Nazir müavini “Gender Əsaslı Zorakılığa Qarşı 16 Günlük Fəallıq” kampaniyasına həsr olunmuş konfransın açılış mərasimində iştirak edib
25.11.2026 - 17:30
Noyabrın 25-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə “Gender əsaslı zorakılığa qarşı 16 günlük fəallıq” kampaniyası çərçivəsində konfrans təşkil olunub.
Birləşmiş Millətlər Təşkilatının 2026-cı il üzrə kampaniya şüarı olan “Qadınlara və qızlara qarşı zorakılığa son, ədalətin təmini, zərərçəkənlərin müdafiəsi, cəzasızlığa son vermək üçün birləşək” çağırışı tədbirin əsas mesajını təşkil edib.
Açılış mərasimində elm və təhsil nazirinin müavini Firudin Qurbanov da iştirak edib.
Açılış nitqi çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova gender əsaslı zorakılığa qarşı mübarizənin yalnız hüquq pozuntusu kimi deyil, insan hüquqlarına, ictimai təhlükəsizliyə, ailə institutuna və cəmiyyətin dayanıqlı inkişafına təsir edən kompleks problem kimi qiymətləndirilməsinin vacibliyini vurğulayıb. O, Azərbaycanın bu istiqamətdə ardıcıl dövlət siyasəti həyata keçirdiyini, son illərdə qanunvericiliyin təkmilləşdirilməsi, zərərçəkmiş şəxslərin müdafiə imkanlarının genişləndirilməsi və qurumlararası əməkdaşlığın gücləndirilməsi sahəsində mühüm addımlar atıldığını diqqətə çatdırıb.
Bahar Muradova gender əsaslı zorakılığa qarşı mübarizənin bütün aidiyyəti dövlət qurumlarının, vətəndaş cəmiyyətinin, medianın və beynəlxalq tərəfdaşların birgə səylərini tələb etdiyini vurğulayaraq qurumlararası əməkdaşlığın gücləndirilməsinin vacibliyini qeyd edib. O, zorakılığın qarşısının alınmasında maarifləndirmənin, cəmiyyətdə dözümsüzlük mühitinin formalaşdırılmasının və qadınların iqtisadi imkanlarının genişləndirilməsinin əhəmiyyətini diqqətə çatdırıb.
Milli Məclis sədrinin birinci müavini Əli Əhmədov çıxışında zorakılığın, xüsusilə də qadın və qızlara qarşı zorakılığın bu gün də dünyada ciddi narahatlıq doğuran qlobal problemlərdən biri olduğunu bildirib. O, Azərbaycanda zorakılığın bütün formalarına qarşı mübarizə istiqamətində dövlət səviyyəsində ardıcıl və institusional tədbirlərin həyata keçirildiyini deyib.
Əli Əhmədov gender əsaslı zorakılığın qarşısının alınmasında cəmiyyətin zorakılığa qarşı dözümsüz mövqeyinin formalaşdırılmasını mühüm amil kimi qiymətləndirib. Bildirib ki, xüsusilə qadın və qızların müdafiəsi istiqamətində daha həssas və prinsipial yanaşma nümayiş etdirilməlidir. Azərbaycan dövlətinin zorakılığın qarşısının alınmasını hərtərəfli siyasətinin mühüm istiqamətlərindən biri kimi müəyyən etdiyini qeyd edən Əli Əhmədov belə tədbirlərin ictimai həssaslığın artırılmasına və zorakılığa qarşı mübarizənin gücləndirilməsinə töhfə verdiyini deyib.
Milli Məclisin deputatı, Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova çıxış edərək gender əsaslı zorakılığın insan hüquqları, ictimai təhlükəsizlik və cəmiyyətin inkişafı baxımından yaratdığı problemlərə diqqət çəkib. Əlavə edib ki, qanunvericiliyin təkmilləşdirilməsi ilə yanaşı, qəbul edilən qanunların çevik və səmərəli icra mexanizmlərinin olması da vacibdir. Qadınlara və qızlara münasibətin ailədə formalaşan tərbiyə və dəyərlərlə sıx bağlı olduğunu diqqətə çatdıran Hicran Hüseynova bildirib ki, oğlan uşaqlarında anaya və qadınlara hörmət, qız uşaqlarında isə özünəinam və təhlükəsizlik hissinin formalaşdırılması gələcək nəsillərin sağlam münasibətlərinin qurulmasında mühüm rol oynayır.
Daha sonra BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Dmitro Şlapaçenkonun videomüraciəti nümayiş olunub. O, müraciətində Azərbaycanda məişət zorakılığının qarşısının alınması və onunla mübarizə üzrə hüquqi və siyasi çərçivənin gücləndirilməsi istiqamətində mühüm addımlar atıldığını diqqətə çatdırıb.
Rəsmi açılışdan sonra qadınlara qarşı zorakılıqla mübarizəyə dair tanınmış ictimai şəxslərin videomüraciəti təqdim edilib.
Tədbir çərçivəsində təşkil edilən panel sessiyada Baş Prokurorluğun, Elm və Təhsil Nazirliyinin, Ədliyyə Nazirliyinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və Daxili İşlər Nazirliyinin nümayəndələrinin çıxışları dinləniləcək.
Digər xəbərlər
-
Nazir Çin Xalq Respublikasının Pekin Kimya Texnologiya Universitetinin Şura sədri və Partiya Komitəsinin katibi ilə görüşüb
25.11.2026 - 17:34 -
Nazir müavini “Gender Əsaslı Zorakılığa Qarşı 16 Günlük Fəallıq” kampaniyasına həsr olunmuş konfransın açılış mərasimində iştirak edib
25.11.2026 - 17:30 -
Pakistan İslam Respublikasının Baş nazirinin Gənclər Proqramının Baş direktoru ilə görüş keçirilib
25.11.2026 - 15:30 -
IV “Maarifçi” tələbə-məzun proqramı yekunlaşıb
25.11.2026 - 13:05 -
“Böyük tənəffüs” məktəblilər üçün idman yarışı
23.11.2026 - 17:41
