“COP29 Simulyasiyası – Uşaqlar üçün” Ekoloji Forumu keçirilib
Oktyabrın 30-da Elm və Təhsil Nazirliyinin təşəbbüsü, “EkoSfera” Ekoloji-Sosial Mərkəz İctimai Birliyi və Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə “COP29 Simulyasiyası – Uşaqlar üçün” Ekoloji Forumu keçirilib.
Ekoloji Forum BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıq prosesinə töhfə vermək, gənclərin iqlim dəyişikliyi ilə mübarizədə aktiv iştirakını təşviq etmək, eyni zamanda uşaq və gənclərdə ekoloji şüuru formalaşdırmaq, ətraf mühitin qorunması və iqlim dəyişikliyi ilə mübarizədə onların bilik və bacarıqlarını artırmaq məqsədilə keçirilib.
Forumun rəsmi açılışında elm və təhsil nazirinin müavini Firudin Qurbanov, ekologiya və təbii sərvətlər nazirinin müavini Rauf Hacıyev, BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreeva və COP29 Azərbaycanın İqlim üzrə gənclər çempionu Leyla Həsənova çıxışlarında iqlim dəyişikliyi ilə mübarizədə və ətraf mühitin mühafizəsi istiqamətində məktəblilər arasında məlumatlılığın artırılması üçün ekoloji forum kimi tədbirlərin təşkilinin önəmli olduğunu vurğulayıblar.
Rəsmi hissənin yekununda COP29 Təşkilat Komitəsinin üzvü, EkoSfera Ekoloji-Sosial Mərkəz İctimai Birliyinin rəhbəri, Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru Firuzə Sultan-zadə və ekoklub üzvlərinin iştirakı ilə Ekoloji Forumun Bəyannaməsi qəbul edilib və COP29 Azərbaycanın İqlim üzrə gənclər çempionu Leyla Həsənovaya təqdim olunub.
Tədbirin davamı olaraq Forum iştirakçıları üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyi Orxus İctimai Ekologiya İnformasiya Mərkəzi, Tusi-Bohm Planetarium, COP29 Məlumat Mərkəzi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Azərbaycan Milli Xalça Muzeyi, Bakı Zooloji Parkı və Palçıq Vulkanları Turizm Kompleksi kimi məkanlarda paralel sessiyalar, interaktiv seminarlar və işçi qrupları təşkil edilib.
Forumda “Yaşıl Şəbəkə” ekoloji maarifləndirmə proqramı çərçivəsində fəaliyyət göstərən 300-dən çox ekoklub üzvləri iştirak edib.
30.10.2024 - 18:30
Digər xəbərlər
-
“Elm və texnologiya” təqaüdünə layiq görülmüş tələbələrlə görüş keçirilib
02.11.2024 - 12:00 -
“Məktəblərdə ekologiya ayı” layihəsi yekunlaşıb
01.11.2024 - 17:48 -
Azərbaycan “QS Ali Təhsil Pre-sammiti: Asiya Sakit Okean 2024”də təmsil olunub
01.11.2024 - 17:29 -
Vətəndaş müraciətlərinin statistikası
01.11.2024 - 16:18 -
Elm və təhsil naziri UNESCO-nun Qlobal Təhsil Görüşündə çıxış edib
01.11.2024 - 14:21