Həsən Həsənli Dövlət Proqramı məzunları üçün karyera sərgisində iştirak edib
ADA Universitetində “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2028-ci illər üçün Dövlət Proqramı” məzunları üçün “Qlobal təhsildən milli inkişafa” adlı karyera sərgisi keçirilib.
Sərginin təşkilində əsas məqsəd Dövlət Proqramı çərçivəsində dünyanın aparıcı universitetlərində təhsil almış gənclərin milli əmək bazarına inteqrasiyasını təmin etmək və onların potensialını ölkəmizin dayanıqlı inkişafına yönəltməkdir.
Tədbirdə elm və təhsil nazirinin müavini Həsən Həsənli, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Rəşad Mustafayev, ADA Universitetinin prorektoru, Milli Məclisin deputatı Fariz İsmayılzadə iştirak ediblər.
Açılış mərasimində çıxış edən elm və təhsil nazirinin müavini Həsən Həsənli dövlətimizin insan kapitalına verdiyi önəmi xüsusi vurğulayıb. Nazir müavini qeyd edib ki, xaricdə təhsilə dair Dövlət Proqramı ölkəmizdə rəqabətədavamlı kadr potensialının formalaşdırılmasına yönəlmiş dövlət siyasətinin uğurlu nümunələrindən biri olmaqla yanaşı, gənclərin qazandığı beynəlxalq təcrübə Azərbaycanın gələcək inkişafının əsas hərəkətverici qüvvələrindən hesab olunur.
ADA Universitetinin prorektoru, Milli Məclisin Elm və təhsil komitəsinin sədr müavini Fariz İsmayılzadə məzunlara müraciət edərək onların beynəlxalq mühitdə əldə etdikləri akademik nailiyyətlərin yerli qurumların fəaliyyətinə yeni və mütərəqqi yanaşmalar gətirəcəyinə əminliyini ifadə edib.
Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Rəşad Mustafayev isə Dövlət Proqramı məzunlarının əmək bazarında rəqabət üstünlüyünə malik olduqlarını bildirib və onlar üçün yaradılan əlverişli məşğulluq perspektivlərindən söz açıb.
Rəsmi hissənin ardınca açıq elan olunan karyera sərgisində 40-dan çox nüfuzlu dövlət və özəl qurum təmsil olunub. Məzunlar birbaşa işəgötürənlərlə ünsiyyət qurmaq, CV-lərini təqdim etmək və gələcək karyera imkanlarını müzakirə etmək fürsəti əldə ediblər.
28.02.2026 - 17:02
Digər xəbərlər
-
Nazir müavini Həsən Həsənlinin Ağdaşdakı vətəndaş qəbulunun vaxtı dəyişdirilib
27.07.2026 - 12:33 -
Tələbə futzal komandamızdan Avropa Universitet Oyunlarında uğurlu nəticə
25.07.2026 - 11:34 -
Elm və təhsil naziri Saatlıda vətəndaşları qəbul edib
24.07.2026 - 16:17 -
Qəbələdə qida emalı üzrə müasir tədris-istehsalat emalatxanasının təqdimatı keçirilib
24.07.2026 - 15:48 -
Dövlət Proqramı üzrə təqaüdçülərin siyahısı müəyyən olunub
24.07.2026 - 14:56
