• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Çində təhsil alan tələbə: “Professor və tələbələr arasında çox gözəl dialoq mövcuddur” 

Cavidə Elçin qızı Əliyeva 1990-cı il oktyabrın 30-da Bakı şəhərində anadan olub. 1997-ci ildə 175 nömrəli tam orta məktəbin 1-ci sinfinə qəbul olunub. 2008-ci ildə 1 nömrəli tam orta məktəbi bitirib. Həmin ildə Çin dili və ədəbiyyatı ixtisası üzrə Bakı Dövlət Universitetinin şərqşünaslıq fakültəsinə daxil olub. 2011-ci ildə Bakıda ilk dəfə açılan Konfutsi İnstitutunun xətti ilə Çin Xalq Respublikasının Jilin Universitetində təşkil olunmuş yay düşərgəsində iştirak edib. 2012-ci ildə universitetin bakalavr pilləsini bitirib. 2012-2013-cü illərdə BDU nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunda işləyib. 2013-2014-cü illərdə Çinin Uxan şəhərindəki Zhongnan İqtisadiyyat və Hüquq Universitetində birillik dil kursu təcrübəsi keçib. 2014-cü ildə Bakıya qayıdaraq ixtisası üzrə tərcüməçi işləyib. Hazırda hökumətlərarası müqavilə çərçivəsində Çinin Hubei əyalətindəki Mərkəzi Pedaqoji Universitetin magistratura pilləsində təhsilini davam etdirir, II kurs tələbəsidir. C.Əliyeva ilə söhbətimizə məktəb illərindən başladıq. 

 

“Ruhdan düşməyərək irəli addımlamaq lazımdır”

 

- Orta məktəbdə daha çox hansı fənlərə maraq göstərirdiniz? 

- Ümumiyyətlə, orta məktəb illərində bütün fənlərə maraq göstərirdim. Amma humanitar fənlər məni daha çox cəlb edirdi. Bundan başqa, xarici dillərə də marağım az deyildi. Birinci sinifdən ingilis dilini öyrənməyə böyük həvəs göstərirdim. Elə bu baxımdan Çin dilini seçdim və onu dərindən öyrənməyə qərar verdim. Məktəb illəri ərzində respublika fənn olimpiadalarında, müxtəlif dövlət tədbirlərində, məktəbdə keçirilən bilik yarışlarında iştirak edib uğurlar qazandım. Bütün uğurlarımda, ilk növbədə, valideynlərimin və digər ailə üzvlərimin dəstəyi məni ruhlandırırdı. Onu da qeyd edim ki, müəllimlərimin də bu işdə rolu az olmayıb. 

 

- Uşaqlıqda gələcəklə bağlı hansı planlar qururdunuz?

- Uşaqlıqda kitab oxumağı çox sevirdim. Azərbaycan və xarici yazıçıların əsərlərini sevə-sevə mütaliə edirdim. Müxtəlif dillərdə lüğətlərlə maraqlanırdım. Bu baxımdan, məndə dilə olan həvəs get-gedə inkişaf edir və jurnalist, müəllim, tərcüməçi kimi peşələrlə bağlı planlar qururdum. Ola bilər ki, buna görə də tale məni Bakı Dövlət Universitetinə istiqamətləndirdi.

 

- Sizcə, bilik sahəsində zirvəyə çatmaq üçün insandan nələr tələb olunur?

- Bilik sahəsində zirvəyə çatmaq üçün, ilk növbədə, insana sağlam düşüncə, məqsədyönlü qərar, motivasiya, pozitiv əhvali-ruhiyyə lazımdır. Özünəinam, səbr və təmkin də zirvəyə çatmağın vacib elementlərindəndir. Ümumiyyətlə, düşünmək lazımdır ki, hansı peşəni seçirsənsə, çətinliklərə baxmayaraq, ruhdan düşməyərək irəli addımlamaq lazımdır. Bu da sənə istədiyin zirvəni fəth etməyə kömək edər.

 

“Xaricdə təhsil almaq həmişə ən böyük arzum olmuşdu” 

 

- Xaricdə təhsil üçün uzaq bir ölkəni seçmisiniz. Valideynləriniz xaricdə təhsil almaq qərarınızı necə qarşıladı?

