Məktəblilər arasında kompüter layihələri üzrə “Gənc kompüter istedadları” respublika müsabiqəsinin əsasnaməsi
1. Müsabiqənin rəsmi adı
Məktəblilər arasında kompüter layihələri üzrə “Gənc kompüter istedadları” respublika müsabiqəsi.
2. Müsabiqənin məqsədləri
Kompüter layihələri müsabiqəsinin əsas məqsədləri aşağıdakılardır:
- informasiya texnologiyalarının (proqramlaşdırma, Veb-dizayn, multimedia) tətbiqi sahəsində istedadlı uşaq və gənclərin aşkara çıxarılması;
- gənclərin kompüter (informasiya) texnologiyalarına yiyələnməsi;
- gənclərin yaradıcılıq qabiliyyətinin inkişafı;
- istedadlı uşaqlarla işin forma və üsullarının təkmilləşdirilməsi;
- tədris prosesində İKT-nin tətbiqi.
3. Müsabiqənin keçirilmə vaxtı
Müsabiqə hər ilin mart – aprel aylarında keçirilir.
4.Müsabiqənin təşkilatçıları
Müsabiqənin təşkilatçısı Azərbaycan Respublikasının Təhsil Nazirliyidir. Təşkilatçılar sırasına digər dövlət, qeyri-hökumət qurumları və özəl şirkətlər də daxil edilə bilər.
5. Müsabiqənin Münsiflər Heyəti
- Müsabiqənin Münsiflər Heyəti kompüter texnologiyaları və kompüter qrafikası sahələrində nüfuzlu mütəxəssislərdən, mədəniyyət və incəsənət xadimlərindən, qanunverici və icra hakimiyyəti orqanlarının nümayəndələrindən ibarətdir.
- Müsabiqənin Münsiflər Heyətinin tərkibini müsabiqənin Təşkilat Komitəsi təsdiq edir.
6. Müsabiqənin məzmunu
6.1. Kompüter layihələri müsabiqəsinə şagirdlər tərəfindən dərs və dərsdənkənar vaxtda hazırlanmış layihələr qəbul olunur. Bir məktəbdən 3-dən artıq layihə qəbul edilmir. Layihələr həm ayrıca şagird tərəfindən, həm də müəllimin rəhbərliyi ilə şagird kollektivi tərəfindən hazırlana bilər.
Müsabiqə aşağıdakı nominasiyalar üzrə aparılır:
1. Təqdimatlar
2. Veb-saytlar
a) Məktəbin rəsmi saytı
b) Şagirdlərin sərbəst mövzu üzrə hazırladığı saytlar
3. Kompüter proqramları
a) Öyrədici proqramlar
b) Oyun proqramları
c) İnformasiya proqramları
4. Öyrədici layihələr
5. Kompüter animasiyası
6.2. Təqdimatlar müsabiqəsi 2 (iki) turda keçirilir:
Birinci tur – Ev tapşırığı. Sərbəst mövzular üzrə təqdimatlar təqdim olunur. Ev tapşırıqlarını yoxladıqdan sonra müsabiqənin Münsiflər Heyəti ən yaxşı işləri seçir və onların müəllifləri ikinci əyani turda iştirak edir.
İkinci tur – Proqram. Qabaqcadan müəyyən edilmiş mövzular üzrə verilən iki mövzudan birinin 2 saat ərzində təqdimatı hazırlanır. Münsiflər Heyəti təqdimatların mövzusunu müsabiqə ərəfəsində püşkatma yolu ilə müəyyən edir.
6.3. Veb-saytlar, kompüter proqramları, öyrədici layihələr və kompüter animasiyaları müsabiqələri də 2 turda keçirilir:
Birinci tur. Ev tapşırıqları təqdim olunur və onlar arasında seçim aparılır.
İkinci tur. Seçilmiş işlərin müdafiəsi keçirilir.
6.4 Müsabiqənin finalında müsabiqənin Münsiflər Heyəti tərəfindən seçilmiş ən yaxşı işlər iştirak edir.
Hər bir nominasiya üzrə 1 (bir) I dərəcəli Diplom, 2 (iki) II dərəcəli diplom və 3 (üç) III dərəcəli Diplom verilir. Bundan əlavə aşağıdakı həvəsləndirici diplomlar təqdim edilir:
- Ən gənc iştirakçıya;
- Ən yaxşı dizayna;
- Ən orijinal layihəyə.
