• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Elm və təhsil naziri media üçün brifinq keçirib

Fevralın 6-da elm və təhsil naziri Emin Əmrullayev media üçün brifinq keçirib. 
 

Brifinqdə təqdimatla çıxış edən Emin Əmrullayev aşağıdakı məsələləri xüsusi olaraq qeyd edib:
 

  • 2025-ci ildə biologiya, kimya, fizika, coğrafiya, informatika, 2026-cı ildə isə tarix, texnologiya, musiqi, təsviri incəsənət, fiziki tərbiyə müəllimləri sertifikatlaşdırma prosesinə cəlb ediləcək. 2026-cı ilin sonunadək bütün fənlər üzrə əlavə 40 min nəfər müəllim sertifikatlaşdırılacaq.
     
  • Ümumi təhsil müəssisələrinə direktorların işə qəbulunda sertifikatlaşdırma balı nəzərə alınan əsas şərtlərdən biri olacaq. Həmçinin ümumi təhsil müəssisələrinə direktor müavinlərinin işə qəbulunda sertifikatlaşdırma balı və direktorun rəyi nəzərə alınacaq. 
     
  • Ümumi təhsil müəssisələrində proseslərin elektronlaşdırılması çərçivəsində “Rəqəmsal məktəb” platforması yaradılıb. Platforma Bakı şəhərində 324 məktəbdə tətbiq olunur. 500 mindən çox şagirdi, 30 mindən çox işçi heyəti əhatə edir. Yeni platforma sayəsində tədris prosesində və idarəetmədə kağız daşıyıcılardan istifadə minimuma endiriləcək. 
     
  • “Rəqəmsal məktəb” platformasında şagird, valideyn, müəllim və direktor üçün bölmələr var. Şagirdlər burada günün dərsi, dərs cədvəli, dərsliklər, videodərslər, ev tapşırıqları, testlər, qiymətlər, şəxsi iş bölmələri ilə tanış ola, valideynlər isə platforma vasitəsilə məktəblə birbaşa ünsiyyət qura, övladının nəticələri ilə tanış ola, həmçinin tədrislə bağlı rəy və təkliflərini verə bilərlər.  Müəllimlər və direktorlar da öz vəzifələrinin icrası ilə bağlı işləri elektron formada yerinə yetirə biləcəklər.
     
  • Növbəti tədris ilindən bütün dövlət ümumi təhsil müəssisələrində “Şagird davranış qaydaları”nın tətbiqi nəzərdə tutulur. Qaydalarda şagirdlərin fiziki təhlükəsizliyi, psixoloji sağlamlığı, onlara qarşı ayrı-seçkilik, həmçinin verbal, sosial-psixoloji və kiberqısnamanın (bullinq) qarşısının alınması kimi bir çox zəruri məsələlər ehtiva olunub.
     
  • Müasir metodiki xidmət modelinə uyğun olaraq, metodistlər 3 səviyyə üzrə fəaliyyət göstərəcək. Məktəb səviyyəli metodistlər metodist, region səviyyəli metodistlər aparıcı metodist, ölkə səviyyəli metodistlər baş metodist sayılacaq. Əsas hədəflər məktəb daxilində təhsilverənlərin davamlı peşəkar inkişaf mexanizminin qurulması, təhsilverənlər üçün peşəkar inkişaf xəttinin yaradılması və ölkədə metodik dəstəklə bağlı institusional sistemin qurulmasıdır.
     
  • 2026-cı ilin sonunadək ölkədə 1000 məktəbdə metodiki fəaliyyətin təşkili və hər bir regionda metodik dəstək qruplarının formalaşdırılması nəzərdə tutulur.
     
  • 2025-ci ildə 130-dək dövlət ümumi təhsil müəssisəsi ilə bağlı rasionallaşdırma tədbirlərinin həyata keçirilməsi nəzərdə tutulub. Rasionallaşdırma üçün əsas meyarlar əhalinin artım dinamikası, infrastruktur, coğrafi əlverişlilik, ən yaxın məktəbə qədər məsafə, siniflərin komplektləşdirilməsi, şagird və müəllim sayıdır. 
     
  • Məktəbəqədər təhsildə dövlət-özəl əməkdaşlığı 24 müəssisə üzrə 1 000-ə qədər uşağı əhatə edir. Bu müəssisələrdə təhsil haqqının bir hissəsi dövlət tərəfindən qarşılanır.
     
  • Xankəndidə yerləşən xəstəxananın bazasında Qarabağ Universitetinin tibb fakültəsinin qurulması nəzərdə tutulur. 
     
  • 2025-2026-cı tədris ilində Qarabağ Universitetində təxminən 1500 tələbə təhsil alacaq. Gələcəkdə Qarabağ Universitetində fakültələrin sayı təxminən 10-12 olacaq, təhsilin 3 səviyyəsi (bakalavriat, magistratura və doktorantura) üzrə təhsil alan tələbə və tədqiqatçıların sayı isə 10 minə çatdırılacaq.
     

Təqdimatdan sonra media nümayəndələrini maraqlandıran çoxsaylı suallar cavablandırılıb.


06.02.2025 - 18:00