Məktəblilərimiz Beynəlxalq Meqapolis Olimpiadasında 5 medal qazanıblar
Moskva şəhərində növbəti dünya səviyyəli Beynəlxalq Meqapolis Olimpiadası keçirilib. Olimpiadada ölkəmizi təmsil edən məktəblilər uğurla iştirak ediblər. İnformatika fənni üzrə Təhsil Nazirliyinin tabeliyindəki Fizika, riyaziyyat və informatika təmayüllü liseyin şagirdləri Abutalıb Namazov gümüş, Murad Eynizadə bürünc medala layiq görülüblər. Riyaziyyat fənni üzrə Təhsil Nazirliyinin tabeliyindəki Fizika, riyaziyyat və informatika təmayüllü liseyin şagirdi Murad Ağazadə gümüş, kimya fənni üzrə Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyinin şagirdləri Xanım Yaqublu və Aydan Nağızadə gümüş medal qazanıblar. Beləliklə, məktəblilərimiz 4 gümüş və 1 bürünc medal qazanaraq komanda hesabında III yerə layiq görülüblər.
06/09/2019 18:06
Müddətli müqavilə əsasında müəllimlərin işə qəbulu prosesi başlanılır
Sentyabrın 10-da 2019-2020-ci tədris ili üçün Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə müddətli müqavilə ilə müəllimlərin işə qəbulu üzrə elektron sənəd qəbuluna start veriləcək. Müddətli müqavilə ilə müəllimlərin işə qəbulu mərkəzləşdirilmiş qaydada miq.edu.az saytı vasitəsilə həyata keçiriləcək. Bu prosesdə builki müsabiqədə vakant yer tutmayan, 2018 və ya 2019-cu il üzrə işə qəbul imtahanı nəticəsi olan şəxslər iştirak edə bilərlər. Müəllimlərin işə qəbulu üzrə builki müsabiqəyə qatılan namizədlər şəxsi səhifələrinə daxil olmaqla vakant yer seçməli və elektron ərizələrini təsdiq etməlidirlər. Ötənilki müsabiqəyə qatılan, lakin builki müsabiqədə elektron sənəd qəbulu zamanı iştirak etməyən namizədlər yenidən qeydiyyatdan keçdikdən sonra vakant yer seçərək ərizələrini təsdiqləməlidirlər. Müddətli müqavilə ilə müəllimlərin işə qəbulu zamanı namizədlər dörd vakant yer seçə bilərlər. Müəllimlərin işə qəbulu üzrə ötənilki müsabiqədə uğur qazanmış müəllimlər də ikinci iş yerində müddətli müqavilə ilə işləmək məqsədi ilə sözügedən prosesdə iştirak edə bilər. Qeyd edək ki, yalnız Bakı şəhəri üzrə ümumi təhsil müəssisələrində ibtidai sinif müəllimliyi üzrə müddətli müqavilə ilə müəllimlərin işə qəbulu Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən həyata keçiriləcək.
06/09/2019 17:18
Sumqayıt, Şəmkir, Astara, Goranboy və Ağstafada sentyabr konfransları
Sentyabrın 6-da Sumqayıt, Şəmkir, Astara, Goranboy və Ağstafada təhsil işçilərinin sentyabr konfransının plenar müşavirələri keçirilib. Sumqayıt şəhər Heydər Əliyev Mərkəzində keçirilən Sumqayıt şəhər, Abşeron, Şuşa, Qubadlı və Zəngilan rayonlarının təhsil işçilərinin sentyabr konfransının plenar müşavirəsində Təhsil nazirinin müavini Firudin Qurbanov, Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Teymur Səmədov, təhsil şöbələrinin müdirləri və əməkdaşları, ümumi təhsil müəssisələrinin rəhbərləri, müəllimlər və praktik psixoloqlar iştirak ediblər. Konfrans Dövlət himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra Sumqayıt şəhər, Abşeron, Şuşa, Qubadlı və Zəngilan rayonlarının təhsil şöbələrinin müdirlərinin hesabat məruzəsi dinlənilib. Qarşıdan gələn “Bilik Günü” münasibətilə təhsil işçilərini təbrik edən nazir müavini Firudin Qurbanov təhsil sahəsində qazanılan nailiyyətlər və qarşıda duran vəzifələrdən danışıb. Firudin Qurbanov istedadlı uşaqlarla iş sahəsində həyata keçirilən tədbirlər nəticəsində həm respublika, həm də beynəlxalq olimpiadalarda şagirdlərin uğurlarının ildən-ilə artdığını qeyd edərək, bu il Bakıda nüfuzlu Beynəlxalq İnformatika Olimpiadasının təşkilinin əhəmiyyəti haqqında söz açıb. Həmçinin xüsusi istedadlı uşaqlardan ibarət yeni açılması nəzərdə tutulan lisey siniflərə uşaqların cəlbi, risk qrupuna daxil olan təhsilalanlar və bu kimi məsələlərlə bağlı görüləcək işlərə toxunulub. Konfransın sonunda yeni tədris ilinin prioritet məsələləri haqqında fikir mübadiləsi aparılıb, konfrans iştirakçılarını maraqlandıran məsələlərə aydınlıq gətirilib və konfransın qərar layihəsi hazırlanıb. *** Şəmkir şəhər Heydər Əliyev Mərkəzində Şəmkir, Gədəbəy və Daşkəsən rayonlarının təhsil işçilərinin sentyabr konfransının plenar müşavirəsi keçirilib. Tədbirdə Təhsil nazirinin müşaviri Elnur Məmmədov, sözügedən rayonların təhsil şöbələrinin müdirləri və əməkdaşları, ümumi təhsil müəssisələrinin rəhbərləri və müəllimlər iştirak ediblər. Konfrans Dövlət himninin səsləndirilməsi ilə başlayıb. Müşavirədə hər üç rayonun 2018-2019-cu tədris ili və yeni fəaliyyət istiqamətlərinə dair hesabat məruzəsi təqdim edilib. Daha sonra Təhsil nazirinin müşaviri Elnur Məmmədov çıxış edərək hesabatlara öz münasibətini bildirib, müqayisəli təhlil edib. Elnur Məmmədov 2018-2019-cu tədris ilində əldə olunan nailiyyətlər, təhsilin inkişafı istiqamətində görülən işlərdən danışıb, son illərdə müəllim peşəsinin nüfuzunun və gənc müəllimlərin sayının artdığını vurğulayıb. Nazir müşaviri təhsil sahəsindəki uğurlar və qarşıda duran vəzifələri diqqətə çatdırıb. Bir sıra digər həlli vacib məsələləri, yeni dərs ilində təhsil ictimaiyyətinin qarşısında duran əsas vəzifələri nəzərə çatdıran Elnur Məmmədov təhsildə şəffaflıq məsələlərinin vacibliyini vurğulayıb. Nazir müşaviri çıxışının sonunda təhsil işçilərinə tövsiyələrini verib və uğurlar arzulayıb. Konfrans müzakirələrlə davam etdirilib, hər üç rayonun təhsil içilərini maraqlandıran suallar cavablandırılıb. *** Astara rayon Mədəniyyət Mərkəzində Astara, Lənkəran və Lerik rayon təhsil işçilərinin sentyabr konfransının plenar müşavirəsi keçirilib. Plenar müşavirədə Təhsil Nazirliyinin ümumi və məktəbəqədər təhsil şöbəsinin müdiri Aydın Əhmədov, Astara Rayon İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Mərasim Hacızadə, hər üç rayonun təhsil şöbələrinin müdirləri və əməkdaşları, ümumi təhsil müəssisələrinin rəhbərləri və müəllimlər iştirak ediblər. Konfrans Dövlət himninin səsləndirilməsi ilə başlayıb. Konfransda Astara, Lənkəran və Lerik rayonlarının təhsil şöbələrinin müdirləri 2018-2019-cu tədris ilinə dair hesabat məruzəsi ilə çıxış ediblər. Daha sonra Təhsil Nazirliyinin ümumi və məktəbəqədər təhsil şöbəsinin müdiri Aydın Əhmədov çıxış edərək hesabatlara öz münasibətini bildirib. Aydın Əhmədov ümumtəhsil məktəblərinin