Nazir müavini "Gələcək təhsil liderləri" müsabiqəsinin mükafatlandırma mərasimində iştirak edib
Mayın 22-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) “Gələcək təhsil liderləri” müsabiqəsinin II mövsümünün bağlanış və mükafatlandırma mərasimi keçirilib.
Tədbirdə elm və təhsil nazirinin müavini Firudin Qurbanov, gənclər və idman nazirinin müavini, "Yüksəliş" müsabiqəsinin İşçi qrupunun rəhbəri Fərhad Hacıyev, Təhsil İnstitutunun direktoru vəzifəsini icra edən Elnur Əliyev, "bp"nin vitse-prezidenti Bəxtiyar Aslanbəyli, eləcə də digər rəsmi qonaqlar, təhsil ictimaiyyəti və ekspertlər iştirak ediblər.
Əvvəlcə layihə rəhbəri, ADPU-nun İctimaiyyətlə əlaqələr və marketinq şöbəsinin müdiri Taleh Mirzəyev müsabiqə ilə bağlı geniş təqdimatla çıxış edib. Bildirib ki, müsabiqə ali təhsil müəssisələri arasında ilk dəfə ADPU-da 2024-cü ildən keçirilir. “bp Azərbaycan” şirkətinin sponsorluğu ilə keçirilən müsabiqənin I mövsümünün qaliblərinin mentorluq proqramı uğurla tamamlanıb, eləcə də 2025-ci ilin fevral-may ayları ərzində müsabiqənin II mövsümü təşkil olunub.
ADPU-nun rektoru Cəfər Cəfərov müsabiqənin məqsədlərindən danışaraq bildirib ki, ilk növbədə istedadlı və liderlik bacarığı olan tələbələri aşkarlayıb onların şəxsi inkişafına dəstək verməyi planlaşdırıblar. Universitetin kadr ehtiyatının formalaşdırılması üçün tələbələrin potensialını aşkarlamaq, məzunları müxtəlif yollarla universitetin idarəçiliyinə cəlb etmək müsabiqənin məqsədlərindən olub.
Rektor tələbələrə uğur arzulayaraq illər keçdikcə layihənin əhatə dairəsinin artacağına və Azərbaycan təhsilinə töhfə verəcək yeni nəsil liderlərin yetişdirilməsində rol oynayacağına inamını ifadə edib.
Elm və təhsil nazirinin müavini Firudin Qurbanov təhsilin gələcək liderlərindən tələb olunan keyfiyyətlərə toxunub. Əlavə edib ki, təhsilin gələcək liderləri elə keyfiyyətlərə malik olmalıdırlar ki, qarşılarına çıxan problemləri həll edə bilsinlər. Bizi gələcəkdə hansı çağırışların, necə problemlərin gözlədiyini bilmirik və bu baxımdan qarşıya çıxacaq istənilən problemi həll etməyi bacaran məzunlar olmalıdır.
Nazir müavini qeyd edib ki, müasir texnologiyaların sürətli inkişafı bir tərəfdən təhsilin inkişafına müsbət təsir edirsə, digər tərəfdən məlum olmayan problemlərə yol açır. Gələcəkdə o insanlar ölkənin inkişafını təmin edəcəklər ki, razılaşdırılmamış mühitdə, böhran vəziyyətində düzgün qərar qəbul etmək bacarığına malik olsunlar.
“bp"nin vitse-prezidenti Bəxtiyar Aslanbəyli öz növbəsində bildirib ki, təmsil etdiyi şirkət iqtisadi fəaliyyəti ilə yanaşı, cəmiyyətin sosial həyatında da yaxından iştirak etməyə çalışır və şirkətin sosial fəaliyyətinin əsas hissəsi təhsil sektorundadır. Həyata keçirilən layihələrin 75 faizi təhsillə bağlıdır.
Bəxtiyar Aslanbəyli sonda bu müsabiqənin qaliblərinin gələcək müəllimlər nəslinin formalaşmasında mühüm rol oynayacaqlarına əminliyini ifadə edib.
Fərhad Hacıyev isə çıxışında deyib ki, “Yüksəliş” müsabiqəsi bir ənənə formalaşdırıb və “Gələcək təhsil liderləri” bu ənənəni davam etdirir. O, müsabiqə qalibləri və ADPU tələbələrinə “Yüksəliş”ə qoşulmağı tövsiyə edib.
Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədrinin müşaviri Aliyə Əliyeva çıxışında tələbələrin belə təşəbbüslərlə qeyri-formal bacarıqlarını inkişaf etdirməsinin olduqca müsbət bir tendensiya olduğunu vurğulayıb.
Sonda “Sən də bacararsan!” şüarı ilə keçirilən müsabiqənin qalibləri mükafatlandırılıb.
Tədbirdə həm də müsabiqənin İşçi qrupunun üzvləri, ekspertləri və ötən ilin qalibi olaraq mentorluq proqramını uğurla tamamlayan tələbə və məzunlar mükafatlandırılıblar.
Tədbir bədii hissə ilə yekunlaşıb.
22.05.2025 - 17:00
Digər xəbərlər
-
Elm və təhsil naziri İSESKO-nun baş direktoru ilə görüşüb
22.05.2025 - 20:00 -
Nazir müavini "Gələcək təhsil liderləri" müsabiqəsinin mükafatlandırma mərasimində iştirak edib
22.05.2025 - 17:00 -
“Quacquarelli Symonds” qlobal reytinq agentliyinin rəhbərliyi ilə görüş keçirilib
22.05.2025 - 12:40 -
Elm və təhsil naziri Beynəlxalq Bakalavriat (IB) təşkilatının baş direktoru ilə görüşüb
22.05.2025 - 11:14 -
Azərbaycan Tələbə Liqasının 2024/2025 mövsümünün bağlanış mərasimi keçirilib
21.05.2025 - 17:51