Firudin Qurbanov “Səhiyyə İdarəçiləri Zirvəsi 2024” tədbirində iştirak edib
Dekabrın 18-də Azərbaycanda yeni səhiyyə erasına həsr edilən “Səhiyyə İdarəçiləri Zirvəsi 2024” adlı tədbir baş tutub.
Zirvənin tədbirlər proqramı çərçivəsində açılış nitqi ilə çıxış edən TƏBİB-in Strateji inkişaf departamentinin rəhbəri Murad Mirzəyev səhiyyə idarəçilərinin rolu və öhdəliklərini müzakirə etmək üçün tədbirin əhəmiyyətli platformalardan biri olduğunu qeyd edib.
Tədbirin rəsmi hissəsində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev, TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov, səhiyyə nazirinin müavini Nadir Zeynalov, elm və təhsil nazirinin müavini Firudin Qurbanov, Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev, Milli Məclisin Səhiyyə komitəsinin üzvü, millət vəkili Soltan Məmmədov və digər dövlət, hökumət rəsmiləri, eləcə də tibb müəssisələrinin rəhbər heyətləri iştirak ediblər.
Tədbirdə çıxış edən İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev səhiyyə idarəçiliyinin müasir prinsiplər əsasında həyata keçirilməsinin vacibliyindən danışıb.
TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov çıxışında bildirib ki, bu gün TƏBİB tabeli tibb müəssisələrinin rəhbərlərinin idarəetmə bacarıqlarının inkişaf etdirilməsi, resursların effektiv idarəolunması, səhiyyə sahəsinin rəqəmsallaşdırılması, innovativ yeniliklərin tətbiqi, xidmət standartlarının müasir tələblərlə uyğunlaşdırılması istiqamətində önəmli addımlar atır. Eyni zamanda günümüzün tələblərinə uyğun olaraq sağlamlıq, tibbi turizm imkanları, dövlət-özəl tərəfdaşlığı çərçivəsində əməkdaşlıq modelləri üzərində də işlər uğurla davam etdirilir.
Çıxış edən səhiyyə nazirinin müavini Nadir Zeynalov isə bildirib ki, səhiyyə sahəsində ən mühüm addımlardan biri də məhz ölkəmizdə icbari tibbi sığorta sisteminin tətbiq edilməsidir.
Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev çıxışında bildirib ki, Agentlik Səhiyyə Nazirliyi, TƏBİB və digər aidiyyəti dövlət qurumları ilə birlikdə sağlamlıq turizminin inkişafı ilə bağlı strategiya sənədi üzərində işlər aparmaqdadır.
Elm və təhsil nazirinin müavini Firudin Qurbanov çıxışı zamanı qeyd edib ki, gələcəkdə süni intellekt vasitəsilə tibbi xidmətlərin göstərilməsi inkişaf etdiriləcək. Bu istiqamətdə çalışan səhiyyə işçilərini formalaşdırmaq lazımdır. Bu da təbii ki, təhsil sistemi ilə əlaqəlidir. Təhsil sistemində də bu, daima düşünülür və gələcək inkişafı proqnozlaşdırılır. Təhsil sisteminin qarşısında duran əsas məsələ odur ki, biz bu gün elə məzunlar yetişdirməliyik ki, onlar hələ biz bilmədiyimiz vəzifələri yerinə yetirmək istiqamətində səriştəli olsunlar.
Millət vəkili Soltan Məmmədov isə bildirib ki, səhiyyədə dayanıqlı inkişafın təmin edilməsi, rəqəmsallaşma və innovasiyaların tətbiqi yalnız tibbi xidmətlərin keyfiyyətini dəyişən amillər deyil, eyni zamanda sosial rifaha, iqtisadi inkişafa mühüm töhfələr verən yeni yanaşmaları ehtiva edir.
Daha sonra panel müzakirələrinə start verilib.
Qeyd edək ki, tədbirdə iki panel, üç sessiya üzərindən dayanıqlı səhiyyə idarəedilməsi və səhiyyədə yeni imkanlar müzakirə edilib.
18.12.2024 - 19:08
Digər xəbərlər
-
Nazir müavini nazirlik və tabe qurumların kommunikasiyaya məsul əməkdaşları ilə görüşüb
17.04.2025 - 18:00 -
“Arzulara qanad verək” adlı qanvermə aksiyası keçirilib
17.04.2025 - 17:30 -
Elm və təhsil nazirinin Sabirabaddakı vətəndaş qəbulunun vaxtı dəyişdirilib
16.04.2025 - 14:07 -
Özəl məktəbəqədər təhsil müəssisələri üçün qrant proqramı yenidən təşkil ediləcək
15.04.2025 - 15:35 -
Vətəndaş müraciətlərinin statistikası
15.04.2025 - 15:00