İsmayıllı rayonuna mediaturdan fotoanlar
Yanvarın 24-də İsmayıllı rayonu Lahıc qəsəbə tam orta məktəbi və Gəndov kəndində yeni istifadəyə verilən modul tipli ümumi orta məktəblə tanışlıq üçün mediatur keçirilib.
24/01/2019 18:08
SABAH tələbələri “Azercell”in təqaüdünə layiq görülüblər
Təhsil Nazirliyinin SABAH qrupları və “Azercell Telekom” MMC arasında imzalanmış memorandum çərçivəsində SABAH qruplarında təhsil alan 9 tələbə “Azercell” Tələbə Təqaüdü Proqramının qalibi olub. Mükafatlandırma mərasimində “Azercell Telekom” MMC-nin prezidenti Vahid Mürsəliyev və SABAH qruplarının İcra Komitəsinin tədris işləri üzrə meneceri Eldar Qocayev qalibləri təbrik edib, onlara sertifikat və hədiyyələr veriblər. “Azercell” Tələbə Təqaüdü Proqramında seçimlər 3 mərhələdən ibarət olub. Birinci mərhələdə tələbələrin onlayn rejimdə təqdim etdikləri ərizə və sənədlər dəyərləndirilib. İkinci mərhələdə tələbələr məntiq və ingilis dilindən xüsusi hazırlanan test tapşırıqları ilə biliklərini sınayıblar. Tapşırıqları uğurla yerinə yetirən tələbələr müsahibələrə dəvət alıblar. Tələbələr akademik bilikləri, dünyagörüşü, elmə-təhsilə həvəs və s. meyarlar əsasında qiymətləndiriliblər. Proqramın məqsədi təhsildə müvəffəqiyyət qazanan və fərqlənməyi bacaran tələbələrə xüsusi qayğı nümayiş etdirmək, yüksək potensiala malik gənclərin peşəkar kimi formalaşmasına dəstək olmaqdan ibarətdir. Proqrama qəbul edilən istedadlı tələbələr cari təhsil müddətinin sonuna qədər “Azercell” şirkəti tərəfindən müəyyənləşdirilmiş təqaüdü alacaqlar. Bununla yanaşı, həmin tələbələrin karyera baxımından inkişafı üçün şərait yaradılacaq. Belə ki, onlar telekommunikasiya sahəsində biliklərini artırmaq, şirkətin korporativ tədbirlərində, sosial fəaliyyətində iştirak etmək, müxtəlif təlimlərə qatılmaq və şirkətdə təcrübə keçmək imkanı əldə edəcəklər. Təqaüdə Bakı Mühəndislik Universitetinin “İnformasiya texnologiyaları və sistemləri mühəndisliyi” ixtisası üzrə tələbələri İlqar Məmmədzadə və İbrahim Əliyev, Bakı Dövlət Universitetinin “Kompüter Elmləri” ixtisası üzrə tələbəsi Aygül Bayramova, “Hüquqşunaslıq” ixtisası üzrə tələbələri İlqar Məmmədzadə və Sonaxanım Qaybaliyeva, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin “Neft-qaz qurğuları mühəndisliyi” ixtisası üzrə tələbəsi İmaməli Şükürlü, “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisası üzrə tələbəsi Cavid Aslanlı və Azərbaycan Dövlət İqtisad Universitetinin “Maliyyə” ixtisası üzrə tələbələri Elnur Namazov və Ömər Əzizli layiq görülüblər. Memorandum çərçivəsində 2017-ci ildə SABAH qruplarının 7 tələbəsi “Azercell” şikətinin tələbə təqaüdünü qazanıb, 10 tələbə isə şirkətdə ixtisas təcrübəsi keçmək imkanı əldə edib. Qeyd edək ki, SABAH qrupları Təhsil Nazirliyinin təşəbbüsü ilə 2014-2015-ci tədris ilindən etibarən dövlət ali təhsil müəssisələrində tədrisin keyfiyyətinin yüksəldilməsi, yenilikçi mühitin yaradılması məqsədilə formalaşdırılmış, müxtəlif ixtisaslar üzrə savadlı, bacarıqlı, hazırlıqlı tələbələrdən ibarət qruplardır. Hazırda SABAH qrupları 12 ali təhsil müəssisəsini, 6 ixtisas istiqaməti üzrə (təhsil, texniki, təbiət, humanitar, iqtisadiyyat, incəsənət) 40-a yaxın ixtisas, 2200-dən çox tələbə və 1500-dən artıq məzunu əhatə edir.
