Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
  • Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Təhsil naziri İsmayıllı rayonu Basqal qəsəbə tam orta məktəbinin açılışında

Sentyabrın 17-də İsmayıllı rayonu Basqal qəsəbə tam orta məktəbinin açılış mərasimi keçirilib. Açılış mərasimində Təhsil naziri Ceyhun Bayramov, İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov, İsmayıllı Rayon Təhsil Şöbəsinin müdiri Rasim Orucov, məktəb kollektivi, valideynlər və yerli sakinlər iştirak ediblər. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Təhsil naziri Ceyhun Bayramov ölkə Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı, təsdiq edilən proqramların reallaşdırılması nəticəsində, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü, onun rəhbərlik etdiyi Heydər Əliyev Fondunun dəstəyi ilə ümumi təhsil müəssisələrinin infrastrukturunun müasirləşdirilməsi istiqamətində görülən əhəmiyyətli işlərdən danışıb. Təhsil naziri bildirib ki, 2003-2018-ci illər ərzində 3200-dən çox məktəb binası tikilib və ya əsaslı təmir edilib, nəticədə bir milyondan çox şagirdin təlim şəraiti yaxşılaşdırılıb. Ceyhun Bayramov təhsil sahəsində həyata keçirilən islahatlar barədə məlumat verib. Nazir çıxışında təhsil sisteminin aparıcı qüvvəsi olan müəllim əməyinin stimullaşdırılması, bu peşənin nüfuzunun artırılması istiqamətində görülən işləri xüsusi vurğulayıb və son illər bu yöndə çox böyük nailiyyətlər əldə edildiyini diqqətə çatdırıb. Nazir çıxışının sonunda yeni tədris binasının açılışı və dərs ilinin başlanması münasibətilə hər kəsi təbrik edib, uğurlar arzulayıb. Çıxış edən  İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov rayon üzrə təhsil sahəsində görülən işlər, nailiyyətlərdən söz açıb və təhsil işçilərinə yeni tədris ilində uğurlar arzulayıb.  Daha sonra Təhsil naziri Ceyhun Bayramov məktəbdə yaradılmış şəraitlə tanış olub, şagird və müəllimlərlə görüşüb, onlarla səmimi söhbət aparıb. Qeyd edək ki, Ismayıllı rayonu Basqal qəsəbə tam orta məktəb 432 şagird yerlikdir.  Məktəb binasında 1 fizika, 1 kimya, 1 biologiya laboratoriyası, 18 sinif otağı, əmək otaqları, kitabxana və oxu zalı, informatika otağı, 80 yerlik yeməkxana, 190 yerlik akt zalı, idman zalı yerləşir. 

"Rəqəmsal bacarıqlar" layihəsi çərçivəsində "Kod saatı" keçiriləcək

"Rəqəmsal bacarıqlar" layihəsi çərçivəsində sentyabr-oktyabr aylarında "Kod saatı" tədbirləri keçiriləcək. "Kod saatı" tədbirləri sentyabrın 21-də Sumqayıt şəhər 31 nömrəli tam orta məktəbdə, sentyabrın 28-də Şamaxı şəhər 10 nömrəli tam orta məktəbdə, oktyabrın 5-də isə Mingəçevir şəhər 15 nömrəli Humanitar Liseydə keçiriləcək. Təhsil Nazirliyinin və "Alqoritmika" beynəlxalq təhsil şirkətinin təşkilati dəstəyi ilə keçirilən tədbirlərdə 7 yaşdan yuxarı məktəblilər iştirak edə bilərlər. "Kod saatı" çərçivəsində iştirakçılar oyun formatında, "Scratch" mühitində məsələləri həll etmək imkanı əldə edəcəklər. "Scratch" – uşaq və yeniyetmələr üçün xüsusi yaradılmış vizual proqramlaşdırma mühitidir. "Kod saatı" hərəkatının əsas məqsədi proqramçı peşəsini məktəblilər  arasında  populyarlaşdırmaq, şagirdlərin və onların valideynlərinin diqqətini informasiya texnologiyaları ilə bağlı peşələrə  cəlb etmək,  həmçinin proqramlaşdırmanın çətinliyi haqqında mifləri dağıtmaqdır. “Kod saatı” hərəkatında iştirak ödənişsizdir. Qeyd edək ki, "Kod saatı" təşəbbüsü 2013-cü ildə Hadi və Əli Partovi qardaşları tərəfindən tətbiqinə başlanılan və insanlara proqramlaşdırmanı öyrətmək məqsədi daşıyan qlobal hərəkatdır. Layihənin ideya müəllifləri bütün sahələrdə hesablama tapşırıqlarını yerinə yetirmək qabiliyyətinə malik mütəxəssislərə çox böyük ehtiyac olduğunu deyərək insanlara proqram kodunu yazmağı öyrənmək üçün bir saat vaxt ayırmağı təklif ediblər. Bir çox ölkələr bu təşəbbüsə qoşulub. Hazırda "Kod saatı"  dünyanın 180-dən çox ölkəsində yüz milyonlarla tələbə  və şagirdi əhatə edir. 2019-2020-ci tədris ilində Bakıda 23, Sumqayıtda 10, Mingəçevirdə 7, Şamaxıda 5, Gəncədə də 5 məktəbin “Rəqəmsal bacarıqlar” layihəsinə cəlbi nəzərdə tutulur. Beləliklə, layihə yeni tədris ilində təxminən 120 məktəb üzrə 70 000 şagirdi əhatə edəcək.

