Məktəbəhazırlıq qruplarının təşkili qaydaları
Təhsil naziri Ceyhun Bayramov 2018-2019-cu dərs ilində dövlət ümumtəhsil məktəblərində məktəbəhazırlıq qruplarının təşkili barədə əmr imzalayıb. Əmrə əsasən, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi, Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Gəncə Şəhər Təhsil İdarəsi və rayon (şəhər) təhsil şöbələrinə aidiyyəti yerli təşkilatlarla birgə 2018-2019-cu dərs ilində məktəbəhazırlıq qruplarına cəlb olunacaq 2013-cü ildə anadan olmuş uşaqların sayını dəqiqləşdirmələri, müəllimlərin və ərazilər üzrə məktəbəhazırlıq təhsili təşkil ediləcək məktəblərin müəyyənləşdirilməsi üçün müvafiq tədbirlərin görülməsi ilə bağlı tapşırıq verilib. Eyni zamanda təhsil şöbələri məktəbəhazırlıq qruplarının müəllimlərinin, əsasən, diaqnostik qiymətləndirmədə yüksək nəticə göstərmiş IV siniflərlə işləyəcək ibtidai sinif müəllimləri arasından seçilməsini nəzarətdə saxlamalı və oktyabrın 15-dək əlavə olunan forma üzrə məlumatı və görülən işlər barədə yazılı hesabatı Təhsil Nazirliyinə göndərməlidirlər. Əmrdə məktəbəhazırlıq qruplarına uşaqların qəbulunun elektron sistem vasitəsilə həyata keçirilməsinin əhatə dairəsinin genişləndirilməsi üçün Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Gəncə Şəhər Təhsil İdarəsi, Sumqayıt, Mingəçevir, Şirvan, Naftalan, Abşeron, Yevlax, Samux rayon (şəhər) təhsil şöbələrinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil müəssisələrinin, o cümlədən həmin şəhər və rayonlarda yerləşən məcburi köçkün məktəblərinin məktəbəhazırlıq qruplarına uşaqların qeydiyyatının mektebeqebul.edu.az sistemində aparılmasının təmin edilməsi qeyd olunur. Sənəddə bildirilir ki, məcburi köçkün rayonlarının məktəblərində müvafiq imkan və şərait, kadr potensialı olmadığı, məcburi köçkün ailələrindən olan uşaqların mövcud sayı bu məktəblərdə məktəbəhazırlıq qruplarının təşkilinə əsas vermədiyi hallarda həmin uşaqlar məktəbəhazırlıq təhsilinə ərazi üzrə yerli məktəblərdə cəlb edilməlidirlər. Təhsil nazirinin digər əmri ilə məktəbəhazırlıq qrupları üçün 2018-2019-cu dərs ilinə aid tədris (məşğələ) planı təsdiq edib. Tədris (məşğələ) planına dair “Qeydlər”ə əsasən, dövlət ümumtəhsil məktəblərində yaradılan məktəbəhazırlıq qruplarına 5 yaşı həmin il tamam olan uşaqlar qəbul edilirlər. Məktəbəhazırlıq qruplarında uşaqların sıxlığı aşağıdakı kimi müəyyənləşdirilir: qəsəbə və kəndlərdə yerləşən ümumtəhsil məktəbləri üçün - ən azı 10 uşaq; şəhərlərdə yerləşən ümumtəhsil məktəbləri üçün - ən azı 15 uşaq. Dövlət ümumtəhsil məktəblərində yaradılan məktəbəhazırlıq qrupunda uşaqların sayının 30 nəfərdən artıq olmasına yol verilmir. Məktəbəhazırlıq qruplarında məşğələlər oktyabrın 1-də başlayır və mayın 31-də başa çatır. Məktəbəhazırlıq məşğələləri həftədə 4 gün keçilir və bir gün ərzində 3 məşğələ tədris olunur. Bir məşğələnin müddəti 30 dəqiqə, məşğələlərarası fasilə 10 dəqiqə müəyyən edilir. Zehni gərginlik tələb edən məşğələlərdə, bir qayda olaraq, 3 idman dəqiqəsi keçirilir. 