24/01/2019 17:44
“Rəqəmsal bacarıqlar” layihəsi Londonda beynəlxalq sərgidə təqdim olunub
Təhsil Nazirliyinin və “Algoritmika“ beynəlxalq təhsil şirkətinin birgə pilot layihəsi olan “Rəqəmsal bacarıqlar” layihəsi yanvarın 23-də Londonda öz işinə başlayan “Bett Show 2019” təhsil texnologiyaları sərgisində ayrıca stendlə təqdim olunub. Təhsil naziri Ceyhun Bayramov stendlə tanış olub. Layihənin stendinə sərgidə iştirak edən və Azərbaycanın bu istiqamətdə təcrübəsi ilə tanış olmaq istəyən bir sıra ölkələrin (BƏƏ, Pakistan, Hindistan kimi) təhsil müəssisələrinin nümayəndələri böyük maraq göstəriblər. Sərgidə həmçinin “Rəqəmsal bacarıqlar” layihəsinin rəhbəri Fəxri Qurbanov və "Algoritmika" beynəlxalq təhsil şirkətinin təsisçisi və baş icraçı direktoru Andrey Lobanov "Rəqəmsal bacarıqlar: ölkədə təhsil prosesinin transformasiyası" mövzusunda birgə təqdimat keçiriblər. Təqdimatı 50 nəfərdən çox iştirakçı dinləyib. Dünya Təhsil Forumu çərçivəsindəı keçirilən ““Bett Show” dünyada təhsil texnologiyaları sahəsində ən böyük hadisə hesab olunur. “Bett Show” təhsilin keyfiyyətini yaxşılaşdırmağa kömək edəcək son texnologiya və innovativ təhsil həlləri ilə tanış edən platformadır. Yanvarın 26-na qədər davam edəcək sərgidə 131 ölkədən 3500-dən çox müəllim və mütəxəssis, 850 aparıcı təhsil şirkəti bir araya gəlib. Xatırladaq ki, “Rəqəmsal bacarıqlar” pilot layihəsi ölkənin ümumi təhsil müəssisələrində 2017-ci ildən həyata keçirilir. Hazırda layihə Bakıda 65, Gəncə şəhərində 6 məktəbi və umumilikdə 26 000 şagirdi əhatə edir. “Bett Show 2019” sərgisinin əsas mövzularından biri “21-ci əsrin bilik və bacarıqları”dır. Təsadüfi deyil ki, sərginin əsas tərəfdaşları arasında “Microsoft”, “Google”, “Lenovo”, “Adobe” və bir sıra digər yüksək texnologiyalı sənaye liderləri var.
