“Övraqi-nəfisə” jurnalının transliterasiya nəşrinin təqdimatı olub
Fevralın 17-də Azərbaycan Milli Konservatoriyasında “Övraqi-nəfisə” jurnalının transliterasiya nəşrinin təqdimatı olub.
Tədbir “Övraqi-nəfisə” jurnalının transliterasiya nəşrinə həsr olunmuş videoçarxın nümayişi ilə başlayıb.
Bildirilib ki, incəsənətin ən zəngin səhifələrini özündə cəmləşdirən “Övraqi-nəfisə" bir əsr sonra milli mətbuatımızın 150 illik yubileyinə töhfə vermək niyyətilə “Ədibin Evi” Ədəbiyyata Dəstək Fondu tərəfindən yenidən gündəmə gətirilib. ADA Universitetinin təşəbbüs və dəstəyi sayəsində ərəb qrafikalı əski Azərbaycan əlifbasından latın qrafikalı müasir əlifbaya transliterasiya olunaraq nəşr edilib.
Tədbirdə çıxış edən Azərbaycan Milli Konservatoriyasının rektoru Kamilə Dadaş-zadə bildirib ki, “Övraqi-nəfisə” ifadəsi nəfis, incə və dəyərli səhifələr anlamını daşıyır. Onun sözlərinə görə, zaman keçəcək, lakin bu layihə Azərbaycan mədəniyyətinin, milli incəsənətimizin və ümumən ədəbiyyat-musiqi tariximizin ən parlaq səhifələrindən biri kimi yaddaşlarda qalacaq.
Nəşrin milli mətbuatımızın 150 illiyinə həsr olunduğunu vurğulayan “Ədibin evi” Ədəbiyyata Dəstək Fondunun icraçı direktoru Şəfəq Mehralıyeva qeyd edib ki, yubiley tarixləri yalnız təqvim hadisəsi deyil, həm də tarixi irsimizə yenidən nəzər salmaq, müəyyən məsələləri gündəmə gətirmək üçün mühüm fürsətdir.
Jurnalın transliteratoru, qeyd və şərhlərin müəllifi, filoloq və tərcüməçi Azad Ağaoğlu layihənin hazırlanma mərhələsində xüsusi həssaslıq və peşəkarlıq nümayiş etdirildiyini bildirib. O qeyd edib ki, nəşrin bədii və elmi hissələri jurnalın ümumi strukturu və konsepsiyasına uyğun şəkildə tərtib olunub, transliterasiya və şərhlər üzərində ciddi elmi iş aparılıb.
Milli Məclis sədrinin müavini akademik Rafael Hüseynov vurğulayıb ki, bu jurnal Azərbaycan üçün son dərəcə nəcib və əhəmiyyətlidir. Onun sözlərinə görə, belə layihələr milli yaddaşı qoruyur, azərbaycançılıq ideyasını möhkəmləndirir və gələcək nəsillərə etibarlı mənbə ötürür. Qısa müddətdə görülən işlər yüksək qiymətə layiqdir və zaman keçdikcə bu zəhmətin dəyəri daha aydın görünəcək.
Tədbir bədii hissə ilə davam edib.
Sonda çıxış edən ADA Universitetinin rektoru Hafiz Paşayev təqdimat mərasiminin çox gözəl sözlərlə yadda qaldığını bildirib və əməyi keçən hər kəsə təşəkkürünü çatdırıb.
17.02.2026 - 20:00
Digər xəbərlər
-
Nazir müavini Həsən Həsənlinin Ağdaşdakı vətəndaş qəbulunun vaxtı dəyişdirilib
27.07.2026 - 12:33 -
Tələbə futzal komandamızdan Avropa Universitet Oyunlarında uğurlu nəticə
25.07.2026 - 11:34 -
Elm və təhsil naziri Saatlıda vətəndaşları qəbul edib
24.07.2026 - 16:17 -
Qəbələdə qida emalı üzrə müasir tədris-istehsalat emalatxanasının təqdimatı keçirilib
24.07.2026 - 15:48 -
Dövlət Proqramı üzrə təqaüdçülərin siyahısı müəyyən olunub
24.07.2026 - 14:56