fəaliyyətinin yaxşılaşdırılması ilə bağlı məsələləri konfrans iştirakçılarının diqqətinə çatdırıb. Aydın Əhmədov ümumi təhsil müəssisələrinin 2019-2020-ci tədris ilinə tam hazır olduğunu və növbəti dərs ilində daha yüksək nailiyyətlər qazanılacağına əminliyini ifadə edib. Növbəti tədris ilinin əsas prioritetlərindən söz açan Aydın Əhmədov təhsil işçilərinə yeni dərs ili ilə bağlı tövsiyələrini verib və uğurlar arzulayıb. Sonda konfrans iştirakçılarının rəy, təklif və sorğuları dinlənilib və cavablandırılıb. *** Goranboy rayon Mədəniyyət Mərkəzində Naftalan şəhər, Goranboy, Samux və Xocalı rayon təhsil işçilərinin sentyabr konfransının plenar müşavirəsi keçirilib. Müşavirədə Təhsil Nazirliyinin Təhsilin inkişafı proqramları şöbəsinin müdiri, Təhsil İnstitutunun direktoru, Emin Əmrullayev, Naftalan şəhər, Goranboy, Samux və Xocalı rayon təhsil şöbələrinin müdirləri, məktəb direktorları və təhsil işçiləri iştirak ediblər. Dövlət himninin səsləndirilməsi ilə başlayan tədbirdə təhsil şöbələrinin müdirləri hesabat məruzəsi ilə çıxış ediblər. Daha sonra Təhsilin inkişafı proqramları şöbəsinin müdiri, Təhsil İnstitutunun direktoru, Emin Əmrullayev hesabatlara öz münasibətini bildirib. Emin Əmrullayev ötən tədris ilində görülən işlərdən danışıb, qarşıda duran hədəfləri konfrans iştirakçılarının diqqətinə çatdırıb. Təhsil sahəsində bu ildən tətbiq olunan yeniliklər, perspektiv məsələlərdən bəhs edən Emin Əmrullayev konfransda iştirak edən rayonların keyfiyyət göstəriciləri barədə məlumat verib. Emin Əmrullayev növbəti tədris ilinin fəaliyyət baxımından daha zəngin olacağını vurğulayıb. Sonda yeni tədris ilinin prioritet məsələləri ilə bağlı fikir mübadiləsi aparılıb. *** Ağstafa, Qazax və Tovuz rayon təhsil işçilərinin sentyabr konfransının plenar müşavirəsi keçirilib. Konfransda millət vəkili Ülviyyə Ağayeva, Təhsil Nazirliyinin ümumi və məktəbəqədər təhsil şöbəsinin məsləhətçisi Elçin Kərimov, Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov və icra hakimiyyətinin əməkdaşları, hər üç rayonun təhsil şöbələrinin müdirləri, məktəb direktorları və təhsil işçiləri iştirak ediblər. Konfrans Dövlət himninin səsləndirilməsi ilə başlayıb. Konfransda Ağstafa, Qazax və Tovuz rayon təhsil şöbələrinin müdirlərinin hesabat məruzələri dinlənilib. Əldə olunan nailiyyətlərin müqayisəli təhlilini aparan şöbə müdirləri ümumi təhsilin müxtəlif istiqamətləri üzrə görülmüş işlərə diqqət çəkib, perspektiv məsələlərdən bəhs ediblər. Ötən ilin təhsil həyatında bir sıra parlaq uğurlarla yadda qaldığını qeyd ediblər. Müşavirədə hər üç rayonun təhsil sahəsində əldə etdiyi uğurları əks etdirən videoçarx nümayiş olunub. Təhsil Nazirliyinin ümumi və məktəbəqədər təhsil şöbəsinin məsləhətçisi Elçin Kərimov ümumi təhsilin prioritet istiqamətlərini diqqətə çatdırıb, yeni dərs ilində qarşıda duran əsas hədəflərə toxunub, təhsil işçilərinə yeni tədris ilində uğurlar arzulayıb. Konfransın sonunda xatirə şəkli çəkdirilib. Qeyd edək ki, təhsil işçilərinin sentyabr konfransları Təhsil naziri Ceyhun Bayramovun müvafiq əmrinə əsasən keçirilir.
