Aprelin 25-də Təhsil Nazirliyində böyük Azərbaycan şairi Mirzə Ələkbər Sabirin 150 illik yubileyi münasibətilə respublikanın ümumi təhsil məktəbləri şagirdləri arasında “Böyük Azərbaycan şairi Mirzə Ələkbər Sabir haqqında düşüncələrim” mövzusunda keçirilmiş inşa yazı müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi olub.
Tədbiri giriş sözü ilə açan təhsil naziri Misir Mərdanov qeyd edib ki, inşa yazı müsabiqəsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Mirzə Ələkbər Sabirin anadan olmasının 150 illik yubileyinin keçirilməsi haqqında” 1 iyun 2010-cu il tarixli sərəncamına əsasən keçirilib. Misir Mərdanov müvafiq sərəncamın icrası ilə əlaqədar Təhsil Nazirliyinin əmrinə uyğun olaraq hazırlanmış geniş tədbirlər planında ölkənin təhsil orqanlarına, təhsil müəssisələrinin rəhbərlərinə M.Ə.Sabirin 150 illik yubileyi ilə bağlı elmi-nəzəri və praktik istiqamətli tədbirlərin təşkili barədə tapşırıqlar verildiyini diqqətə çatdırıb.
Ötən müddət ərzində yubileylə əlaqədar təşkilati işlər görüldüyünü vurğulayan nazir respublikanın təhsil müəssisələrində böyük şairin yaradıcılığına həsr olunmuş konfrans, seminar və dəyirmi masalar, ədəbi-bədii gecələr, müsabiqələr keçirildiyindən bəhs edib. Nazir, həmçinin böyük şairin yubileyinin qeyd edilməsi ilə bağlı ən əhəmiyyətli tədbirin ümumi təhsil məktəblərinin IX-XI sinif şagirdlərinin iştirakı ilə 2 mərhələdə keçirilən inşa yazı müsabiqəsi olduğunu bildirib. Müsabiqənin rayon (şəhər) mərhələsində minlərlə şagirdin iştirak etdiyini deyən Misir Mərdanov 95 nəfərin inşa yazısının seçilərək Təhsil Nazirliyinə təqdim edildiyindən söz açıb. Nazir inşa yazılarının xüsusi komissiya tərəfindən yoxlanılaraq qaliblərin müəyyən olunduğunu, yoxlamanın nəticələrinə görə, 5 nəfərin I, 10 nəfərin II, 20 nəfərin III dərəcəli diploma, 21 nəfərin isə tərifnaməyə layiq görüldüyünü iştirakçıların nəzərinə çatdırıb.
Sonra Misir Mərdanov ümummilli liderimiz Heydər Əliyev tərəfindən əsası qoyulmuş Azərbaycan ədəbiyyatının, incəsənət və mədəniyyətinin inkişafında böyük xidmətlər göstərmiş şəxsiyyətlərin yubileylərinin keçirilməsi ənənəsinin bu gün ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə layiqincə davam etdirildiyini bildirib. Misir Mərdanov ölkə Prezidentinin böyük Azərbaycan şairi “Mirzə Ələkbər Sabirin anadan olmasının 150 illik yubileyinin keçirilməsi haqqında” sərəncamını tarixi keçmişimizə, klassik söz sənətinin qüdrətli nümayəndələrinin xatirəsinə sonsuz hörmət və məhəbbətin növbəti təzahürü kimi səciyyələndirib. M.Ə.Sabirin XX əsr Azərbaycan ədəbiyyatının ən məşhur və nadir ədəbi simalarından biri olduğunu vurğulayan təhsil naziri böyük şairin həyat və yaradıcılığı, onun ədəbiyyatımıza gətirdiyi yeniliklərdən geniş söz açıb. Çıxışının sonunda nazir inşa yazı müsabiqəsinin qaliblərini qazandıqları uğur münasibətilə təbrik edib, onların müstəqil Azərbaycanın layiqli vətəndaşları olacaqlarına əminliyini bildirib.
Mükafatlandırma mərasimində iştirak edən M.Ə.Sabirin yaxın qohumu, Azərbaycan Dövlət Pedaqoji Universitetinin dosenti Zemfira Tahirli ölkə Prezidentinin böyük şairin 150 illik yubileyi ilə əlaqədar verdiyi sərəncamın yüksək əhəmiyyətə malik olduğunu qeyd edib, Sabir irsinin öyrənilməsinə xidmət edən bu müsabiqənin təşkilatçılarına təşəkkürünü bildirib.
Tədbirə qatılan millət vəkili Nizami Cəfərov, Azərbaycan Dövlət Pedaqoji Universitetinin əməkdaşları, professor Zahid Xəlil, dosent Füzuli Əsgərli çıxış edərək M.Ə.Sabirin 150 illik yubileyi münasibətilə şagirdlər arasında keçirilmiş inşa yazı müsabiqəsinin böyük şairin yaradıcılığının təbliğ və öyrədilməsi baxımından mühüm əhəmiyyətini qeyd edib, mahir satira ustasının Azərbaycan ədəbiyyatının inkişafındakı xidmətlərini vurğulayıblar.
Sonda müsabiqə qaliblərinə diplom, tərifnamə və hədiyyələr təqdim olunub
9 il əvvəl
Digər xəbərlər
-
“Elm və təhsilə birgə baxış” layihəsi çərçivəsində universitetlərdə görüşlər keçirilir
03.06.2025 - 10:09 -
Elm və təhsil naziri Daşkəsəndə vətəndaşları qəbul edəcək
02.06.2025 - 17:21 -
Vətəndaş müraciətlərinin statistikası
02.06.2025 - 16:35 -
Xankəndidə “Qarabağ Təhsil və Tərəfdaşlıq Forumu” keçirilib
02.06.2025 - 15:28 -
Qarabağ Universitetində AMEA-nın 80 illiyinə həsr olunmuş elmi konfrans keçirilib
01.06.2025 - 18:31