• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Ali və orta ixtisas təhsili müəssisələrinin attestasiyası və akkreditasiyası haqqında əsasnamə

Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2004-cü il 15 aprel tarixli 49 nömrəli qərarı ilə
təsdiq edilmişdir.
 
  
I. Ümumi müddəalar
 
1.1 Bu Əsasnamə Azərbaycan Respublikasının Təhsil Qanununa və digər qanunvericilik aktlarına uyğun hazırlanmışdır və tabeliyindən, mülkiyyət və təşkilati- hüquqi formasından asılı olmayaraq Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən bütün ali və orta ixtisas təhsili müəssisələrinin (bundan sonra-təhsil müəssisələri), onların filial və şöbələrinin (o cümlədən digər ölkələrin təhsil müəssisələrinin Azərbaycanda olan filial və şöbələrinin) attestasiyası və akkreditasiya qaydalarını müəyyən edir.
1.2 Attestasiyanın və akkreditasiyanın əsas məqsədi vətəndaşların təhsil sahəsində Konstitusiya ilə müəyyən edilmiş hüquqlarını və təhsil müəssisələrinin fəaliyyətinin təhsil qanunvericiliyi və dövlət təhsil standartlarının tələbləri səviyyəsində qurulmasını təmin etməkdən ibarətdir.
1.3 Azərbaycan Respublikasının ərazisində yerləşən bütün təhsil müəssisələrinin (o cümlədən digər ölkələrin təhsil müəssisələrinin Azərbaycanda fəaliyyət göstərən filial və şöbələrinin) attestasiyası və akkreditasiyası tabeliyindən, mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən həyata keçirilir. Bu məqsədlə Təhsil Nazirliyi tərəfindən daimi fəaliyyət göstərən akkreditasiya komissiyası yaradılır.
Akkreditasiya komissiyasının tərkibinə təhsil naziri (sədr), onun müavinləri, müvafiq aparıcı idarə və şöbələrin rəhbərləri və mütəxəssisləri, Təhsil Problemləri İnstitutunun rəhbəri, tabeçiliyində ali və orta ixtisas təhsili müəssisəsi olan nazirliklərin, təşkilatların və idarələrin nümayəndələri daxil ola bilərlər.
Akkreditasiya komissiyasının üzvlərindən biri məsul katib təyin edilir.
Hər bir təhsil müəssisəsi üçün yaradılan attestasiya komissiyasının tərkibinə təhsil müəssisəsinin profilinə uyğun tədrisin təşkilində və idarə olunmasında təcrübəsi olan yüksək ixtisaslı mütəxəssislər (attestasiya olunan müəssisədə işləməyənlər) daxil edilir. Təhsil müəssisələrində hazırlığı aparılan kadrlara marağı olan nazirlik və təşkilatların nümayəndəri də komissiyaya daxil edilə bilər. Zəruri hallarda sədr komissiyanın işinə əlavə mütəxəssislər cəlb edilə bilər.
1.4 Attestasiyanın və akkreditasiyanın keçirilməsinə qoyulan tələblər və meyarlar dövlət təhsil standartlarına əsasən Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən müəyyənləşdirilir.
 
