Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
  • Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Emin Əmrullayev Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Türk Dünyası Həftəsi”nin açılış mərasimində iştirak edib

İyunun 29-da Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Türk Dünyası Həftəsi” başlanıb. Elm və mədəniyyətlə bağlı silsilə tədbirlərdən ibarət həftə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Birinci Türkoloji Qurultayın 100 illik yubileyinin keçirilməsi haqqında” 22 oktyabr 2025-ci il tarixli Sərəncamına uyğun olaraq təşkil edilib.

 

Heydər Əliyev Mərkəzində həftənin əsas tədbiri – “Birinci Türkoloji Qurultay: yüz ilin elmi və mədəni irsi” mövzusunda beynəlxalq konqresin rəsmi açılış mərasimi keçirilib. Konqresdə türk respublikaları daxil olmaqla ümumilikdə 20 ölkədən rəsmilər, müxtəlif elmi mərkəzlərdən 126 türkoloq-alim, eləcə də türk beynəlxalq təşkilatlarından nümayəndələr iştirak ediblər.

 

Əvvəlcə Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva Prezident İlham Əliyevin Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Türk Dünyası Həftəsi”nin iştirakçılarına müraciətini səsləndirib.

 

Açılış mərasimində Qazaxıstan Prezidentinin müşaviri Malik Otarbayev Qazaxıstanın dövlət başçısı Kasım-Jomart Tokayevin, Qırğızıstanın mədəniyyət, informasiya və gənclər siyasəti naziri Mirbek Mambetaliyev Prezident Sadır Japarovun, Türkiyə mədəniyyət və turizm nazirinin müavini Gökhan Yazqı Prezident Rəcəb Tayyib Ərdoğanın, Özbəkistanın mədəniyyət naziri Ozodbek Nazarbekov Prezident Şavkat Mirziyoyevin müraciətlərini diqqətə çatdırıblar.

 

Sonra Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş videoçarx nümayiş etdirilib.

 

Tədbirdə çıxış edən mədəniyyət naziri Adil Kərimli bildirib ki, Azərbaycan Birinci Türkoloji Qurultayın irsinə hər zaman böyük diqqət və ehtiramla yanaşır, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü və müvafiq Sərəncamı ilə bu yubiley dövlət səviyyəsində qeyd olunur. Bu, Azərbaycan dövlətinin Türk dünyasının ortaq elmi və mədəni irsinə verdiyi yüksək dəyərin bariz nümunəsidir.

 

Adil Kərimli, həmçinin bildirib ki, Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Türk Dünyası Həftəsi”nin tədbirləri Qarabağda - Şuşa, Xankəndi və Ağdam şəhərlərində də davam edəcək. Nazir vurğulayıb ki, işğaldan azad edilmiş torpaqlarımızda yenidən qurulan hər bir şəhər, bərpa olunan hər bir abidə və yenidən həyat qazanmış hər bir məkan Azərbaycanın dirçəlişini və bütövlükdə Türk dünyasının həmrəylik ruhunu ifadə edir.

 

Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüralıyev çıxışında Birinci Türkoloji Qurultayın ideyalarının bu gün də Türk dünyasının inteqrasiyası və əməkdaşlığı üçün mühüm əhəmiyyət daşıdığını deyib. Baş katib əlavə edib ki, Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunan tədbirlər ortaq irsin daha dərindən öyrənilməsinə, gələcək nəsillərə çatdırılmasına və Türk dünyasında inteqrasiya prosesinin daha da güclənməsinə töhfə verəcək.


Milli Məclis sədrinin müavini Rafael Hüseynov çıxışında Birinci Türkoloji Qurultayın Türk dünyasının elmi, mədəni və siyasi tarixində mühüm dönüş nöqtəsi olduğunu bildirib. O qeyd edib ki, bu qurultay yalnız elmi toplantı deyil, həm də türk xalqlarının ortaq kimliyini və birliyini nümayiş etdirən tarixi hadisə idi. Akademik vurğulayıb ki, türk xalqlarının birliyi ideyası əsrlər boyu formalaşıb və bu yolda böyük maarifçilər, alimlər və ziyalılar mühüm xidmətlər göstəriblər. Müasir dövrdə türk dövlətləri arasında əməkdaşlığın və qarşılıqlı əlaqələrin möhkəmlənməsi Birinci Türkoloji Qurultayın irsinin davamı kimi qiymətləndirilməlidir.

 

Çıxışlardan sonra Türk dünyasının tanınmış incəsənət ustaları və bədii kollektivlərinin iştirakı ilə konsert proqramı təqdim olunub.

 

Beynəlxalq konqres öz işini plenar iclas və panel sessiyalarla davam etdirib.

 

Qeyd edək ki, iyulun 3-dək davam edəcək “Türk Dünyası Həftəsi” Mədəniyyət Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, Elm və Təhsil Nazirliyinin birgə təşkilatçılığı, Türk Dövlətləri Təşkilatı, TÜRKSOY, Bakı Dövlət Universiteti, Türk Akademiyası, Türk Mədəniyyəti və İrsi Fondunun tərəfdaşlığı ilə gerçəkləşir.


29.06.2026 - 17:38