Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
  • Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Məktəb psixoloqlarının I Ümumrespublika konfransı

Yanvarın 25-də Təhsil Nazirliyinin dəstəyi, Müasir Azərbaycan Psixoloqları İctimai Birliyi və Psixologiya Elmi-Tədqiqat İnstitutunun birgə təşkilatçılığı ilə məktəb psixoloqlarının I Ümumrespublika konfransı keçirilib. Konfransda çıxış edən təhsil nazirinin müavini Məhəbbət Vəliyeva “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda məktəblərdə psixoloji xidmətin təşkilinə və psixoloqların praktik fəaliyyətinə xüsusi önəm verildiyini qeyd edib. Nazir müavini bildirib ki, təhsil sisteminin başlıca vəzifələrindən biri milli-mənəvi və ümumbəşəri dəyərlərə, geniş dünyagörüşünə malik, nəzəri və praktiki biliklərə yiyələnən, müasir təfəkkürlü və rəqabət qabiliyyətli şəxsiyyətin formalaşdırılmasıdır. Strategiyada səriştəyə əsaslanan şəxsiyyətyönümlü təhsil məzmununun yaradılması və təhsilalanların fərdi xüsusiyyətlərini nəzərə alan innovativ təlim metodları və texnologiyaları vasitəsilə təhsilin məzmununun səmərəli mənimsənilməsini təmin edən yüksək nüfuzlu təhsilverənin formalaşdırılması əsas  istiqamət kimi qeyd edilib. Məhəbbət Vəliyeva bu işdə psixoloji xidmətin üzərinə düşən strateji hədəf və vəzifələri diqqətə çatdırıb.  Müasir Azərbaycan Psixoloqları İctimai Birliyinin İdarə heyətinin sədri, AMEA-nın müxbir üzvü Bəxtiyar Əliyev “Təhsil haqqında” Qanunda məktəblərdə psixoloji xidmətin təşkilinə dair əlavələr edildiyini xatırladıb. Bəxtiyar Əliyev qeyd edib ki, hazırda dövlətin və Təhsil Nazirliyinin bu sahəyə diqqəti böyükdür. İlk dəfə olaraq məktəblərdə psixoloji xidmətin təşkili qaydaları hazırlanaraq Nazirlər Kabinetinin təsdiqinə verilib. Gələcəkdə məktəb psixoloqlarının statuslarının yüksəldilməsi və onların fəaliyyətinin stimullaşdırılması gözlənilir. Daha sonra Psixologiya Elmi-Tədqiqat İnstitutu MMC-nin sədri Elnur Rüstəmov, Bakı Dövlət Universitetinin Sosial elmlər və psixologiya fakültəsinin dekanı, professor Hikmət Əlizadə, professor Ramiz Əliyev, Vəfa Yaqublu, dosent Elxan Bəylərov, Aynur Bünyatova, Diyanə İbrahimova, Bahar Bəylərova, Mehriban Verdiyeva və Raziyə Quliyeva məruzələrlə çıxış ediblər. Konfransda ixtisasartırma və yenidən hazırlanma, məktəb psixoloqlarının hazırlığı, məktəbdə psixoloji xidmətə yeni baxış, sağlam təhsildə psixogigiyena, məktəbdə aşkar olunan psixoloji problemlər, təxəyyül məktəbinə keçid ilə bağlı məruzələr dinlənilib. Sonda konfransda iştirak edən psixoloqlara sertifikatlar verilib.

“Bizim müəllim”

Təhsil Nazirliyi ölkəmizin bütün bölgələrində peşəkarlığı ilə seçilən, müəllimlərin işə qəbulu üzrə müsabiqədə və diaqnostik qiymətləndirmədə yüksək bal toplayan müəllimlərin media təqdimatını davam etdirir. “Bizim müəllim” layihəsi bu dəfə Saatlı rayonu Qara Nuru kənd tam orta məktəbinin kimya müəllimi  İsgəndər Səmədovu təqdim edir. İsgəndər Səmədov 2017-ci ildə müəllimlərin işə qəbulu üzrə müsabiqədə 60 bal toplayıb.

