• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Dərslikləri Qiymətləndirmə Şurası haqqında Əsasnamə

 Azərbaycan Respublikası təhsil nazirinin 
27 fevral 2014-cü il tarixli, 252 nömrəli
 əmri ilə təsdiq olunmuşdur 
 
 
 
I. Ümumi müddəalar
 
1.1. Dərslikləri  Qiymətləndirmə Şurası (bundan sonra “Şura”) Azərbaycan Respublikasında müəyyən edilmiş  dərslik siyasətinə uyğun olaraq, ümumtəhsil məktəb dərsliklərinin ekspertizası və  qiymətləndirilməsini həyata keçirmək məqsədi ilə Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən yaradılan və bu Əsasnamə ilə üzərinə düşən vəzifələri müstəqil şəkildə həyata keçirən ictimai təsisatdır.
1.2. Şura öz fəaliyyətində Azərbaycan Respublikası qanunvericiliyini, Təhsil Nazirinin 30.03.2012-ci il tarixli 517 N-li Əmri ilə təsdiq edilmiş “Dərsliklərin Qiymətləndirməsi Meyarlarını” və bu Əsasnaməni rəhbər tutur.
1.3. Şuranın iclaslarının keçirilməsi ilə bağlı təşkilati məsələlər Azərbaycan Respublikası Təhsil Nazirliyinin müvafiq struktur qurumu tərəfindən həyata keçirilir.
 
 
II.Şuranın tərkibinin formalaşdırılması
 
2.1.Şura sədr, sədr müavini və 15 nəfər üzvdən ibarət olmaqla aşağıdakı sahələr üzrə mütəxəssislərdən formalaşır:
2.1.1.tədris dilləri;
2.1.2.ədəbiyyat;
2.1.3.riyaziyyat-informatika;
2.1.4.təbiət fənləri;
2.1.5.ictimai-sosial fənlər;
2.1.6.ibtidai təhsil;
2.1.7.təhsilin məzmunu – kurikulum;
2.1.8.yaş psixologiyası və fiziologiya;
2.1.9.dərslik nəşri və dizayn;
2.2.Bu Əsasnamənin 2.5-ci bəndində göstərilən tələblərə cavab verən hər bir şəxs Şura üzvlüyünə namizədliyini (Təhsil Nazirliyinin müəyyən etdiyi formada ərizə ilə müraciət etməklə) müstəqil irəli sürə bilər.
2.3.Şura üzvlərini Şura üzvlüyünə namizədliyini vermiş şəxslərin sırasından Təhsil Nazirliyində yaradılmış işçi qrupu seçir.
2.4.Seçilmiş şəxslər Təhsil Nazirinin əmri ilə Şura üzvlüyünə 3 il müddətinə təyin olunurlar.
2.5.Dərslik hazırlığı üzrə fəaliyyət göstərən nəşriyyat-poliqrafiya müəssisələrində çalışanlar və bu Əsasnamənin 2.7-ci bəndində göstərilən əsaslara görə Şura üzvlüyündən xaric edilmiş şəxslər istisna olmaqla ali təhsilli, ən azı 5 il pedaqoji staja malik (2.1.7 - 2.1.9. bəndlərdə göstərilən şəxslər istisna olmaqla), müasir təhsil proqramlarının mahiyyətinə hərtərəfli bələd olan və onların tətbiqində bilavasitə iştirak edən şəxslər Şura üzvü təyin edilirlər.
2.6.Bir şəxs iki dəfədən artıq Şura üzvü təyin edilə bilməz.
2.7.Üzürlü səbəb olmadan Şuranın 3 iclasında iştirak etməyən, bu Əsasnamənin tələblərini kobud şəkildə pozan şəxslərin Şura üzvlüyünə xitam verilir.
 
