Bakı şəhəri təhsil işçilərinin sentyabr konfransı keçirilib
Sentyabrın 11-də Bakı şəhəri təhsil işçilərinin ənənəvi sentyabr konfransı keçirilib.
Konfransda Azərbaycan Respublikasının təhsil naziri Mikayıl Cabbarov, nazirliyin struktur bölmə rəhbərləri, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin rəhbərliyi və əməkdaşları, məktəb direktorları, müəllimlər, məzunlar və media nümayəndələri iştirak ediblər.
Tədbirdən öncə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin əməkdaşları və bir sıra təhsil işçiləri Fəxri Xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edərək ruhuna hörmət və ehtiramlarını bildiriblər.
Konfrans Dövlət himninin səsləndirilməsi ilə başlayıb.
Daha sonra Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva hesabat məruzəsi ilə çıxış edib. Konfrans iştirakçılarını salamlayan Məhəbbət Vəliyeva ötən dərs ilinin paytaxtın təhsil həyatında bir sıra parlaq uğurlarla yadda qaldığını bildirib. Əldə olunan nailiyyətlərin müqayisəli təhlilini aparan idarə müdiri ümumi təhsilin müxtəlif istiqamətləri üzrə görülmüş işlərə diqqət çəkib, perspektiv məsələlərdən bəhs edib.
M.Vəliyeva çıxışında BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrinin 2017-2018-ci tədris ilinə tam hazır olduğunu və növbəti dərs ilində daha yüksək nailiyyətlər qazanılacağına əminliyini ifadə edib.
Konfransda çıxış edən təhsil naziri Mikayıl Cabbarov təhsil sahəsindəki uğurlardan və mövcud problemlərin həlli istiqamətində atılacaq addımlardan danışıb. “Bilik Günü” münasibətilə təhsil işçilərinə təbriklərini çatdıran nazir bir sıra digər həlli vacib məsələlərə, yeni dərs ilində qarşıda duran əsas hədəflərə toxunub.
Təhsil naziri çıxışı zamanı “Ümumi təhsildə keyfiyyət ili” elan edilmiş növbəti tədris ilinin fəaliyyət baxımından daha zəngin olacağını vurğulayıb.
Nazir respublika üzrə bilik yarışlarında, beynəlxalq olimpiadalarda və ali məktəblərə qəbul imtahanlarında uğur qazanan şagirdlərin sayının ilbəil artdığını bildirib. Təhsil naziri çıxışında məktəb idarəetməsi, məktəblərin reytinqi, müəllimlərin peşəkarlıq səviyyəsinin artırılması və ümumilikdə, tədrisin keyfiyyətinin yüksəldilməsi kimi məsələlərin növbəti tədris ilində əsas prioritet istiqamətlərdən olacağını qeyd edib.
Ümumi təhsil müəssisələrində 2017-2018-ci tədris ilinin ilk dərs məşğələsinin “Cocuq Mərcanlı-tarixi qayıdışın başlanğıcı” mövzusuna həsr olunacağını bildirən nazir bunun uşaq və gənclərin vətənpərvərlik tərbiyəsinin möhkəmləndirilməsində mühüm əhəmiyyəti olacağını da söyləyib.
Sonra 95 nömrəli tam orta məktəbin direktoru Fuad Babayev, 108 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi Əzət Balayeva, 162 nömrəli tam orta məktəbin məzunu və bu il ali məktəblərə qəbul imtahanında 700 bal toplayan, Bakı Ali Neft Məktəbinin I kurs tələbəsi Mahirə Əsədzadə çıxış ediblər.
Konfransda 2016-2017-ci tədris ili ərzində BŞTİ-nin əldə etdiyi uğurları əks etdirən videoçarx nümayiş olunub.
Tədbirdə, həmçinin paytaxt məktəblilərinin ifası dinlənilib.
Konfransın sonunda ümumi təhsil müəssisələrinin qızıl və gümüş medala layiq görülən məzunlarına hədiyyələr təqdim edilib.
7 il əvvəl
Digər xəbərlər
-
Leyla Əliyeva STEAM İnnovasiya Mərkəzini ziyarət edib
30.12.2025 - 17:28 -
2025-2026-cı tədris ili üzrə Dövlət Proqramı çərçivəsində xaricdə təhsil üçün universitet və proqramların siyahısı açıqlanıb
29.12.2024 - 16:23 -
Vətəndaş müraciətlərinin statistikası
29.12.2024 - 15:00 -
Elm və təhsil naziri daha bir neçə rayonun məktəb direktorları ilə görüşüb
28.12.2024 - 17:44 -
“Təhsildə könüllü fəaliyyətin təşkili” qrant müsabiqəsinin nəticələri açıqlanıb
28.12.2024 - 16:40