Uşaqlar və yol təhlükəsizliyi üzrə birgə maarifləndirmə tədbirləri davam edir
27.11.2026 - 16:13
Elm və Təhsil Nazirliyi ilə Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi arasında uşaqların yol təhlükəsizliyi üzrə 2026–2027-ci tədris ili üçün təsdiq edilmiş birgə fəaliyyət planının icrası davam etdirilir.
Tədbirlərin keçirilməsində məqsəd təhsil müəssisələrində yol hərəkəti təhlükəsizliyi ilə bağlı maarifləndirmə işini gücləndirmək, şagirdlərdə yol hərəkəti qaydalarına düzgün münasibət formalaşdırmaq, ehtiyatsızlıq və diqqətsizliyin yarada biləcəyi ağır nəticələr barədə onları məlumatlandırmaqdır.
Fəaliyyət planı çərçivəsində Bakı şəhərinin 264, 263, 260, 204, 44, 247, 19, 45, 111, 47, 133, 182, 244 və 5 nömrəli tam orta məktəblərində, eləcə də “Evrika” liseyində “Məktəbə dəstək – yol hərəkəti qaydalarını öyrənirik” adlı maarifləndirici görüşlər keçirilib. Bununla yanaşı, fləşmoblar və aksiyalar təşkil olunub, məktəblərdə yol hərəkəti təhlükəsizliyinə həsr edilmiş guşələr yaradılıb, əyani vəsaitlər paylanılıb, videoslaydlar hazırlanıb. Ümumdünya Yol Qəzaları Qurbanlarının Xatirə Gününə həsr olunmuş “Yol hərəkəti qaydaları həyatımızın təminatıdır!” mövzusunda tədbirlər də keçirilib.
25 noyabr tarixində 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzində Ümumdünya Yol Qəzaları Qurbanlarının Xatirə Gününə həsr olunmuş “Qəzasız hər gün” adlı tədbir təşkil edilib.
Tədbir çərçivəsində “Yol hərəkəti qaydaları” dərnəyinin üzvləri tərəfindən yol hərəkəti qaydaları, piyadaların təhlükəsizliyi, yol nişanlarının əhəmiyyəti, sürücü və piyadaların vəzifələrini əks etdirən videoçarxlar, şeir kompozisiyaları və səhnəciklər nümayiş etdirilib. Mərkəzin “Günəşim” xor kollektivinin ifasında mahnılar səsləndirilib, “Təsviri sənət və dizayn” dərnəyinin üzvləri isə mövzuya uyğun rəsmlər çəkiblər.
Tədbirdə Elm və Təhsil Nazirliyinin, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin, Jurnalistika və İnkişaf Mərkəzi İctimai Birliyinin, Müstəqil Nəqliyyatçılar İctimai Birliyinin nümayəndələri, həmçinin Bakı şəhərinin müxtəlif məktəblərində fəaliyyət göstərən “Yol hərəkəti qaydaları” dərnəklərinin üzvləri və Mərkəzin kollektivi iştirak edib.
Digər xəbərlər
-
Peşə təhsili müəssisələrinə tələbə qəbulunun nəticələri və pedaqoji şuraların fəaliyyətini tənzimləyən əsasnamələr müzakirə olunub
27.11.2026 - 17:31 -
“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” respublika müsabiqəsinə yekun vurulub
27.11.2026 - 17:20 -
Uşaqlar və yol təhlükəsizliyi üzrə birgə maarifləndirmə tədbirləri davam edir
27.11.2026 - 16:13 -
Kənan Kərimzadə V Yubiley Aqrar Startaplar və İnnovasiya Forumunda iştirak edib
27.11.2026 - 15:02 -
Elm və təhsil naziri Ağstafada vətəndaşları qəbul edib
27.11.2026 - 14:52
