Nazir müavini Moskva Beynəlxalq Təhsil Salonunda çıxış edib
Təhsil nazirinin müavini Firudin Qurbanovun rəhbərlik etdiyi nümayəndə heyəti VI Moskva Beynəlxalq Təhsil Salonunda iştirak etmək məqsədi ilə Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində səfərdə olub. Nümayəndə heyəti 10 aprel 2019-cu il tarixində Moskva Beynəlxalq Təhsil Salonunda nümayiş olunan Təhsil Nazirliyinin və beynəlxalq "Algoritmika" şirkətinin birgə pilot layihəsi olan "Rəqəmsal bacarıqlar”a həsr edilən stendlə tanış olub. Stenddə əsas məqsədi şagirdlərə rəqəmsal bacarıqların öyrədilməsi olan sözügedən layihənin əhatə dairəsi və əldə edilmiş nailiyyətlər barədə ətraflı məlumat nümayiş etdirilib. Stend sərgi iştirakçılarının böyük marağına səbəb olub. Daha sonra Firudin Qurbanov Salon çərçivəsində təşkil olunmuş “Təhsil-həyat üçün” adlı panel müzakirəsində çıxış edib. Çıxış zamanı nazir müavini Azərbaycanda təhsil sahəsində həyat keçirilən islahatlar və əldə edilən nailiyyətlər haqqında tədbir iştirakçılarına geniş məlumat verib. Firudin Qurbanov ölkəmizdə yeni məktəblərin tikintisinə, məktəbəqədər təhsilin əhatə dairəsinin genişləndirilməsinə, peşə və ali təhsil sahələrinin rəqabətliliyinin artırılmasına yönəlmiş fəaliyyəti xüsusi olaraq qeyd edib. Səfər çərçivəsində 11 aprel tarixində Firudin Qurbanov Rusiya Federasiyası maarif nazirinin müavini Pavel Zenkoviç, eləcə də elm və ali təhsil nazirinin müavini Marina Borovskaya ilə görüşüb. Görüşlər zamanı ikitərəfli əməkdaşlığın cari vəziyyəti və gələcək perspektivləri ətrafında fikir mübadiləsi aparılıb. Nümayəndə heyəti həmçinin, Moskva Dövlət Humanitar İqtisad Universitetində “Tələbə yazı” adlı silsilə elmi tədbirlər proqramının açılış mərasiminə qatılıb. Tədbirdə çıxış edən Firudin Qurbanov müasir dövrdə gənclərin elmə marağının artmasının vacibliyini qeyd edib və ali təhsil müəssisəsinin tələbələrinə uğurlar arzulayıb.
12/04/2019 16:33
NİZAMİ layihəsinin Məlumat Günü
Aprelin 12-də Avropa İttifaqının Erasmus+ proqramı çərçivəsində reallaşdırılan NİZAMİ layihəsinin Məlumat günü keçirilib. Təhsil Nazirliyinin təşkil etdiyi Məlumat Günündə ölkəmizdə doktorantura təhsilini həyata keçirən ali təhsil müəssisələrinin, Azərbaycan Milli Elmlər Akademiyası və institutlarının, Fransanın Bakıdakı Səfirliyinin, Monpelye və Strasburq universitetlərinin, Azərbaycan Milli Erasmus+ Ofisinin, “Azərbaycanda ali təhsil sisteminin gücləndirilməsinə dəstək” Tvinninq layihəsini, “Azərbaycan ali təhsilində tədqiqat inkişafının və innovasiyaların gücləndirilməsi” texniki yardım layihəsini həyata keçirən ofislərin nümayəndələri iştirak ediblər. Layihənin məlumat gününün əsas məqsədi üç il yarım ərzində icra olunmuş NİZAMİ layihəsinin qeyd edilən nəticələri barədə ali təhsil ictimaiyyətinə məlumat verməkdən ibarət olub. Tədbirdə çıxış edən Təhsil Nazirliyinin aparat rəhbərinin müavini Yaqub Piriyev NİZAMİ layihəsinin məqsədləri barədə danışıb və layihə çərçivəsində görülmüş işlərin əhəmiyyətini vurğulayıb. Yaqub Piriyev bildirib ki, doktorantura səviyyəsində koordinasiyanı gücləndirmək, keyfiyyəti və şəffaflığı təmin etmək məqsədi ilə layihə çərçivəsində Avropa təcrübəsi əsasında doktorantura məktəblərinin yaradılması təklif olunur. Yaqub Piriyevin sözlərinə