• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

UFAZ-da onlayn formatda ilk "Məzun Günü"  

İyulun 8-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetində (UFAZ) ilk "Məzun Günü" keçirilib.   

"Microsoft Teams” platforması üzərindən onlayn formatda təşkil olunan tədbirdə Təhsil naziri Ceyhun Bayramov, Fransanın Azərbaycandakı səfiri Zakari Qros, Azərbaycanın Fransadakı səfiri Rəhman Mustafayev, Strasburq Universitetinin xarici əlaqələr üzrə prorektoru İrini Tsamadu Jakoberger, ADNSU-nun rektoru Mustafa Babanlı, UFAZ-ın direktoru Vazeh Əskərov, baş katib Şarlot Payen, yerli və xarici müəllim heyəti, məzunlar, tələbələr və əməkdaşlar iştirak edib.  

Təhsil naziri Ceyhun Bayramov çıxışında fransız həmkarlarla birgə səylər sayəsində əldə edilən müsbət nəticələrdən söz açıb. Nazir bildirib ki, bu əməkdaşlıq Fransa və Azərbaycan arasındakı əlaqələri inkişaf etdirəcək, həm də Azərbaycanda insan kapitalının inkişafına töhfə verəcək. Ceyhun Bayramov qeyd edib ki, UFAZ Azərbaycan və Fransa arasında ikitərəfli münasibətlərdə uğur hekayəsi kimi də qiymətləndirilə bilər.

Fransanın Azərbaycandakı səfiri Zakari Qros da öz növbəsində bütün UFAZ tələbələrini məzun olmaları münasibətilə təbrik edib. Zakari Qros qeyd edib ki, biz tədricən Fransa-Azərbaycan tədqiqatçılarının, işçilərinin, mühəndis və alimlərinin böyüyən cəmiyyətini təşkil edə biləcəyik.

Onlayn tədbirə qoşulan Azərbaycanın Fransadakı səfiri Rəhman Mustafayev UFAZ-ı iki ölkə arasındakı strateji tərəfdaşlığın çox vacib və güclü simvolu kimi qiymətləndirib.

ADNSU-nun rektoru Mustafa Babanlı da "Məzun Günü" ilə bağlı hər kəsi təbrik edərək deyib ki, UFAZ öz tələbələrini verdiyi elmi bilik və peşə bacarıqlarından əlavə həm də həyata hazırlayır. 

Daha sonra çıxış edən Strasburq Universitetinin xarici əlaqələr üzrə prorektoru xanım İrini Tsamadu Jakoberger, UFAZ-ın baş katibi Şarlot Payen UFAZ layihəsini vacib bir nailiyyət kimi qiymətləndirib, məzunları təbrik edib və bütün kollektivə təşəkkür ediblər.

Çıxışlardan sonra UFAZ-ın 4 illik fəaliyyəti ərzində maraqlı anların və tələbələrin uğurlarının əks olunduğu şəkillər və videogörüntülər nümayiş olunub.  

Tədbirin davamında oxuduqları ixtisaslar üzrə yaxşı nəticə göstərən tələbələrdən İradə Bünyatova, Süleyman Qafarlı və Məryəm İsmayılova UFAZ haqqında təəssüratlarını bölüşüb.

Qeyd edək ki, 2016-cı ildə UFAZ-ın I kursuna qəbul olan 141 tələbədən 125 nəfəri bu il məzun olur. UFAZ-ın 2020-2021-ci il magistratura pilləsinə qəbul olan 80 tələbədən 47 nəfəri UFAZ tələbəsidir. 10 UFAZ tələbəsi TOTAL təqaüdünü qazanaraq Fransanın ən aparıcı universitetlərində magistratura pilləsi üzrə təhsil almaq imkanı əldə ediblər. 10-dan çox tələbə müxtəlif xarici universitetlərin magistratura pilləsinə qəbul alıb. UFAZ-ın 17 tələbəsi öz ixtisası üzrə iş tapmağa nail olub.

Xatırladaq ki, UFAZ Azərbaycan və Fransa prezidentlərinin təşəbbüsü ilə 2016-cı ildən fəaliyyətə başlayıb. UFAZ-da təhsil alan tələbələr ADNSU ilə yanaşı Fransanın Strasburq və Renn-1 universitetlərinin də diplomlarını əldə edirlər.

2020-ci ilin sentyabr ayından etibarən tədris olunacaq magistratura proqramlarında da iki diplom təmin edilir. 


3 il əvvəl