24/01/2019 17:43
İsmayıllı rayonuna mediatur keçirilib
Yanvarın 24-də İsmayıllı rayonu Lahıc qəsəbə tam orta məktəbi və Gəndov kəndində yeni istifadəyə verilən modul tipli ümumi orta məktəblə tanışlıq üçün mediatur keçirilib. Mediaturda KİV nümayəndələri ilə yanaşı, təhsil ekspertləri də iştirak ediblər. Öncə qonaqlar Gəndov kəndindəki modul tipli məktəblə tanış olublar. Bildirilib ki, modul məktəb ölkə Prezidentinin sərəncamına əsasən 2018-ci ildə quraşdırılıb. Məktəbdə 4 kənddən gələn 44 şagird təhsil alır. 56 şagird yerlik məktəb 7 sinif və bir müəllim otağından ibarətdir. Məlumat verilib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə ilk dəfə olaraq ucqar kəndlərdə az şagird kontingentli qəzalı məktəblərin yeni binalarla əvəz edilməsi çərçivəsində modul tipli məktəb təcrübəsi tətbiq edilib. 2017-ci ildə 40 rayonda 6 min şagird yerlik 106, 2018-ci ildə isə 43 regionda 8120 şagird yerlik 137 modul tipli məktəb quraşdırılıb. Modul tipli məktəblərin üstünlüyü onların azməsrəfli olması ilə yanaşı, qısa müddət ərzində istənilən relyefdə quraşdırılması, asan daşınması, sinif otaqlarının sayının şagirdlərin sayına uyğun olaraq rahatlıqla azaldılıb-artırılmasıdır. Mediatur iştirakçıları müəllimlərin işə qəbulu üzrə müsabiqədə yüksək bal toplayan Ceyhun Əsgərov və Orxan Kamallının dərslərini izləyiblər. Daha sonra qonaqlar Lahıc qəsəbə tam orta məktəblə tanış olublar. Bildirilib ki, məktəbin tikintisinə 2017-ci ilin dekabr ayında başlanılıb, 2018-ci ilin avqust ayında tikinti-quraşdırma işləri başa çatdırılıb. 400 yerlik məktəb 3 mərtəbədən ibarətdir. Məktəbdə 200 şagird təhsil alır. Məktəb binasında videomüşahidə, yanğın əleyhinə siqnalizasiya sistemləri, ərazisində isə qazanxana, nasosxana, transformator yarımstansiyası, yeraltı içməli su anbarı və çirkab su anbarı mövcuddur. Otaqlar mərkəzləşdirilmiş istilik sistemi ilə təchiz olunub. Binanın daxilində idman zalı, hər mərtəbədə şagird və müəllimlər üçün ayrı-ayrılıqda sanitar qovşaqlar var. Mediatur iştirakçıları biologiya müəllimi Cəmilə Kamilovanın, fizika müəllimi Rövşən Əliyevin, ibtidai sinif müəllimi Günay Cəbrayılovanın dərslərini izləyiblər. Daha sonra isə məktəbin Tarix-Diyarşünaslıq Muzeyində 9-cu sinif şagirdlərinin tarix dərsinin gedişi ilə tanış olublar. Mediatur çərçivəsində “Təhsil” televiziyasının "Təməl" verilişinin Lahıcın təhsil həyatına həsr olunmuş buraxılışı canlı yayımlanıb.
24/01/2019 16:32
“Təhsildə İKT və innovativ sahibkarlığın təşviqi” mövzusunda “dəyirmi masa”
Yanvarın 24-də Azərbaycan Dövlət Pedaqoji Universitetində Təhsil, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirliklərinin, İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun birgə təşkilatçılığı ilə “Təhsildə İKT və innovativ sahibkarlığın təşviqi” mövzusunda “dəyirmi masa” keçirilib. “Dəyirmi masa”da təhsil nazirinin müavini Məhəbbət Vəliyeva, nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə, İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun icraçı direktoru vəzifəsini icra edən Azər Bayramov, müxtəlif ali təhsil müəssisələrinin əməkdaşları, İKT və təhsil sahəsi üzrə ekspertlər, həmçinin İKT şirkətlərinin nümayəndələri iştirak ediblər. Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru Cəfər Cəfərov tədbiri açaraq informasiya-kommunikasiya texnologiyalarının təhsildə rolu barədə ətraflı məlumat verib. Tədbirdə çıxış edən təhsil nazirinin müavini Məhəbbət Vəliyeva qeyd edib ki, bu il fevralın 24-ü BMT Baş Assambleyasının qərarı ilə ilk dəfə olaraq Beynəlxalq Təhsil Günü kimi qeyd olunur. Son illərdə ölkədə təhsilin inkişafı istiqamətində mühüm addımlar atıldığını bildirən nazir müavini təhsil müəssisələrində informasiya-kommunikasiya texnologiyalarının tətbiqinin əhəmiyyətli dərəcədə genişləndiyini vurğulayıb. Məhəbbət Vəliyeva diqqətə çatdırıb ki, “Azərbaycan Respublikasında təhsilin inkişafı ilə bağlı Dövlət Strategiyası” əsasında təhsil sistemində İKT infrastrukturu inkişaf etdirilib, elektron təhsil texnologiyalarının tətbiqi genişləndirilib, təhsil sahəsinin idarə olunması və tənzimlənməsində vahid informasiya struktru formalaşdırılıb, pedaqoji kadrların İKT üzrə hazırlığı üçün nəzərdə tutulmuş bir sıra tədbirlər həyata keçirilib. Hazırda 2746 təhsil müəssisəsi Azərbaycan Təhsil Şəbəkəsinə (ATŞ) və internetə qoşulub. Artıq ucqar yaşayış məntəqələrindəki məktəblərin müəllim və şagirdləri də ATŞ vasitəsilə müvafiq elektron resurslardan istifadə edə bilirlər. Nazir müavini hazırda 12 ali təhsil müəssisəsinin Avropa Elm və Təhsil Şəbəkəsinə (GEANT) qoşulduğunu da xatırladıb. GEANT Avropada 30-dan çox ölkənin 3500-dən çox təhsil müəssisəsini özündə birləşdirən tədqiqat və təhsil ictimaiyyəti üçün internet-məlumat şəbəkəsidir. Məhəbbət Vəliyeva qeyd edib ki, Təhsil Nazirliyinin portallarında yerləşdirilən 841-dən artıq elektron resursdan indiyədək 4 288 185 dəfədən çox istifadə olunub. Rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə isə informasiya-kommunikasiya texnologiyaları sahəsində innovativ sahibkarlıq fəaliyyətinin inkişafı istiqamətində ali təhsil müəssisələri ilə birlikdə maarifləndirici tədbirlərin keçirilməsinə xüsusi diqqət yetirildiyini bildirib. Nazir müavini qeyd edib ki, nazirliyin İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun dəstəyi ilə ali məktəblərdə yaradılan biznes inkubatorların və mərkəzlərin əsas məqsədi gənclərin İKT sahəsinə marağını artırmaq, bu sahədə kütləviliyi təmin etmək, həmçinin gənc sahibkarların innovativ ideyalarının biznesə çevrilməsinə dəstək verməkdən ibarətdir. Tədbirdə ali məktəblərdə informatika fənni üzrə tədris planlarının keyfiyyətinin artırılması, təhsil müəssisələrinin İKT üzrə maddi-texniki bazasının təkmilləşdirilməsi, təhsil sahəsinin informasiyalaşdırılması, təhsildə innovativ sahibkarlığın təbliğ olunması və digər mövzular ətrafında çıxışlar olub.
24/01/2019 14:15
İsmayıllı rayonuna mediatur keçirilir
Yanvarın 24-də İsmayıllı rayonu Lahıc qəsəbə tam orta məktəbi və Gəndov kəndində yeni istifadəyə verilən modul tipli ümumi orta məktəblə tanışlıq üçün mediatur keçirilir. Öncə media nümayəndələri və təhsil ekspertləri Gəndov kəndindəki modul tipli məktəblə tanış olublar. Bildirilib ki, ölkə Prezidentinin sərəncamına əsasən, 2018-ci ildə quraşdırılan modul məktəbdə 44 şagird təhsil alır. 56 şagird yerlik məktəb 7 sinif və bir müəllim otağından ibarətdir. Məlumat verilib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə ilk dəfə olaraq ucqar kəndlərdə az şagird kontingentli qəzalı məktəblərin yeni binalarla əvəz edilməsi çərçivəsində modul tipli məktəb təcrübəsi tətbiq edilib. 2017-ci ildə 40 rayonda 6 min şagird yerlik 106, 2018-ci ildə isə 43 regionda 8120 şagird yerlik 137 modul tipli məktəb quraşdırılıb. Modul tipli məktəblərin üstünlüyü onların azməsrəfli olması ilə yanaşı, qısa müddət ərzində istənilən relyefdə quraşdırılması, asan daşınması, sinif otaqlarının sayının şagirdlərin sayına uyğun olaraq rahatlıqla azaldılıb-artırılmasıdır. Media nümayəndələri və təhsil ekspertləri işə yeni qəbul olunmuş müəllimlərin dərs prosesini izləyiblər. Mediatur Lahıc qəsəbə tam orta məktəbi ilə tanışlıqla davam edir.