görə, layihə çərçivəsində hazırlanmış Milli İdarəetmə Portalı doktorantura səviyyəsində məlumatların əlçatanlığı, bu səviyyəyə qəbul prosesinin və təhsilin təşkilinin elektronlaşdırılması istiqamətində əhəmiyyətli töhfə hesab oluna bilər Sonra çıxış edən AMEA-nın akademik-katibi, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev akademiyanın Nizami layihəsinin hədəflərinə və qarşıya qoyulan məsələlərin həllinə xüsusi diqqət yetirdiyini bildirib. AMEA-da “Nizami” layihəsinə dəstək üçün İşçi qrupunun təşkil olunduğunu söyləyən R.Əliquliyev son 3 il ərzində Rəyasət Heyətinin məsul şöbələrinin rəhbərlərinin bu layihədə müntəzəm olaraq iştirak etdiyini deyib. R.Əliquliyev Azərbaycan təhsil sisteminin Avropa dəyərlərinə transformasiyası, onun dünyanın inkişaf tempinə uyğunlaşdırılmasının vacib məsələlərdən olduğunu bildirib, Nizami layihəsinin qeyd olunan məqsədlərə xidmət etdiyini vurğulayıb. Daha sonra NİZAMİ layihəsinin koordinatoru, Monpelye Universitetinin professoru Veronique Montero “Doktorantura təhsili üzrə Fransa təcrübəsi”, Təhsil Nazirliyinin Elm sektorunun müdiri Anar Kazımov “NİZAMİ layihəsi: əldə olunmuş nəticələr və yeni perspektivlər”, AMEA-nın Rəyasət Heyəti aparatının Beynəlxalq Əlaqələr İdarəsinin rəisi Esmira Əlirzayeva “Milli İdarəetmə Portalı” mövzularında məruzələrlə çıxış ediblər. Tədbirdə tərəfdaş ali təhsil müəssisələrində Nizami layihəsi çərçivəsində həyata keçirilmiş tədbirlər barədə ətraflı məlumat verilib. Qeyd edək ki, “Azərbaycanda doktorantura təhsilinin təkmilləşdirilməsi və Avropa Ali Təhsil Məkanının tələblərinə uyğun strukturlaşdırılması” (NİZAMİ) layihəsinin icrasına 15 oktyabr 2015-ci il tarixində başlanılıb və layihənin icra müddəti 14 aprel 2019-cu il tarixində başa çatır. Layihənin əsas məqsədi Azərbaycanda doktorantura təhsilinin mövcud vəziyyəti və Avropanın doktorantura təhsili ilə müqayisəli təhlilinin müəyyənləşdirilməsi, Azərbaycanda doktorantura təhsilinin təşkili qaydalarının yenidən hazırlanması, bu təhsil səviyyəsində keyfiyyətin təminatı və beynəlmiləlləşməyə nail olunması, doktorantura təhsil standartlarının müəyyənləşdirilməsi, doktorantların təhsili müddətində və təhsillərini bitirdikdən sonra iş yerləri ilə təmin olunması mexanizminin Avropa təcrübəsi əsasında işlənməsi, ölkə üzrə doktorantura təhsili aparan təhsil müəssisələrini birləşdirən milli portalın yaradılmasından ibarətdir. Layihənin elmi-tədqiqat istiqamətlərinin düzgün müəyyənləşdirilməsi və səmərəliliyinin yüksəldilməsi, doktorantura təhsili standartlarının Avropa standartlarına uyğunlaşdırılması, doktorantura təhsilində mübadilə proqramlarının genişləndirilməsi, bu səviyyə üzrə diplomların qarşılıqlı tanınması və ölkəmizdə elmi kadr potensialının yüksəldilməsinə töhfələr verməsi hədəflənib.
12/04/2019 16:04
“Bizim müəllim”
Nigar Ağasəli 2018-ci ildə müəllimlərin işə qəbulu üzrə müsabiqədən uğurla keçərək 56 bal toplayıb. Hazırda Tovuz rayonu Naiq Yusifov adına Ağdam kənd tam orta məktəbində tarix fənnini tədris edir. Təhsil Nazirliyinin “Bizim müəllim” layihəsi ölkəmizin bütün bölgələrində peşəkarlığı ilə seçilən, müəllimlərin işə qəbulu üzrə müsabiqədə və diaqnostik qiymətləndirmədə yüksək bal toplayan müəllimlərin tanıdılmasına xidmət edir.