2018-2019-cu dərs ilində dövlət ümumtəhsil məktəblərində məktəbəhazırlıq qruplarının təşkili barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri Dövlət ümumtəhsil məktəblərində yaradılan məktəbəhazırlıq qrupları üçün 2018-2019-cu dərs ilinə aid tədris (məşğələ) planının təsdiqi barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri
25/07/2018 15:54
UFAZ-a qəbul imtahanı keçirilib
Azərbaycan-Fransız Universitetinə (UFAZ) qəbul imtahanı keçirilib. Dövlət İmtahan Mərkəzinin (DİM) I ixtisas qrupu üzrə təşkil etdiyi mərkəzləşdirilmiş qəbul imtahanlarında 500–dən artıq bal toplamış 523 abituriyent UFAZ-a qəbul imtahanı üçün onlayn qeydiyyatdan keçib, onlardan 462 nəfəri imtahanda iştirak edib. UFAZ-a qəbul imtahanında iştirak etmiş abituriyentlərin orta balı 597 təşkil edib ki, onlardan 262 nəfərinin balı 600-dən yüksəkdir. UFAZ-da hər bir ixtisas üzrə 120 dövlət sifarişli və 40 ödənişli əsaslarla, ümumilikdə 160 tələbənin təhsil alması nəzərdə tutulur. Təhsil nazirinin müavini Firudin Qurbanov, ADNSU-nun rektoru, Mustafa Babanlı, UFAZ-ın icraçı direktoru Vazeh Əsgərov, UFAZ-ın baş katibi Şarlotta Payen və digər nümayəndələr imtahan prosesinin müşahidə və ediblər, abituriyentlər üçün yaradılmış şəraitlə tanış olublar. İki saat davam edən imtahanda abituriyentlər ümumi təhsil pilləsindəki tədris dillərinə uyğun (Azərbaycan və ya rus) riyaziyyat, kimya, fizika və ümumi biliklər bloku üzrə hər birindən on test sualını cavablandırıb və ingilis dilində qrammatik çalışma və esse yazıblar. Xatırladaq ki, UFAZ-da 4 ixtisas üzrə - geofizika mühəndisliyi, kimya mühəndisliyi, kompüter elmləri, neft-qaz mühəndisliyi ixtisasları üzrə tədris həyata keçirilir. UFAZ məzunları iki diplom (Strasburq Universiteti və ya Ren 1 və ADNSU) əldə edəcəklər. Azərbaycan-Fransız Universiteti (UFAZ) 2014-cü ilin sentyabrında keçirilən ikitərəfli görüşdə Azərbaycan Respublikası və Fransa Respublikası prezidentlərinin təşəbbüsü ilə yaranan layihədir. 2015-ci ilin aprel ayının 25-də iki ölkə prezidenti UFAZ-ın yaranması barədə sənəd imzalayıb, mayın 22-də isə Azərbaycan Respublikası Prezidenti Azərbaycan-Fransız Universitetinin yaranması barədə Sərəncam imzalayıb. UFAZ-da bütün ixtisaslar üzrə tədris bir il hazırlıq və 3 il əsas tədris olmaqla 4 il ərzində aparılır. Təhsil ingilis dilindədir. Eyni zamanda hazırlıq ilindən başlayaraq tələbələr fransız dilini də öyrənirlər. Tədris fransız proqramı əsasında aparılır.