Təhsil naziri Ceyhun Bayramovun AzTV-nin “Günün nəbzi” verilişinə müsahibəsi

Təhsil naziri Ceyhun Bayramov AzTV-nin “Günün nəbzi” verilişinin qonağı olub. Təhsil naziri Ceyhun Bayramov verilişdə təhsil müəssisələrinin infrastrukturunun müasirləşdirilməsi, peşə təhsilinin inkişafı, yeni tədris ilinin yenilikləri, nazirlik tərəfindən həyata keçirilən layihələr və digər mövzular ətrafında danışıb.  

Müəllim nüfuzunun yüksəldilməsi ən böyük uğurdur

Son illər müəllimlərin peşəkarlıq səviyyəsinin artırılması, istedadlı insanların müəllim peşəsinə cəlb edilməsi istiqamətində nailiyyətlər əldə edilib   Hər bir ölkənin inkişafında, vətənə layiqli və savadlı kadrların, mütəxəssislərin yetişdirilməsində müəllimlərin xüsusi rolu var. Təhsil islahatının uğurla aparıldığı ölkələrdə müəllim fəaliyyətinin stimullaşdırılması və peşəkarlığının inkişafına xüsusi diqqət yetirilir. Təsadüfi deyil ki, ölkə rəhbəri cənab İlham Əliyev tərəfindən təsdiq edilmiş Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyasında tədrisin keyfiyyətinin yaxşılaşdırılması üçün müəllim peşəsinin nüfuzunun artırılmasının zəruriliyi xüsusi vurğulanıb. 5 strateji istiqamətdən biri kimi "Təhsilalanların fərdi xüsusiyyətlərini nəzərə alan innovativ təlim metodları və texnologiyaları vasitəsilə təhsilin məzmununun səmərəli mənimsənilməsini təmin edən yüksək nüfuzlu təhsilverənin formalaşdırılması” müəyyənləşdirilib. Son illərdə təhsil sahəsində əldə edilən ən böyük uğurlar müəllim nüfuzunun yüksəldilməsi ilə bağlı olub, müəllimlərin peşəkarlıq səviyyəsinin artırılması, istedadlı insanların bu peşəyə cəlb edilməsi istiqamətində nailiyyətlər əldə edilib. Ötən tədris ilində ümumtəhsil müəssisələrində çalışan müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi uğurla başa çatdırılıb, ümumilikdə 150 mindən çox müəllimin həftəlik dərs yükü 1.5 dəfə, vəzifə maaşı 2 dəfə artırılıb. Müəllimlərin fəaliyyətinin stimullaşdırılması tədbirləri davamlı xarakter alıb, ölkə Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamına əsasən, müəllimlərin aylıq vəzifə maaşları cari il sentyabrın 1-dən orta hesabla 20 faiz artırılıb və beləliklə, orta aylıq əməkhaqqı 600 manata çatıb. Bu dəyişiklikdən sonra aylıq əməkhaqqı 1000 manatdan çox olan müəllimlərin sayı təxminən 5000 nəfər təşkil edib.   Ucqar kənd məktəblərinin kadr təminatı problemi həll edilib   Ötən tədris ilində 10 minədək müəllim işə qəbul olunub, vakant yerlərin 100 faiz tutulması təmin edilib, uzun illər ərzində ixtisaslı kadrlara ehtiyacı yaranan ucqar kənd məktəblərinin kadr təminatı problemi, demək olar ki, həll edilib. Ümumilikdə son 5 ildə məktəblərin müəllim tərkibi keyfiyyət baxımından yaxşılaşıb, 20 mindən çox gənc müəllim işə qəbul olunub. Hökumətin qərarına əsasən, kənd məktəblərində fəaliyyətə başlayan gənc müəllimlər üçün stimullaşdırıcı tədbirlər tətbiq edilib, ümumilikdə 10 mindən çox müəllim bu tədbirlərdən faydalanıb. Bütün bu tədbirlər cəmiyyətdə işə qəbulun şəffaflığına və obyektivliyinə inam formalaşdırıb, cari ildə müsabiqədə iştirak edənlərin sayı əvvəlki illərə nisbətən 3 dəfədən çox artıb, müraciət edənlərin sayı təqribən 55 min olub. İlkin mərhələdə 3260 müəllim işə qəbul olunub. Növbəti mərhələdə daha 4500 vakant yerə qəbulla bağlı tədbirlər həyata keçirilməkdədir. Müsabiqədə iştirak edən gənc müəllimlər Təhsil Nazirliyi tərəfindən təşkil edilən işə qəbul sistemini yüksək qiymətləndirirlər. Belə ki, cari ildə ən yüksək nəticə göstərərək 60 bal toplayan Gülnar Hümbətova və Süsən Məmmədova müsabiqənin çox şəffaf keçirildiyini, iştirakçıların maksimum nəticə əldə etmələri üçün bütün lazımi şəraitin yaradıldığını, 58 bal toplayan Sara Xəlilova müəllimlərin bu formada işə qəbulunun çox əhəmiyyətli olduğunu, 55 bal toplayan Turanə Kərimova müsabiqədə Azərbaycan məktəblərinə ən yaxşı müəllimlərin seçildiyini qeyd edib.   Cari ildə 500-dən çox bal toplayanlardan 25 faizi müəllimlik ixtisasını seçib   Həyata keçirilən kompleks tədbirlər nəticəsində müəllimlik rəqabətli bir peşəyə çevrilib, ən yüksək nəticə göstərən abituriyentlər arasında bu ixtisası seçənlərin sayı dəfələrlə artıb. 2018-ci ildə 500-dən yuxarı bal toplayan abituriyentlər arasında müəllimlik ixtisasını seçənlərin sayı strategiyanın icrasına başlanılan ilin eyni göstəricisindən 2,3 dəfə çox olub. Xüsusi qeyd edilməlidir ki, cari ildə 500-dən çox bal toplayanlardan hər 4 nəfərdən biri və ya 25 faizi müəllimlik ixtisasını seçib. Yüksək bal toplayanların seçdikləri ixtisaslar üzrə təhlil göstərir ki, ötən ilə nisbətən Azərbaycan dili və ədəbiyyat müəllimliyi üzrə artım 43 faiz, xarici dil müəllimliyi üzrə 20 faiz, tarix müəllimliyi üzrə 14 faiz artım olub. Bu il 500-dən çox bal toplayanlardan 547 nəfər Azərbaycan Dillər Universitetinə, 513 nəfər Bakı Dövlət Universitetinə, 363 nəfər Azərbaycan Dövlət Pedaqoji Universitetinə, 95 nəfər Gəncə Dövlət Universitetinə, 79 nəfər Naxçıvan Dövlət Universitetinə qəbul olunub. Bu amil müəllim hazırlığı sistemində əsaslı dönüşün yaradılmasına, yüksək peşəkarlığa malik müəllimlərin hazırlanmasına və məktəblərə cəlbinə imkan verəcək. Son illərdə müəllimlərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi sahəsində sistemli tədbirlər həyata keçirilib. Beynəlxalq təcrübə nəzərə alınmaqla, ümumtəhsil müəssisələrinin pedaqoji heyəti üçün modul-kredit və rəqabətəsaslı təlimlər sistemi tətbiq edilib, 2015-2018-ci illərdə ümumilikdə 55 min nəfər müəllim modul-kredit sisteminə əsaslanan təlimlərə cəlb edilib ki, onların 25 mini 2018-2019-cu tədris ilinin payına düşür. Cari tədris ilində daha 30 min müəllimin təlimlərə cəlb edilməsi planlaşdırılır.   "Azərbaycan" qəzeti