Tələbələrin köçürülməsinə başlanılıb

Fevralın 1-dən tələbələrin ölkə daxilində və xaricdə yerləşən ali təhsil müəssisələrindən köçürülməsi, yaxud bir ixtisasdan digərinə dəyişdirilməsi, eləcə də ölkəmizdə yerləşən orta ixtisas təhsili müəssisələrində, magistratura səviyyəsində təhsilalanların köçürülməsi üzrə elektron sənəd qəbuluna başlanılıb. Transfer.edu.az portalı vasitəsi ilə həyata keçirilən sənəd qəbulu  fevralın  7-dək davam edəcək. Portala müraciət edən şəxslər köçürülmək istədiyi təhsil müəssisəsini seçmək imkanına malikdir. Bunun üçün təhsilalanlar tələb olunan məlumatları daxil etməklə, köçürülmə meyarlarına uyğun gəlib-gəlmədiyini müəyyən edə bilərlər. Təhsil Nazirliyi və Dövlət İmtahan Mərkəzi ilə birgə fəaliyyət çərçivəsində yaradılan transfer.edu.az portalı tələbələrin köçürülməsi prosesinin sadələşdirilməsinə və şəffaflığın təmin olunması məqsədinə xidmət edir. Tələbələrin köçürülməsi Təhsil Nazirliyinin razılığı ilə qış və yay tətili dövründə həyata keçirilir. Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən qəbul imtahanlarında tələbənin topladığı bal qəbul olunduğu ildə köçürülmək istədiyi ali təhsil müəssisəsində müvafiq ixtisas üzrə minimal keçid balından az olmamalıdır. Həmçinin tələbənin qəbul olunduğu və köçürülmək istədiyi ixtisaslar Dövlət İmtahan Mərkəzi tərəfindən müəyyən edilmiş eyni ixtisas qrupu daxilində olmalıdır. Qaydalara əsasən, xarici ölkələrin akkreditə olunmayan ali təhsil müəssisələri tələbələrinin və digər ölkələrdə qiyabi təhsil alanların köçürülməsinə icazə verilmir. Bununla yanaşı, tələbənin təhsil aldığı ali təhsil müəssisəsinin dünyanın ən yaxşı ali təhsil müəssisələrinin reytinq siyahısında olması da nəzərə alınan göstəricilər sırasındadır. Transfer.edu.az portalı vasitəsi ilə köçürülən tələbələr köçürüldüyü ali təhsil müəssisəsindən və yaxud ixtisasından imtina etmək hüququna malik deyil.  

“Müəllimlərin inklüziv təhsil sahəsində bacarıqlarının artırılması” layihəsinin təqdimatı