25/07/2018 15:49
Tanınmış ictimaiyyət nümayəndələri imtahan prosesini izləyiblər
İyulun 25-də ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin keçirildiyi Azərbaycan Texniki Universitetinin İdman Kompleksinə infotur təşkil edilib. Tədbirdə xalq yazıçısı Çingiz Abdullayev, xalq artisti Nurəddin Mehdixanlı, əməkdar artist Bəhram Bağırzadə, əvvəlki illərdə müəllimlərin işə qəbulu imtahanlarında iştirak edən, hazırda isə ölkəmizin müxtəlif bölgələrində çalışan gənc müəllimlər iştirak edib. Qonaqlar Azərbaycan dili və ədəbiyyat üzrə keçirilən imtahanın gedişini yaxından izləyib, namizədlər üçün yaradılan şəraitlə tanış olub və proseslə bağlı fikir mübadiləsi aparıblar. Azərbaycan Yazıçılar Birliyinin katibi, xalq yazıçısı Çingiz Abdullayev müəllimlərin işə qəbulunun imtahanla keçirilməsini yüksək qiymətləndirib, müəllim peşəsinin nüfuzunun artmasında müstəsna rol oynadığını bildirib. Xalq yazıçısı kompüter əsaslı imtahan prosesinin təşkilini XXI əsrin müəlliminin seçilməsində doğru yol olduğunu qeyd edib. Digər çıxış edənlər bu cür imtahanların şəffaf keçirilməsini gələcəkdə güclü təhsil sisteminin formalaşmasına xidmət edən vacib proses kimi qiymətləndiriblər. Qeyd edək ki, iyulun 25-də start verilən Azərbaycan dili və ədəbiyyat üzrə test imtahanlarında 3520 namizədin iştirakı nəzərdə tutulur. Bu fənn üzrə imtahanlar iyulun 26-dək davam edəcək. İmtahanlarda namizədlərə ixtisaslarına uyğun olaraq ümumtəhsil məktəblərinin fənn proqramının məzmunu üzrə 40, metodika, təlim strategiyaları üzrə 10 və məntiq üzrə 10 sual olmaqla ümumilikdə 60 sualı cavablandırmaq üçün 90 dəqiqə vaxt verilib.
25/07/2018 15:11
Qax rayonunda "Ceyranları qoruyaq!" adlı ekoloji yay düşərgəsi
18-20 iyul tarixlərində IDEA İctimai Birliyinin, Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin, Azərbaycan Respublikası Gənclər Fondunun və Ümumdünya Vəhşi Təbiətin Mühafizəsi Fondunun (WWF) Azərbaycan nümayəndəliyinin təşkilatçılığı, Qax Rayon İcra Hakimiyyətinin dəstəyi ilə "Ceyranların Qafqazda tarixən məskunlaşdıqları ərazilərə reintroduksiyası" proqramı çərçivəsində "Ceyranları qoruyaq!" adlı ekoloji yay düşərgəsi keçirilib. Düşərgədə Qax rayonunun Qum, İlisu, Almalı, Cəlayir, Tasmalı, Ləkit, Turaclı və digər kəndlərindən yuxarı sinif şagirdləri qatılıb. Ekoloji yay düşərgəsinin əsas məqsədi ceyranların reintroduksiya edildiyi ərazilərdə, o cümlədən onların məskunlaşdığı təbii areallara yaxın yerlərdə yaşayan gənc nəsli bu növ barədə maarifləndirməkdir. Düşərgə müddətində iştirakçılar ceyranların həyat tərzi, yayıldığı ərazilər və təbiətdəki rolu haqqında geniş məlumatlar əldə edib, müxtəlif ekoloji tədqiqatlarda, breyn-rinq və müsabiqələrdə iştirak edib, İqor Bışnyovun rejissorluğu ilə çəkilən “Azərbaycan. Ceyranların xilası" adlı