Məktəblilər arasında “Şuşa ili”nə həsr olunmuş “Könlüm keçir Qarabağdan” adlı respublika incəsənət festival-müsabiqəsinin keçirilməsi barədə Azərbaycan Respublikası Təhsil nazirinin əmri
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 fevral 2022-ci il tarixli 124s nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Şuşa İli” ilə bağlı Tədbirlər Planı”nın 10-cu bəndinin icrası, Azərbaycan Respublikası Prezidentinin 2022-ci ili “Şuşa ili” elan etməsi ilə əlaqədar Şuşa şəhərinin zəngin abidələrini, memarlıq komplekslərini, göz oxşayan füsunkar təbiətini uşaq və gənclərin yaddaşına həkk etdirmək, milli mədəniyyəti və incəsənəti təbliğ etmək, yeni istedadları üzə çıxarmaq, xüsusi bacarığa malik olan uşaq və gənclərin yaradıcılıq qabiliyyətlərini inkişaf etdirmək məqsədilə Azərbaycan Respublikasının “Təhsil Nazirliyi haqqında Əsasnamə”nin 13.5-ci bəndini rəhbər tutaraq əmr edirəm:
1. 2022-ci ilin mart-iyun aylarında 3 mərhələ üzrə məktəblilər arasında “Şuşa ili”nə həsr olunmuş “Könlüm keçir Qarabağdan” adlı respublika incəsənət festival-müsabiqəsi keçirilsin.
2. Məktəblilər arasında “Könlüm keçir Qarabağdan” adlı respublika incəsənət festival-müsabiqəsi haqqında Əsasnamə təsdiq edilsin.
3. Məktəblilər arasında “Könlüm keçir Qarabağdan” adlı respublika incəsənət festival-müsabiqəsinin Təşkilat komitəsi və Münsiflər heyətinin tərkibi təsdiq edilsin.
4. Məktəbdənkənar fəaliyyətin təşkili şöbəsi (E.Əliyev) festival-müsabiqənin keçirilməsi üçün lazımi təşkilati işləri yerinə yetirsin və bununla bağlı satın alınması tələb olunan mal, iş və xidmətlər barədə məlumatı Əsaslı Tikinti və Təchizat İdarəsinə təqdim etsin.
5. Maliyyə şöbəsi (R.Orucov) müvafiq mal, iş və xidmətlərin satın alınması ilə əlaqədar Əsaslı Tikinti və Təchizat İdarəsinin sifarişi əsasında həmin İdarəyə vəsaitin ayrılmasını təmin etsin.
6. Əsaslı Tikinti və Təchizat İdarəsi (V.Mirzalıyev) festival-müsabiqənin keçirilməsi, qaliblərin mükafatlandırılması ilə əlaqədar mal, iş və xidmətlərin satın alınması üzrə lazımi tədbirlərin həyata keçirilməsini təmin etsin.
7. Yerli təhsili idarəetmə orqanlarının rəhbərləri festival-müsabiqənin yüksək səviyyədə təşkili və keçirilməsini təmin etsinlər.
8. İnformasiya və vətəndaşlara xidmət şöbəsi (R.Xanlarov) əmrin əlavələrlə birlikdə surətinin göndərilmə siyahısına uyğun olaraq çatdırılmasını təmin etsin.
9. İctimaiyyətlə əlaqələr sektoru (C.Valehov) əmrin əlavələrlə birlikdə Təhsil Nazirliyinin rəsmi saytında və “Azərbaycan müəllimi” qəzetində yayımlanmasını təmin etsin.
10. Əmrin icrasına nəzarət nazir müavini Firudin Qurbanova həvalə olunsun.
Əsas: ”Şuşa ili” ilə bağlı Tədbirlər Planı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 fevral 2022-ci il tarixli 124s nömrəli Sərəncamı.
Emin ƏMRULLAYEV,
Azərbaycan Respublikasının Təhsil naziri
29 mart 2022-ci il
F-148