Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
  • Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Firudin Qurbanov “İqlim dəyişikliyi ilə mübarizədə süni intellektin rolu” mövzusunda elmi-praktik konfransda iştirak edib

Dekabrın 8-də Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin təşkilatçılığı ilə “İqlim dəyişikliyi ilə mübarizədə süni intellektin rolu” mövzusunda elmi-praktik konfrans keçirilib.

 

Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov açılış nitqi ilə çıxış edərək süni intellektin iqlim dəyişikliyinə təsirinin araşdırılmasından, onun tətbiqinin üstünlüklərindən və gələcək perspektivlərindən söhbət açıb. Komitə sədri ölkəmizdə süni intellektin inkişafının dövlət səviyyəsində prioritet məsələlərdən olduğunu söyləyib.

 

Sadiq Qurbanov nəzərə çatdırıb ki, süni intellekt sahəsində həyata keçirilən islahatların, o cümlədən 2025-2028-ci illər üçün  Süni intellekt Strategiyasının səmərəli icrası, eyni zamanda qanunverici hakimiyyətdən ardıcıl və məqsədyönlü yanaşma tələb edir. Komitə sədri bu baxımdan süni intellektin tətbiqini, məlumatların idarə olunmasını, etik standartları, kibertəhlükəsizliyi, ekologiya və iqlim üzrə tənzimləyici vəzifələrin təkmilləşdirilməsini nəzərdə tutan müasir qanunvericilik bazasının formalaşdırılmasının vacibliyini qeyd edib.

 

Konfransda iştirak edən elm və təhsil nazirinin müavini Firudin Qurbanov çıxışında bildirib ki, qlobal iqlim dəyişiklikləri, enerji təhlükəsizliyi və rəqəmsallaşma prosesləri fonunda Elm və Təhsil Nazirliyinin tabeliyində olan elm və ali təhsil müəssisələrində iqlim dəyişikliyi və süni intellektlə bağlı tədqiqatların həcmi son illərdə xeyli artıb. Müvafiq elmi istiqamətlər üzrə kadr potensialının gücləndirilməsi məqsədilə bir neçə ali təhsil müəssisəsində müasir rəqəmsal texnologiyalar və süni intellekt fənlərinin iqlim və ekoloji ixtisaslarla inteqrasiyası istiqamətində addımlar atılır.

 

Nazir müavini qeyd edib ki, elm və ali təhsil müəssisələrində aparılan elmi işlər əsasən iqlim dəyişikliklərinin proqnozlaşdırılması, ekosistemlərə təsirin qiymətləndirilməsi, eləcə də süni intellekt istiqamətlərini əhatə edir. Ümumilikdə, Elm və Təhsil Nazirliyinin tabeliyində olan elm və ali təhsil müəssisələrində “İqlim dəyişikliyi və süni intellekt” sahəsində aparılan elmi-tədqiqat işləri iqlim çağırışlarına elmi əsaslı cavabların hazırlanmasına, süni intellekt texnologiyalarının milli prioritetlərə uyğun tətbiqinə və dayanıqlı inkişaf məqsədlərinə töhfə verməyə yönəlib.

 

İclasda çıxış edən digər qonaqlar süni intellekt texnologiyalarının son illərdə sürətlə inkişaf etdiyini və iqlim dəyişikliklərinə qarşı mübarizədə böyük potensiala malik olduğunu bildiriblər. Çıxışlarda süni intellekt vasitəsilə iqlim dəyişikliklərinin təsirlərinin qabaqcadan təhlili, təbii fəlakət risklərinin azaldılması və ekosistemlərin qorunması sahələrində yeniliklərin əldə edilməsindən söhbət açılıb. Ətraf mühitin qorunması və karbon emissiyalarının azaldılması istiqamətində süni intellektin mühüm töhfələr verdiyi qeyd olunub. Süni intellektin iqlim dəyişikliyi ilə mübarizədə enerji səmərəliliyinin artırılması, proqnozlaşdırma,  dayanıqlı kənd təsərrüfatı kimi sahələrdə əsas alətə çevrildiyi vurğulanıb. Həmçinin, süni intellektin sənayelərin transformasiyasına və iqlim tədbirlərinin həyata keçirilməsinə verdiyi töhfələr qeyd edilib. Bu texnologiyaların enerji və su səmərəliliyinin artırılmasında, hava şəraitinin proqnozlaşdırılmasında və çirklənmənin azaldılmasında oynadığı roldan danışılıb.

 

Müzakirələrdə süni intellektin tətbiqi sahəsində dünya təcrübəsindən bəhs edilib, süni intellekt sahəsində data və infrastrukturun formalaşdırılması, insan amilinin təsiri, məlumatların idarə edilməsi, infrastrukturun təkmilləşdirilməsi, süni intellekt modellərinin tətbiqi sayəsində əldə ediləcək nəticələr barədə fikirlər açıqlanıb, habelə  Süni intellekt Strategiyası çərçivəsində maarifləndirmə, ictimaiyyətin məlumatlandırılması, o cümlədən süni intellektin potensialı və riskləri haqqında təşviqat işinin aparılmasının rolundan danışılıb.

 


08.12.2025 - 18:00