Velosiped idmanı sahəsində bölgələrdə fəaliyyət göstərəcək məşqçi-müəllimlər üçün təlim kurslarının açılışı olub
Azərbaycan Velosiped İdmanı Federasiyası (AzVİF) və Elm və Təhsil Nazirliyi arasında əməkdaşlıq çərçivəsində regionlarda velosiped idmanının inkişafına töhfə verəcək yeni layihə start götürüb.
Tədbirdə açılış nitqi ilə çıxış edən Azərbaycan Velosiped İdmanı Federasiyasının birinci vitse-prezidenti Sahib Ələkbərov bu layihənin ölkəmizdə velosiped idmanının gələcəyi baxımından xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayıb. Bildirib ki, təlimlərin əsas məqsədi regionlarda idmanın inkişafına dəstək olmaq, ixtisaslı məşqçilərin hazırlanmasına şərait yaratmaqdır. Bu, həm uşaqların və gənclərin fiziki sağlamlığı, həm də onların asudə vaxtının səmərəli təşkili üçün mühüm əhəmiyyət daşıyır.
Tədbirdə iştirak edən elm və təhsil nazirinin müavini Həsən Həsənli velosiped idmanının sağlam həyat tərzi baxımından da əhəmiyyət daşıdığını bildirib. Nazir müavini qeyd edib ki, məktəblilər və gənclər arasında bu idman növünün inkişaf etdirilməsi onların həm fiziki, həm də psixoloji sağlamlığına müsbət təsir göstərəcək. Açılışını etdiyimiz kurslar gələcəkdə bölgələrdə peşəkar kadrların formalaşmasına və yeni nəslin idmana marağının artmasına xidmət edəcək. Layihə bölgələrin tanınmasına da müsbət təsir göstərəcək.
Gənclər və İdman Nazirliyinin İdman şöbəsinin müdiri Elnur Məmmədov öz növbəsində bu cür layihələrin regionlarda idmanın kütləviliyinə böyük təkan verəcəyini bildirib.
Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) icraçı direktoru Təhminə Tağı-zadə kurslarda iştirak edən məşqçilər üçün antidopinq qaydaları ilə bağlı təmsil etdiyi qurumun əməkdaşlarının xüsusi seminar keçirəcəyini bildirib və bu istiqamətdə onlara hər zaman dəstək verməyə hazır olduqlarını deyib.
Bildirilib ki, kurslarda iştirak edən məşqçilərə həm nəzəri biliklər, həm də praktiki bacarıqlar öyrədiləcək. Proqram çərçivəsində beynəlxalq standartlara uyğun məşq üsulları, idmançılarla işləmə metodikası və velosiped idmanında təhlükəsizlik qaydaları xüsusi diqqət mərkəzində olacaq. 12 gün davam edəcək təlim kurslarını uğurla başa vuraraq imtahan vermiş məşqçi-müəllimlərə sertifikatlar təqdim ediləcək.
Pilot xarakterli bu layihə ilkin mərhələdə Gəncə və Sumqayıt şəhərləri, eləcə də Qəbələ, Quba, Ağdaş, Ağstafa, Goranboy, Tovuz, Göygöl və Gədəbəy rayonlarını əhatə edəcək. Elm və Təhsil Nazirliyinin bu bölgələrdəki idman məktəblərində xüsusi velosiped bölmələri yaradılacaq. Nazirliyin Azərbaycan Velosiped İdmanı Federasiyası ilə birgə seçdiyi, velosiped idmanı sahəsində fəaliyyət göstərmək istəyən ali təhsilli məşqçi-müəllimlər həmin bölgələrdəki Gənclər və İdman Nazirliyinin Olimpiya İdman Komplekslərində xüsusi olaraq ayrılmış yerlərdə fəaliyyət göstərəcəklər. Onlar Elm və Təhsil Nazirliyinin ştatlı işçiləri kimi əmək haqqını nazirlikdən alacaq, öz fəaliyyətləri barədə həm Azərbaycan Velosiped İdmanı Federasiyası, həm də nazirliyin müvafiq qurumları qarşısında hesabat verəcəklər. Bölmələrin hər biri üçün federasiya tərəfindən 20 ədəd, ümumilikdə 200 ədəd velosiped ayrılıb.
Yaxın gələcəkdə bu təcrübədən ölkənin digər şəhər və rayonlarında da istifadə olunacağı, habelə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının aidiyyəti qurumlarının da bu layihəyə qoşulacağı planlaşdırılır.
26.08.2025 - 16:00
Digər xəbərlər
-
Prezident İlham Əliyev Cəbrayıl rayonuna səfər çərçivəsində 360 şagird yerlik məktəb binasının açılışını edib
09.05.2026 - 17:36 -
İİB nümayəndə heyəti işğaldan azad edilmiş ərazilərdə təhsil sahəsində görülən işlərlə tanış olub
08.05.2026 - 21:00 -
Ulu öndər Heydər Əliyevin 103 illik yubileyi Elm və Təhsil Nazirliyində qeyd edilib
08.05.2026 - 18:20 -
“Heydər Əliyev və müasir Azərbaycan gəncliyi” mövzusunda Gənclər Forumu keçirilib
08.05.2026 - 14:00 -
Nazir müavini Həsən Həsənli Ağdaşda vətəndaşları qəbul edəcək
07.05.2026 - 15:50
