Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
  • Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Bu günlərdə Beynəlxalq Miqrasiya Təşkilatı ilə Təhsil Nazirliyinin birgə həyata keçirdiyi “Orta məktəblərdə qanunsuz miqrasiya və insan alverinin qarşısının alınması üzrə təhsil” layihəsi çərçivəsində Milli idarəetmə komitəsinin birinci iclası keçirilib.

İştirakçılar Milli idarəetmə komitəsinin əsasnaməsi və təşkilati işlərlə tanış olub, eləcə də layihənin uğurla həyata keçirilməsi üçün səmərəli əməkdaşlığı və qarşıda duran növbəti tədbirləri müzakirə ediblər. İclasda Təhsil və Daxili İşlər nazirliklərinin əməkdaşları, QHT nümayəndələri və bu sahə ilə məşğul olan digər şəxslər iştirak edib.

Yanvarın 27-də Təhsil Nazirliyində Türkiyə Respublikası Milli təhsil nazirinin müavini Sadəttin Sabazın başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

Görüşdə ölkəmizdə texniki-peşə təhsili sahəsindəki islahatlara yardım, təcrübə mübadiləsinin aparılması və peşə təhsili müəssisələri arasında qarşılıqlı əlaqələrin yaradılması məsələləri müzakirə olunub. Onu da qeyd edək ki, bu görüş Azərbaycan Respublikası Təhsil Nazirliyi ilə Türkiyə Milli Təhsil Nazirliyi arasında təhsil və elm sahəsində əməkdaşlıq haqqında imzalanmış protokola əsasən təşkil olunub. Misir Mərdanov qonaqları səmimi salamlayaraq onları Təhsil Nazirliyində görməkdən məmnunluq duyduğunu ifadə edib. Türkiyə ilə Azərbaycan arasında təhsil sahəsində qurulan əməkdaşlığın əhəmiyyətli nəticələrini diqqətə çatdıran nazir peşə təhsili üzrə də əlaqələrin qurulmasına böyük önəm verdiyini açıqlayıb.  Azərbaycanda son illər texniki-peşə təhsilinin inkişafı istiqamətində atılan müsbət addımlar, bu sahə üzrə ölkə Prezidentinin Sərəncamı ilə təsdiq olunan Dövlət Proqramı barədə qonaqlara məlumat verən təhsil naziri aparılan digər islahatlardan da söz açıb. Sonra çıxış edən Sadəttin Sabaz bu görüşdən məmnunluq duyduğunu bildirib və peşə təhsili sahəsi üzrə qarşılıqlı əlaqələrin yaradılmasında lazımi dəstək göstərməyə hazır olduqlarını qeyd edib. S.Sabaz öz çıxışında Türkiyənin milli təhsil sistemi, onun strukturu, peşə təhsili müəssisələrinin mövcud vəziyyəti barədə iştirakçılara məlumat verib. Eyni zamanda qonaq ölkəmizin bir neçə peşə təhsili müəssisəsində olduqlarını da diqqətə çatdırıb və bir sıra təkliflərini bildirib. Görüşdə nümayəndə heyətinin digər üzvləri rəhbəri olduqları müəssisələr haqqında təqdimat-məruzə ilə çıxış ediblər.

Hazırda 4000 nəfər azərbaycanlı gənc dünyanın müxtəlif ölkələrinin ali məktəblərində təhsil alır.

Onlardan 895 nəfəri dövlət hesabına oxuyur . Onu da qeyd edək ki, ölkə Prezidenti tərəfindən təsdiq edilmiş “Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı (2007-2015-ci illər)” çərçivəsində xarici ölkələrə təhsil almağa göndərilənlərin sayının 8 il ərzində 5000 nəfərə çatdırılması nəzərdə tutulur. Proqrama əsasən 2 il ərzində 199 gənc dünyanın 14 ölkəsinin 45 ali məktəbinin bakalavr, magistratura və doktorantura pillələrində iqtisadiyyat, tibb, ekologiya, kənd təsərrüfatı, İKT, sənaye və digər sahələr üzrə təhsil almağa göndərilib. Bu ölkələr ABŞ, Böyük Britaniya, Fransa, Almaniya, Rusiya, Türkiyə, Yaponiya, Cənubi Koreya, İsveç, Niderland, İspaniya, Kanada və digərləridir. Bu gün ölkəmizin ali məktəblərində təhsil alan 7111 nəfər əcnəbi tələbə dünyanın 40 ölkəsini təmsil edir.