24/01/2019 12:19
Tələbələrin köçürülməsinə başlanılır
Fevralın 1-dən tələbələrin ölkə daxilində və xaricdə yerləşən ali təhsil müəssisələrindən köçürülməsi, yaxud bir ixtisasdan digərinə dəyişdirilməsi, eləcə də ölkəmizdə yerləşən orta ixtisas təhsili müəssisələrində, magistratura səviyyəsində təhsilalanların köçürülməsi üzrə elektron sənəd qəbuluna başlanılacaq. Transfer.edu.az portalı vasitəsi ilə həyata keçiriləcək sənəd qəbulu fevralın 7-dək davam edəcək. Tələbələrin köçürülməsi ilə bağlı daha geniş məlumatı https://transfer.edu.az/az/faq linkinə daxil olmaqla əldə edə bilərsiniz.
24/01/2019 11:07
24 yanvar – Beynəlxalq Təhsil Günüdür
Birləşmiş Millətlər Təşkilatı (BMT) yanvarın 24-nü Beynəlxalq Təhsil Günü elan edib. BMT Baş Assambleyasının ötən ilin dekabrında elan etdiyi Beynəlxalq Təhsil Günü ilk dəfə qeyd olunur. BMT-nin qərarında bildirilir ki, təhsil hər bir ölkədə dayanıqlı inkişafın əsas amilidir. Beynəlxalq Təhsil Günündə təşkilata üzv dövlətlər təhsilin inklüziv keyfiyyətinə diqqəti artırmalı, bu sahədə əlavə tədbirlər görməlidirlər. Beynəlxalq Təhsil Günü münasibəti ilə YUNESKO-nun baş direktoru Odre Azulenin təbrik məktubunda bildirilib ki, bu mühüm qərar "Dünyamızın dəyişdirilməsi: 2030-cu ilə qədər davamlı inkişaf gündəmi" adlı fəaliyyət proqramının həyata keçirilməsində təhsilin vacibliyini vurğulayır. Odre Azule qeyd edib ki, hərtərəfli, ədalətli və keyfiyyətli təhsil olmadan, hər kəs üçün ömür boyu öyrənmə imkanları yaratmadan dövlətlər milyonlarla uşağı və gənci inkişaf prosesindən kənarda saxlayan yoxsulluğun səviyyəsini azalda bilməz. Beynəlxalq Təhsil Gününün qeyd olunması bu sahədə təməl prinsiplərə bağlılığı təsdiqləmək üçün böyük fürsətdir. YUNESKO-nun baş direktoru hazırda dünyada 262 milyon uşağın məktəbə getmədiyini diqqətə çatdırıb. 617 milyon uşaq və yeniyetmə isə oxuma və ibtidai hesablama bacarıqlarına malik deyil. Təxminən 4 milyon qaçqın uşağın məktəbə getmək imkanı yoxdur. Qarşıdurmalar və itkilər onların adi həyat tərzini pozub. Odre Azule BMT-yə üzv dövlətləri təhsilin bütün səviyyələrdə hərtərəfliliyini və ədalətliyini qorumaqla hər kəsin maraqlarını təmin etməyə, qızların, qaçqın və məcburi köçkünlərin, miqrantların təhsil ehtiyaclarına, müəllim hazırlığına, təhsil və təlimdə gender perspektivini daha fəal şəkildə təbliğ etməyə xüsusi diqqət yetirməyə çağırıb.
