Magistrlik dissertasiyasının müdafiəsi üçün ixtisaslaşdırılmış elmi şuralar haqqında əsasnamə
Təhsil nazirliyinin 10.11.98-ci il tarixli 742 saylı əmri ilə təsdiq olunmuş “magistrlik dissertasiyasının müdafiəsi üçün ixtisaslaşdırılmış elmi şuralar haqqında”
əsasnamə
I. Magistrlik dissertasiyasının müdafiəsi üçün ixtisaslaşdırılmış elmi şuraların
yaradılması və fəaliyyətinin təşkili
1.1. Magistrlik dissertasiyasının müdafiəsi üçün ixtisaslaşdırılmış elmi şuralar (bundan sonra şuralar) çoxpilləli ali təhsil sisteminin ikinci pilləsində məzunların yekun buraxılış attestasiyasını həyata keçirir.
Şuralar magistr hazırlığını həyata keçirən ali təhsil müəssisələrində müvafiq fakültə dekanının vəsatəti əsasında rektorun əmri ilə ayrı-ayrı istiqamətlər və ya ixtisaslar üzrə təqvim ili müddətinə yaradılır.
1.2. Şuraların tərkibinə uyğun fakültənin dekanı, müvafiq kafedraların müdirləei, həmin sahə üzrə elmi dərəcə və elmi adı olan aparıcı elmlər doktorları və namizədləri daxil edilirlər. Şura üzvlərinin sayı 7-11 nəfər olur.
Şuranın sədri elmin müvafiq sahəsi üzrə yüksək nüfuza və müvafiq elmi məktəbə malik olan alimlər içərisindən Təhsil Nazirliyi tərəfindən təyin edilir. Şura sədrinin müavini, elmi katibi və tərkibi ali məktəbin rektorunun əmri ilə təyin olunur.
1.3. Şuranın tərkibi müəyyənləşdirilərkən aşağıdakı tələblərə riayət olunmalıdır:
- Şurada bir neçə ixtisaslaşma üzrə dissertasiyalara baxılarsa, onun tərkibinə hər bir İxtisaslaşma üzrə ən azı iki nəfər mütəxəssis daxil olmalıdır;
- Mütəxəssisin şuraya daxil edilməsi üçün onun razılığı lazımdır (əlavə 2);
- Bu şurada 4-dən çox ixtisaslaşma üzrə dissertasiya müdafiə oluna bilməz.
1.4. Təqvim ili ərzində şuranın sədrinin dəyişilməsi ali təhsil müəssisəsinin təqdimatı əsasında Təhsil Nazirliyi tərəfindən həyata keçirilir. Vəsatətdə dəyişmənin zəruriliyi əsaslandırılır. Şura üzvlərinin dəyişdirilməsi uyğun fakültənin əsaslandırılmış vəsatəti ilə ali təhsil müəssisəsinin rəhbəri tərəfindən aparılır.
1.5. Magistr dissertasiyası işinə tam və hərtərəfli baxılmasını və bu iş barəsində əsaslandırılmış qərar çıxarılmasını təmin etmək məqsədilə şura müvafiq kafedra və fakültələrdən lazımi materialları tələb edə bilər.
Şura aşkarlıq şəraitində işləyir. Onun fəaliyyəti barədə uyğun kafedravə fakültənin kollektivinə ətraflı məlumat verilir.
1.6. Şuranın hər iclası 5 saat davam edə bilər və bir iclasda 10-dək dissertasiya işi müdafiə oluna bilər.
1.7. Hər il yanvar ayının 15-dək şura ötən il ərzində görülmüş işlər haqqında təhsil müəssisəsi rəhbərliyinə hesabat təqdim etməlidir.
1.8. Magistrlik dissertasiyasının müdafiəsi üçün yaradılmış ixtisaslaşmış şuranın fəaliyyəti nazirlər kabinetinin 17.02.1994-cü il tarixdə təsdiq etdiyi “professor-müəllim heyətinin tədris işi üçün vaxt normasının müəyyənləşdirilməsi, elmi-tədqiqat, elmi-metodik və digər işlərin növləri barədə” norma ilə müəyyənləşdirilir.
II. Şura iclaslarının aparılması
2.1. Şuranın iclasları onun sədri və ya sədrin müavini tərəfindən aparılır.
Magistr dissertasiyası üzrə elmi rəhbər və ya məsləhətçi şuranın iclasına sadrlik edə bilməz.
Şuranın sədri və onun müavini iştirak etmədikdə şuranın iclası təxirə salınır və ya təhsil müəssisəsinin rəhbəri şura üzvlərindən birini müvəqqəti olaraq sadr müavini təyin edir.
Şuranın elmi katibi iclasda iştirak etmədikdə şuranın sədri bu vəzifəni müvəqqəti olaraq şura üzvlərindən birinə həvalə edir.
2.2. Şuranın iclasının açılışı zamanı sədr iştiraketmə vərəqəsi əsasında yetərsay (2/3) haqqında məlumat verir.
Şura üzvlərinin iclasda iştirakı onların hər birinin elmi ad vədərəcəsi göstərilməklə iclasın protokolunda əks olunmalı və imzası ilə təsdiq edilməlidir (əlavə 3).
İclasın açılışından sonra sədr növbə iləiclasda müdafiəyə təqdim olunmuş hər bir dissertasiya işi və magistrant, elmi katib isə magistr sənədlərinin tərtibi və onların qəbul olunması haqqında məlumat verir. Magistrant dissertasiya işinin mahiyyəti və aldığı nəticələr haqqında 15 dəqiqədən çox olmayan vaxt ərzində məruzə edir. Sonra ona suallar verilir. İddiaçının cavablarından sonra söz elmi rəhbərə və məsləhətçiyə verilir, dissertasiya işi üzrə şuraya daxil olmuş rəylər oxunur.
Rəylər oxunduqdan sonra magistrant onlardakı iradlara cavab verir.
Müdafiə olunan dissertasiya işlərinə qiymət verilməsi iclasın sonunda şura üzvlərinin açıq səsverməsi yolu ilə həyata keçirilir.
Səsvermənin nəticəsindən asılı olaraq dissertasiyanın müdafiəsinə magistr dərəcəsi verilib-verilməməsi qərarı qəbul olunur.