“Müalicə alan məktəbyaşlı uşaqların distant təhsili” layihəsi çərçivəsində “Bilik günü”

Sentyabrın 16-da Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunda “Müalicə alan məktəbyaşlı uşaqların distant təhsili” layihəsi çərçivəsində yeni tədris ilinin başlanması münasibətilə “Bilik günü” tədbiri keçirilib. Tədbirdə Təhsil nazirinin müşaviri Nigar Bağırlı, Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəisi Vüsal Xanlarov, Nəsimi Rayon İcra Hakimiyyətinin məsul əməkdaşı Xalid Kərimov, Yeni Azərbaycan Partiyasının Nəsimi Rayon Təşkilatının sədri müavini, İdarə Heyətinin üzvü Azər Süleymanov, layihənin əməkdaşları və şagirdlər iştirak ediblər. Tədbirdə qeyd edilib ki, “Müalicə alan məktəbyaşlı uşaqların distant təhsili” layihəsinin məqsədi xüsusi qayğıya ehtiyacı olan uşaqların fasiləsiz və keyfiyyətli ümumi təhsil almaq hüququnu təmin etməkdir. Həmçinin, layihə uşaqların cəmiyyətə inteqrasiyasına dəstək vermək, onların İKT savadlarının artırılmasına nail olmaq və öz potensiallarını nümayiş etdirmək üçün şərait yaratmaq məqsədi daşıyır. Bildirilib ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbusü, Təhsil Nazirliyi və Səhiyyə Nazirliyinin dəstəyi ilə “Nobel-T” şirkəti tərəfindən icra olunan layihə çərçivəsində uşaqlar müalicə dövründə maraqlı və yaradıcı təhsil imkanlarından bəhrələnib və onların virtual mühitdə sosial həyata adaptasiyasına şərait yaradılıb.  Layihəni müsbət qiymətləndirən qonaqlar uşaqları yeni tədris ilinin başlanması münasibəti ilə təbrik edib, onlara uğurlu tədris ili arzulayıblar.  Tədbirin sonunda uşaqlara tərifnamələr və müxtəlif hədiyyələr təqdim olunub.