06/09/2019 16:02
Peşə təhsili müəssisələrinə sənəd qəbulunun ikinci mərhələsinin nəticələri
Sentyabrın 6-da 2019-2020-ci tədris ili üzrə peşə təhsili müəssisələrinə sənəd qəbulunun ikinci mərhələsinin nəticələri açıqlanıb. Nəticələrə görə, 3 754 nəfər peşə təhsili müəssisələrinə qəbul olunub. İxtisas seçimindən müvəffəqiyyətlə keçən şəxslər təhsil haqqında sənədin əslini, tibbi arayışı, şəxsiyyət vəsiqəsinin surətini, 3x4 sm. ölçüdə 4 ədəd fotoşəkli və hərbi mükəlləfiyyət barədə sənədi (hərbi mükəlləfiyyətlilər) 6-10 sentyabr 2019-cu il tarixlərində qəbul olunduqları peşə təhsili müəssisəsinə təqdim etməlidirlər. 2019-2020-ci tədris ili üzrə peşə təhsili müəssisələrinə ikinci mərhələdə qəbul olunan şəxslərin siyahısı
06/09/2019 13:03
“Rəqəmsal bacarıqlar” layihəsi çərçivəsində işlər davam etdirilir
“Rəqəmsal bacarıqlar” layihəsi üzrə yeni tədris ilinə hazırlıq işləri davam etdirilir. Layihəyə yeni qoşulmuş 50 məktəbin təxminən 150 sinfində Azərbaycan Təhsil Şəbəkəsinin operatoru olan AzEduNet şirkəti tərəfindən 3000 ədəd kompüter texnikasının quraşdırılması və şəbəkəyə qoşulması üzrə işlər həyata keçirilir. Qeyd edək ki, 2019-2020-ci tədris ilində Bakıda 25, Sumqayıtda 10, Mingəçevirdə 5, Şamaxıda 5, Gəncədə də 5 məktəbin “Rəqəmsal bacarıqlar” layihəsinə cəlbi nəzərdə tutulur. Beləliklə, layihə yeni tədris ilində təxminən 120 məktəb üzrə 70 000 şagirdi əhatə edəcək. Xatırladaq ki, 2017-2018-ci tədris ilində başlayan layihənin həyata keçirilməsində məqsəd şagirdlərdə alqoritmik düşüncə və məntiqin, layihə bacarıqlarının inkişafı və proqramlaşdırmanın əsaslarının öyrədilməsidir. Layihə təhsilalanlara yeni texnologiya və rəqəmsal bacarıqları təcrübədə öyrənməyə, proqramlaşdırmanın sirlərinə bələd olmağa imkan yaradır.
06/09/2019 11:25
Sənəd qəbulun ikinci mərhələsinin son günü
2019-2020-ci tədris ili üzrə peşə təhsili müəssisələrinə sənəd qəbulunun ikinci mərhələsi bu gün başa çatır. Bu günə olan statistik məlumatlara görə, 5 500-ə qədər namizəd sənəd qəbulunda iştirak edib. Dərzi, kompüter operatoru, xalçaçı, elektrik qaz qaynaqçısı, aşpaz ən çox müraciət olunan ixtisaslar arasında yer alır. Müsabiqəyə birinci mərhələdə iştirak etməyən namizədlər də qatıla bilərlər. Sənəd qəbulu “ASAN xidmət” mərkəzlərində, “ASAN xidmət” mərkəzlərinin fəaliyyət göstərmədiyi şəhər və rayonlar üzrə isə müvafiq peşə təhsili müəssisələrində ödənişsiz şəkildə və elektron qaydada həyata keçirilir. Qəbul şəhadətnamə və ya attestat əsasında müvafiq fənlərin orta balı nəzərə alınmaqla müsabiqə yolu ilə aparılır. Əlilliyi olan şəxslərin, həmçinin valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş uşaqların qəbulu müsabiqədənkənar aparılır. Nəticələrin sentyabrın 6-da elan olunması nəzərdə tutulur.
