Nazir müavini AzMİU-da “Məzun günü” tədbirində iştirak edib
İyulun 3-ü Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) “Məzun günü” tədbiri keçirilib.
Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra ulu öndər Heydər Əliyev və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Mərasimin açılışında çıxış edən AzMİU-nun rektoru Gülçöhrə Məmmədova məzunları təbrik edərək bildirib ki, 2025/2026-cı tədris ilində AzMİU-da ümumilikdə 3038 tələbə məzun adı qazanıb. Onlardan 2987 nəfəri adi, 51 nəfəri isə fərqlənmə diplomu alıb. Məzunlardan 35 nəfəri əcnəbi vətəndaşdır. Bakalavriat səviyyəsində təhsilini başa vuran tələbələrdən 5 nəfər dünyanın nüfuzlu universitetləri ilə ikili diplom proqramı üzrə məzun olur. Onun sözlərinə görə, builki məzunlar arasında 61 yaşlı məzunun da olması AzMİU-da təhsilin hər yaş üçün əlçatan olduğunu və universitetin ömürboyu təhsil prinsiplərini uğurla həyata keçirdiyini göstərir.
Gülçöhrə Məmmədova bildirib ki, Azərbaycanın sürətli sosial-iqtisadi inkişafı yeni dövrün çağırışlarına cavab verən peşəkar mühəndis və memar kadrlarının hazırlanmasını strateji vəzifəyə çevirib. AzMİU da bu missiyanı uğurla yerinə yetirmək üçün müasir təhsil texnologiyalarını, innovativ yanaşmaları tətbiq edir, əmək bazarının tələblərinə uyğun kadr hazırlığını davamlı şəkildə təkmilləşdirir.
Tədbirdə iştirak edən elm və təhsil nazirinin müavini İdris İsayev çıxışında Azərbaycan Memarlıq və İnşaat Universitetinin ölkənin mühəndis və memarlıq təhsilində xüsusi yer tutduğunu bildirib. O qeyd edib ki, müasir dövrdə əmək bazarının tələblərinə cavab verən peşəkar kadrların hazırlanması dövlətin təhsil siyasətinin prioritetlərindəndir.
Nazir müavini AzMİU-da həyata keçirilən təhsil islahatlarını, beynəlxalq əməkdaşlıqları, innovativ yanaşmaları və universitet-sənaye tərəfdaşlığını yüksək qiymətləndirərək vurğulayıb ki, bu istiqamətdə görülən işlər məzunların peşəkar bacarıqlarının inkişafına və onların əmək bazarında rəqabət qabiliyyətinin artırılmasına mühüm töhfə verir.
İdris İsayev məzunları təbrik edərək onlara fəaliyyətlərində uğurlar arzulayıb, əldə etdikləri bilik və bacarıqları ölkənin inkişafı naminə səmərəli şəkildə tətbiq edəcəklərinə əminliyini bildirib.
Milli Məclisin Elm və təhsil komitəsinin sədri Anar İsgəndərov müasir dövrün çağırışlarına uyğun bilik və bacarıqlara malik gənc mütəxəssislərin hazırlanmasının xüsusi əhəmiyyət daşıdığını vurğulayaraq məzunlara peşə fəaliyyətlərində daim yeniliklərə açıq olmağı, biliklərini davamlı inkişaf etdirməyi və Vətənə layiqincə xidmət etməyi arzulayıb.
Çıxışlarda AzMİU-nun ölkənin tikinti, memarlıq və mühəndislik sahələri üçün yüksəkixtisaslı mütəxəssislər hazırlayan aparıcı ali təhsil müəssisələrindən olduğu vurğulanıb.
Rəsmi hissədən sonra tədbir bədii-musiqili proqramla davam edib.
04.07.2026 - 11:45
Digər xəbərlər
-
Məktəblilərimiz beynəlxalq kimya və biologiya olimpiadalarında uğur qazanıblar
20.07.2026 - 18:00 -
Məktəbəqədər təhsildə valideyn-dövlət-özəl əməkdaşlığına əsaslanan yeni maliyyələşmə modeli tətbiq olunacaq
20.07.2026 - 17:01 -
Nazir müavini Həsən Həsənli “IT SkillSprint” proqramının bağlanış mərasimində iştirak edib
19.07.2026 - 13:00 -
Komandamız Avropa Universitet Oyunlarında ölkəmizi təmsil edir
18.07.2026 - 19:36 -
Nazir müavini Özbəkistanda bir sıra görüşlər keçirib
18.07.2026 - 10:44
