Mayın 20-də Təhsil Nazirliyinin “Edumedia Azərbaycan” təşkilatı ilə birgə təşkil etdiyi “Promethean interaktiv lövhələrinin tədrisdə tətbiqi” müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.
Tədbirdə təhsil nazirinin müavini Ceyhun Bayramov, “Edumedia Azərbaycan” təşkilatının direktoru Orxan Əzizov, ali və ümumi təhsil məktəblərinin rəhbərləri iştirak ediblər.
Mərasimdə dünən Bakının Binəqədi rayonundakı binada baş vermiş yanğın nəticəsində həlak olan insanların xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tədbirdə çıxış edən təhsil nazirinin müavini Ceyhun Bayramov bildirib ki, müsabiqənin keçirilməsində məqsəd müasir informasiya-kommunikasiya texnologiyalarının təhsildə istifadəsini genişləndirməkdən ibarətdir. Nazir müavini təhsil sistemində informasiya-kommunikasiya texnologiyalarının tətbiqinə böyük diqqət yetirildiyini vurğulayıb. Azərbaycanda təhsil sisteminin informasiyalaşdırılmasına dair Dövlət Proqramının hazırlanması istiqamətində işlərin davam etdiyini bildirən C.Bayramov son bir ildə 60 elektron dərslik, 120-yə yaxın video dərs hazırlandığını qeyd edib.
“Promethean” şirkətinin Mərkəzi Asiya üzrə regional meneceri Con Makdermot layihə barədə tədbir iştirakçılarına məlumat verib.
Müsabiqə I-IV siniflər üçün hazırlanmış ən yaxşı resurs, V-XI siniflər üçün hazırlanmış ən yaxşı resurs və ən yaxşı təlimçi işi nominasiyaları üzrə keçirilib. İştirakçıların əsas vəzifəsi məktəb kursunun bir və ya bir neçə mövzusunu əhatə edən, “Activinspire” proqramının köməkliyi ilə hazırlanmış elektron materiallardan ibarət və metodiki şərhlərlə əsaslandırılan didaktik material təqdim etmək idi. Müsabiqə dövründə 200-dən artıq resurs qəbul olunub və onlar arasından qaliblər seçilib.
Çıxışlardan sonra qaliblərə mükafatlar təqdim olunub. Onlara diplomla yanaşı, Böyük Britaniyanın “Promethean” şirkətinin məhsulları olan "Promethean ActivExpression", "Promethean ActivView" və "Promethean ActivSlate" avadanlıqları verilib.
"ActivExpression" vasitəsilə şagirdlər müəllimin verdiyi sualları cavablandırır, müəllim isə nəticələri elektron lövhənin ekranında müşahidə edir. "ActivView" kameranın qarşısında yerləşdirilən hər hansı obyektin təsvirini elektron lövhədə nümayiş etdirir. “ActivSlate" vasitəsilə müəllim uzaq məsafədən belə elektron lövhə üzərində əməliyyat apara və qeydlər edə bilər.
Qeyd edək ki, Təhsil Nazirliyi ölkənin 640-dan çox ümumi təhsil məktəbinə belə elektron lövhələr verib. Bundan əlavə, elektron lövhədən istifadənin effektivliyinin artırılması məqsədilə ümumi təhsil məktəblərindən 4300-dən çox müəllimə təlim keçirilib.
Bu lövhələrin əsas üstünlükləri minlərlə elektron dərsliklərə çıxış imkanı, eyni zamanda iki istifadəçinin eyni zamanda işləməsinə şərait yaratması, müxtəlif əməliyyat sistemləri ilə işləmə qabiliyyətidir.
9 il əvvəl
Digər xəbərlər
-
“Elm və təhsilə birgə baxış” layihəsi çərçivəsində universitetlərdə görüşlər keçirilir
03.06.2025 - 10:09 -
Elm və təhsil naziri Daşkəsəndə vətəndaşları qəbul edəcək
02.06.2025 - 17:21 -
Vətəndaş müraciətlərinin statistikası
02.06.2025 - 16:35 -
Xankəndidə “Qarabağ Təhsil və Tərəfdaşlıq Forumu” keçirilib
02.06.2025 - 15:28 -
Qarabağ Universitetində AMEA-nın 80 illiyinə həsr olunmuş elmi konfrans keçirilib
01.06.2025 - 18:31