05/09/2019 17:58
Gəncə, Şəki, Cəlilabad və Biləsuvarda təhsil işçilərinin sentyabr konfransları
Sentyabrın 5-də Gəncə, Şəki, Biləsuvar və Cəlilabadda təhsil işçilərinin sentyabr konfransının plenar müşavirələri keçirilib. Cəlilabad rayon Heydər Əliyev Mərkəzində keçirilən Cəlilabad, Masallı və Yardımlı rayonlarının təhsil işçilərinin sentyabr konfransının plenar müşavirəsində Təhsil Nazirliyinin ümumi və məktəbəqədər təhsil şöbəsinin müdiri Aydın Əhmədov, Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Elnarə Həsənova, sözügedən rayonların təhsil şöbələrinin müdirləri və əməkdaşları, ümumi təhsil müəssisələrinin rəhbərləri, müəllimlər və praktik psixoloqlar iştirak ediblər. Müşavirədə hər üç rayonun 2018-2019-cu tədris ilinə dair hesabat məruzəsi təqdim edilib. Daha sonra Təhsil Nazirliyinin ümumi və məktəbəqədər təhsil şöbəsinin müdiri Aydın Əhmədov çıxış edərək hesabatlara öz münasibətini bildirib. Aydın Əhmədov buraxılış və qəbul imtahanlarının nəticələri, təhsil sahəsində tətbiq olunan yeniliklərin təhsil ictimaiyyətinə çatdırılması kimi məsələlərə toxunub. Aydın Əhmədov ümumtəhsil məktəblərinin fəaliyyətinin yaxşılaşdırılması ilə bağlı məsələləri konfrans iştirakçılarının diqqətinə çatdırıb. 2019-2020-ci tədris ilinin əsas prioritetlərindən söz açan Aydın Əhmədov təhsil işçilərinə yeni dərs ili ilə bağlı tövsiyələrini verib və uğurlar arzulayıb. Konfrans müzakirələrlə davam etdirilib, hər üç rayonun təhsil içilərini maraqlandıran suallar cavablandırılıb. *** Gəncə Şəhər Heydər Əliyev Mərkəzində Gəncə şəhər, Göygöl və Kəlbəcər rayon təhsil işçilərinin sentyabr konfransının plenar müşavirəsi keçirilib. Plenar müşavirədə Təhsil Nazirliyinin Təhsilin inkişafı proqramları şöbəsinin müdiri, Təhsil İnstitutunun direktoru, Emin Əmrullayev, Gəncə şəhər, Göygöl və Kəlbəcər rayonlarının təhsil şöbələrinin müdirləri, ümumi təhsil müəssisələrinin rəhbərləri, müəllimlər və praktik psixoloqlar iştirak ediblər. Konfrans Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başlayıb. Hər üç rayonun təhsil şöbələrinin müdirləri 2018-2019-cu dərs ilinin yekunları və qarşıda duran vəzifələr mövzusunda hesabatla çıxış ediblər. Daha sonra Təhslilin inkişafı proqramları şöbəsinin müdiri Emin Əmrullayev hesabatlara öz münasibətini bildirib. Emin Əmrullayev son dövrlər təhsildə qazanılan nailiyyətlər, əsaslı dəyişikliklər və həlli vacib məsələlər barədə danışıb, tədrisin inkişafının bütün təhsil işçiləri üçün əsas məqsəd olduğunu bildirib. Emin Əmrullayev öz çıxışında bölgələrdə yeni açılması nəzərdə tutulan lisey siniflər barədə geniş məlumat verib. Emin Əmrullayev 2019-2020-ci tədris ilində görüləcək işlərlə bağlı təhsil işçilərinə tövsiyələrini verib, hər birinə uğurlar arzulayıb. Sonda konfrans iştirakçılarının rəy, təklif və sorğuları dinlənilib və cavablandırılıb. *** Şəki, Qəbələ və Oğuz təhsil işçilərinin sentyabr konfransının plenar müşavirəsi keçirilib. Müşavirədə Təhsil Nazirliyinin şöbə müdirinin müavini Əsgər Quliyev, Qəbələ Şəhər İcra Hakimiyyətin başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Ətayə Osmanova, Şəki, Qəbələ şəhər və Oğuz rayon təhsil şöbələrinin müdirləri, məktəb direktorları və təhsil işçiləri iştirak ediblər. Konfransda iştirak edən Şəki, Qəbələ şəhərlərinin və Oğuz rayonunun təhsil