Nazir müavini Firudin Qurbanov AMEA-nın Ümumi yığıncağında iştirak edib
Fevralın 25-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Ümumi yığıncağı keçirilib.
Tədbirdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Humanitar siyasət, diaspora, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, elm və təhsil nazirinin müavini Firudin Qurbanov, Milli Məclisin sədr müavini Rafael Hüseynov, Milli Məclisin komitə sədrləri Əhliman Əmiraslanov, Anar İsgəndərov, Ali Attestasiya Komissiyasının sədri Famil Mustafayev, Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə, AMEA-nın Rəyasət Heyətinin üzvləri, Akademiyanın həqiqi və müxbir üzvləri, AMEA-nın və əhatə etdiyi elmi müəssisə və təşkilatların direktorları, ali təhsil müəssisələrinin rektorları, respublika üzrə 2025-ci il ərzində əldə edilmiş mühüm elmi nəticələrin müəllifləri iştirak ediblər.
Əvvəlcə 2025-ci ilin yekunlarına həsr olunmuş sərgiyə baxış olub.
İclası AMEA-nın prezidenti akademik İsa Həbibbəyli açaraq yığıncağın gündəliyindəki məsələləri diqqətə çatdırıb.
Sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, hesabat ilində dünyasını dəyişmiş müxbir üzvlərin, həmçinin şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti İsa Həbibbəyli “Azərbaycanşünaslıqdan rəqəmsallaşmaya və beynəlxalq əlaqələrə” mövzusunda məruzə ilə çıxış edib.
Daha sonra çıxış edən elm və təhsil nazirinin müavini Firudin Qurbanov qeyd edib ki, bu gün elmi araşdırmaları, yaradıcı cəmiyyətləri, innovativ fəaliyyətləri yüksək olan ölkələr böyük inkişafa nail olublar. Nazir müavini xatırladıb ki, AMEA-nın 80 illik yubileyindəki nitqində Prezident İlham Əliyev süni intellekt, rəqəmsal texnologiyaların inkişafı və kibertəhlükəsizliyi ölkəmizin gələcək prioritet istiqamətləri kimi müəyyən edib, bunun üçün elmi potensialın səfərbər edilməsinin vacibliyini vurğulayıb.
Dövlət başçısının müvafiq Fərmanından irəli gələrək elm və təhsil sahəsində aparılan struktur islahatlarından danışan nazir müavini optimallaşma nəticəsində hazırda 15 elmi müəssisənin Elm və Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərdiyini, əsas məqsədin təhsil, elm və istehsalat arasında inteqrasiyanın təmin edilməsi olduğunu bildirib.
Firudin Qurbanov diqqətə çatdırıb ki, qəbul olunan “Azərbaycan Respublikasının 2025–2028-ci illər üçün süni intellekt Strategiyası” qarşıda mühüm vəzifələr müəyyənləşdirir, bu istiqamətdə yeni layihələr həyata keçirilir, təhsil sistemində rəqəmsal transformasiyanın sürətləndirilməsi və süni intellekt texnologiyalarının tətbiqinin genişləndirilməsi nəzərdə tutulur.
Nazir müavini qeyd edib ki, təhsil, tədqiqat və innovasiyalar arasında əlaqələrin bundan sonra da gücləndirilməsi qarşıda duran əsas vəzifələrdəndir və bu istiqamətdə sistemli tədbirlər davam etdiriləcək.
Daha sonra AMEA-nın akademik-katibi akademik Arif Həşimovun “AMEA-nın, elmi təşkilatların və ali təhsil müəssisələrinin 2025-ci ildəki elmi-təşkilati fəaliyyəti haqqında” məruzəsi dinlənilib.
Tədbirdə, həmçinin Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov, AMEA-nın müşaviri Yaqub Mahmudov çıxış ediblər. Həmçinin akademik Əli Abbasovun “Rəqəmsal elm və süni intellekt”, AMEA-nın Gənclər Akademiyasının sədri Elmir Babayevin “Gənc Alimlər Şurasından – Gənclər Akademiyasına” və AMEA-nın Rəyasət Heyəti aparatının Elm və təhsil şöbəsinin müdiri Sərxan Xavərinin “AMEA-nın tabeliyində olan elmi-tədqiqat müəssisələrinin elmimetrik reytinq göstəriciləri” mövzularında məruzələri dinlənilib.
Sonda AMEA-nın Ümumi yığıncağının qərarı səsləndirilib.
25.02.2026 - 16:00
Digər xəbərlər
-
Ulu öndər Heydər Əliyevin 103 illik yubileyi Elm və Təhsil Nazirliyində qeyd edilib
08.05.2026 - 18:20 -
“Heydər Əliyev və müasir Azərbaycan gəncliyi” mövzusunda Gənclər Forumu keçirilib
08.05.2026 - 14:00 -
Nazir müavini Həsən Həsənli Ağdaşda vətəndaşları qəbul edəcək
07.05.2026 - 15:50 -
"Ən yaxşı təqdimat" müsabiqəsinin qalibləri mükafatlandırılıblar
07.05.2026 - 15:17 -
Nazir müavini “Sərhəd” hərbi-idman oyunlarının yekunu ilə bağlı keçirilmiş tədbirdə iştirak edib
07.05.2026 - 15:00