12/04/2019 11:49
Avropa Qızlar Riyaziyyat Olimpiadasından ilk medal
Ukraynanın Kiyev şəhərində 8-ci Avropa Qızlar Riyaziyyat Olimpiadası (EGMO) keçirilir. Aprelin 7-dən başlayan olimpiada bu ayın 13-dək davam edəcək. 36 ölkədən 196 şagirdin iştirak etdiyi elm yarışmasında Avropa ölkələri ilə yanaşı, ABŞ, Kanada, Avstraliya, Hindistan və digər ölkələrin məktəbliləri iştirak edirlər. Azərbaycanı olimpiadada Zəhra Bayramlı, Fidan Qarayeva, Şəms Əliyeva və Fidan Babayeva təmsil edirlər. Mötəbər bilik yarışında Bakı şəhəri 257 nömrəli tam orta məktəbin VII sinif şagirdi Fidan Qarayeva bürünc medal qazanıb. Bu, 2016-cı ildən bəri Olimpiadada iştirak edən məktəbli qızlarımızın qazandığı ilk medaldır. Fizika-riyaziyyat və informatika təmayüllü liseyin X sinif şagirdləri Zəhra Bayramlı və Şəms Əliyeva isə olimpiadanın xüsusi mükafatı olan həvəsləndirici sertifikata layiq görülüblər. Azərbaycan məktəbliləri dördüncü dəfədir ki, bu yarışmada iştirak edirlər. İlk dəfə 2012-ci ildə İngiltərədə təşkil olunan Avropa Qızlar Riyaziyyat Olimpiadası (EGMO) məktəbli qızlar arasında keçirilən bilik yarışıdır. 2017-ci ildə İsveçrədə 43 ölkənin iştirakı ilə keçirilən olimpiadaya azərbaycanlı şagirdlər də qatılıb, məktəblilərimiz bu yarışda iki həvəsləndirici sertifikata layiq görülüb.
12/04/2019 11:15
Mühəndislik və robot texnikası üzrə olimpiadanın qalibləri beynəlxalq çempionatda
Azərbaycanda ikinci dəfə keçirilən “FIRST LEGO League” ( FLL) mühəndislik və robot texnikası üzrə olimpiadasının qalibləri 22-25 may tarixlərində Türkiyənin İzmir şəhərində təşkil olunacaq FLL Türkiyə Açıq Beynəlxalq Çempionatında iştirak hüququ qazanıblar. Qeyd edək ki, olimpiadanın yerli turnirində S.C.Pişəvəri adına Respublika Humanitar Fənlər Gimnaziyasının “Mübarizlər” komandası və Bakı Modern Təhsil Kompleksinin “Humanoid” komandası qalib gəlib. Danimarkanın “Lego Education” və ABŞ-ın “First” təşkilatının ortaq layihəsi olan FLL 1998-ci ildən etibarən uşaqların elm və texnologiyaya maraqlarını artırmaq və real problemlərin həllinə öz töhfələrini vermək məqsədi ilə təşkil olunan turnirdir. Hər il dünyanın 98 ölkəsindən 300 mindən çox məktəblinin cəlb olunduğu turnirə Azərbaycan ilk dəfə 2017-ci ildə qoşulub. Qeyd edək ki, son illərdə “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın həyata keçirilməsi istiqamətində məktəblərdə təhsil robotlarının tədrisə inteqrasiyasına xüsusi diqqət yetirilir. Belə ki, Təhsil Nazirliyi tərəfindən son iki ildə 20 ümumtəhsil müəssisəsi təhsil robotları ilə təmin olunub. Məktəblərin informatika otaqlarına xüsusi olaraq "Lego Education" təhsil həllərinə uyğun tərtibat verilib, məktəb müəllimləri xüsusi sertifikatı olan xarici mütəxəssislər tərəfindən təlimlərdən keçirilib və şagirdlər beynəlxalq robot texnikası yarışlarına cəlb olunublar. Təcrübə göstərir ki, tədrisdə təhsil robotlarından istifadə şagirdlərdə müstəqil qərar vermək, öz seçimləri üzərində düşünmək və həmyaşıdları ilə komanda şəklində işləyərək ən yaxşı nəticələri əldə etmək qabiliyyətlərini inkişaf etdirməyə şərait yaradır.
