“Qalib ölkənin qalibləri“ mükafatlandırılıb
Dekabrın 17-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə “Qalib ölkənin qalibləri-2024” adlı mükafatlandırma mərasimi keçirilib.
Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra ulu öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra cari ildə istedadlı uşaqların qazandıqları uğurları əks etdirən videoçarx nümayiş etdirilib.
Tədbirdə çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova “Qalib ölkənin qalibləri” layihəsinin artıq ənənə halı aldığını və üçüncü dəfədir ki müxtəlif sahələrdə Azərbaycanın adını yüksəklərə qaldıran uşaqların mükafatlandırıldığını diqqətə çatdırıb. Komitə sədri bildirib ki, hər bir ölkə üçün görüləcək ən vacib iş onun başlıca sərvəti olan insan kapitalının inkişafına sərmayə qoyulması, diqqət və qayğı göstərilməsidir.
Bahar Muradova qələbə qazanan uşaqların uğurlu nəticələrinin hər həsi qürurlandırdığını vurğulayaraq əlavə edib ki, bu gün məktəblərdə yaradılan maddi-texniki baza, yüksək “smart” yeniliklər uşaqların uğurlarının miqyasının daha da genişlənməsinə imkanlar yaradır.
Sədr sonda qalibləri təbrik edərək onlara daha böyük uğurlar arzu edib.
Tədbirdə iştirak edən elm və təhsil nazirinin müavini Firudin Qurbanov müxtəlif sahələrdə qazandıqları nailiyyət münasibətilə uşaqları təbrik edib. Nazir müavini bildirib ki, bu gün gənclərin istedadının aşkar olunması və inkişaf etdirilməsi üçün hər cür şərait yaradılır. Nazir müavininin sözlərinə görə, hər bir gəncdə istedad var, sadəcə onu görmək lazımdır.
Firudin Qurbanov hər il respublika fənn olimpiadalarında kifayət qədər istedadlı şagirdin iştirak etdiyini və aşağı siniflərdə təhsil alanların olimpiada mərkəzlərinə cəlb olunduqlarını qeyd edib. Nazir müavini bir neçə il öncə olimpiadalarda yüksək nəticələr əldə edən gənclərin hazırda dünyanın bir sıra ölkələrində yüksək vəzifələrdə çalışdıqlarını da diqqətə çatdırıb. Uşaqları dövlətin sərvəti adlandıran Firudin Qurbanov istedadlı uşaqların həm də ölkənin gələcək təminatçıları olduğunu vurğulayıb. Qeyd edilib ki, bu uğurlar gələcəkdə konkret fəaliyyətə çevriləcək və ölkəmizin hərtərəfli inkişafına töhfə verəcək.
Çıxış edən gənclər və idman nazirinin müavini Fərhad Hacıyev bildirib ki, dünyanın hazırkı inkişaf sürətinə çatmaq üçün uşaqlar daim öz üzərində çalışmalı və müxtəlif sahələrdə potensiallarını inkişaf etdirməlidirlər.
Mədəniyyət nazirinin müşaviri Cəsarət Valehov da öz növbəsində süni intellekt əsrində yaradıcı təfəkkürün əhəmiyyətindən bəhs edib. Cəsarət Valehov rəqəmsal dünyada öz istedadı və bacarığı ilə seçilməyi bacaran uşaqların uğurlarını yüksək qiymətləndirib.
Qalib uşaqlar adından çıxış edənlər tədbirin təşkili üçün təşəkkürlərini bildirib, dövlət tərəfindən onlar üçün yaradılan şəraitə, göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını ifadə ediblər.
Tədbirdə elm, təhsil, mədəniyyət və idman sahələrində il ərzində Azərbaycanı beynəlxalq olimpiada və yarışlarda təmsil edərək qalib gəlmiş 100 uşaq mükafatlandırılıb.
Sonda mədəniyyət sahəsində uğur qazanmış uşaqlar tərəfindən müxtəlif musiqi alətlərində ifalar səsləndirilib.
1 il əvvəl
Digər xəbərlər
-
Ulu öndərin məzarı ziyarət edilib
10.05.2026 - 12:40 -
Prezident İlham Əliyev Cəbrayıl rayonuna səfər çərçivəsində 360 şagird yerlik məktəb binasının açılışını edib
09.05.2026 - 17:36 -
İİB nümayəndə heyəti işğaldan azad edilmiş ərazilərdə təhsil sahəsində görülən işlərlə tanış olub
08.05.2026 - 21:00 -
Bədii yaradıcılıq müsabiqə-festivalının yekun konserti keçirilib
08.05.2026 - 20:52 -
Ulu öndər Heydər Əliyevin 103 illik yubileyi Elm və Təhsil Nazirliyində qeyd edilib
08.05.2026 - 18:20