 
II. Təhsil müəssisələrinin attestasiyası
 
2.1 Ali və orta ixtisas təhsili müəssisələrinin attestasiyası təhsil müəssisələrində təhsilin keyfiyyətinə dövlət-ictimai nəzarətin əsas forması olaraq, mütəxəssis hazırlığının dövlət təhsil standartlarının tələblərinə uyğunluğunu müəyyənləşdirən prosedurdur.
2.2 Təhsil müəssisələrinin attestasiyası bir qayda olaraq, hər dörd ildən bir Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən həyata keçirilir.
Yeni yaradılmış təhsil müəssisəsinin, həmçinin fəaliyyətdə olan təhsil müəssisəsinin yeni açılmış istiqamətlərinin (ixtisaslarının) attestasiyası ilə mütəxəssis buraxılışından sonra aparılır. Zərurət olduqda (təhsilin keyfiyyəti ilə bağlı təhsil alanların müraciəti və s. olduqda) və ya təhsil müəssisəsinin ərazisi əsasında növbədənkənar attestasiya da keçirilə bilər.
2.3 Təhsil müəssisələri attestasiyaya qədər müəyyən edilmiş qaydalara əsasən özünütəhlil prosedurunu həyata keçirə bilər. Özünütəhlilin nəticəsi dəqiqləşdirildikdən sonra attestasiya zamanı nəzərə alınır.
2.4 Attestasiya zamanı təhsil müəssisəsində təhsilin məzmun və keyfiyyətinin dövlət standartlarına uyğunluğu, tədris plan və proqramlarının yerinə yetirilməsi, təhsil alanların ayrı-ayrı fənləri mənimsəmə səviyyəsi və dövlət imtahanlarının nəticələri, təhsil müəssisəsinin attestasiyası üçün yaradılmış komissiya tərəfindən təhsil alanların biliyinin attestasiyasının yekunları, tədrisin elmi, pedaqoji, elmi-metodik təminatı, pedaqoji kadrların yerləşdirilməsi, onların ixtisas xüsusiyyətləri, təhsil müəssisəsinin tibbi-sosial şəraiti, maddi-texniki bazası, inkişaf dinamikası və s. məsələlər öyrənilir. Bu zaman özünütəhlilin nəticələri haqqında məlumatlar da dəqiqləşdirilir.
2.5 Təhsil müəssisəsinin və onun müvafiqi struktur bölmələrinin, ayrı-ayrı istiqamətlər və ixtisasların attestasiyadan keçməsinin əsas şərti təhsil müəssisəsinin attestasiyası üçün yaradılmış komissiya tərəfindən təhsil alanların yarıdan çoxunun biliyinin müsbət qiymətləndirilməsidir.
Təhsil alanların biliyinin attestasiya forması Təhsil Nazirliyi tərəfindən müəyyənləşdirilir.
2.6 Təhsil müəssisəsi attestasiya komissiyasına aşağıdakı sənədləri təqdim edir:
təhsil müəssisəsinin Nizamnaməsi;
təhsil fəaliyyəti üçün verilən lisenziyanın surəti;
tədris planları (attestasiya olunan istiqamət və ixtisaslar üzrə);
özünütəhlilin yekunu haqqında hesabat (özünütəhlil keçirilmişdirsə).
2.7 Attestasiya komissiyasının sədri iclasların təşkilini, bütün zəruri sənədlərin tərtib edilməsini, komissiya üzvlərinin çatdırılmasını, attestasiyanın nəticəsi haqqında rəyin hazırlanmasını və iclas protokollarının tərtibini təmin edir.
Attestasiya keçirilməsi üçün bütün sənədlər komissiyanın sədrinə təqdim edilir. Bu sənədlər əsasında hazırlanmış və komissiyanın üzvləri tərəfindən imzalanmış yekun arayış komissiyanın iclasında müzakirə olunur və bir ay müddətində təhsil müəssisəsinin attestasiyasının nəticələri əsasında müvafiq rəy hazırlanır. Əlavə araşdırmaların aparılması zəruriyyəti yarandığı hallarda bu müddət bir aya qədər artırıla bilər.
Komissiyanın iclası onun üzvlərinin 2/3 hissəsi iştirak etdikdə səlahiyyətli sayılır.
Komissiyanın rəyi iclasda iştirak edənlərin sadə səs çoxluğu ilə qəbul olunur. Səslər bərabər olduqda komissiya sədrinin səsi həlledicidir.
Komissiya üzvlərindən xüsusi rəyi olanlar öz rəylərini yazılı sürətdə təqdim edə bilərlər.
2.8 Attestasiya komissyası təhsil müəssisəsinin attestasiyası haqqında aşağıdakı iki rəydən birini qəbul edir:
Təhsil müəssisəsi müvafiq istiqamət və ixtisaslar göstərilməklə attestasiyadan keçmiş hesab edilsin;
təhsil müəssisəsi attestasiyadan keçməmiş hesab edilsin.
2.9 Attestasiya komissiyasının rəyi əsasında Azərbaycan Respublikasının Təhsil Nazirliyi 2 həftə ərzində həmin təhsil müəssisəsinin attestasiyadan keçib-keçməməsi haqqında müvafiq əmr verir.
Təhsil Nazirliyinin əmri və attestasiya komissiyasının rəyi təhsil müəssisəsinə və onun təsisçisinə təqdim olunur.
2.10 Attestasiya aparılan təhsil müəssisəsi üçün müvafiq sənədlər toplusu (attestasiya işi) tərtib olunur. Bu topluya aşağıdakı sənədlər daxil edilir:
Təhsil müəssisəsi tərəfindən attestasiya komissiyasına təqdim olunan sənədlər;
Təhsil müəssisəsinin attestasiya olunması üçün yaradılan komissiya haqqında əmr;
Attestasiya komissiyasının rəyi;
Təhsil müəssisəsinin attestasiyasının nəticəsi barədə Azərbaycan Respublikasının Təhsil Nazirliyinin əmri;
Həmin topluya lazım gəldikdə, digər sənədlər də əlavə oluna bilər. Sənədlər toplusu Təhsil Nazirliyində ayrıca qovluqla saxlanılır.
2.11 Attestasiya haqqında Təhsil Nazirliyinin mənfi əmri barədə təhsil müəssisəsi qanunvericiliyə uyğun məhkəmə qarşısında iddia qaldıra bilər.
2.12 Attestasiyadan keçə bilməyən təhsil müəssisəsi bir ildən sonra təkrar attestasiyadan keçə bilər. Attestasidan keçməyən təhsil müəssisəsinə və ya kadr hazırlığı aparılan ayrı-ayrı istiqamətlər (ixtisaslar) üzrə həmin ilə tədəbə qəbulu planlaşdırılmır.
Təhsil müəssisəsi təkrar attestasiyadan keçə bilmədikdə, onun təhsil fəaliyyəti dayandırılır və orada təhsil alan tələbələrin təhsillərini davam etdirməsi üçün Təhsil Nazirliyi və tabeliyində ali və orta ixtisas tədris müəssisələri olan nazirlik, komitə və idarə birgə müvafiq tədbirlər həyata keçirirlər.
2.13 Təhsil müəssisəsinin attestasiya olunması haqqında Təhsil Nazirliyinin müsbət əmri həmin müəssisənin akkreditasiya olunması üçün əsas şərtdir. Təhsil müəssisəsinin attestasiydan keçməsi barədə Təhsil Nazirliyinin müsbət əmri olduqda, müvafiq sənədlər toplusu bir həftə müddətində akkreditasiya komissiyasına təqdm olunur.
 