11/04/2019 13:56
Slovakiyada təqaüd proqramı
Slovakiya Respublikası 2019-2020-ci tədris ili üzrə Azərbaycan vətəndaşları üçün təqaüd proqramı elan edib. Təqaüd proqramına əsasən, bakalavriat və ya magistratura pillələri üzrə təhsil, biznes və idarəetmə, ekologiya, memarlıq, mühəndislik, kənd təsərrüfatı, meşəçilik, baytarlıq, su ehtiyatlarının idarəolunması, tibb, diş cərrahiyəsi, əczaçılıq, informasiya texnologiyaları ixtisasları çərçivəsində təqaüdlər təklif edilir. Təqaüd proqramına iddiaçılar 30 may 2019-cu il tarixədək müraciət etməlidirlər.. Ayrılan kvota çərçivəsində təhsil ödənişsizdir. Bakalavriat və magistratura pillələri üzrə elan edilən təqaüd proqramının tədris dilləri inglis və ya slovak dilləridir. Təqaüd proqramı çərçivəsində təhsilə dair əlavə məlumatIarla elan vasitəsilə tanış ola bilərsiniz.
11/04/2019 11:32
"Rəqəmsal bacarıqlar” layihəsi Beynəlxalq Təhsil Salonunda
Aprelin 10-da Moskvada keçirilən Moskva Beynəlxalq Təhsil Salonu-2019 – da Təhsil Nazirliyinin və beynəlxalq "Algoritmika" şirkətinin birgə pilot layihəsi olan "Rəqəmsal bacarıqlar” ayrıca stenddə təqdim olunub. Layihə çərçivəsində keçirilən sərgidə təhsil nazirinin müavini Firudin Qurbanov iştirak edib. Layihənin stendinə sərgidə iştirak edən bir sıra ölkələrin təhsil müəssisələrinin nümayəndələri maraq göstəriblər. Proqram çərçivəsində “Rəqəmsal bacarıqlar” layihəsinin rəhbəri Fəxri Qurbanov, "Algoritmika" beynəlxalq təhsil şirkətinin təsisçisi və baş icraçı direktoru Andrey Lobanov keçirilən panel müzakirələr və “dəyirmi masa”larda iştirak edəcəklər. Qeyd edək ki, Moskva Beynəlxalq Təhsil Salonu MDB məkanında təhsil sahəsində ən böyük tədbirdir. 2019-cu ildə Beynəlxalq Təhsil Salonunun mövzusu "Yeni subyektiv təhsil. Keçid nöqtəsi"dir. Təşkilatçıların məlumatına görə, Beynəlxalq Təhsil Salonu-2019-da 650-yə yaxın tədbir keçiriləcək. Sərgidə ümumilikdə 1000-dən çox ekspert, 400 eksponent və təxminən 50 min ziyarətçinin bir araya gəlməsi gözlənilir. Moskva Beynəlxalq Təhsil Salonu 2019-da 28 beynəlxalq nümayəndə heyətlərinin üzv olan 37 ölkə iştirak edir. Moskva Beynəlxalq Təhsil Salonu aprelin 13-dək davam edəcək. “Rəqəmsal bacarıqlar” layihəsi 2017-ci ildən həyata keçirilir. Hazırda layihə Bakıda 65, Gəncə şəhərində 6 məktəbi, eləcə də 2 özəl ümumi təhsil müəssisəsini, ümumilikdə 26 mindən artıq şagirdi əhatə edir.
10/04/2019 17:17
Respublika çempionatının zona yarışları davam edir
Məktəblər arasında respublika çempionatının proqramına uyğun olaraq Xaçmaz Olimpiya İdman Kompleksində atletika idman növü üzrə növbəti zona yarışı keçirilib. Yarışda Sumqayıt şəhərinin, Xaçmaz, Quba, Qusar, Şabran, Xızı, Qobustan, Abşeron, Qubadlı rayonlarının məktəb komandaları mübarizə aparıb. Yarışın nəticəsi olaraq I yeri Quba rayonu Qırmızı qəsəbə 1 nömrəli tam orta məktəbin, II yeri Qusar rayonu Hil kənd 1 nömrəli tam orta məktəbin, III yeri Xaçmaz rayonu Yalama kənd tam orta məktəbin komandası tutub. Qaliblər diplomlarla təltif olunub. Çempionatın əsasnaməsinə uyğun olaraq zona yarışlarında I və II yeri tutan məktəb komandaları final mərhələsinə vəsiqə qazanıb. Şahmat idman növü üzrə daha bir zona yarışına Göyçay rayon Uşaq-Gənclər İdman-Şahmat Məktəbində başlanılıb. Balakən, Zaqatala, Qax, Qəbələ, Oğuz, İsmayıllı, Göyçay, Ağdaş, Ağsu rayon məktəb komandalarının qatıldığı yarışlara 16 aprel 2019-cu il tarixində yekun vurulacaq. Qeyd edək ki, məktəblər arasında respublika çempionatı 26 sentyabr 2018-ci il tarixində Təhsil, Gənclər və İdman Nazirlikləri, Milli Olimpiya Komitəsi, Azərbaycan Məktəb İdmanları Federasiyası tərəfindən imzalanmış birgə əmrə əsasən keçirilir.
