Həsən Həsənli VII İqtisadiyyat və İdarəetmə Sahəsində Tədqiqatçıların Beynəlxalq Elmi Konfransının açılışında çıxış edib
İyunun 12-də VII İqtisadiyyat və İdarəetmə Sahəsində Tədqiqatçıların Beynəlxalq Elmi Konfransı (ISCEMR-2025) öz işinə başlayıb.
Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC), Heydər Əliyev Mərkəzi, Beynəlxalq Magistratura və Doktorantura Mərkəzi, “Regional İnkişaf” İctimai Birliyinin təşkilatçılığı və Paşa Holdinq şirkətlər qrupunun baş sponsorluğu ilə keçirilən konfrans UNEC-in 95 illik yubileyinə həsr olunub. Konfransın builki mövzusu “Dairəvi iqtisadiyyat və dayanıqlı ekosistem”dir.
Konfrans iştirakçıları öncə Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin məzarını ziyarət edib, önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad edib.
Heydər Əliyev Mərkəzində keçirilən konfransın açılış mərasimində UNEC rektoru Ədalət Muradov, elm və təhsil nazirinin müavini Həsən Həsənli, xarici işlər nazirinin müavini Yalçın Rəfiyev, "UI GreenMetric Dünya Universitetləri" reytinqinin təsisçisi Riri Fitri Sari, “Regional İnkişaf” İctimai Birliyinin Beynəlxalq təşkilatlarla əməkdaşlıq şöbəsinin müdiri Gülbağda Leysanova və “Weevo Srl Benefit” şirkətinin həmtəsisçisi Gabriele Carboni çıxış ediblər.
Rektor Ədalət Muradov builki konfransda 24 ölkədən 57 xarici tədqiqatçının iştirak etdiyini, konfransa təqdim olunan elmi məqalələrdən 224-nün seçilərək xülasələr kitabında təqdim edildiyini deyib. Rektor rəhbərlik etdiyi ali təhsil müəssisəsinin elmi fəaliyyətinə dair statistik məlumatları bölüşərək "Web of Science" və "Scopus" indeksli elmi məqalələrin sayının artım tempinə görə UNEC-in dünyada lider olduğunu bildirib.
Elm və təhsil nazirinin müavini Həsən Həsənli çıxışında ali təhsilin əsas hədəflərindən söz açaraq bu istiqamətlərdən birinin də beynəlxalq reytinqlərdə irəliləmək olduğunu deyib. Həsən Həsənli bununla bağlı sistemli yanaşmanın və kompleks çalışmanın vacibliyini diqqətə çatdırıb. Nazir müavini sistemli yanaşma nəticəsində yaxın dövrdə təhsildə və elmi fəaliyyətlərdə beynəlxalq rəqabətədavamlı uğurların əldə ediləcəyinə əminliyini bildirib. Bu prosesdə tədqiqatçıların rolunun da danılmaz olduğunu vurğulayan Həsən Həsənli sözügedən konfransın bu mənada əhəmiyyətli rol oynayacağını qeyd edib.
Xarici işlər nazirinin müavini, COP29-un baş danışıqçısı Yalçın Rəfiyev COP 29-un uğurlu nəticələrindən və Azərbaycanın bu tədbirə verdiyi töhfələrdən danışıb. Konfransın mövzusunun aktuallığına diqqət çəkən nazir müavini COP-da irəli sürülmüş 14 təşəbbüsün 3-nün enerji ilə bağlı olduğunu və bugünkü konfransın məhz həmin mövzuları əhatə etdiyini diqqətə çatdırıb. Yalçın Rəfiyev konfransda səsləndiriləcək fikirlərin ölkəmizin davamlı və dayanıqlı inkişafına mühüm töhfələr verəcəyindən əminliyini ifadə edib.
"UI GreenMetric Dünya Universitetləri" reytinqinin təsisçisi Riri Fitri Sari 2010-cu ildən fəaliyyət göstərən reytinqin universitetlərin ekoloji dayanıqlılıq və yaşıl təşəbbüslər sahəsində fəaliyyətlərinin qiymətləndirilməsində mühüm rol oynadığını deyib. O, "UI GreenMetrics"in təkcə rəqabət deyil, həm də universitetlər arasında əməkdaşlıq və təcrübə mübadiləsi üçün əvəzsiz platforma olduğunu qeyd edib.
Sonra "Regional İnkişaf” İctimai Birliyinin Beynəlxalq təşkilatlarla əməkdaşlıq şöbəsinin müdiri Gülbağda Leysanova və “Weevo Srl Benefit” şirkətinin həmtəsisçisi Gabriele Carboni mövzu ilə bağlı təqdimatlarla çıxış ediblər.
Konfransda təşkil edilmiş kitab sərgisində iştirakçılar konfrans çərçivəsində çap olunmuş "Dairəvi iqtisadiyyat", "Akademik yazı", konfransa təqdim edilmiş 224 məqalədən ibarət "Xülasələr kitabı", eləcə də "Akademik yazı" və UNEC tərəfindən ingilis dilindən tərcümə olunmuş "Davamlı enerji", "Bazarın hüdudları" kitabları ilə tanış olublar.
Konfransın ikinci hissəsində “COP29 Azərbaycan töhfəsi: iqlim dəyişikliyi və maliyyələşdirilməsi, resurslardan səmərəli istifadə” və “Dairəvi iqtisadiyyatın drayverləri: rəqəmsal transformasiya və dayanıqlı ekosistem” mövzularında panel sessiyalar təşkil edilib.
Qeyd edək ki, konfrans öz işini 13-14 iyun tarixlərində panel müzakirələr və vörkşoplarla davam etdirəcək.
12.06.2025 - 16:15
Digər xəbərlər
-
“Elm və təhsil obyektivdə" foto-video müsabiqəsi başlayır
12.06.2025 - 19:30 -
İdris İsayev AzTU-da Kitabxana İnformasiya Mərkəzinin açılışında iştirak edib
12.06.2025 - 17:45 -
Elm və təhsil naziri "Huawei" şirkətinin rəhbər heyəti ilə görüşüb
12.06.2025 - 17:00 -
Həsən Həsənli VII İqtisadiyyat və İdarəetmə Sahəsində Tədqiqatçıların Beynəlxalq Elmi Konfransının açılışında çıxış edib
12.06.2025 - 16:15 -
Dövlət Proqramı çərçivəsində müsahibə mərhələsinə dair məlumat!
12.06.2025 - 15:54