şöbələrinin müdirləri ötən tədris ilinə dair hesabat məruzəsi ilə çıxış ediblər. Təhsil Nazirliyinin şöbə müdirinin müavini Əsgər Quliyev çıxış edərək hesabatları təhlil edib, dövlətin təhsil sahəsinə diqqət və qayğısından, ötən tədris ilində qazanılan uğurlardan, qarşıda duran vəzifələrdən ətraflı bəhs edib. Əsgər Quliyev bildirib ki, əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan təhsil siyasəti hazırda ölkə Prezidenti İlham Əliyev və Birinci vitse-prezidentin diqqət və qayğısı sayəsində uğurlu, eləcə də sistemli şəkildə həyata keçirilir. Əsgər Quliyev ümumi təhsilin prioritet istiqamətlərini diqqətə çatdırıb, təhsil işçilərinə yeni tədris ilində uğurlar arzulayıb. Sonra yeni tədris ilinin prioritet məsələləri haqqında fikir mübadiləsi aparılıb. *** Biləsuvar, Salyan, Neftçala və Cəbrayıl rayon təhsil işçilərinin sentyabr konfransının plenar müşavirəsi keçirilib. Müşavirədə Təhsil Nazirliyinin baş məsləhətçisi Rövşən Ağayev, Biləsuvar, Salyan, Neftçala və Cəbrayıl təhsil şöbələrinin rəhbərləri və əməkdaşları, ümumi təhsil müəssisələrinin direktorları, müəllimlər iştirak ediblər. Dövlət himninin səsləndirilməsi ilə başlayan tədbirdə Biləsuvar, Salyan, Neftçala və Cəbrayıl rayonların təhsil şöbələrinin müdirləri hesabat məruzəsi ilə çıxış ediblər. Daha sonra Təhsil Nazirliyinin baş məsləhətçisi Rövşən Ağayev “2019-2020-ci dərs ilində yerli təhsil idarəetmə orqanları və ümumtəhsil məktəblərinin pedaqoji kollektivləri qarşısında Təhsil Nazirliyinin müəyyən etdiyi vəzifələr haqqında” geniş məruzə ilə çıxış edib. Təqdim edilən hesabatlar ətrafında fikir mübadiləsi aparılıb. Qeyd edək ki, təhsil işçilərinin sentyabr konfransları Təhsil naziri Ceyhun Bayramovun müvafiq əmrinə əsasən keçirilir. Təhsil işçilərinin sentyabr konfransları plenar müşavirə və metodiki bölmə iclaslarından ibarət olmaqla 2 gün ərzində keçiriləcək. Plenar müşavirələr 2-6 sentyabr 2019-cu il tarixlərində təşkil ediləcək. Plenar müşavirələrin zonalar üzrə keçirilməsi məqsədəmüvafiq hesab olunub. Metodik bölmə iclasları hər bir zona üzrə plenar müşavirə başa çatdıqdan sonra yerli təhsili idarəetmə orqanlarının müəyyən etdiyi tarixdə təşkil olunacaq və sentyabrın 10-dək başa çatacaq.
05/09/2019 17:41
Tələbələrin köçürülməsinin nəticələri məlum olub
Tələbələrin ölkə daxilində və xaricdə yerləşən ali təhsil müəssisələrindən köçürülməsi, yaxud bir ixtisasdan digərinə və təhsilalma formasının dəyişdirilməsi, eləcə də ölkəmizdə yerləşən orta ixtisas təhsili müəssisələrində, magistratura səviyyəsində təhsilalanların köçürülməsi üzrə nəticələr məlum olub. Transfer.edu.az portalı vasitəsi ilə ali təhsil müəssisələrindən köçürülmək üçün ümumilikdə 1 535 nəfər müraciət edib. Onlardan 1 193 nəfərin müraciəti müsbət cavablandırılıb. Ali təhsil müəssisələrindən köçürülməsinə icazə verilən 1 193 nəfərdən 1 152-ni bakalavriatura, 12-ni magistratura səviyyəsi üzrə, 29-nu isə xarici ali təhsil müəssisələrindən köçürülənlər təşkil edir. Qeyd edək ki, transfer.edu.az portalı 2016-cı ildə tələbələrin köçürülmə prosesinin sadələşdirilməsi məqsədi ilə istifadəyə verilib. Tələbələrin bir ali təhsil müəssisəsindən digər ali təhsil müəssisəsinə, yaxud bir ixtisasdan digərinə köçürülməsi Təhsil Nazirliyinin razılığı ilə qış və yay tətili dövründə həyata keçirilir.
