Millət vəkilləri sertifikatlaşdırma imtahanını izləyiblər
İyunun 19-da təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsinin ikinci günü keçirilib. Test imtahanının gedişatı ilə tanış olmaq üçün Bakı şəhəri 161 nömrəli tam orta məktəbə infotur təşkil edilib.
İnfoturda Elm və Təhsil Nazirliyinin Aparat rəhbəri Mətin Kərimli, Milli Məclisin Elm və təhsil komitəsinin sədri Anar İsgəndərov, Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova, Gənclər və idman komitəsinin sədri Şahin İsmayılov, millət vəkilləri, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) direktoru Eşqi Bağırov, nazirlik yanında İctimai Şuranın sədri Hikmət Əlizadə, İctimai Şura üzvləri, nazirlik və MÜTDA rəsmiləri iştirak ediblər.
İnfotur çərçivəsində iştirakçılar əvvəlcə imtahan prosesinin gedişatı ilə yaxından tanış olub, müəllimlərlə söhbət edərək təəssüratlarını öyrəniblər.
Daha sonra “dəyirmi masa” ətrafında davam edən müzakirələr zamanı tədbir iştirakçılarına sertifikatlaşdırma prosesi barədə ətraflı məlumat verilib, prosesin şəffaflıq prinsipləri əsasında təşkil olunduğu, imtahanlara ictimai nəzarətin təmin edildiyi vurğulanıb. Qeyd edilib ki, imtahanlar ölkə üzrə vahid sistem vasitəsilə izlənilir və bu sistem müasir texnoloji infrastrukturla təmin olunub, ədalətli, şəffaf, o cümlədən etibarlı imtahan mühiti yaradır.
Aparat rəhbəri Mətin Kərimli sertifikatlaşdırma prosesinin müəllimlərin ixtisas üzrə əsas kompetensiyalarını müəyyənləşdirməyə imkan verdiyini, bu mexanizmin müəllimlər arasında sağlam rəqabət mühiti formalaşdırdığını və onların peşəkar inkişafına təkan verdiyini infotur iştirakçılarının diqqətinə çatdırıb.
Milli Məclisin Elm və təhsil komitəsinin sədri Anar İsgəndərov da öz növbəsində sertifikatlaşdırma prosesinin müəllimlərin peşəkarlığının və əməkhaqqının artımına səbəb olmaqla yanaşı, onların nüfuzuna da müsbət təsir göstərdiyini əlavə edib.
“Dəyirmi masa” ətrafında davam edən müzakirələr zamanı millət vəkillərini maraqlandıran çoxsaylı suallar cavablandırılıb, sertifikatlaşdırmanın müəllimlərin peşəkarlıq səviyyəsinin və peşəyə yararlılığının qiymətləndirilməsi məqsədi daşıdığı bir daha diqqətə çatdırılıb.
Sonda millət vəkilləri sertifikatlaşdırma prosesini dəstəklədiklərini vurğulayıb, bu təhsil islahatına ictimai və siyasi dəstəyin vacibliyini qeyd ediblər.
19.06.2025 - 17:00
Digər xəbərlər
-
Prezident İlham Əliyev Cəbrayıl rayonuna səfər çərçivəsində 360 şagird yerlik məktəb binasının açılışını edib
09.05.2026 - 17:36 -
İİB nümayəndə heyəti işğaldan azad edilmiş ərazilərdə təhsil sahəsində görülən işlərlə tanış olub
08.05.2026 - 21:00 -
Ulu öndər Heydər Əliyevin 103 illik yubileyi Elm və Təhsil Nazirliyində qeyd edilib
08.05.2026 - 18:20 -
“Heydər Əliyev və müasir Azərbaycan gəncliyi” mövzusunda Gənclər Forumu keçirilib
08.05.2026 - 14:00 -
Nazir müavini Həsən Həsənli Ağdaşda vətəndaşları qəbul edəcək
07.05.2026 - 15:50