1-3 oktyabr tarixlərində Təhsil Nazirliyinin Alman Akademik Mübadilə Xidməti (DAAD) təşkilatı ilə təhsil sahəsində əməkdaşlığı çərçivəsində Bakıda “Azərbaycan-Almaniya Ali Təhsil günləri” mövzusunda beynəlxalq konfrans keçiriləcək.

Konfrans zamanı Almaniya və Azərbaycan ali təhsil müəssisələrinin nümayəndələri arasında əməkdaşlıq üzrə təcrübə və perspektivlər müzakirə ediləcək, həmçinin tibb, kənd təsərrüfatı, texniki elmlər sahəsində əlaqələrə həsr olunmuş, Boloniya prosesi çərçivəsində birgə proqramların hazırlanması ilə bağlı məruzə və çıxışlara yer veriləcək. Onu da qeyd edək ki, oktyabrın ilk günündə qeyd olunan tədbir çərçivəsində “Kapellhaus” - Alman-Azərbaycan Mədəniyyət Cəmiyyətində Almaniya universitetlərinin Təhsil Yarmarkası da keçiriləcək.

Təhsil Nazirliyinin “Qaynar xətt” xidmətinə (telefonlar: 496-34-82; 496-37-61; e-mail ünvanı: qaynar-xett@edu.gov.az) cari ilin aprel və may aylarında 69 müraciət daxil olub.

Müraciətlərdən 5-i sorğu xarakterlidir. Qeyd edək ki, müraciətlərin böyük əksəriyyəti ümumtəhsil məktəbləri ilə bağlıdır. Belə ki, Bakı şəhər ümumtəhsil məktəblərindən 28, Gəncə şəhər ümumtəhsil məktəblərindən 5, Abşeron rayonundan 6, Yardımlı rayonundan 3 müraciət daxil olub. Müraciətlərdən 6-sı ali təhsil müəssisələrinə aiddir. Onların 3-ü Azərbaycan Beynəlxalq Universiteti ilə əlaqədardır. Bu müraciətlərdə diplom alınması, diplomun səhv yazılması, tələbələrin akademik borclarının ləğvi və s. məsələlərdən bəhs edilir. “Qaynar xətt” xidmətinə daxil olan müraciətlərdən 3-ü (Gəncə şəhəri üzrə 2, Abşeron rayonu üzrə 1) Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinə göndərilib. Təhsil Nazirliyinin “Qaynar xətt” xidmətinə daxil olan təhsil prosesinin təşkili, xaricdə təhsil, müəllimlərin ezamiyyə xərclərinin ödənilməsi, IX və XI siniflərin buraxılış imtahanları, təhsil sənədlərinin alınması və digər məsələlərlə bağlı bütün müraciətlər araşdırılıb, uyğun tədbirlər görülüb və vətəndaşlara müvafiq cavablar verilib.

2009-2010-cu dərs ilində Bakı şəhərinin ümumtəhsil məktəblərində vakant müəllim yerlərinə işə qəbul üçün keçirilən müsabiqənin nəticələri məlum olub.

