuboklar təqdim olunub.
Daha sonra Azərbaycanı Estoniyada keçiriləcək beynəlxalq yarışda təmsil edəcək komandanın adı açıqlanıb. Yarışın çempionu adına Bakı Avropa Liseyinin şagirdlərindən Murad Quliyev, Əkbər Ocaqverdiyev, Emil Hacıyev və Ərtoğrul Həsənlidən ibarət “Robo-Sapiens” komandası layiq görülüb. Beləliklə də Azərbaycanı iyunun 6-dan 8-dək Estoniyanın paytaxtı Tallində keçiriləcək açıq beynəlxalq turnirdə Bakı Avropa Liseyinin “Robo-Sapiens” komandası təmsil edəcək.
Qeyd edək ki, Danimarkanın “LEGO” qrupu və ABŞ-ın “FIRST” (For Inspiration and Recognition of Science and Technology) təşkilatının ortaq layihəsi olan FLL yarışı 1999-cu ildən bəri hər il təşkil edilir. FLL yarışına dünyanın 80-dən artıq ölkəsindən 250 mindən çox məktəbli cəlb edilir. Yarışın keçirilməsinin məqsədi şagirdlərin elm və texnologiyalara marağını artırmaq, onları hazırkı qlobal problemlərin elmi-texniki həllinə töhfə verməyə həvəsləndirməkdir.
Ölkəmizin bir sıra dövlət və özəl ümumtəhsil məktəb şagirdlərinin iştirak etdiyi yarış Təhsil Nazirliyi, “ADA” Universiteti, “Mars Academy” MMC və Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin birgə təşkilatçılığı və “PAŞA Bank”, “Enginet” şirkəti, “Təhsildə İnnovativ Texnologiyalar” Əlavə Təhsil Mərkəzinin dəstəyi ilə keçirilib.
5 il əvvəl
Digər xəbərlər
-
Nazir müavini "Elektron tibbi arayış" xidmətinin təqdimat mərasimində iştirak edib
26.04.2024 - 16:00 -
Çağrı Mərkəzinin yeni fəaliyyət istiqaməti
26.04.2024 - 15:00 -
“İnsan kapitalı” işçi qrupunun növbəti iclası keçirilib
26.04.2024 - 14:10 -
Nazir müavini “Maarifçi” tələbə-məzun təcrübə proqramının iştirakçıları ilə görüşüb
25.04.2024 - 18:00 -
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamın Xıdırlı kənd tam orta məktəbinin təməlqoyma mərasimində iştirak ediblər
25.04.2024 - 14:42