Gəncə, Şirvan, Şəki və Qubada lisey sinifləri açılıb

Sentyabrın 16-da Şəki şəhərində Təhsil Nazirliyinin tabeliyindəki Kimya-biologiya təmayüllü Respublika liseyinin siniflərinin açılışı olub. Tədbirdə Təhsil İnstitutunun İstedadlı uşaqlarla iş şöbəsinin müdiri Fuad Qarayev, Şəki şəhər Təhsil şöbəsinin müdiri Südabər İsmayılova, təhsil işçiləri, ictimaiyyət nümayəndələri, lisey siniflərinin müəllim və şagirdləri, valideynlər iştirak ediblər. Tədbir Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.           Şəki Şəhər Təhsil Şöbəsinin müdiri Südabər İsmayılova lisey siniflərinin fəaliyyətə başlamasının rayonun təhsil həyatı üçün əhəmiyyətini vurğulayıb, kollektivə uğurlar arzulayıb. Tədbirdə çıxış edən Təhsil İnstitutunun İstedadlı uşaqlarla iş şöbəsinin müdiri Fuad Qarayev bildirib ki, bu il ilk dəfə olaraq, Şəki, Gəncə, Quba və Şirvan şəhərlərində lisey sinifləri təşkil edilib. Fuad Qarayev deyib ki, lisey siniflərinə qəbul iki mərhələdə aparılıb. İlkin mərhələdə fənn müsabiqəsi qalibləri birbaşa lisey siniflərdə oxumaq şansı qazanıblar. İkinci mərhələdə keçirilmiş imtahanlarında Şəki şəhəri üzrə 197 şagird iştirak edib. Fuad Qarayev qeyd edib ki, lisey siniflərində tədris prosesini həyata keçirəcək pedaqoji heyət Təhsil Nazirliyinin komissiyası tərəfindən təmayül istiqamətlərindən asılı olaraq müvafiq şəhər və rayonlarda işləyən təcrübəli, eyni zamanda, diaqnostik qiymətləndirmə nəticəsi yüksək olan müəllimlər arasından seçilib. Fuad Qarayev təhsilin hər bir şagird üçün əlçatan olması üçün nazirlik tərəfindən mütəmadi olaraq həyata keçirilən layihələrdən də danışıb.  Lisey siniflərinin direktoru Ariz Abdullayev çıxışında deyib ki, bu tədris ilində 6 lisey sinifi fəaliyyət göstərəcək. Ariz Abdullayevin sözlərinə görə, lisey siniflərində ümumilikdə 144 şagird təhsil alacaq, şagirdlərdən 26-sı fizika-riyaziyyat təmayüllü liseydən gəlib, 27-si isə fənn müsabiqələrinin qalibi kimi liseydə oxumaq şansı qazanıb. Ariz Abdulllayev əlavə edib ki, şagird kontingentin qalan hissəsi isə sentyabrın 10-da keçirilən imtahanda yaxşı nəticə göstərənlər arasından seçilib. Tədbirdə iştirak edən digər qonaqlar da lisey siniflərinin əhəmiyyətinə toxunub, yeni tədris ilində hər kəsə  uğurlar arzulayıblar. Sonra tədbir iştirakçıları lisey siniflərində yaradılan şəraitlə tanış olublar.   *** Sentyabrın 16-da Şirvanda Təhsil Nazirliyinin tabeliyindəki Kimya-biologiya təmayüllü Respublika liseyinin siniflərinin də açılış mərasimi keçirilib. Açılışda Təhsil Nazirliyinin Təhsilin inkişafı proqramları şöbəsinin sektor müdiri  Xamis Seyranov, lisey siniflərinin rəhbəri Hüseyn Mirzəyev, Şirvan Şəhər Təhsil Şöbəsinin əməkdaşları, müəllim-şagird kollektivi, valideynlər və ictimaiyyət nümayəndələri iştirak ediblər. Təhsil Nazirliyinin sektor müdiri Xamis Seyranov bildirib ki, lisey siniflərinin yaradılmasında əsas məqsəd bölgələrdə istedadlı uşaq və gənclərin potensial imkanlarının aşkarlanması, inkişaf etdirilməsi və onların səmərəli təhsil almaları üçün lazımi şəraitin yaradılmasından ibarətdir. Xamis Seyranov qeyd edib ki, bu il Şirvanda yeni açılan lisey siniflərində VI, VII, VIII və IX sinif şagirdləri olmaqla, ümumilikdə 120 uşaq təhsil alacaq. Mərasimdə çıxış edən valideynlər ölkəmizdə təhsilin inkişafına göstərilən hərtərəfli qayğıya görə dövlət başçısına təşəkkür ediblər. Bu gün həmçinin, Gəncə şəhəri və Quba rayonunda Təhsil Nazirliyinin tabeliyindəki Fizika, riyaziyyat və informatika təmayüllü Respublika liseyinin siniflərinin də açılış mərasimi keçirilib.

