Firudin Qurbanov Beynəlxalq Olimpiya Günü münasibətilə keçirilmiş tədbirdə iştirak edib
Milli Olimpiya Komitəsində (MOK) 23 iyun – Beynəlxalq Olimpiya Gününə həsr olunmuş OCEP/OVEP təltifetmə mərasimi keçirilib.
Mərasimdə Milli Olimpiya Komitəsinin vitse-prezidentləri Çingiz Hüseynzadə, Zemfira Meftaxetdinova, Fərid Mansurov, baş katib Azər Əliyev, elm və təhsil nazirinin müavini Firudin Qurbanov, Olimpiya çempionları, Atletlər Komissiyasının üzvləri, məktəb direktorları və idman ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Əvvəlcə Olimpiya Mədəniyyəti və Təhsil Proqramı (OCEP) haqqında ümumi məlumat verilib, Beynəlxalq Olimpiya Komitəsinin (BOK) Olimpiya Gününə həsr olunmuş videoçarxı nümayiş olunub. Ardınca MOK-un 2019-2024-cü illər ərzində gördüyü işlərdən bəhs edən video formatında hesabat iştirakçılara təqdim edilib.
Tədbirin rəsmi hissəsində çıxış edən Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə iştirakçıları Olimpiya Günü münasibətilə təbrik edib. MOK vitse-prezidenti bildirib ki, artıq 30 ilə yaxındır ki, ölkəmizdə bu gün bayram kimi qeyd olunur və bununla bağlı müxtəlif kütləvi tədbirlər, idman yarışları keçirilir. Çingiz Hüseynzadə sentyabr ayında Olimpiya Günü ilə bağlı kütləvi idman tədbirinin keçiriləcəyini, bu çərçivədə OCEP/OVEP proqramlarının əhəmiyyətini vurğulayıb və dəstəyə görə Elm və Təhsil Nazirliyinə minnətdarlığını bildirib.
Elm və təhsil nazirinin müavini Firudin Qurbanov çıxışında Beynəlxalq Olimpiya Günü münasibətilə hər kəsi təbrik edib və bu günün təkcə idmanın deyil, həm də sülhün, həmrəyliyin və dostluğun bayramı olduğunu qeyd edib. Elm və Təhsil Nazirliyi ilə Milli Olimpiya Komitəsi arasında uzun illərdir davam edən məhsuldar əməkdaşlığa toxunan elm və təhsil nazirinin müavini Olimpiya Mədəniyyəti və Təhsili Proqramının (OCEP) təkcə şagirdlər üçün deyil, həm də fiziki tərbiyə və ibtidai sinif müəllimləri üçün böyük əhəmiyyət daşıdığını deyib.
Nazir müavini bildirib ki, ölkəmizdə həyata keçirilən idman siyasəti, ölkə Prezidenti cənab İlham Əliyevin idmana göstərdiyi diqqətin və qayğının nəticəsidir ki, Bakı şəhəri artıq dünyanın idman paytaxtından birinə çevrilib.
Məktəblərdə fiziki tərbiyə dərslərinin müasir yanaşmalar əsasında aparılmasının əsas məqsədlərdən olduğunu deyən Firudin Qurbanov idmanın gənclərin tərbiyəsində rolunu xüsusi vurğulayıb, idmanla təhsilin birgə inkişafının vacibliyini qeyd edib.
Sonra OCEP layihəsi üzrə koordinator Nərmin Kərimova OCEP çərçivəsində keçirilən Olimpiya Dəyərlərinin Tədrisi Proqramı (OVEP) proqramı üzrə görülən işlər, təlimlərin nəticələri, gələcək planlara dair təqdimatla çıxış edib.
Həmçinin tədbirdə bildirilib ki, Azərbaycan müstəqil dövlət olaraq Olimpiya Hərəkatına 1992-ci ildən qoşulub. Dövlətimizin başçısı İlham Əliyev 1997-ci ildə Milli Olimpiya Komitəsinin Prezidenti seçildikdən sonra Azərbaycan Olimpiya Hərəkatında sürətli inkişaf başlayıb. İdmançılarımız 30 il ərzində 8 Yay və 6 Qış Olimpiya Oyunlarında iştirak edib, ümumilikdə 9 qızıl, 16 gümüş və 31 bürünc medal qazanıb.
Sonra OVEP üzrə təşkil edilmiş təlimlərin yekunu barədə məlumat verilib.
Rəsmi çıxışlardan sonra OVEP və OCEP üzrə fəal iştirak etmiş şəxslərin təltifetmə mərasimi keçirilib. Onlara diplom və qiymətli hədiyyələr təqdim edilib.
23.06.2025 - 17:00
Digər xəbərlər
-
Prezident İlham Əliyev Cəbrayıl rayonuna səfər çərçivəsində 360 şagird yerlik məktəb binasının açılışını edib
09.05.2026 - 17:36 -
İİB nümayəndə heyəti işğaldan azad edilmiş ərazilərdə təhsil sahəsində görülən işlərlə tanış olub
08.05.2026 - 21:00 -
Ulu öndər Heydər Əliyevin 103 illik yubileyi Elm və Təhsil Nazirliyində qeyd edilib
08.05.2026 - 18:20 -
“Heydər Əliyev və müasir Azərbaycan gəncliyi” mövzusunda Gənclər Forumu keçirilib
08.05.2026 - 14:00 -
Nazir müavini Həsən Həsənli Ağdaşda vətəndaşları qəbul edəcək
07.05.2026 - 15:50