- Təhsil almaq üçün uzaq və ya yaxın məsafə önəmli şərt deyil. Əsas məsələ mükəmməl biliyə yiyələnmək və respublikaya dəyərli mütəxəssis kimi qayıtmaqdır. Xaricdə təhsil almaq həmişə ən böyük arzum olmuşdu. 2016-cı il iyulun 25-də şəxsi e-mail ünvanımda ÇXR-də təhsil almaq hüququ qazanmağım barədə məktubu görəndə çox sevindim. Biz gənc tələbələrə bu təmənnasız şəraiti yaratdığı üçün birinci növbədə Prezident cənab İlham Əliyevə minnətdaram. 

Xaricdə təhsil almaq qərarımı valideynlərim müsbət qarşıladı, çünki mən artıq iki dəfə bu ölkəyə təhsillə əlaqədar olaraq getmişdim. Müsabiqə zamanı seçim prosesi obyektiv, şəffaf bir şəraitdə keçdi. Təhsil Nazirliyinin nümayəndələri hər bir iştirakçının müraciətini və verilən sualları təmkinlə cavablandırırdılar. 

 

- Özünüzü Çində necə hiss edirsiniz? Universitet və ixtisasınız barədə danışardınız.

- Bacardığım qədər çalışıram ki, yaxşı oxuyum, savadlı kadr kimi yetişim, dövlətimin etimadını doğruldum. Əlbəttə, çətinliklər olur, amma öhdəsindən gəlməyə çalışıram. Əsas çətinlik qürbətdə ailədən, valideynlərdən uzaq, yad insanların əhatəsində yaşamaqdır. 

1903-cü ildə təsis olunmuş Mərkəzi Pedaqoji Universitet 15 institut və 66 fakültədən ibarətdir. Ali məktəbdə 73 bakalavr ixtisası, 156 magistr və 120 PhD ixtisası üzrə tədris aparılır. Həmçinin, universitetdə 4 elmi-tədqiqat, fundamental elmlər üzrə 5 araşdırma mərkəzi var. Hər il universitetə 30000-dən artıq bakalavr və magistr tələbələri qəbul olur. Bundan əlavə, universitetdə 2200 xarici tələbə var. Həmçinin CCNU (Mərkəzi Pedaqoji Universitet) Çində ilk universitetlərdən biridir ki, dövlət qrant təqaüdü üzrə təhsil almaq üçün tələbələri qəbul edir. CCNU Çinin pedaqoji universitetlər siyahısında üçüncü yeri tutur. “Kurikulum və tədrisin metodikası” universitetin ən güclü və nüfuzlu ixtisasıdır. Hətta dünyada bəzi məşhur şəxsiyyətlər də bu universitetin məzunu olub. Şanxay şəhərinin keçmiş meri də məhz bu universiteti bitirib. 

 

“Tədrisin akademik esse üzərində qurulması tələbələrin analiz etmə bacarıqlarını daha da təkmilləşdirir”

 

- Universitetdə tələbə həyatınız, asudə vaxtlarınız necə keçir? Müəllimləriniz barədə nə deyə bilərsiniz? 

- Universitetimizdə asudə vaxtın səmərəli keçməsi üçün bir çox imkan mövcuddur. İdman zalları, fərqli klublar və dərnəklər, tələbə təşkilatları, müxtəlif məzmunlu yarışmalar, elmi seminarlar, beynəlxalq festivallar imkan verir ki, tələbələr dərsdən əlavə maraq dairələrini genişləndirsinlər və sosiallaşsınlar. Düzünü desəm, ixtisasım üzrə dərslərin ağırlığı dərsdənkənar fəaliyyətlərə nisbətən az vaxt ayırmağıma səbəb olur. Buna baxmayaraq, boş vaxtlarımda üzgüçülük, tennis, voleybol kimi idman növləri ilə məşğul olmağa çalışıram. Bundan başqa, universitetin kitabxanasında olan maraqlı məqalə və elmi kitabları vərəqləməyi də çox sevirəm. Universitetin professor-müəllim heyəti də dərsdənkənar vaxtlarda tələbələrə yardım edir və məsləhətlərini əsirgəmirlər.

 

- Çində təhsilin hansı üstünlüklərini qeyd edə bilərsiniz?