Masallıda məktəb binalarının açılışı

Sentyabrın 16-da Masallı rayonu Gəyəçöl kənd N.Həsənov adına tam orta məktəbin yeni binasının açılış mərasimi keçirilib. Açılış mərasimində Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini Fərzəli Qədirov, millət vəkili Elmira Axundova, Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov, Masallı Rayon Təhsil Şöbəsinin müdiri Tariyel Əkbərov, məktəbin pedaqoji kollektivi, şagird və valideynlər iştirak ediblər. Tədbirdə çıxış edən nazirliyin Aparat rəhbərinin müavini Fərzəli Qədirov yeni tədris ilinin başlanması münasibətilə müəllim, şagird və valideynləri təbrik edərək onlara uğurlar arzulayıb. Fərzəli Qədirov son illərdə ölkə Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı nəticəsində, Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü, onun rəhbərlik etdiyi Heydər Əliyev Fondunun dəstəyi ilə məktəb infrastrukturunun müasirləşdirilməsi istiqamətində əhəmiyyətli işlərin görüldüyünü bildirib. Eyni zamanda 2003-2018-ci illərdə 3 200-dən çox məktəbin tikildiyini və ya əsaslı təmir edildiyini, 1 milyondan çox şagirdin təlim şəraitinin yaxşılaşdırıldığını diqqətə çatdırıb. Fərzəli Qədirov eyni zamanda cari ildə Təhsil Nazirliyi tərəfindən 20 yeni məktəb binasının inşa edildiyini, 8 məktəbin əsaslı təmir olunduğunu, 15 modul tipli məktəbin quraşdırıldığını, 43 təhsil müəssisəsinin yeni tədris ilinin ilk günündə istifadəyə verildiyini vurğulayıb. Aparat rəhbərinin müavini təhsil sahəsində qazanılan uğurlardan, müəllim nüfuzunun yüksəldilməsi istiqamətində həyata keçirilən tədbirlərdən söz açıb və yeni dərs ilinin qarşıda duran vəzifələrindən danışıb. Açılış mərasimindən sonra tədbir iştirakçıları yeni tədris ocağında yaradılan şəraitlə tanış olublar. Qeyd edək ki, yeni məktəb binası 264 şagird yerlikdir. Binada 11 sinif otağı, fizika, kimya, biologiya, informatika, hərbi hazırlıq kabinetləri, kitabxana, idman ve akt zallari mövcuddur. Məktəbdə 31 müəllim tədris fəaliyyəti göstərir. Bununla yanaşı, bu gün Masallı rayonunda Bala Təklə kənd Y.Ağayev adına ümumi orta məktəb üçün inşa edilmiş 96 yerlik, Şıxlar kənd 2 nömrəli ümumi orta məktəb üçün inşa edilmiş 56 yerlik modul tipli məktəblərin də açılışı olub.

Şirvanda yeni məktəb binasının açılışı

Sentyabrın 16-da Şirvan şəhər 5 nömrəli ümumi orta məktəbin açılış mərasimi keçirilib. Açılış mərasimində Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva, Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı Mərdan Camalov, Şirvan Şəhər Təhsil Şöbəsinin müdiri Rövşən Allahverdiyev, məktəbin müəllim-şagird kollektivi, valideynlər iştirak ediblər. Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva dövlətin təhsil sahəsinə göstərdiyi diqqət və qayğı nəticəsində son illərdə görülmüş əhəmiyyətli işlər barədə ətraflı məlumat verib. Təhsil Nazirliyinin həyata keçirdiyi layihələrdən danışan nazir müavini müəllimlik peşəsinin marağının artırılması istiqamətində atılan addımlardan danışıb. Nazir müavini bilidirib ki, yeni tədris ilinin əvvəlinə bir neçə bölgədə yeni məktəb binaları istifadəyə verilib və bu, tədris keyfiyyətin yaxşılaşdırılmasına öz töhfəsini vermiş olacaq. Məhəbbət Vəliyeva çıxışının sonunda məktəbin pedaqoji kollektivini və şagirdləri yeni dərs ilinin başlanması münasibətilə təbrik edib, 2019-2020-ci tədris ilinin prioritetlərini, qarşıda duran vəzifələri diqqətə çatdırıb. Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı Mərdan Camalov təbrik nitqi ilə çıxış edərək rəhbərlik etdiyi bölgə üzrə təhsil nailiyyətlərindən danışıb. Sonra tədbir iştirakçıları yeni tədris ocağında yaradılmış şəraitlə tanış olublar. Qeyd edək ki, məktəb binası 432 şagird yerlikdir. Məktəbdə 23 sinif otağı, fizika, kimya laboratoriyaları, idman zalı, akt zalı və həyətyanı stadion yerləşir.