sənədli filmi izləyiblər. Düşərgə müddətində məktəblilərin 2006-cı ildə Qax Təbiət Abidəsi kimi qeydiyyata alınaraq dövlət tərəfindən mühafizə edilən "Mamırlı" şəlaləsi adı ilə tanınan Ləkit şəlaləsinə ekskursiyası təşkil edilib. Düşərgə iştirakçıları ilisu dövlət Təbiət Qoruğunun ərazisində Qum kəndinin yaxınlığındakı meşədə və Ərdəva çayında ekoloji tədqiqatlar aparıblar. Düşərgənin yekununda iştirakçılara sertifikatlar və xatirə hədiyyələri təqdim olunub. "Ceyranların Qafqazda tarixən məskunlaşdıqları ərazilərə qaytarılması" proqramı 2010-cu ildə Heydər Əliyev Fondu tərəfindən başlanan və hazırda IDEA İctimai Birliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və WWF Azərbaycan nümayəndəliyinin birgə əməkdaşlığı çərçivəsində uğurla icra olunmaqdadır. Bu illər ərzində 150 başdan artıq ceyran Şirvan Milli Parkından Azərbaycanda və Gürcüstanda tarixən məskunlaşdıqları ərazilərə reintrodiksiya edilib və onların daimi monitorinqi və mühafizə işləri həyata keçirilməkdədir. Proqram ceyranların sayının artırılması və mühafizəsinə yönəlsə də, onun əsas istiqamətlərindən biri də ictimaiyyət arasında maarifləndirilmənin artırılmasıdır. Bu məqsədlə məktəblilər üçün təşkil olunan bu cür yay düşərgələri mühüm əhəmiyyət kəsb edir. Qeyd edək ki, bu sahədə uğurlu fəaliyyətin nəticəsində hazırda Azərbaycan Respublikasında ceyran populyasiyasının sayının 7 min başa qədər olduğu müəyyən edilib. IDEA İctimai Birliyi, Ümumdünya Təbiəti Mühafizə Fondunun (WWF) Azərbaycan nümayəndəliyi və Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi tərəfindən ətraf mühit və biomüxtəliflik mövzusunda düşərgələr mütəmadi əsaslarla 2014-cü ildən etibarən hər il təşkil olunur. Bu müddət ərzində düşərgələrdə İsmayıllı, Salyan, Neftçala, Goranboy, Samux, Qax, Şəki, Masallı, Cəlilabad, Yardımlı, Lənkəran, Astara, Göygöl, Lerik, İsmayıllı, Qax rayonlarından ümumilikdə 500-dən çox məktəbli iştirak edib.
25/07/2018 14:33
Azərbaycan dili və ədəbiyyat üzrə imtahanlara start verilib
İyulun 24-də riyaziyyat, informatika və təsviri incəsənət üzrə keçirilmiş test imtahanlarında 2883 nəfər iştirak edib. Namizədlər arasında ən yüksək nəticə riyaziyyat üzrə 56, informatika və təsviri incəsənət üzrə 55 bal qeydə alınıb. İyulun 25-də start verilən Azərbaycan dili və ədəbiyyat üzrə test imtahanlarında 3520 namizədin iştirakı nəzərdə tutulur. Bu fənn üzrə imtahanlar iyulun 26-dək davam edəcək. Azərbaycan Texniki Universitetinin İdman Kompleksində keçirilən imtahanlar iyulun 31-də başa çatacaq. Qeyd edək ki, imtahanlarda namizədlərə ixtisaslarına uyğun olaraq ümumtəhsil məktəblərinin fənn proqramının məzmunu üzrə 40, metodika, təlim strategiyaları üzrə 10 və məntiq üzrə 10 sual olmaqla ümumilikdə 60 sualı cavablandırmaq üçün 90 dəqiqə vaxt verilib.