05/09/2019 15:47
Gürcüstana 20 622 ədəd dərslik və metodik vəsait göndərilib
Sentyabrın 5-də Təhsil Nazirliyi tərəfindən Gürcüstanın Azərbaycan dilində tədris aparılan məktəblərinə 2019-2020-cu tədris ili üçün 21 adda 20 622 ədəd dərslik və metodik vəsait göndərilib. Sözügedən dərs vəsaitləri Təhsil Nazirliyinin və Azərbaycanın Gürcüstandakı səfirliyinin əməkdaşlarının müşayiəti ilə bu ölkənin Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyinə təhvil verilib. Qeyd edək ki, “Ana dili” və ədəbiyyat dərsliklərinin mübadiləsi 20 dekabr 2011-ci il tarixində Tbilisi şəhərində keçirilmiş Azərbaycan-Gürcüstan İqtisadi Əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın VII iclasında qəbul olunmuş Protokola əsasən həyata keçirilir. Son 5 ildə Təhsil Nazirliyi tərəfindən Gürcüstanın Azərbaycan dilində tədris aparılan məktəblərinə 81 427 ədəd dərslik və metodik vəsait göndərilib.
05/09/2019 15:17
“Böyük Çin səddi” təqaüd proqramının nəticələri açıqlanıb
YUNESKO-nun Çin Xalq Respublikası (ÇXR) ilə birgə 2019-2020-ci tədris ili üçün elan etdiyi “Böyük Çin səddi” təqaüd proqramının nəticələri elan edilib. Proqram üzrə 1 nəfər Azərbaycan vətəndaşının namizədliyi təsdiqlənib. Qalib namizəd Çinin “Shaanxi Normal University” ali təhsil müəssisəsində magistratura təhsil səviyyəsində “Çin dili” ixtisası üzrə təhsil alacaq. Qeyd edək ki, təqaüd proqramının müddəti 1 ildir və tələbənin təhsil haqqı, yataqxana, eləcə də aylıq təqaüd və tibbi sığorta xərcləri ÇXR tərəfindən, yol xərci isə YUNESKO tərəfindən qarşılanacaq. Məlumat üçün bildiririk ki, müvafiq təqaüd proqramı barədə cari ilin 15 fevral tarixində elan verilib.
05/09/2019 11:45
Filter
Elanlar
-
Elm və Təhsil Nazirliyi tərəfindən vətəndaşlara göstərilən xidmətlər barədə anket sorğusu
23.11.2024 - 10:50 -
Doktorantların və gənc tədqiqatçıların XXVII Respublika elmi konfransı keçiriləcək
16.10.2024 - 10:00 -
“2024/2025-ci tədris ilində icma əsaslı məktəbəqədər təhsil xidmətlərinin təşkili” qrant müsabiqəsi
04.10.2024 - 17:06 -
“Maarifçi” tələbə-məzun təcrübə proqramına sən də qoşul!
05.08.2024 - 12:00 -
“2024/2025-ci tədris ilində icma əsaslı məktəbəqədər təhsil xidmətlərinin təşkili” qrant müsabiqəsi
26.07.2024 - 10:00
? Tarix fənni üzrə Respublika Fənn Olimpiadalarının final turunun ilkin nəticələri elan edildi! ? Şagirdlər nəticələrlə ? portal.edu.az platformasında şəxsi kabinetlərinə daxil olaraq tanış ola bilərlər. #ElmVəTəhsilNazirliyi #MÜTDA #ARTİ #RFO
ƏtraflıMayın 5-də Elm və Təhsil Nazirliyi və “Femida Könüllüləri” Təşkilatının birgə təşkilatçılığı ilə məktəblilər və peşə təhsili müəssisələrinin tələbələri arasında “Məktəblinin Hüquq Bələdçisi” layihəsinə start veriləcək. #ElmVəTəhsilNazirliyi #EduAz Ətraflı: https://edu.gov.az/az/news-and-updates/22039-1
ƏtraflıAprelin 15-dən 30-dək Elm və Təhsil Nazirliyi, eləcə də qurumlarına 24 510 vətəndaş müraciəti daxil olub. #ElmVəTəhsilNazirliyi #EduAz #VətəndaşMüraciəti Ətraflı: https://edu.gov.az/az/news-and-updates/22037-1
Ətraflı