Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin
və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Təhsil nazirinin “Orta təhsil kursu üzrə buraxılış imtahanlarının aparılması barədə” əmrinin icrasını təmin etmək məqsədilə Təhsil Nazirliyi, Təhsil Problemləri İnstitutu, Bakı şəhəri üzrə Təhsil İdarəsinin müvafiq rayon və şəhərlərə koordinator qismində təyin edilmiş əməkdaşları oktyabrın 20-26-da Bakı, Sumqayıt şəhərləri, Abşeron və Qobustan rayonları istisna olmaqla, respublikanın digər şəhər və rayonlarında fəaliyyət göstərən ümumtəhsil məktəbləri və peşə liseylərində olmuşlar.
Koordinatorlar buraxılış siniflərində oxuyan 80 minə qədər şagird, onların valideyni, müəllim və imtahan nəzarətçisi kimi iştirak edəcək müəllimlərlə görüşmüş, imtahan prosesində onların vəzifələri haqqında treninqlər keçirmişlər.
Treninqlərdə 2008-2009-cu tədris ilində mərkəzləşdirilmiş qaydada yoxlama imtahanlarının qərargah Bakı, Gəncə, Quba, Şəki və Lənkəran şəhərləri olmaqla, 5 bölgə üzrə keçiriləcəyi barədə məlumat verilmiş, şagird, valideyn, müəllim və nəzarətçilərin çoxsaylı sualları cavablandırılmış, keçən tədris ilinin imtahanları zamanı fərqlənən və nöqsanlara yol vermiş bina rəhbərləri və nəzarətçilər haqqında məlumatlar diqqətə çatdırılmışdır.
Eyni zamanda rayon (şəhər) təhsil şöbələri ilə birlikdə 2008-2009-cu dərs ili üçün yeni imtahan mərkəzləri müəyyənləşdirilmiş, test bankı, şagirdlər və nəzarətçilər üçün yaddaş, həmçinin imtahanda psixoloji gərginliyin aradan qaldırılmasını təmin etmək məqsədi ilə hazırlanmış sənədlərin yerlərə çatdırılması təmin olunmuşdur.
2008-2009-cu tədris ilində tətbiq ediləcək yeniliklər, o cümlədən, hər sinif otağında imtahan verəcək 18 nəfər şagirdin hər birinin ayrı-ayrı variantlar üzrə imtahan verməsi, imtahan sualların sayının azaldılması, test kitabçası və cavab kartında sualların ardıcıl nömrələnməsi, şagird nəticələrinin yekun qiymətləndirilməsi, yəni attestata yazılacaq qiymətin X və XI siniflər üzrə illik və XI sinif yoxlama və buraxılış imtahanlarındakı qiymətlər əsasında çıxarılması barədə məlumatlar treninq iştirakçılarının nəzərinə çatdırılmışdır.
Təhsil Nazirliyinin bölgələrə ezam etdiyi koordinatorlar yerlərdə cari tədris ilindən ümumtəhsil məktəblərinin I siniflərində tətbiq olunan kurrikulumlarla bağlı işin gedişi ilə yaxından maraqlanmış, rayon (şəhər) təhsil şöbələrində müvafiq yığıncaqlar keçirmiş, məktəblərin birinci siniflərində dərslərin gedişində iştirak etmiş və müvafiq tövsiyələr vermişlər.
Koordinatorlar yerli təhsili idarəetmə orqanlarının nümayəndələri ilə birlikdə bütün ümumtəhsil məktəblərində olmuş, onların vəziyyəti barədə ətraflı məlumatları Təhsil Nazirliyinə təqdim etmişlər.
Bu treninqlərin davamı olaraq, noyabr ayından Nazirliyin Monitorinq və qiymətləndirmə şöbəsinin əməkdaşları tərəfindən Bakı, Sumqayıt şəhərlərinin, Abşeron və Qobustan rayonlarının ümumtəhsil məktəblərinin XI sinif şagirdləri, onların valideynləri və fənn müəllimləri ilə təlimati yığıncaqlar keçirilməsinə başlanılmışdır. Artıq Bakı şəhərinin Əzizbəyov rayonunda bu təlimatı işin aparılması prosesi başa çatdırılmışdır. Dekabr ayının sonunadək qalan rayonların təlimatlandırılması tamamlanacaqdır.
2009-cu ilin yanvar ayından imtahan prosesinə hazırlıq məqsədi daşıyan təlimati yığıncaqların təkrar keçirilməsi nəzərdə tutulur.
Keçirilmiş treninqlər şagirdlər, onların valideynləri və müəllimlər tərəfindən müsbət qarşılanmış, irəli sürülən təkliflər müzakirə olunmuş və gələcəkdə nəzərə alınması məqsədəuyğun hesab edilmişdir.
10 il əvvəl
Digər xəbərlər
-
Füzuli şəhərində 1 nömrəli körpələr evi-uşaq bağçasının açılışı olub
24.04.2026 - 17:00 -
Nazir müavini Həsən Həsənli Şamaxıda müəllim və valideynlərlə görüşüb
24.04.2026 - 16:00 -
Aparat rəhbəri Tərtərdə təhsil müəssisələrinin fəaliyyəti ilə tanış olub
24.04.2026 - 15:00 -
Qarabağ regionu üzrə təhsil işçiləri üçün “Antikorrupsiya davranış modelinin formalaşdırılması” mövzusunda təlim keçirilib
24.04.2026 - 14:00 -
Elm və təhsil naziri “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb
24.04.2026 - 11:00