25/07/2018 10:34
Yay məktəbi Qəbələdə yekunlaşıb
İyulun 23-də "Azərbaycan üçün Öyrət" təhsil proqramı çərçivəsində "Təhsil avtobusu - 2018" yay məktəbinin sonuncu tədbiri Qəbələ şəhərində keçirilib. Tədbirdə layihənin təşkilatçı şirkətlərindən "ENGİN" şirkətinin, “Kapital Bank”ın Qəbələ filialının, “Ekspo 2025 Bakı” layihəsinin, Qəbələ Rayon Təhsil Şöbəsinin nümayəndəsi, Seyidqışlaq, Cığatel kəndindən olan məktəblilər iştirak ediblər. Yay məktəbində "Mənim uğurlu karyeram", “Kommunikasiya”, “Robotlarla iş", "Sığorta” və "Nə? Harada? Nə zaman?" intellektual oyunu keçirilib. Təlimlər və oyunlarda fəal iştirak edən şagirdlər sertifikatla təltif olunublar. Bildirilib ki, "Təhsil avtobusu - 2018" yay məktəbinin məqsədi bölgələrdəki modul tipli, eləcə də digər məktəblərin şagirdlərinin şəxsi inkişafına stimul vermək, həyata fərqli baxış və dünyagörüşünün formalaşmasına təsir etmək, onların dərsə marağının artmasına şərait yaratmaqdır. Qeyd edək ki, artıq üçüncü ildir ki, keçirilən yay məktəbinə iyulun 17-dən start verilib. Proqram çərçivəsində ölkənin 5 bölgəsindəki ümumtəhsil məktəblərinin akademik göstəriciləri zəif və orta olan 7-8-9-cu sinif şagirdləri hər biri 1 gün olmaqla təlimçi və ekspertlər tərəfindən keçiriləcək fərdi-inkişaf təlimləri və intellektual yarışlarda iştirak edib. Yay məktəbi Təhsil Nazirliyinin təşkilatçılığı, “Engin” LTD MMC, “Kapital Bank”, “Ekspo 2025 Bakı” layihəsinin əsas dəstəyi, “Bakcell”, “GoldenPay”, “Microsoft Azərbaycan” və “PAŞA Sığorta” şirkətlərinin dəstəyi, “1news.az”, “Azərbaycan İntellektual Klublar Assosiasiyası”, “ARB TV”, “ASAN xidmət”, “Bir” Tələbə-Könüllü proqramı, “Code Tusi”, “Edumap” Təhsil portal, “Edutainment.az”, “Engineering For Kids”, “SABAH” qrupları, “Şərq-Qərb” ASC, “Təhsil TV və “Youth Inc.” Sahibkarlıq Proqramının tərəfdaşlığı ilə keçirilir.
24/07/2018 16:04
Müəllimlərin işə qəbulu üzrə müsabiqənin test mərhələsi davam edir
İyulun 23-də riyaziyyat üzrə (Azərbaycan və rus bölmələri) keçirilmiş test imtahanlarında 3168 nəfər iştirak edib. Namizədlər arasında ən yüksək nəticə olaraq 60 bal qeydə alınıb. İyulun 24-də keçiriləcək riyaziyyat, informatika, təsviri incəsənət üzrə test imtahanlarında 3344 namizədin iştirakı nəzərdə tutulur. Müəllimlərin işə qəbulu üzrə müsabiqənin test mərhələsi Azərbaycan Texniki Universitetinin İdman Kompleksində keçirilir. Namizədlərə ixtisaslarına uyğun olaraq ümumtəhsil məktəblərinin fənn proqramının məzmunu üzrə 40, metodika, təlim strategiyaları üzrə 10 və məntiq üzrə 10 sual olmaqla ümumilikdə 60 sualı cavablandırmaq üçün 90 dəqiqə vaxt verilib.
24/07/2018 10:17
Yay məktəbi Şəkidə
"Azərbaycan üçün öyrət" təhsil proqramı çərçivəsində "Təhsil avtobusu - 2018" yay məktəbinin növbəti tədbiri Şəki şəhərində keçirilib. Açılış mərasimində layihənin təşkilatçı şirkətlərindən "ENGİN" şirkətinin, “Kapital Bank”ın Şəki filialının, “Ekspo 2025 Bakı” layihəsinin, Şəki Rayon Təhsil Şöbəsinin nümayəndələri, məktəblilər iştirak edib. Yay məktəbində "Mənim uğurlu karyeram", “Kommunikasiya”, “Robotlarla iş", "Sığorta” və "Nə? Harada? Nə zaman?" intellektual oyunu keçirilib. Təlimlər və oyunlarda fəal iştirak edən şagirdlər sertifikatla təltif olunublar. Bildirilib ki, "Təhsil avtobusu - 2018" yay məktəbinin məqsədi