7. Müsabiqənin mərhələləri
1. Müsabiqə üç mərhələdən ibarətdir:
2. Müsabiqədə iştirak üçün ərizə və işlərin qəbulu.
3. Ən yaxşı layihələrin seçilməsi üzrə Münsiflər Heyətinin işi.
4. Müsabiqənin finalı. Qaliblərin mükafatlandırılması.
8. Layihələrə qoyulan tələblər
Layihələr aşağıdakı tələblərə cavab verməlidir:
1. Layihələr Windows 2000/XP əməliyyat sistemli fərdi kompüterdə baxılmaq üçün yararlı olmalı və Təşkilat Komitəsinə CD-lərdə təqdim edilməlidir.
2. Qeyri-standart (UNICODE olmayan) şriftlərdən istifadə olunduqda onlar layihə ilə birlikdə “Fonts” qovluğunda təqdim edilməlidir.
3. Müsabiqə layihələrinə “Source” qovluğunda bütün mənbə faylları mütləq əlavə olunmalıdır.
4. Layihə elan edilmiş nominasiyaya uyğun gəlmirsə, Münsiflər Heyəti üzvləri ərizəçini xəbərdar etməklə layihənin nominasiyasını dəyişə, yaxud qeydiyyatından imtina edə bilər.
5. Müsabiqənin Təşkilat Komitəsi bu Əsasnamənin tələblərinə cavab verməyən layihələri qeydiyyata almaqdan imtina edə bilər. Qeydiyyatdan imtina şərh edilmir.
9. Ərizələrin qeydə alınması
1. Müsabiqədə iştirak ərizəsi və layihənin qısa məzmunu müsabiqənin elektron poçt ünvanına göndərilir.
2. İddiaçılar sırasından iştirakçıların seçimi Münsiflər Heyəti tərəfindən saytda yerləşdirilmiş qəbul edilmiş formaya uyğun tərtib edilmiş ərizə əsasında aparılır.
3. Müsabiqədə iştirak üçün ərizə 1 mart tarixindən gec olmayaraq təqdim edilməlidir. Ərizə formasının bütün boş yerləri doldurulmalıdır. Qeydiyyatdan sonra ərizədə göstərilən ünvana qəbulun təsdiqi barədə bildiriş göndərilir.
10. Layihələrin qiymətləndirilməsi qaydası
- Müsabiqə iştirakçılarının ərizələri Əsasnamənin şərtlərinə və nominasiyanın tələblərinə uyğunluq baxımından müsabiqənin Münsiflər Heyəti tərəfindən qiymətləndirilir.
- Bundan sonra müsabiqə iştirakçılarının siyahısı, təqdim edilmiş işlərin təsviri və qeydiyyat tarixi ilə birlikdə müsabiqənin saytında dərc edilir.
- Münsiflər Heyəti səsvermə yolu ilə finalçıları müəyyən edir.
- Müsabiqənin final mərhələsində müsabiqə iştirakçıları öz layihələrini proyektorla nümayiş etdirərək müdafiə edirlər.
- Münsiflər Heyəti layihəni 10-ballıq sistemlə qiymətləndirir.
11. Layihələrin qiymətləndirmə meyarları
- Müsabiqəyə təqdim edilmiş layihələr nominasiyalar üzrə qruplaşdırılır. Hər bir nominasiya üzrə qiymətləndirmə meyarları müəyyən edilir. Bu meyarlarla müsabiqənin saytında tanış olmaq olar.
- Münsiflər Heyəti müsabiqənin xüsusi laureatlarını (qiymətləndirmə meyarlarını nəzərə almadan əlahiddə nailiyyətlərlə seçilən layihələri) elan edə bilər.
12. Mükafatlandırma
Laureatların mükafatlandırılması müsabiqənin final tədbirləri zamanı baş verəcək. Müsabiqənin laureatları təşkilatçıların və sponsorların qiymətli mükafatlarını alırlar.
13. Təşkilat Komitəsi
Müsabiqənin hazırlanmasına rəhbərliyi Təşkilat Komitəsi edir.
Təşkilat Komitəsi müsabiqənin proqramını, rəsmi Münsiflər Heyəti tərkibini, müsabiqənin nəticələri barədə hesabatı təsdiq edir.
14. Maliyyələşdirmə
Bütün dövlət, kommersiya və ictimai qurumlar öz mükafatlarını təsis edə və müsabiqənin təşkil edilməsi və keçirilməsində iştirak edə bilər.