Azərbaycan Respublikası Təhsil Nazirliyinin 10.01.2008-ci il tarixli Kollegiya qərarına, Təhsil Sektorunun İnkişafı üzrə II Layihənin «Təhsil sistemində idarəetmənin təkmilləşdirilməsi, müəllim peşəsi ilə bağlı reqlamentləşdirici qaydaların yenidən işlənməsi və tətbiqi» altkomponentinin icra planına əsasən 2009-2010-cu dərs ilində Bakı şəhərinin ümumtəhsil məktəblərində vakant müəllim yerlərinə işə qəbul Təhsil Nazirliyi tərəfindən yeni mexanizm tətbiq edilməklə iki mərhələdə həyata keçirilib. Məlumat üçün qeyd edək ki, ilk növbədə Bakı şəhərinin ümumtəhsil məktəblərində vakant yerlər (365 yer) müəyyənləşdirilib, elektron ərizə forması, hər bir müəllimin müvafiq göstəriciləri və onların qiymətləndirilmə meyarları hazırlanıb, müəllimlərin işə qəbulu üzrə yeni reqlamentlər təsdiq olunub. Eyni zamanda müəllimlərin işə qəbulu üzrə Müsabiqə Komissiyası yaradılıb. Nazirliyin internet saytında açılan «Müəllimlərin işə qəbulu üzrə müsabiqə» səhifəsində Bakı şəhərinin ümumtəhsil məktəblərindəki vakant yerlər, elektron ərizə forması və müəllimlərin işə qəbulu ilə bağlı reqlamentlər yerləşdirilib. Reqlamentlərə uyğun olaraq Bakı şəhərinin ümumtəhsil məktəblərində müxtəlif ixtisaslar üzrə vakant yerlərə 2 147 müəllim elektron ərizə verib. Ən çox ərizə ingilis dili (570 nəfər), ibtidai sinif (467 nəfər), Azərbaycan dili və ədəbiyyat (235 nəfər), riyaziyyat (189 nəfər) ixtisasları üzrə daxil olub. Müsabiqənin birinci mərhələsində təqdim olunmuş elektron ərizələrdəki məlumatlara və şəxsi işlərdə olan təsdiqləyici sənədlərə əsasən müəllimlərin göstəriciləri xüsusi meyarlar əsasında qiymətləndirilib. Bu mərhələdə ixtisası, sənədləri reqlamentlərə uyğun gəlməyən namizədlər müsabiqədən kənarlaşdırılıb. Müsabiqənin sentyabrın 10-u, 11-i, 16-sı və 18-də keçirilən ikinci mərhələsində 1044 nəfər iştirak edib. İxtisaslardan və iştirakçıların sayından asılı olaraq namizədlərlə müsahibə və ya test yoxlaması aparılıb. İki mərhələnin nəticəsi əsasında müəyyənləşdirilən keçid balını toplayan müəllimlər ixtisasları üzrə seçdikləri məktəblərə işə qəbul olunublar. Onu da qeyd etmək lazımdır ki, nəticələr hər bir fənn üzrə müsabiqə keçiriləndən bir saat sonra namizədlərə elan edilib. Müsabiqənin nəticələrinə əsasən işə qəbul edilməsi nəzərdə tutulan müəllimlərin təsdiq olunmuş siyahısı Nazirliyin internet saytında və Azərbaycan təhsil portalında yerləşdirilib, Bakı Şəhəri üzrə Təhsil İdarəsinə Nazirliyin müvafiq məktubları göndərilib. Onu da qeyd edək ki, yaxın vaxtlarda Bakı şəhərinin ümumtəhsil məktəblərində vakant müəllim yerlərinə yeni müsabiqə elan ediləcəkdir.   2009-2010-cu dərs ilində Bakı şəhərinin ümumtəhsil məktəblərində vakant müəllim yerlərinə işə qəbul üçün keçirilən müsabiqənin nəticələri

Sentyabrın 25-də Avropa Liseyində Təhsil Nazirliyinin və “İntel” Korporasiyasının birgə həyata keçirdiyi “1 şagird – 1 kompüter” layihəsi çərçivəsində məktəblilərə 100 noutbukun verilməsi mərasimi keçirilib.

