Dövlət Bayrağı Günü ilə əlaqədar növbəti “Bayraq yürüşü”
Noyabrın 7-də Təhsil Nazirliyi və Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinin birgə təşkilatçılığı ilə “Bayraq yürüşü” keçirilib.
“Bayraq yürüşü”nün əsas məqsədi milli atributlarımızın və Dövlət Bayrağı Muzeyindəki tarixi Azərbaycan dövlətləri rəmzlərinin təbliğindən ibarətdir.
Yürüşdə Təhsil Nazirliyinin əməkdaşları, universitet rektorları, millət vəkilləri, tanınmış ziyalılar, müəllimlər, KİV rəhbərləri, QHT nümayəndələri, ölkəmizin ümumi təhsil, məktəbdənkənar, ilk peşə, orta ixtisas və ali təhsil müəssisələrinin şagird və tələbələri iştirak ediblər.
“Bayraq yürüşü” Azərbaycan Respublikası Dövlət himninin səsləndirilməsi ilə başlayıb.
Sonra tədbiri giriş sözü ilə açan təhsil nazirinin müavini Ceyhun Bayramov qeyd edib ki, başımızın üstündə dalğalanan üçrəngli bayraq, milli istiqlalımızın simvolu kimi ölkəmizin bütün vətəndaşları üçün müqəddəs dövlətçilik rəmzlərindən birinə çevrilib. Ölkəmizin varlığının təcəssümü olan Dövlət Bayrağı hər bir azərbaycanlının qürur yeri və mənəvi dayağıdır. Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan bu bayraq bizim azadlıq məfkurəsinə, milli dəyərlərə və ümumbəşəri ideallara sadiqliyimizi nümayiş etdirir.
Nazir müavini qeyd edib ki, Azərbaycan bayrağı 1990-cı il noyabrın 17-də ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı olaraq, təsdiq edilib: “Azərbaycan prezidenti İlham Əliyev dövlət rəmzlərinə hörmət və ehtiramı təmin etmək məqsədi ilə 9 noyabrın Azərbaycanda Dövlət Bayrağı Günü kimi qeyd edilməsi haqda sərəncam imzaladı. Eyni zamanda, dövlət başçısı Bakıda Dövlət Bayrağı Meydanının yaradılması barədə də sərəncam verdi. Bütün bunlar Azərbaycan bayrağına olan ehtiramın yüksək göstəricisidir
Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinin aparat rəhbəri Elmir Bağırov, millət vəkilləri və digər qonaqlar belə bir tədbirin keçirilməsinin əhəmiyyətinə toxunub, “Bayraq yürüşü” iştirakçılarının sayının ilbəil artmasının təqdirəlayiq olduğunu bildiriblər.
Daha sonra məktəbdənkənar təhsil müəssisələrinin şagirdləri bayrağımıza həsr olunmuş şeir, mahnı və rəqslər ifa ediblər.
2000 nəfərdən çox iştirakçının qatıldığı yürüş “Azneft” meydanından başlayaraq Dövlət Bayrağı Meydanınadək davam edib. Yürüş iştirakçıları Dövlət Bayrağı Meydanında Dövlət Bayrağı Muzeyi ilə tanış olublar.
8 il əvvəl
Digər xəbərlər
-
Nazir müavini “Maarifçi” tələbə-məzun təcrübə proqramının iştirakçıları ilə görüşüb
25.04.2024 - 18:00 -
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamın Xıdırlı kənd tam orta məktəbinin təməlqoyma mərasimində iştirak ediblər
25.04.2024 - 14:42 -
Emin Əmrullayev qırğız həmkarı ilə görüşüb
24.04.2024 - 19:02 -
Azərbaycan və Qırğızıstan arasında təhsil sənədinin imzalanma mərasimi olub
24.04.2024 - 16:39 -
10 minə yaxın şagird Qərbi Azərbaycan mövzusunda olimpiadada yarışacaq
24.04.2024 - 12:55