- Təhsil aldığım bir il ərzində Çin ali təhsil sisteminin bir sıra üstünlükləri ilə tanış oldum. İlk növbədə, qeyd etmək istərdim ki, professorlar və tələbələr arasında müəyyən hüdud çərçivəsində çox gözəl dialoq mövcuddur. İstər professorlar, istər universitetin digər heyəti hər bir tələbənin fikir və təklifini nəzərə almağa çalışır ki, bu da sağlam qarşılıqlı münasibətin təməlini qoyur. Bununla yanaşı, öyrəndiklərini real hadisələr üzərində tətbiq etmək imkanının yaradılması və tədrisin əsasən akademik esse üzərində qurulması tələbələrin analiz etmə bacarıqlarını daha da təkmilləşdirir. Bundan başqa, təqdimat işlərinə və kiçik qruplarla layihə işlərinə üstünlük verilməsi bizim həm akademik, həm də sosial cəhətdən inkişafımızı təmin edir.

 

“Xaricdə təhsil innovativ ideyalara sahib olmaq deməkdir”

 

- Xaricdə təhsil sizə nə verdi, həmyaşıdlarınıza nə kimi tövsiyələriniz var?

- Xaricdə təhsil almağın üstün cəhətlərindən biri müstəqil və sərbəst şəkildə yaşamağı öyrənməkdir. Bu, insana məsuliyyəti artırmaq və üzləşə biləcəyi çətinlikləri sərbəst şəkildə aradan qaldırmağı öyrədir. Bundan başqa, xarici ölkədə təhsil almaq dünyagörüşünü artırmaq, müxtəlif mədəniyyətlərlə, adətlərlə tanış olmaq, çoxlu dostlar qazanmaq, yeni biliklərə, təcrübəyə və innovativ ideyalara sahib olmaq deməkdir. Həmyaşıdlarıma onu demək istərdim ki, əzmkar, zəhmətkeş, çalışqan olsunlar, milli ruhda boyüsünlər, vətənimizi sevsinlər, adət-ənənələrimizə sadiq qalsınlar. Qarşılarına qoyduqları məqsəd uğrunda mübarizə aparmağı bacarsınlar. Valideynlərinin və müəllimlərinin dəyərini bilsinlər. Zərərli vərdişlərdən və davranışlardan uzaq olsunlar.

 

“Çinlilər ölkəmiz haqqında daha çox məlumat əldə etməyə can atırlar”

 

- Azərbaycan diasporu ilə əlaqələriniz. Azərbaycanla bağlı tədbirlərdə iştirak edirsinizmi? 

- Əlbəttə ki, burada təhsil alan digər azərbaycanlı tələbələrlə birlikdə ölkəmizi layiqincə təmsil edirik. İstər tariximizi, ölkəmizlə bağlı həqiqətləri, istərsə də milli mətbəximizi, bayramlarımızı həm yerli, həm də digər ölkələrdən olan tələbələrə çatdırmaq üçün səy göstərib, müxtəlif tədbirlərdə iştirak edirik. Bir insidenti də qeyd etmək istərdim. 2017-ci il may ayının 20-də təhsil aldığımız universitetdə təşkil olunan Beynəlxalq Mədəniyyət Festivalında biz ermənilərin işğal altındakı torpaqlarımızı öz əraziləri kimi göstərən xəritənin nümayiş olunacağını öyrəndik. Həmin an bu barədə Azərbaycanın Çindəki səfirliyini məlumatlandırdıq. Bu barədə beynəlxalq təşkilatların, o cümlədən Çinin də daimi üzvü olduğu BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri barədə məlumat verib, erməni tələbələrin təxribat xarakterli əməllərinə yol vermədik. Beləliklə, festival zamanı Ermənistan pavilyonunda həmin xəritə və bu kimi digər materialların nümayiş olunmasının qarşısı alındı. Festivalın təşkilat komitəsinin qərarına əsasən, Azərbaycan pavilyonu “Ən yaxşı ölkə təqdimatı” nominasiyasında qalib oldu. Azərbaycan nisbətən yeni müstəqillik əldə etmiş bir ölkədir. Buna baxmayaraq, çinlilər ölkəmiz haqqında daha çox məlumat əldə etməyə, mədəniyyətimizlə daha yaxından tanış olmağa can atırlar. Təbii ki, biz tələbələr də adət-ənənələrimizi, tarixi gerçəkliklərimizi, milli musiqimizi, çoxəsrlik tariximizi Çin xalqına çatdırmaq istiqamətində əlimizdən gələni edirik. 

 

 

"Azərbaycan müəllimi" qəzeti 

 


6 il əvvəl