Lənkəranda yeni məktəb binası, Lənkəran Dövlət Universitetinin yeni tədris korpusları və tələbə yataqxanasının açılışı

Sentyabrın 16-da Lənkəran rayonu N.Həsənov adına Şıxəkəran kənd tam orta məktəbinin açılış mərasimi keçirilib. Açılış mərasimində Təhsil nazirinin müavini Firudin Qurbanov, Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, Lənkəran Şəhər Təhsil Şöbəsinin müdiri Aslan İbrahimov, şagird və müəllimlər, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Açılış mərasimindən əvvəl  ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət olunub, önünə gül dəstələri düzülərək xatirəsi ehtiramla yad edilib. Açılışda çıxış edən Təhsil nazirinin müavini Firudin Qurbanov yeni məktəb binasının istifadəyə verilməsi və tədris ilinin başlanması münasibəti ilə təhsil işçilərini, məktəbliləri və valideynləri təbrik edərək onlara uğurlar arzulayıb. Firudin Qurbanov ölkənin bütün bölgələrində yeni məktəblərin inşa edildiyini, köhnə məktəb binalarının isə əsaslı təmir olunduğunu vurğulayıb. Nazir müavini ölkə Prezidenti cənab İlham Əliyevin təhsilə göstərdiyi diqqət və qayğıdan danışıb, təhsil sahəsində qazanılan uğurlardan söz açıb və yeni tədris ilində qarşıda duran vəzifələri diqqətə çatdırıb. Açılış mərasimində çıxış edən Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov öz növbəsində məktəbin müəllim və şagird kollektivini təbrik edib, son illərdə rayonda təhsil sahəsində əldə edilən nailiyyətlərdən danışıb. Daha sonra tədbir iştirakçıları yeni tədris ocağında yaradılan şəraitlə tanış olublar. Qeyd edək ki, 432 şagird yerlik Lənkəran rayonu N.Həsənov adına Şıxəkəran kənd tam orta məktəbində 384 şagirdin təlim-tərbiyəsi ilə 62 müəllim məşğul olur. Yeni açılan məktəb binasında müasir tədris avadanlıqları ilə təchiz olunmuş sinif otaqları, laboratoriya, kompüter otağı, akt zalı, idman zalı, hərbi hazırlıq otağı və kitabxana yerləşir.   *** Sentyabrın 16-da Lənkəran Dövlət Universitetinin yeni tələbə yataqxanasının və 2 yeni tədris binasının da açılış mərasimi keçirilib. Açılış mərasimində Təhsil nazirinin müavini Firudin Qurbanov, universitetin professor-müəllim-tələbə heyəti, rayon ictimaiyyətinin nümayəndələri və valideynlər iştirak ediblər. Təhsil nazirinin müavini Firudin Qurbanov bildirib ki, Azərbaycanda təhsil sahəsi daim dövlətin diqqətindədir, ölkə Prezidenti cənab İlham Əliyev təhsilin inkişafına qayğısını əsirgəmir. Nazir müavininin sözlərinə görə, son 15 il ərzində 3 200 yeni məktəb binasının inşa olunması, ali təhsil müəssisələrinin maddi-texniki bazasının yenilənməsi, təhsilə maliyyə dəstəyinin gücləndirilməsi bu qayğının bariz nümunəsidir. Firudin Qurbanov  tələbə yataqxanasının istifadəyə verilməsini yüksək dəyərləndirərək, bunun tələbələrin  yaşayış şəraitinin yaxşılaşmasına müsbət təsir göstərəcəyini deyib. Yeni tədris korpuslarının inşa olunmasının müəllimlərin iş, tələbələrin təhsil almaq şəraitinin yaxşılaşdırılması baxımından böyük əhəmiyyət kəsb etdiyini qeyd edən Firudin Qurbanov ölkədə təhsilin inkişafı istiqamətində aparılan işlər barədə də ətraflı danışıb. Firudin Qurbanov çıxışının sonunda yeni tədris ilinin başlanması, yeni tədris korpuslarının və tələbə yataqxanasının istifadəyə verilməsi münasibəti ilə hər kəsi təbrik edib. Lənkəran Dövlət Universitetinin rektoru vəzifəsini icra edən  Natiq İbrahimov da çıxışında  2 yeni tədris binasının və 160 yerlik tələbə yataqxanasının istifadəyə verilməsini əlamətdar hadisə kimi dəyərləndirərək bildirib ki, bu, tədrisin keyfiyyətinin yüksəlməsinə, kadr hazırlığına müsbət təsir göstərəcək, digər regionlardan gələn tələbələrin yaşayış probleminin həllinə yardımçı olacaq. Natiq İbrahimov Lənkəran Dövlət Universitetində son illərdə aparılan işlərdən söz açıb. Mərasimdə Lənkəran Şəhər icra Hakimiyyətinin başçısı Taleh Qaraşov və digər qonaqlar da çıxış edərək tələbə yataqxanası və yeni tədris korpuslarının inşasının əhəmiyyətini qeyd ediblər. Daha sonra tədbir iştirakçıları tələbə yataqxanasında və tədris korpuslarında yaradılmış şəraitlə tanış olublar. Açılış mərasimlərindən sonra Firudin Qurbanov Lənkəran Dövlət Universitetinin professor-müəllim kollektivi ilə görüş keçirib. Görüşdə təhsillə bağlı məsələlər müzakirə edilib. Qeyd edək ki,  160 yerlik tələbə yataqxanasında hər cür şərait yaradılıb, otaqlar zəruri məişət avadanlıqları, fasiləsiz internetlə təmin olunub. Yataqxanada idman zalı, kitabxana və oxu zalı, informatika otağı, istirahət guşəsi tələbələrin ixtiyarında olacaq. Yataqxana binasında  videomüşahidə,yanğın əleyhinə siqnalizasiya sistemləri,internet və telefon xətləri çəkilib. Tədris korpusları da müasir tədris avadanlıqları, laboratoriyalarla təmin olunub,informatika kabinetləri ,kitabxana ,oxu və idman zalları yaradılıb. 2019-2020-ci  tədris ilində  Lənkəran Dövlət Universitetinə  1200-ə qədər bakalavr və 67 magistr qəbul olunub.