Yanvarın 31-də Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinin (RİİB) Avropa İttifaqının dəstəyi ilə həyata keçirdiyi “Müəllimlərin inklüziv təhsil sahəsində bacarıqlarının artırılması” layihəsinin təqdimatı olub. Heydər Əliyev Mərkəzində keçirilən təqdimat mərasimində “Regional İnkişaf” İctimai Birliyinin nümayəndəsi Cəmil Əliyev təmsil etdiyi qurumun fəaliyyəti, təhsil, səhiyyə, ekologiya və digər sahələrdə həyata keçirdiyi layihələr barədə məlumat verib. Bildirilib ki, İctimai Birliyin təhsil sahəsində həyata keçirdiyi növbəti layihə ölkəmizdə inklüziv təhsilin inkişafına, qeyd olunan sahədə müəllimlərin tədris imkanlarının və pedaqoji resursların təkmilləşdirilməsinə xidmət edən “Müəllimlərin inklüziv təhsil sahəsində bacarıqlarının artırılması” layihəsidir. Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva Azərbaycan Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın əhəmiyyətini vurğulayıb və qeyd edib ki, Strategiyanın 5 illik icra müddətində şəxsiyyətyönlü təhsil məzmununun yaradılması, insan resurslarının müasirləşdirilməsi, müasir idarəetmə sisteminin formalaşdırılması, təhsil infrastrukturunun təkmilləşdirilməsi və təhsilin maliyyələşdirilməsi istiqamətlərinin hər biri üzrə müsbət nəticələr əldə olunub. Dövlət Strategiyasında və müvafiq Tədbirlər Planında sağlamlıq imkanları məhdud uşaqların təhsilə cəlb olunması üçün inklüziv təhsil proqramının qəbul edilməsi ilə bağlı məsələlər də öz əksini tapıb. Nazir müavini Azərbaycanda inklüziv təhsilin tətbiqi ilə bağlı 2004-cü ildən başlayaraq bir sıra təşəbbüslərin olduğunu diqqətə çatdırıb. Bildirilib ki, “Azərbaycan Respublikasında xüsusi qayğıya ehtiyacı olan (sağlamlıq imkanları məhdud) uşaqların təhsilinin təşkili ilə əlaqədar İnkişaf Proqramı (2005-2009-cu illər)” çərçivəsində inklüziv təhsilin təşkili ilə bağlı UNESCO-nun maliyyə dəstəyi ilə 2005-ci ildən 3 pilot layihənin icrasına başlanılıb. Layihələrin icrası müddətində 15 ümumtəhsil məktəbi və 13 məktəbəqədər təhsil müəssisəsində 268 əlil uşaq inklüziv təhsilə cəlb edilib. Layihələrin müddətinin bitməsinə baxmayaraq, inklüziv təhsilə cəlb olunmuş digər şagirdlər müəssisələrdə bu gün də təhsillərini davam etdirirlər. Avropa İttifaqının Azərbaycan Respublikasındakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas inklüziv təhsil üzrə layihələr barədə fikirlərini bildirib, sağlamlıq imkanları məhdud uşaqların təhsilə cəlb edilməsinin vacibliyini vurğulayıb. Heydər Əliyev Fondunun beynəlxalq əlaqələr departamentinin direktoru Soltan Məmmədov ümummilli lider Heydər Əliyevin təhsilə daim böyük önəm verdiyini, Ulu Öndərin ideyalarının Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirildiyini bildirib. Heydər Əliyev Fondunun milli-mənəvi dəyərlərimizin qorunmasına, tariximizin, mədəni irsimizin beynəlxalq aləmdə təbliğinə böyük əhəmiyyət verdiyini qeyd edən Soltan Məmmədov ölkəmizdə təhsilin inkişafı üçün reallaşdırılan tədbirləri diqqətə çatdırıb. O, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə yüzlərlə yeni məktəb binalarının tikilib istifadəyə verildiyini, təhsil müəssisələrinin müasir avadanlıqlarla təchiz edildiyini vurğulayıb. Bildirilib ki, Heydər Əliyev Fondu fiziki qüsurlu uşaqların və gənclərin həm səhiyyə, həm də təhsil probleminə xüsusi diqqət yetirir. Fondun əsas məqsədlərindən biri xüsusi qayğıya ehtiyacı olan insanlara kömək göstərmək, onların sağlamlığını mühafizə etmək, sosial problemlərini həll etməkdir. Fondun “Regional İnkişaf” İctimai Birliyinin və Avropa İttifaqının dəstəyi ilə Təhsil Nazirliyi tərəfindən tətbiq olunacaq yeni layihə isə ölkədə sağlamlıq imkanları məhdud insanların, xüsusilə də əlil uşaqların ümumi təhsilə əlçatarlığını, hər bir insanın ölkədəki təhsil sahəsinin inkişafından yararlanmasını və xüsusi qayğıya ehtiyacı olan uşaqların cəmiyyətə vaxtında və düzgün inteqrasiyasını təmin edəcək. Daha sonra layihə rəhbəri Leyla Tağıyevanın təqdimatı dinlənilib. Məlumat verilib ki, icrasına 2018-ci ilin mayından başlanan “Müəllimlərin inklüziv təhsil sahəsində bacarıqlarının artırılması” layihəsi 2020-ci ilin sentyabr ayınadək davam edəcək. Bununla bağlı Bakı şəhəri, Quba, Şəki, Cəlilabad, Ağcabədi və Şamaxı rayonlarında müəllimlərin inklüziv təhsil sahəsində tədris imkanlarının və pedaqoji resurslarının təkmilləşdirilməsi nəzərdə tutulur. Layihə çərçivəsində fəaliyyət 4 istiqamət – inklüziv təhsil üzrə tədris proqramı və materiallarının təkmilləşdirilməsi, müəllim və yardımçı heyətin bacarıqlarının artırılması, onlar üçün resursların yaradılması, inklüziv təhsil üzrə siyasətin təkmilləşdirilməsi və ictimai maarifləndirmə tədbirlərinin təşkili üzrə aparılır. Bugünədək Bakı şəhəri, Ağcabədi, Cəlilabad, Şamaxı, Şəki və Quba rayonlarında ehtiyacların qiymətləndirilməsi ilə bağlı tədqiqatlar aparılıb. Eləcə də beynəlxalq ekspertlər layihə ilə bağlı yaradılmış işçi qrupa müəllimlərin inklüziv təhsil sahəsində inkişaf strategiyasını təqdim ediblər. İnklüziv təhsil üzrə təlim proqramları hazırlanaraq aidiyyəti qurumlara təqdim olunub, müəllim və yardımçı mütəxəssislərin inklüziv təhsil üzrə resurslara çıxışını təmin etmək məqsədilə Azərbaycan Dövlət Pedaqoji Universiteti və onun filiallarında İnklüziv Təhsil Mərkəzləri yaradılıb. Bununla yanaşı, bir qrup təhsil işçisi inklüziv təhsil sahəsində digər ölkələrin nümunəvi təcrübəsinin öyrənilməsinə cəlb olunacaq. Tədbirdə “Fərqliyik, bərabərik” adlı videoçarx nümayiş etdirilib. Sonda “İnklüziv təhsilin əhəmiyyəti” mövzusunda sağlamlıq imkanları məhdud gənclərin motivasiya çıxışları olub.  