bölgələrdəki modul tipli, eləcə də digər məktəblərin şagirdlərinin şəxsi inkişafına stimul vermək, həyata fərqli baxış və dünyagörüşünün formalaşmasına təsir etmək, onların dərsə marağının artımasına şərait yaratmaqdır. Yay məktəbi çərçivəsində ölkənin 5 bölgəsindəki ümumtəhsil məktəblərinin akademik göstəriciləri zəif və orta olan 7-8-9-cu sinif şagirdləri hər biri 1 gün olmaqla təlimçi və ekspertlər tərəfindən keçiriləcək fərdi-inkişaf təlimləri və intellektual yarışlarda iştirak edir. Növbəti yay məktəbi Qəbələ şəhərində keçiriləcək. Yay məktəbi Təhsil Nazirliyinin təşkilatçılığı, “Engin” LTD MMC, “Kapital Bank”, “Ekspo 2025 Bakı” layihəsinin əsas dəstəyi, “Bakcell”, “GoldenPay”, “Microsoft Azərbaycan” və “PAŞA Sığorta” şirkətlərinin dəstəyi, “1news.az”, “Azərbaycan İntellektual Klublar Assosiasiyası”, “ARB TV”, “ASAN xidmət”, “Bir” Tələbə-Könüllü proqramı, “Code Tusi”, “Edumap” Təhsil portal, “Edutainment.az”, “Engineering For Kids”, “SABAH” qrupları, “Şərq-Qərb” ASC, “Təhsil TV və “Youth Inc.” Sahibkarlıq Proqramının tərəfdaşlığı ilə keçirilir.
24/07/2018 09:41
Müəllimlərin işə qəbulu üzrə müsabiqədə 60 bal
İyulun 23-də ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin test mərhələsində riyaziyyat fənni üzrə bir nəfər müəllim yüksək nəticə göstərib. Belə ki, imtahanda iştirak edən Göyçay rayonunun Cəyirli kənd sakini Fidan Hacıyeva ona təqdim olunan bütün sualları düzgün cavablandıraraq 60 bal toplayıb. Qeyd edək ki, iyulun 23-də keçiriləcək imtahanda 3524 namizədin iştirakı nəzərdə tutulur.
23/07/2018 12:11
Filter
Elanlar
-
Təhsildə inkişaf və innovasiyalar üzrə X qrant müsabiqəsinin elanı
18.03.2026 - 17:41 -
Məktəblilər üçün “Səslərimiz birləşsin” adlı I Xor Festivalı başlayır - ELAN
24.02.2026 - 17:40 -
“Elm və təhsil sahəsində ictimai təşəbbüslərin dəstəklənməsi” qrant müsabiqəsi
10.10.2025 - 11:38 -
2026-cı il üçün Dövlət Mükafatlarına əsərlərin, işlərin, layihələrin qəbulu elan edilir
23.09.2025 - 16:47 -
“BAROKKO USTADLARI – 340” I respublika müsabiqəsi
11.08.2025 - 15:03
ASAN TV-nin Lənkəran və Cəlilabad dövlət peşə təhsil mərkəzlərindən hazırladığı videoreportajı təqdim edirik. #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz #ASANTV #PeşəTəhsil #İnfotur
Ətraflı✅Aprelin 6-da Qazaxıstanın Almatı şəhərində yerləşən Əl-Farabi adına Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində Azərbaycan ali təhsil müəssisələrinin “Study in Azerbaijan” beynəlxalq sərgisinin açılış mərasimi olub. #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz
ƏtraflıAprelin 6-da Qazaxıstanın Almatı şəhərində yerləşən Əl-Farabi adına Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində Azərbaycan ali təhsil müəssisələrinin “Study in Azerbaijan” beynəlxalq sərgisinin açılış mərasimi olub. Sərginin açılış mərasimində Azərbaycan Respublikasının elm və təhsil naziri Emin Əmrullayev, Qazaxıstan Respublikasının elm və ali təhsil naziri Sayasat Nurbek, hər iki ölkənin aparıcı universitetlərinin rektorları və təhsil mütəxəssisləri iştirak ediblər. Qeyd edək ki, sərgi 7-8 aprel tarixlərində Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində davam edəcək. Ətraflı: https://edu.gov.az/az/news-and-updates/22941-1 #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz
Ətraflı