Prezident İlham Əliyev Bakının Binəqədi rayonundakı 300 nömrəli məktəbin yeni tədris kompleksinin açılışında iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 16-da Bakının Binəqədi rayonundakı 300 nömrəli tam orta məktəbin 960 şagird yerlik yeni tədris kompleksinin açılışında iştirak ediblər. Təhsil müəssisəsinin direktoru İradə Xəlilova görülən işlərlə bağlı dövlətimizin başçısına məlumat verdi. Bildirildi ki, məktəbin yeni tədris kompleksində ən müasir şərait yaradılıb. Burada şagirdlər müxtəlif laboratoriyalarda əyani təlimlər keçərək biliklərini artıra, idman zalında idmanın müxtəlif növləri ilə məşğul ola biləcəklər. Bu təhsil ocağının binası 1932-ci ildə tikilib. O zaman məktəb 400 şagird yerlik olub. Hazırda isə burada yeni istifadəyə verilən tədris kompleksi ilə birlikdə ümumilikdə 1944 şagird təhsil alır. Onların təlim-tərbiyəsi ilə 138 müəllim heyəti məşğul olur. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva yeni tədris kompleksinin idman zalında, hərbi otaqda, ekosinifdə, informatika otağında, kimya kabinetində, ayrı-ayrı sinif otaqlarında və yeməkxanada yaradılan şəraitlə tanış oldular, müəllimlər və şagirdlərlə söhbət etdilər, onlara yeni tədris ilində uğurlar arzuladılar. Məlumat verildi ki, ötən tədris ilində bu təhsil müəssisəsini bitirən məzunların 77 faizi ali məktəblərə qəbul olub. Ümumilikdə, hər il bu məktəbin məzunlarının arasında 600-dan çox bal toplayan və ölkəmizin ali təhsil ocaqları ilə yanaşı, xarici dövlətlərin nüfuzlu universitetlərinə də qəbul olan məzunlar var. Məktəbin şagirdləri bir çox bilik, idman yarışlarında, olimpiadalarda müxtəlif medallar qazanaraq, təhsil ocağını layiqincə təmsil ediblər. Yeni təhsil kompleksi bu uğurların daha da artmasına imkan verəcək. Çünki burada şagirdlər geniş, işıqlı, hər cür zəruri tədris avadanlığı ilə təchiz olunan otaqlarda elmin sirlərinə yiyələnə, müəllimlər isə müasir şəraitdə şagirdlərə dərs deyə biləcəklər. Hər bir dövlətin inkişafı və gələcəyi onun təhsil səviyyəsi ilə bağlıdır. Bu sahəyə qoyulan investisiya gələcəyə yatırılan sərmayədir. Azərbaycan bu baxımdan hazırda dünyada lider ölkələrdəndir. Heç bir ölkədə bu cür qısa müddət ərzində bu sayda məktəb tikilməyib. Bu istiqamətdə atılan addımlara Heydər Əliyev Fondunun töhfələri də olduqca mühümdür. Fondun bu sahədə həyata keçirdiyi layihələrin coğrafiyası və miqyası ilbəil daha da genişlənir. Məktəbdə yaradılan şəraitlə tanışlıqdan sonra Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva müəllimlər və valideynlərlə görüşüb onları təbrik etdilər. Birinci sinif şagirdinin nənəsi Fəridə Hüseynova: Əziz Prezidentimiz, hörmətli Mehriban xanım, sizi burada görməyimizə çox şadıq. Mənim nəvəm də bu məktəbin birinci sinfinə qəbul olub. Mən öz adımdan, valideynlər adından Sizə təşəkkür edirəm ki, övladlarımıza bu cür gözəl şərait yaratmısınız. Allah Sizin canınızı sağ, ömrünüzü uzun eləsin. Prezident İlham Əliyev: Çox sağ olun. Mən də çox şadam ki, uşaqlar yeni dərs ilini yeni məktəbdə başlayırlar. Müəllimlərin də iş yeridir. Valideynlər də, uşaqlar da, müəllimlər də razıdırlar. Bizim əsas məqsədimiz ondan ibarətdir ki, xalqımız razı olsun, xalqımızın yaşayış səviyyəsi gündən-günə qalxsın, uşaqlar gözəl məktəblərdə oxusunlar. Son illərdə məktəb tikintisi istiqamətində çox böyük işlər görülüb. Təkcə onu demək kifayətdir ki, son illərdə həm Bakı şəhərində, həm bütün bölgələrdə 3200-dən çox məktəb tikilib və ya təmir olunub. Bu il 80-dən çox məktəb yenidən tikiləcək və hələ də təmirsiz olan məktəblərdə gələcək illərdə mütləq