“Gənc hüquq müdafiəçiləri” məhkəmə müsabiqəsinin qalibləri mükafatlandırılıb
Dekabrın 18-də “Gənc hüquq müdafiəçiləri” məhkəmə müsabiqəsi qaliblərinin mükafatlandırılma mərasimi keçirilib.
Tədbirdə elm və təhsil nazirinin müavini İdris İsayev, Ali Məhkəmənin sədr müavini Çingiz Əsgərov, Vəkillər Kollegiyasının Aparat rəhbərinin müavini Səttar Məmmədov, millət vəkilləri, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdir müavini Anar Qədiməliyev, Avropa Hüquqşünas Tələbələr Assosiasiyası-Bakı İctimai Birliyinin (“ELSA Azərbaycan”) prezidenti Nazim Çələbiyev və digər qonaqlar iştirak ediblər.
Əvvəlcə “Femida Könüllüləri” Təşkilatı İctimai Birliyi və “ELSA Azərbaycan”ın birgə əməkdaşlığı çərçivəsində keçirilən müsabiqənin finalına vəsiqə qazanmış komandaların səhnələşdirilmiş məhkəmə prosesi izlənilib.
Çıxış edən elm və təhsil nazirinin müavini İdris İsayev müsabiqənin gənc nəslin qanuna hörmət ruhunda formalaşdırılması, vətəndaş cəmiyyətinin əsaslarının möhkəmləndirilməsi, hüquqi savadlılığın artmasına töhfə vermək məqsədilə keçirildiyini bildirib. Nazir müavini dövlət siyasətinin əsas tərkib hissəsi olan intellektual və savadlı gəncliyin yetişdirilməsi işində belə müsabiqələrin rolundan, şagird-tələbə əməkdaşlığının uğurlu nəticələrindən danışıb.
Ali Məhkəmənin sədr müavini Çingiz Əsgərov öz növbəsində finala yüksələn komandaları təbrik edib və onlara uğurlar arzulayıb. Sədr müavini müsabiqədə iştirak edən şagirdlərin gələcəkdə peşəkar hüquqşünas olacağına və ölkəmizdə məhkəmə-hüquq sisteminin inkişafında, insan hüquq və azadlıqlarının etibarlı müdafiəsində mühüm rol oynayacaqlarına inandığını bildirib.
Milli Məclisin deputatı Kamal Cəfərov çıxışında müsabiqənin tələbələrin, eyni zamanda gələcəkdə hüquqşünas olmaq istəyən məktəblilərin inkişafında müstəsna rol oynadığını, onlara nəzəri bilikləri praktik formada tətbiq etməyi və təkmilləşdirməyi öyrətdiyini söyləyib.
Daha sonra müsabiqənin nəticələri açıqlanıb. Nəticələrə əsasən, Bakı şəhərində yerləşən 193 nömrəli tam orta məktəb və 291 nömrəli Ekologiya liseyinin şagirdlərindən ibarət komanda qalib seçilib. Sonda qalib komandalara, həmçinin müxtəlif nominasiyalar üzrə fərqlənən şagirdlərə diplom və hədiyyələr təqdim olunub. Ali Məhkəmənin hakimləri və təlimçilər isə Təşəkkürnamə ilə təltif ediliblər.
1 il əvvəl
Digər xəbərlər
-
Ulu öndərin məzarı ziyarət edilib
10.05.2026 - 12:40 -
Prezident İlham Əliyev Cəbrayıl rayonuna səfər çərçivəsində 360 şagird yerlik məktəb binasının açılışını edib
09.05.2026 - 17:36 -
İİB nümayəndə heyəti işğaldan azad edilmiş ərazilərdə təhsil sahəsində görülən işlərlə tanış olub
08.05.2026 - 21:00 -
Bədii yaradıcılıq müsabiqə-festivalının yekun konserti keçirilib
08.05.2026 - 20:52 -
Ulu öndər Heydər Əliyevin 103 illik yubileyi Elm və Təhsil Nazirliyində qeyd edilib
08.05.2026 - 18:20