24/01/2019 09:37
“Gənclərin məşğulluğu: işəgötürənlərin baxışı, çağırışlar və perspektivlər” mövzusunda konfrans
Yanvarın 23-də Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) və Beynəlxalq Əmək Təşkilatının (BƏT) birgə təşkilatçılığı ilə “Gənclərin məşğulluğu: işəgötürənlərin baxışı, çağırışlar və perspektivlər” mövzusunda konfrans keçirilib. Konfransda bir sıra dövlət qurumlarının, beynəlxalq təşkilatların, ali təhsil müəssisələrinin və şirkətlərin nümayəndələri, eləcə də sahibkarlar iştirak ediblər. Tədbirdə açılış nitqi ilə çıxış edən ASK-nın prezidenti Məmməd Musayev gənclərin məşğulluğunun təmin olunması istiqamətində həyata keçirilən tədbirlərdən bəhs edərək, məşğulluğun təminatında təhsil müəssisələri ilə işəgötürənlər arasında əməkdaşlığın mühüm rola malik olduğunun vacibliyini bildirib. Təhsil nazirinin müavini İdris İsayev təhsilin iqtisadiyyatın inkişafında, insan kapitalının formalaşmasında və gənclərin məşğulluğunun təmin olunmasında əsas amillərdən biri olduğunu qeyd edib və bu sahədə peşə təhsilinin rolunu xüsusi vurğulayıb. İdris İsayev bildirib ki, hazırda peşə təhsili sistemində ciddi islahatlar, təhsilin məzmununun işəgötürənlərin tələblərinə uyğunlaşdırılması, bu sahəyə investisiyaların cəlb edilməsi üçün tədbirlər həyata keçirilir. Ötən il peşə sahəsində 20 yeni ixtisasın peşə təsnifatına daxil edildiyini deyən nazir müavini diqqətə çatdırıb ki, aparılan tədbirlər nəticəsində məzunlar əmək bazarında öz yerlərini tutmağa başlayıb. Turizm sahəsi üzrə məzunların 62,3 faizi, informasiya texnologiyaları üzrə 73 faizi, xidmət sahəsi üzrə isə 69 faizi işlə təmin olunub. Nazir müavini qeyd edib ki, “Azərbaycan Respublikasında peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsi”nə əsasən, işəgötürənlərin peşə təhsili sisteminə cəlb edilməsi, kadr hazırlığının işəgötürənlərin tələblərinə uyğun aparılması və təhsildə dövlət-özəl tərəfdaşlıq sisteminin həyata keçirilməsi əsas şərtlərdən biridir. Strateji Yol Xəritəsi və “Peşə təhsili haqqında” Azərbaycan Respublikasının Qanununda işəgötürənlərin stimullaşdırılması ilə bağlı maliyyə, hüquqi və digər sahələr üzrə güzəştlərin verilməsinin nəzərdə tutulduğunu vurğulayan nazir müavini bunun özəl sektorun peşə təhsili ilə tərəfdaşlığa daha çox maraq göstərməsinə imkan yaradacağını diqqətə çatdırıb. Tədbirdə digər çıxış edənlər əmək bazarının çağırışları, problemlər və onların həlli yolları, sosial dialoqun inkişafı, gənclərin məşğulluğu sahəsində mövcud vəziyyət və beynəlxalq təcrübə barədə geniş məlumat veriblər. Konfransda daha sonra BƏT tərəfindən “Əməyin gələcəyi” mövzusunda hazırlanan qlobal hesabat açıqlanıb. “Əmək bazarının tələbləri, təhsil, təlim və bacarıqların inkişafı” mövzusunda keçirilən panel iclasda Peşə Təhsili üzrə Dövlət Agentliyinin nümayəndəsi işəgötürənlər ilə peşə təhsili müəssisələri arasında müxtəlif səviyyələrdə əməkdaşlığın qurulmasının günün tələbi olduğunu vurğulayıb, agentlik tərəfindən bu istiqamətdə görülən işlər və həyata keçirilən layihələr barədə ətraflı məlumat verib. Daha sonra tədbir “Gənclər arasında sahibkarlığın inkişafı”, “Əlverişli qanunvericilik və əmək münasibətləri” mövzularında panel iclaslarla davam edib.