təmir işləri aparılacaq. Bu məktəb doğrudan da göz oxşayır. Bütün lazımi şərait yaradılıb, avadanlıqlarla təchiz edilib. Mənə verilən məlumata görə, məktəbin əvvəlki vəziyyəti çox acınacaqlı idi. Yəni, burada müəllimlər üçün də böyük çətinliklər var idi, uşaqlar da təmirsiz, yararsız vəziyyətdə olan məktəbdə oxuyurdular. İndi bu şərait yaradıldı. Amma bu, işin bir hissəsidir. Əlbəttə, əsas məsələ odur ki, gözəl şəraitlə bərabər, təhsilin səviyyəsi yüksək olsun və burada oxuyan uşaqlar gələcəkdə həyatda layiqli yer tuta bilsinlər. Ona görə təhsilin səviyyəsinin qaldırılması bu gün gündəlikdə duran vacib məsələlərdəndir və bu istiqamətdə də nəticələr var. Onu da bildirməliyəm ki, son illərdə müəllim peşəsini seçənlərin sayı artır. Müəllim Azərbaycanda həmişə çox hörmətli peşə olub. Həmişə müəllimə böyük hörmət olub. Bu gün isə bu, daha da yüksək səviyyədədir. Müəllimlərin əməkhaqlarının artırılması, iş şəraitinin yaxşılaşdırılması bu nəticəyə gətirib çıxarır ki, müəllim olmaq istəyənlərin sayı əvvəlki illərlə müqayisədə böyük dərəcədə artıb. Bir daha uşaqları, valideynləri, müəllimləri yeni məktəbin tikintisi ilə əlaqədar təbrik edirəm. Məktəbin kimya müəllimi Yaqut Mönsümova: Möhtərəm Prezident, icazə verin, mən də kollektivimiz adından Sizə minnətdarlığımızı çatdırım. Sözün düzü, minnətdarlığımızı çatdırmaq üçün söz tapa bilmirik. Cənab Prezident, yeni məktəblər tikirsiniz, təmir etdirirsiniz. Bu, təhsilə olan münasibətdir. Bu, dövlətə olan münasibətdir. Sizin tapşırığınıza əsasən tikilmiş bu yeni məktəb binası “Bilik günü”ndə bizə ən gözəl hədiyyədir. Biz hər zaman Sizin qayğınızı hiss edirik. Belə gözəl, möhtəşəm məktəb binasının istifadəyə verilməsi biz müəllimləri ürəkdən sevindirir, daha yaxşı işləməyə həvəsləndirir, məsuliyyətimizi daha da artırır. Mən məktəbimizdəki kimya laboratoriyasını, kabinetləri gördüm. Düzü əvvəllər belə laboratoriyaları, kabinetləri biz ancaq filmlərdə görürdük. İndi bu, Azərbaycanın reallığıdır. Bilirik, dünyada bir çox münaqişələr, problemlər baş verir. Azərbaycanımızda Sizin sayənizdə sabitlikdir, əmin-amanlıqdır. Bu, Sizin uzaqgörən siyasətinizin nəticəsidir. Əldə olunan uğurlarda əzizimiz, çox hörmətli Mehriban xanımın da böyük xidmətləri var. Mehriban xanım, biz Sizi dünyalar qədər sevirik, sevgimizi çatdırmaq üçün sözlər acizdir. Bir daha çox sağ olun ki, dəyərli vaxtınızı ayırıb bizimlə görüşə gəlmisiniz. Cənab Prezident, bu gözəl məktəbə, ümumiyyətlə, gördüyünüz bütün işlərə görə Sizə kollektivimiz adından minnətdarlığımızı bildiririk. Allah Sizi, əzizimiz Mehriban xanımı, bütün ailənizi qorusun. Prezident İlham Əliyev: Çox sağ olun. Xoş sözlərə görə təşəkkür edirəm. Sizə bir daha uğurlar arzulayıram, sizi bir daha təbrik edirəm. Əminəm ki, burada oxuyan uşaqlar gələcəkdə həyatda layiqli yer tutacaqlar və dövlətimiz, xalqımız üçün böyük işlər görəcəklər, bizim ümumi inkişafımıza öz töhfələrini verəcəklər. Sonda xatirə şəkli çəkdirildi.   www.president.az

16/06/2026

Hörmətli vətəndaşlar! Hər birinizi “Elm və Təhsil Nazirliyi tərəfindən vətəndaşlara göstərilən xidmətlər” barədə anket sorğusunda aktiv iştiraka dəvət edirik. ? Fikirləriniz bizim üçün çox önəmlidir. Sorğuya keçid: https://anket.edu.az/user/318 #ElmVəTəhsilNazirliyi #EduGovAz #EduAz #Sorğu

Ətraflı
15/06/2026

Milli iradənin zəfərini təcəssüm etdirən Milli Qurtuluş Günü münasibətilə Azərbaycan xalqını təbrik edirik. #15İyun #QurtuluşGünü #Azərbaycan

Ətraflı
13/06/2026

Sumqayıt şəhər Texniki və Təbiət Elmləri Liseyində "Son zəng" #TəhsilTV #SonZəng

Ətraflı