“Sən də beynəlxalq könüllü ol” adlı məlumatlandırıcı seminar

Təhsil Nazirliyinin "Bir" Tələbə-Könüllü proqramının təşkilatçılığı ilə 2 fevral –Gənclər Günü münasibətilə keçirilən "Gəncliyin BİR həftəsi" adlı tədbir davam edir. Tədbirin üçüncü günü proqramın “Yaşa” istiqaməti çərçivəsində “Bir” Tələbə-Könüllü proqramının təşkilatçılığı, “AIESEC Azərbaycan” Beynəlxalq Tələbə Gənclər Təşkilatının dəstəyi ilə “Sən də beynəlxalq könüllü ol” adlı məlumatlandırıcı seminar keçirilib.  Seminarın məqsədi tələbə-könüllülərin maariflənməsi, xaricdə könüllülük təcrübəsi qazanması üçün imkanların artırılması və Azərbaycanın xaricdə könüllülər tərəfindən yaxşı şəkildə təmsil olunmasına şərait yaradılmasıdır. Tədbirdə 40-a yaxın tələbə-könüllü iştirak edib. "Gəncliyin bir həftəsi" gənc tələbə-könüllülərin  şəxsi inkişafının təmin olunması, dünyagörüşlərinin artırılması, asudə vaxtlarının səmərəli dəyərləndirilməsi, könüllülük dəyərlərinin aşılanması məqsədi daşıyır. "Gəncliyin bir həftəsi"ndə hər gün proqramın 6 istiqaməti (“Yaşa”, “Yaşat”, “Öyrən”, “Öyrət”, “Kəşf et”, “Zövq al”) üzrə təlimlər, görüşlər, intellektual və komanda oyunları, tələbə-könüllülərin ifasında konsert proqramı keçiriləcək.   Tədbir fevralın 2-dək davam edəcək. Qeyd edək ki, “Bir” Tələbə-Könüllü proqramı milli könüllü platforması kimi 20 000-dən çox vahid tələbə-könüllü bazasına malikdir. Tələbələrin şəxsi inkişafı və asudə vaxtlarının səmərəli dəyərləndirilməsi üçün 6 istiqamətdə fəaliyyət göstərən proqram tərəfindən indiyədək 400-dən çox yerli və beynəlxalq tədbirə könüllü, təşkilati dəstək verilib. BİR könüllü olmaq istəyən tələbələr www.konullu.edu.az saytı vasitəsilə qeydiyyatdan keçə və proqrama qoşula bilərlər.