Mərasimdə təhsil naziri Misir Mərdanov iştirak edib. Nazir layihənin ölkəmizin təhsil sistemi üçün xüsusi əhəmiyyət daşıdığını qeyd edərək bildirib ki, aşağı sinif şagirdlərinə noutbukların verilməsi onların informasiya-kommunikasiya texnologiyaları vasitəsilə daha effektiv təhsil almalarına yaxından kömək edəcək. Sonra nazir liseydə “Elektron məktəb” layihəsi çərçivəsində yaradılmış və artıq istifadə edilən elektron jurnallar ilə yaxından tanış olub. Mərasimdə liseyin 5-6-cı sinif şagirdlərinin bu noutbuklardan həm məktəbdə, həm də evdə istifadə edə biləcəkləri barədə məlumat verilib. Onu da qeyd edək ki, “1 şagird-1 kompüter” layihəsi “2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı” çərçivəsində həyata keçirilir. Cari ildə mövcud layihəyə uyğun olaraq, Elitar Gimnaziyaya, Avropa Liseyinə, 23 və 6 saylı orta məktəblərə 400 noutbukun verilməsi planlaşdırılır. Noutbukların 300-ü Təhsil Nazirliyi, 100-ü isə “İntel” Korporasiyası tərəfindən veriləcək. Artıq Elitar Gimnaziya şagirdlərinə yeni noutbuklar verilib. 2010-cü ilin sonunadək bu layihə çərçivəsində Azərbaycan məktəblilərinə Təhsil Nazirliyi 3000, “İntel” 1000 noutbuk təqdim edəcək.

Sentyabrın 25-də «Landmark» otelinin Rotunda zalında Müasir Təhsil və Tədrisə Yardım Mərkəzinin (MTTYM) 5 illiyinə həsr olunmuş təntənəli mərasim keçirilib.

Mərasimi açan MTTYM-in idarə heyətinin sədri, Bakıdakı Britaniya Məktəbinin direktoru David Draper qonaqları səmimi salamlayıb. Sonra çıxış üçün söz təhsil naziri Misir Mərdanova verilib. Nazir ilk növbədə mərkəzin bütün əməkdaşlarını bu əlamətdar hadisə münasibətilə təbrik edib, onlara öz işlərində yeni-yeni uğurlar arzulayıb. Misir Mərdanov öz çıxışında qeyri-hökumət təşkilatlarının fəaliyyətinin ölkənin inkişafındakı əhəmiyyətindən bəhs edib. Artıq ölkəmizdə təhsillə bağlı bir neçə belə qurumun olduğunu bildirən nazir onların bütün layihələrinin Təhsil Nazirliyi ilə birgə həyata keçirildiyini vurğulayıb. Təhsil naziri Müasir Təhsil və Tədrisə Yardım Mərkəzinin ölkədə dərslik siyasətinin formalaşması, inklüziv təhsil, xüsusən də məktəb liderlərinin hazırlanması üzrə çoxsaylı layihələr həyata keçirdiyini və bu fəaliyyətin nəticələrinin həmin sahələrin inkişafında böyük əhəmiyyət kəsb edəcəyinə inandığını qeyd edib. Tədbirdə Misir Mərdanov təşkilatın bir qrup əməkdaşının Təhsil Nazirliyinin «Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi» döş nişanı və fəxri fərmanları ilə təltif edildiyini bildirərək Müasir Təhsil və Tədrisə Yardım Mərkəzində çalışanlara gələcək fəaliyyətlərində daha böyük nailiyyətlər qazanmağı arzulayıb. Mərasimdə mərkəzin 5 illik fəaliyyətindən bəhs edən film nümayiş etdirilib və MTTYM-in icraçı direktoru Ülviyyə Mikayılovanın bununla bağlı təqdimatı olub. Sonra tədbir iştirakçılarına uşaq xorunun ifasında konsert proqramı təqdim olunub. Tədbirin sonunda canlı debat keçirilib və müzakirə olunan məsələnin nəticələri səsvermə yolu ilə müəyyən edilib.

Sentyabrın 29-da təhsil naziri Misir Mərdanov Cənubi Koreya Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Lyu Kvanq Çul ilə görüşüb.