10/04/2019 16:18
Təhsil Nazirliyinin mətbuat xidmətinin məlumatı
Aprelin 10-da Bakı şəhəri 162 nömrəli tam orta məktəbdə 4 aprel 2019-cu il tarixində baş vermiş məlum hadisənin təfərrüatlarının araşdırılması məqsədilə yaradılmış xüsusi komissiyanın üzvləri və Təhsil Nazirliyi aparatının rəhbər şəxslərinin iştirakı ilə iclas keçirilib. İclasda komissiya üzvlərinin məlumatları dinlənilib və xidməti araşdırmanın nəticələri qərar qəbul edilmək üçün təhsil nazirinə təqdim edilib. Xatırladaq ki, aprelin 4-də Bakı Şəhəri üzrə Təhsil İdarəsində 162 nömrəli tam orta məktəbdə baş verən hadisənin xidməti araşdırılması üçün müvafiq komissiya yaradılıb, aprelin 6-da Bakı şəhəri Səbail rayon Prokurorluğunda AR CM-nin 125-ci maddəsi ilə cinayət işi başlanıb.
10/04/2019 15:47
7 şagirdimiz Beynəlxalq Elm və Mühəndislik Sərgisində
12-19 may tarixlərində ABŞ-ın Arizona ştatının Finiks şəhərində İntel İSEF - Beynəlxalq Elm və Mühəndislik Sərgisi keçiriləcək. Ölkəmizi bu müsabiqədə 7 şagird 5 layihə ilə təmsil edəcək. Xatırladaq ki, həmin şagirdlər “Sabahın alimləri” VIII Respublika müsabiqəsinin qalibləri arasından seçilib.
10/04/2019 14:26
Filter
Elanlar
-
“Xarici ölkələrdə fəaliyyət göstərən məktəblərdə Azərbaycan dilinin tədrisinin təşkili üçün qrant müsabiqəsi”nin elanı
20.05.2026 - 15:41 -
Təhsildə inkişaf və innovasiyalar üzrə X qrant müsabiqəsinin elanı
18.03.2026 - 17:41 -
Məktəblilər üçün “Səslərimiz birləşsin” adlı I Xor Festivalı başlayır - ELAN
24.02.2026 - 17:40 -
“Elm və təhsil sahəsində ictimai təşəbbüslərin dəstəklənməsi” qrant müsabiqəsi
10.10.2025 - 11:38 -
2026-cı il üçün Dövlət Mükafatlarına əsərlərin, işlərin, layihələrin qəbulu elan edilir
23.09.2025 - 16:47
? 2026–2027-ci tədris ili üzrə yeni təmayül tədris modelinin tətbiq ediləcəyi ümumi təhsil müəssisələrinə şagird qəbulu elan edilir
ƏtraflıHeydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə 11 nömrəli inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəbində olublar. Leyla Əliyeva və Arzu Əliyeva məktəbin şagirdləri ilə görüşərək onların yaradıcılıq nümunələri ilə tanış olub, uşaqlara hədiyyələr təqdim ediblər. Ətraflı: https://tinyurl.com/4mkd3xfk #ElmVəTəhsilNazirliyi #EduGovAz #EduAz #ÜmumiTəhsil
ƏtraflıElm və təhsil nazirinin müavini Firudin Qurbanov Belarus Respublikasına səfəri zamanı bu ölkənin təhsil naziri Andrey İvanets ilə görüşüb. Görüşdə elm və təhsil, o cümlədən ümumi, peşə və ali təhsil sahəsində əməkdaşlığın cari vəziyyəti və yaxın gələcəkdə icrası nəzərdə tutulan təşəbbüslər ətrafında fikir mübadiləsi aparılıb. Görüş zamanı Qarabağ Universiteti ilə Belarus Respublikasının aparıcı ali təhsil müəssisələri arasında əməkdaşlıq istiqamətləri müəyyənləşdirilib. Firudin Qurbanov Belarus Respublikasında təhsil alan azərbaycanlı tələbələrlə də görüşüb, onları maraqlandıran sualları cavablandırıb və təkliflərini dinləyib. Ətraflı: https://edu.gov.az/az/news-and-updates/23126-1 #ElmVəTəhsilNazirliyi #EduGovAz #EduAz
Ətraflı