Təhsilverənlərin sertifikatlaşdırılması prosesinə başlanılır
İyun ayından etibarən dövlət ümumi təhsil müəssisələrində işləyən təhsilverənlərin mərhələli şəkildə sertifikatlaşdırılması prosesinə başlanılır.
Təhsilverənlərin sertifikatlaşdırılmasının keçirilməsində məqsəd ümumi təhsil müəssisələrində pedaqoji və idarəetmə fəaliyyəti ilə məşğul olan, ali və orta ixtisas təhsilinə malik təhsilverənlərin peşəkarlıq səviyyələrinin və peşə yararlılıqlarının yoxlanılması, onların peşəkar inkişafına nail olmaq və təlim ehtiyaclarını öyrənməkdir.
Sertifikatlaşdırma prosesinə birinci mərhələdə ibtidai təhsil səviyyəsi üzrə Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Abşeron-Xızı, Quba-Xaçmaz və Gəncə-Daşkəsən Regional Təhsil idarələrinə tabe olan, həmçinin Təhsil Nazirliyinin birbaşa tabeliyindəki ümumi təhsil müəssisələrində çalışan ibtidai sinif müəllimlərinin cəlb olunması nəzərdə tutulur.
Təhsilverənlərin sertifikatlaşdırılması prosesi üzrə hazırlıqlara iyun ayında, test imtahanı mərhələsinə isə avqust ayının sonlarında başlanılması nəzərdə tutulur.
Sertifikatlaşdırmanın nəticələri təhsilverənlərin karyera inkişafında və əməyinin stimullaşdırılmasında nəzərə alınacaq. Üzrlü səbəblərdən sertifikatlaşdırmada iştirak etməyən və ya sertifikasiya üçün tələb olunan minimum balı toplamayan şəxslər 1 il müddətində iş yeri saxlanılmaqla, təkrar sertifikatlaşdırmada iştirak etmək hüququna malik olacaqlar.
Sertifikatlaşdırma iki mərhələdən (test və müsahibə mərhələsi) ibarət olmaqla keçiriləcək və ilk dəfə işə qəbul olunanlar (5 il müddətində), hamilə qadınlar, uşağının üç yaşınadək sosial məzuniyyətdə olan və həmin məzuniyyət bitdikdən sonra 1 ildən az müddətdə müvafiq vəzifədə (peşədə) çalışan qadınlar (uşağını təkbaşına böyüdən kişilər) bu prosesdə iştirak etməyəcəklər. Sözügedən prosesin təşkili məqsədilə Təhsil Nazirliyi tərəfindən Təhsilverənlərin Sertifikatlaşdırılması Şurası yaradılıb, Şuranın əsasnaməsi və tərkibi təsdiq olunub.
Sertifikatlaşdırma prosesinin növbəti mərhələləri barədə ictimaiyyətə əlavə məlumat veriləcək.
Sertifikatlaşdırılma prosesi üçün nəzərdə tutulmuş qiymətləndirmə çərçivəsi ilə bu linkə (https://www.arti.edu.az/az/presentation/1393-tahsilveranlarin-sertifikatlasdirilmasinin-qiymatlandirma-carcivasi) daxil olaraq tanış ola bilərsiniz.
Təhsilverənlərin sertifikatlaşdırılması ilə bağlı suallar və onların cavabları
4 il əvvəl
Digər xəbərlər
-
Elm və Təhsil Nazirliyi və “OpenAI” süni intellektin təhsildə tətbiqi üzrə əməkdaşlığı genişləndirir
23.09.2026 - 09:38 -
Bakıda yerləşən ali təhsil müəssisələrində tədris distant təşkil olunacaq
22.09.2026 - 19:50 -
Nazir uşaqlar üçün təhlükəsiz rəqəmsal sistemlərin qurulmasına dair yüksək səviyyəli tədbirdə iştirak edib
22.09.2026 - 14:28 -
Elm və təhsil naziri “Gələcəyi Birlikdə Qurmaq naminə Tərəfdaşlıq” tədbirində iştirak edib
22.09.2026 - 12:57 -
Nazirliyin əməkdaşlarına dövlət təltifləri təqdim edilib
17.09.2026 - 17:21