Görüşdə iki ölkə arasında təhsil sahəsində qarşılıqlı əməkdaşlığın qurulması istiqamətində görülən işlər və perspektiv məsələlər müzakirə olunub. Qonağı səmimi salamlayan Misir Mərdanov Azərbaycanla Koreya arasında son illər inkişaf edən əlaqələrdən, təhsil sahəsində həyata keçirilən tədbirlərdən söz açıb. İki ölkə arasında tələbə mübadiləsi aparılmasının əhəmiyyətini bildirən nazir “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində 23, ümumilikdə isə 60-dan artıq azərbaycanlı gəncin hazırda Koreya universitetlərində təhsil aldığını diqqətə çatdırıb. Nazir həmçinin Cənubi Koreyanın “DAEWOO” Şirkətinin Azərbaycanda Peşə Təlimi Mərkəzinin yaradılması istiqamətində atdığı addımlardan da söz açıb və bu sahədə konkret nəticəyə nail olunacağına inamını ifadə edib. Misir Mərdanov Azərbaycanda öz missiyasını başa vuran səfir Lyu Kvanq Çulun ölkəmizdə təhsil sahəsinin inkişafı istiqamətindəki səmərəli fəaliyyətini yüksək dəyərləndirib və həyata keçirilən layihələrə göstərdiyi dəstəyə görə ona təşəkkürünü bildirib. Lyu Kvanq Çul səmimi qəbula görə nazirə minnətdarlıq edib. Ölkələr arasında elm və təhsil sahəsində sıx əlaqələrin qurulmasına xüsusi önəm verdiyini açıqlayan səfir koreyalı gənclərin Azərbaycan universitetlərində təhsil almaq marağından və tələbə mübadiləsi aparılmasının ikitərəfli əlaqələrin daha da inkişafında müsbət rolundan danışıb. Sonra qonaq Koreyanın Hankuk Xarici Dillər Universitetində fəaliyyət göstərən türk dili kafedrasında yeni açılan Azərbaycan dili bölməsi və bu dilin tədrisi barədə nazirə məlumat verib. Görüşdə tərəflər mövcud istiqamət üzrə əməkdaşlığın davam etdirilməsinin labüdlüyünü qeyd ediblər.

Sentyabrın 30-da “Azərbaycan Respublikasında dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi (De-institusionalizasiya) və alternativ qayğı Dövlət Proqramı (2006-2015-ci illər)” çərçivəsində Bilgəh və Şüvəlan qəsəbələrində yerləşən 11 nömrəli xüsusi internat məktəbin, Yetim və valideyn himayəsindən məhrum olan uşaqlar üçün Respublika yardımçı internat məktəbin nəzdində yaradılan günərzi inkişaf və reabilitasiya mərkəzlərinin açılış mərasimi olub.

