Almatıda Qazaxıstan və Azərbaycan ali təhsil müəssisələrinin II Rektorlar Forumu keçirilib
Aprelin 6-da Almatı şəhərində Qazaxıstan və Azərbaycan ali təhsil müəssisələrinin II Rektorlar Forumu keçirilib.
Forumun rəsmi açılış hissəsindən əvvəl Azərbaycan Respublikasının elm və təhsil naziri Emin Əmrullayev və Qazaxıstan Respublikasının elm və ali təhsil naziri Sayasat Nurbek arasında universitet rəhbərlərinin və aidiyyəti qurumların nümayəndələrinin iştirakı ilə görüş keçirilib. Tərəflər ali təhsil sahəsində dövlətlərarası əməkdaşlığın inkişafı, o cümlədən akademik mobillik, birgə təhsil proqramları, tərəfdaşlıq əlaqələrinin genişləndirilməsi ilə bağlı cari məsələləri müzakirə ediblər.
Forumun açılış mərasimində salamlama nitqi ilə çıxış edən Qazaxıstan Respublikasının elm və ali təhsil naziri Sayasat Nurbek ölkələrimiz arasında akademik əlaqələrin gücləndirilməsinin strateji əhəmiyyətini vurğulayıb. Qeyd edib ki, həyata keçirilən təşəbbüslər qarşılıqlı akademik fəaliyyətə yeni təkan verib və ölkələrimizin təhsil imkanlarına ikitərəfli marağı gücləndirib. Forum çərçivəsində Azərbaycanın 18 universiteti ilə Qazaxıstanın 29 universiteti arasında 65 yeni memorandumun imzalanması planlaşdırılır.
Nazir Sayasat Nurbek akademik mobillik və tələbə mübadiləsinin artdığını da qeyd edib və bildirib ki, 2025-ci ilin yekununa əsasən, Qazaxıstanın 58 universitetində 346 Azərbaycan vətəndaşı təhsil alır. Eyni zamanda Azərbaycan universitetlərində 180 Qazaxıstan vətəndaşı oxuyur.
Forumda çıxış edən elm və təhsil naziri Emin Əmrullayev qeyd edib ki, Qazaxıstan və Azərbaycan ali təhsil müəssisələrinin II Rektorlar Forumu ölkələrimiz arasında akademik əməkdaşlığın inkişafı baxımından mühüm platformadır. Nazirin sözlərinə görə, son illərdə universitetlər arasında əlaqələrin genişlənməsi, birgə proqramların və akademik mobilliyin artması bu əməkdaşlığın real nəticələrini göstərir.
Nazir çıxışında forum çərçivəsində imzalanacaq yeni anlaşmaların tərəfdaşlığı daha da gücləndirəcəyinə, tələbə və müəllimlər üçün yeni imkanlar yaradacağına inamını ifadə edib.
Forumun rəsmi açılış mərasimindən sonra akademik mübadilə, elmi əməkdaşlıq və birgə təhsil proqramlarının inkişaf etdirilməsi məqsədi daşıyan anlaşma memorandumlarının imzalanması mərasimi keçirilib.
06.04.2026 - 17:58
Digər xəbərlər
-
Bakıda yerləşən ali təhsil müəssisələrində tədris distant təşkil olunacaq
22.09.2026 - 19:50 -
Nazir uşaqlar üçün təhlükəsiz rəqəmsal sistemlərin qurulmasına dair yüksək səviyyəli tədbirdə iştirak edib
22.09.2026 - 14:28 -
Elm və təhsil naziri “Gələcəyi Birlikdə Qurmaq naminə Tərəfdaşlıq” tədbirində iştirak edib
22.09.2026 - 12:57 -
Nazirliyin əməkdaşlarına dövlət təltifləri təqdim edilib
17.09.2026 - 17:21 -
Nazir “Baku ID 2026” çərçivəsində “Azərbaycan Bacarıqlar Akseleratoru” üzrə panel müzakirəsində iştirak edib
17.09.2026 - 15:18