 
III. Şuranın əsas vəzifələri, funksiyaları və hüquqları
 
3.1.Şura Təhsil Nazirliyində yaradılmış ekspert bankından ümumi təhsil müəssisələri üçün dərsliklərin qiymətləndirilməsi üzrə ekspert qruplarına (bundan sonra “ekspert qrupu”) üzvləri seçir və onların işini təşkil edir.
3.2.“Ümumi təhsil müəssisələri üçün dərsliklərin qiymətləndirilməsi üzrə ekspert qruplarının formalaşdırılması və iş Qaydası”nın layihəsini hazırlayıb təsdiq üçün Təhsil Nazirliyinə təqdim edir.
3.3.Dərsliklərin qiymətləndirməsi üzrə təlimlərin keçirilməsi ilə bağlı təkliflər verir.
3.4.Məxfiliyi ciddi təmin etməklə Şuraya daxil olmuş dərsliklərin əlyazmalarının məzmununun qiymətləndirilməsi işinə rəhbərlik edir.
3.5.Dərsliklərin qiymətləndirilməsi ilə bağlı ekspert qruplarının rəylərini müzakirə edərək qəbul olunan yekun qərarları Nazirliyə təqdim edir.
3.6.Ekspert qruplarında yaranan mübahisəli məsələləri həll edir.
3.7.Ekspertlərin fəaliyyəti ilə  bağlı rəy və təkliflər verir.
3.8.Təhsil Nazirliyinin tövsiyəsi ilə istifadədə olan dərslikləri qiymətləndirir.
3.9.Ekspert qruplarının işinə nəzarəti həyata keçirir.
3.10.Qiymətləndirmənin yekunları barədə Təhsil Nazirliyinə yazılı hesabat verir.
3.11.Ekspert qrupunun işində üzürsüz səbəbdən 3 və daha artıq halda   iştirak etməyən üzvləri yenisi ilə əvəz edir.
 
 
IV.  Şura üzvlərinin hüquq və vəzifələri
 
4.1.Şura üzvləri aşağıdakı hüquqlara malikdir:
4.1.1.əlyazması ilə bağlı öz fikrini sərbəst ifadə etmək;
4.1.2.ekspertizanın nəticəsi ilə bağlı hazırlanmış yekun rəylə tanış olmaq;
4.2.Şura üzvlərinin əsas vəzifələri aşağıdakılardır:
4.2.1.ekspert qrupunun rəyi ilə tanış olmaq və münasibət bildirmək;
4.2.2.qiymətləndirmə prosesində məxfiliyə ciddi riayət etmək;
4.2.3.maraqların toqquşması hallarının yaranmasına yol verməmək;
4.2.4.ekspert qrupunun işinin müəyyən edilmiş vaxtda başa çatdırılmasını təmin etmək;
4.2.5.fəaliyyətlərini kənar müdaxilə olmadan həyata keçirmək;
4.2.6.qiymətləndirməyə təqdim olunmuş əlyazmanın müəllifinin öz yaxın qohumu olduğunu aşkar etdiyi halda həmin əlyazmanın qiymətləndirilməsində iştirakdan Təhsil Nazirliyinə məlumat verməklə imtina etmək;
4.2.7.Şuranın gündəliyinə çıxarılan və öz ixtisasına aid dərslik əlyazmasının müzakirəsində iştirak etmək;
 
4.2.8.ekspert qruplarının iclaslarında iştirak etmək.

 

 

 

V. Şuranın fəaliyyətinin təşkili
 
5.1.Şuranın fəaliyyətinə Şura üzvləri arasından seçilmiş və təhsil naziri tərəfindən 3 il müddətinə təyin olunan sədr rəhbərlik edir.
5.2.Şuranın sədri:
5.2.1.Şuranı təmsil edir;
5.2.2.Şura iclaslarının gündəliyini müəyyən edir və iclaslara sədrlik edir;
5.2.3.Şura üzvlərinin ekspert qruplarının işində iştirakını təmin edir.
5.2.4.Şuranın sədr müavininin səlahiyyətlərini müəyyən edir.
5.3.Şuranın iclasları dərsliklərin qiymətləndirilmə prosesi zamanı zəruri hallarda keçirilir.
5.4.Şuranın ilk iclasında Şura üzvlərindən Şura sədrinin müavini (müavinləri) və Şuranın katibi seçilir.
5.5.Zəruri hallarda Şura iclaslarına Təhsil Nazirliyinin və Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının nümayəndələri dəvət olunurlar.
5.6.Şura üzvlərinin 2/3-si iştirak etdikdə Şura iclasları səlahiyyətli sayılır.
5.7.Şura iclasında qərarlar sadə səs çoxluğu ilə qəbul olunur. Şura sədri sonda səs verir. Səslər bərabər olduğu halda, Şura sədrinin səsi həlledici sayılır.
5.8.Şuranın iclaslarında qəbul edilən qərarlar Şuranın sədri və katibi tərəfindən imzalanan protokolla rəsmiləşdirilir.
5.9. Şuranın fəaliyyəti barədə Azərbaycan Respublikası Təhsil Nazirliyinə mütəmadi məlumat verilir.
5.10. Şuranın fəaliyyətinin nəticələrinə görə onun üzvləri Təhsil Nazirliyi tərəfindən mükafatlandırıla bilər.