Mərasimlərdə təhsil naziri Misir Mərdanov, Sabunçu və Əzizbəyov rayonlarının icra hakimiyyətlərinin başçıları, YUNİCEF-in Azərbaycan nümayəndəliyinin rəhbəri, Nazirlər Kabinetinin, Bakı Şəhər İcra Hakimiyyətinin, bəzi beynəlxalq təşkilatların nümayəndələri iştirak ediblər. Rəmzi açılışı bildirən qırmızı lent kəsildikdən sonra nazir və onu müşayiət edən rəsmi şəxslər günərzi inkişaf və reabilitasiya mərkəzlərində uşaqlar üçün yaradılan şəraitlə tanış olub, oyun və yataq otaqlarına baxıblar. Təhsil naziri hər iki mərkəzin açılmasını dövlət müəssisələrindən uşaqların ailələrə verilməsi və qayğı mərkəzlərinin yaradılması istiqamətində atılan növbəti addım kimi qiymətləndirib. Nazir yaradılan şəraitdən razı qaldığını söyləyib, xüsusi qayğıya ehtiyacı olan uşaqlara göstərdikləri diqqətə görə Azərbaycan Prezidenti cənab İlham Əliyevə, Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban xanım Əliyevaya minnətdarlıq ifadə edib. Misir Mərdanov yeni mərkəzlərin yaradılmasına yaxından kömək göstərdiklərinə görə beynəlxalq təşkilatlara, xüsusən də “Uşaqların Xilası” təşkilatına minnətdarlığını bildirib, gələcəkdə Bərdə və Göyçayda da belə mərkəzlərin fəaliyyətə başlamasının nəzərdə tutulduğunu diqqətə çatdırıb. Qeyd olunub ki, mərkəzlərin binası Təhsil Nazirliyi tərəfindən tikilib, Dövlət Proqramına ayrılan vəsait hesabına inkişafetdirici təlim materialları, müvafiq inventar və avadanlıqlarla təchiz edilib. Mərkəzlərin yaradılmasında əsas məqsəd uşaqların müvafiq müəssisələrə düşməsinin qarşısının alınmasıdır. Mərkəzlərə Əzizbəyov və Sabunçu rayonu ərazisində yaşayan, risk qrupuna daxil olan aztəminatlı, sağlamlıq imkanlar məhdud olan uşaqlar cəlb ediləcək. Əzizbəyov rayonu ərazisindəki mərkəz 40 nəfər, Sabunçu rayonu ərazisindəki mərkəz isə 70 nəfər məktəbəqədər və məktəbyaşlı, sağlamlıq imkanları məhdud uşağa xidmət edəcək. Mərkəzlərdə psixoloq, loqoped, inkişaf terapiyası (yəni, uşaqlara özünəxidmət bacarıqlarının aşılanmasını öyrədən xüsusi pedaqoq) xidmətlərinin göstərilməsi nəzərdə tutulub. Müəssisələrdə günərzi qayğı xidmətlərinin yaradılması və fəaliyyətin səmərəli təşkili üçün müəssisələrin işçi heyətinə inkluziv təhsil və sosial iş üzrə müxtəlif mövzularda treninqlər keçirilib. Mərkəzlərin fəaliyyətlərinin əsas istiqaməti sağlamlıq imkanları məhdud uşaqların həyati bilik və bacarıqlara yiyələnmələrinə, oyunlar vasitəsilə onların əqli və fiziki inkişafına nail olmaqdan, keçirilən reabilitasiya proqramlarına valideynləri cəlb etməkdən, valideynlərə uşaqların hüquqları ilə bağlı hüquqi müvəkkillik xidmətləri göstərməkdən və digər müvafiq xidmətlərdən ibarət olacaqdır. Gün ərzində 10-12 saat fəaliyyət göstərəcək mərkəzlərdə fərdi qayğı planına müvafiq olaraq uşaqla iş aparılacaqdır. Məlumat üçün bildirək ki, göstərilən qayğı nəticəsində hər bir uşağın cəmiyyətə inteqrasiyasını və sosial adaptasiyasını qarşıya qoyan mərkəzlərdə məktəbyaşlı uşaqların (1-8-ci siniflər) dərsdən sonrakı asudə vaxtlarının səmərəli təşkili də nəzərdə tutulub. Uşaqların günün sonunda evlərinə aparılması məqsədlə Təhsil Nazirliyi tərəfindən mərkəzlərə mini avtobus verilib.

07/04/2026

ASAN TV-nin Lənkəran və Cəlilabad dövlət peşə təhsil mərkəzlərindən hazırladığı videoreportajı təqdim edirik. #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz #ASANTV #PeşəTəhsil #İnfotur

Ətraflı
06/04/2026

✅Aprelin 6-da Qazaxıstanın Almatı şəhərində yerləşən Əl-Farabi adına Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində Azərbaycan ali təhsil müəssisələrinin “Study in Azerbaijan” beynəlxalq sərgisinin açılış mərasimi olub. #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz

Ətraflı
06/04/2026

Aprelin 6-da Qazaxıstanın Almatı şəhərində yerləşən Əl-Farabi adına Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində Azərbaycan ali təhsil müəssisələrinin “Study in Azerbaijan” beynəlxalq sərgisinin açılış mərasimi olub. Sərginin açılış mərasimində Azərbaycan Respublikasının elm və təhsil naziri Emin Əmrullayev, Qazaxıstan Respublikasının elm və ali təhsil naziri Sayasat Nurbek, hər iki ölkənin aparıcı universitetlərinin rektorları və təhsil mütəxəssisləri iştirak ediblər. Qeyd edək ki, sərgi 7-8 aprel tarixlərində Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində davam edəcək. Ətraflı: https://edu.gov.az/az/news-and-updates/22941-1 #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz

Ətraflı