23/01/2019 14:50
Respublika fənn olimpiadalarının ilk mərhələsi keçiriləcək
Fevralın 3-də ölkənin bütün şəhər və rayonlarında 2018-2019-cu tədris ili üçün məktəblilərin Respublika fənn olimpiadalarının birinci - rayon (şəhər) mərhələsi keçiriləcək. Bilik yarışında 9, 10, 11-ci, həmçinin xüsusi istedada və hazırlığa malik 8-ci sinif şagirdləri iştirak edəcəklər. Respublika fənn olimpiadaları Azərbaycan dili və ədəbiyyat, riyaziyyat, fizika, kimya, biologiya, informatika, tarix, coğrafiya fənləri üzrə keçiriləcək. Olimpiadanın rayon (şəhər) mərhələsində şagirdlərə fənlər üzrə qapalı test formatında 25 sual təqdim ediləcək. Respublika fənn olimpiadalarında iştirak etmək üçün 32 986 şagird qeydiyyatdan keçib. Olimpiadaya ən çox şagird Azərbaycan dili və ədəbiyyat (8203 nəfər), ən az şagird isə informatika (721 nəfər) fənlərindən qatılacaq. Olimpiadaların təşkil edilməsində məqsəd istedadlı uşaqların aşkar edilməsi, şagirdlərdə fənlərə olan marağın artırılması, onların sağlam rəqabət mühitində öz bilik və bacarıqlarını nümayiş etdirmələrinə imkan yaradılmasından ibarətdir. Respublika fənn olimpiadası “Kapital Bank”ın baş sponsorluğu ilə həyata keçirilir.
23/01/2019 10:52
Filter
Elanlar
-
“Xarici ölkələrdə fəaliyyət göstərən məktəblərdə Azərbaycan dilinin tədrisinin təşkili üçün qrant müsabiqəsi”nin elanı
20.05.2026 - 15:41 -
Təhsildə inkişaf və innovasiyalar üzrə X qrant müsabiqəsinin elanı
18.03.2026 - 17:41 -
Məktəblilər üçün “Səslərimiz birləşsin” adlı I Xor Festivalı başlayır - ELAN
24.02.2026 - 17:40 -
“Elm və təhsil sahəsində ictimai təşəbbüslərin dəstəklənməsi” qrant müsabiqəsi
10.10.2025 - 11:38 -
2026-cı il üçün Dövlət Mükafatlarına əsərlərin, işlərin, layihələrin qəbulu elan edilir
23.09.2025 - 16:47
? 2026–2027-ci tədris ili üzrə yeni təmayül tədris modelinin tətbiq ediləcəyi ümumi təhsil müəssisələrinə şagird qəbulu elan edilir
ƏtraflıHeydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə 11 nömrəli inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəbində olublar. Leyla Əliyeva və Arzu Əliyeva məktəbin şagirdləri ilə görüşərək onların yaradıcılıq nümunələri ilə tanış olub, uşaqlara hədiyyələr təqdim ediblər. Ətraflı: https://tinyurl.com/4mkd3xfk #ElmVəTəhsilNazirliyi #EduGovAz #EduAz #ÜmumiTəhsil
ƏtraflıElm və təhsil nazirinin müavini Firudin Qurbanov Belarus Respublikasına səfəri zamanı bu ölkənin təhsil naziri Andrey İvanets ilə görüşüb. Görüşdə elm və təhsil, o cümlədən ümumi, peşə və ali təhsil sahəsində əməkdaşlığın cari vəziyyəti və yaxın gələcəkdə icrası nəzərdə tutulan təşəbbüslər ətrafında fikir mübadiləsi aparılıb. Görüş zamanı Qarabağ Universiteti ilə Belarus Respublikasının aparıcı ali təhsil müəssisələri arasında əməkdaşlıq istiqamətləri müəyyənləşdirilib. Firudin Qurbanov Belarus Respublikasında təhsil alan azərbaycanlı tələbələrlə də görüşüb, onları maraqlandıran sualları cavablandırıb və təkliflərini dinləyib. Ətraflı: https://edu.gov.az/az/news-and-updates/23126-1 #ElmVəTəhsilNazirliyi #EduGovAz #EduAz
Ətraflı