BDU Fransanın Lyon 2 Universiteti ilə ikili diplom verəcək

Bakı Dövlət Universitetində Fransanın Lyon 2 Universitetinin Hüquq fakültəsinin dekanı, professor Giyoni Protyerin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş olub. Təhsil nazirinin müavini, BDU-nun rektoru vəzifəsini icra edən Firudin Qurbanov Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə elm və təhsil sahəsində əldə olunan nailiyyətlər barədə ətraflı məlumat verib. Firudin Qurbanov Azərbaycanın 2005-ci ildən qoşulduğu Bolonya prosesi çərçivəsində ali təhsil sahəsində aparılan islahatlar, həyata keçirilən ikili diplom proqramlarının əhəmiyyətini vurğulayıb. Ötən ilin mayında Fransanın Paris şəhərində Avropa Ali Təhsil Məkanı nazirlərinin konfransında iştirak etdiyini xatırladan Firudin Qurbanov tədbirin ali təhsil sahəsində növbəti 10 il üçün ortaq dəyərlərin müəyyənləşdirilməsi və ölkələrarası qarşılıqlı əlaqələrin inkişafı baxımından səmərəli olduğunu diqqətə çatdırıb. 100 illik yubiley ərəfəsində olan BDU-nun beynəlxalq əlaqələrindən danışan Firudin Qurbanov Fransa universitetləri ilə əməkdaşlığın genişləndirilməsinin vacibliyini qeyd edib. Professor Giyoni Protyer Azərbaycanda, o cümlədən Bakı Dövlət Universitetində olmasından məmnunluğunu ifadə edib, BDU ilə ilkin tanışlığın onda xoş təəssürat yaratdığını söyləyib. Görüşdə Bakı Dövlət Universitetinin Hüquq fakültəsi ilə Lion 2 Universitetinin Hüquq fakültəsinin magistratura pilləsində “Əqli mülkiyyət hüququ” sahəsində ikili diplom proqramı üzrə kadr hazırlığı məqsədilə niyyət protokolu imzalanıb. Protokolda birgə müəllim və tələbə mübadilələri, proqram, seminar, simpozium, konfransların, “Əqli mülkiyyət hüququ” sahəsində mütəxəssis mübadiləsinin həyata keçirilməsi kimi məsələlər öz əksini tapıb. Qeyd edək ki, 210 yaşlı Lyon Universiteti 1809-cu ildə təsis edilib. 1874-cü ildən bu universitetdə Hüquq fakültəsi yaradılıb. 1960-cı illərdə həmin universitet 2 müstəqil ali təhsil müəssisəsinə ayrılıb. Hazırda Lyon Universiteti Lyon 1, Lyon 2 və Lion 3 adlı üç müstəqil ali təhsil müəssisəsindən ibarətdir. Bütövlükdə isə bu şəbəkədə 127 min tələbə təhsil alır. Lyon 1 Universiteti tibb və təbiət elmlərini, Lyon 2 Universiteti hüquq, iqtisadiyyat və humanitar fakültələri, Lyon 3 Universiteti isə elmi-tədqiqat institutlarını birləşdirir. Universitetdə yeddi böyük kitabxana fəaliyyət göstərir, bir nəfər Nobel mükafatçısı var.

Peşə təhsili sahəsində Böyük Britaniya təcrübəsi öyrənilir

British Council” təşkilatının dəstəyi ilə Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin və ixtisaslaşmış peşə təhsili müəssisələrinin nümayəndələri üçün Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının London şəhərinə təlim səfəri təşkil olunub. “Bacarıqların inkişafı” mövzusunda təşkil olunan təlim səfəri Təhsil Nazirliyi ilə “British Council” təşkilatı arasında bağlanılmış əməkdaşlıq memorandumu çərçivəsində həyata keçirilir. Təlim səfərinin əsas məqsədi peşə təhsili sahəsində bilik və bacarıqların inkişaf etdirilməsi və bu sahədə beynəlxalq təcrübənin öyrənilməsidir. Təlim səfəri çərçivəsində peşə təhsili, milli kvalifikasiyalar sistemi, işəgötürənlərlə tərəfdaşlığın qurulması, peşə təhsili müəssisələrinin idarəedilməsi, büdcədənkənar maliyyə mənbələrinin müəyyən edilməsi və idarəolunması, innovasiya və sahibkarlıq düşüncə tərzinin təşviqi, sektor şuraları, karyera mərkəzlərinin fəaliyyəti və iş yerində təcrübənin təşkili ilə bağlı Böyük Britaniya təcrübəsi öyrəniləcək.

“Gəncliyin bir həftəsi”ndə intellektual yarış

Təhsil Nazirliyinin "Bir" Tələbə-Könüllü proqramının təşkilatçılığı ilə 2 fevral – Gənclər Günü münasibətilə keçirilən "Gəncliyin bir həftəsi" adlı tədbir davam edir. Tədbirin üçüncü günü proqramın “Zövq al” istiqaməti çərçivəsində 6 komandanın iştirakı ilə “Breyn rinq” intellektual yarışı keçirilib. Yarışda “Öyrət” komandası qalib olub. "Gəncliyin bir həftəsi" gənc tələbə-könüllülərin  şəxsi inkişafının təmin olunması, dünyagörüşlərinin artırılması, asudə vaxtlarının səmərəli dəyərləndirilməsi, könüllülük dəyərlərinin aşılanması məqsədi daşıyır. "Gəncliyin bir həftəsi"ndə hər gün proqramın 6 istiqaməti (“Yaşa”, “Yaşat”, “Öyrən”, “Öyrət”, “Kəşf et”, “Zövq al”) üzrə təlimlər, görüşlər, intellektual və komanda oyunları, tələbə-könüllülərin ifasında konsert proqramı keçiriləcək.   Tədbir fevralın 2-dək davam edəcək. Qeyd edək ki, “Bir” Tələbə-Könüllü proqramı milli könüllü platforması kimi 20 000-dən çox vahid tələbə-könüllü bazasına malikdir. Tələbələrin şəxsi inkişafı və asudə vaxtlarının səmərəli dəyərləndirilməsi üçün 6 istiqamətdə fəaliyyət göstərən proqram tərəfindən indiyədək 400-dən çox yerli və beynəlxalq tədbirə könüllü, təşkilati dəstək verilib. BİR könüllü olmaq istəyən tələbələr www.konullu.edu.az saytı vasitəsilə qeydiyyatdan keçə və proqrama qoşula bilərlər.

“Ən yaxşı təqdimat” müsabiqəsi keçiriləcək

Təhsil naziri Ceyhun Bayramov ümumtəhsil məktəblərinin şagirdləri arasında ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş “Ən yaxşı təqdimat” müsabiqəsinin keçirilməsi barədə əmr imzalayıb. Müsabiqənin keçirilməsində məqsəd ulu öndərin zəngin siyasi irsinin, şərəfli həyat və fəaliyyətinin gənc nəsil tərəfindən öyrənilməsi işini daha da gücləndirməkdir. Müsabiqə ümumtəhsil məktəblərinin IX-XI sinif şagirdlərinin iştirakı ilə rayon (şəhər) və ölkə üzrə olmaqla 2 mərhələdə təşkil ediləcək. “Ən yaxşı təqdimat” müsabiqəsinin ilk mərhələsi 2019-cu ilin fevral-mart aylarında rayon və şəhərlərdə, ölkə mərhələsi isə aprel ayında Bakı şəhərində keçiriləcək.

Məktəbdənkənar təhsil müəssisələri üçün yeni imkan

Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən məktəbdənkənar təhsil müəssisələrinin bəzi ödənişlərinin “Hökumət Ödəniş Portalı”na inteqrasiya edilməsi ilə bağlı təqdimat keçirilib. Tədbirdə Təhsil Nazirliyinin məktəbdənkənar təhsil müəssisələrinin direktorları və baş mühasibləri iştirak ediblər. Məktəbdənkənar fəaliyyətin təşkili şöbəsinin müdiri Vasif Məmmədov bu sahədə həyata keçirilən islahatlar, strateji hədəflər və görülən işlər barədə tədbir iştirakçılarına məlumat verib. Tədbirdə daha sonra “Hökümət Ödəniş Portalı”nda məktəbdənkənar təhsil müəssisələrinə yaradılmış yeni imkanlarla bağlı təqdimat keçirilib, fikir mübadiləsi aparılıb.

05/06/2026

? 2026–2027-ci tədris ili üzrə yeni təmayül tədris modelinin tətbiq ediləcəyi ümumi təhsil müəssisələrinə şagird qəbulu elan edilir

Ətraflı
04/06/2026

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə 11 nömrəli inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəbində olublar. Leyla Əliyeva və Arzu Əliyeva məktəbin şagirdləri ilə görüşərək onların yaradıcılıq nümunələri ilə tanış olub, uşaqlara hədiyyələr təqdim ediblər. Ətraflı: https://tinyurl.com/4mkd3xfk #ElmVəTəhsilNazirliyi #EduGovAz #EduAz #ÜmumiTəhsil

Ətraflı
04/06/2026

Elm və təhsil nazirinin müavini Firudin Qurbanov Belarus Respublikasına səfəri zamanı bu ölkənin təhsil naziri Andrey İvanets ilə görüşüb. Görüşdə elm və təhsil, o cümlədən ümumi, peşə və ali təhsil sahəsində əməkdaşlığın cari vəziyyəti və yaxın gələcəkdə icrası nəzərdə tutulan təşəbbüslər ətrafında fikir mübadiləsi aparılıb. Görüş zamanı Qarabağ Universiteti ilə Belarus Respublikasının aparıcı ali təhsil müəssisələri arasında əməkdaşlıq istiqamətləri müəyyənləşdirilib. Firudin Qurbanov Belarus Respublikasında təhsil alan azərbaycanlı tələbələrlə də görüşüb, onları maraqlandıran sualları cavablandırıb və təkliflərini dinləyib. Ətraflı: https://edu.gov.az/az/news-and-updates/23126-1 #ElmVəTəhsilNazirliyi #EduGovAz #EduAz

Ətraflı