III. Təhsil müəssisələrinin akkreditasiyası
 
3.1 Akkreditasiya təhsil müəssisəsinin statusunun (tipinin və növünün) və onun təhsil haqqında dövlət nümunəli sənəd vermək hüququ olan təhsil proqramları siyahısının müəyyənləşdirilməsi prosedurudur.
3.2 Akkreditasiya komissiyası təqdim olunmuş sənədlər toplusuna bir həftə ərzində baxaraq müvafiq qərar qəbul edir. Həmin qərarın əsasında Azərbaycan Respublikasının Təhsil Nazirliyi təhsil müəssisəsinin akkreditasiyası haqqında əmr verir. Təhsil müəssisəsinin akkreditə olunması barədə məlumatlar mətbu orqanlarında dərc edilir.
3.3 Təhsil müəssisəsinin mövcud statusu (tipii və növü) həmin statuslu təhsil müəssisələri üçün müəyyən olunmuş müvafiq normalara uyğun gəlmədikdə, onun akkreditasiyası haqqında mənfi qərar verilə bilər. Bu halda təhsil müəssisəsi yalnız akkreditasiya komissiyasının müəyyən etdiyi statusla fəaliyyət göstərə bilər.
3.4 Təhsil müəssisələri bir qayda olaraq 4 il müddətinə akkreditasiya olunur.
3.5 Təhsil müəssisəsinin akkreditasiyası haqqında əmr aşağıdakı hallarda öz qüvvəsini itirir:
təhsil müəssisəsinin akkreditasiya müddəti başa çatdıqda;
təhsil müəssisəsinin müvafiq müraciət olduqdu;
təhsil müəssisəsi bu Əsasnamənin 2.2-ci bəndində göstərilən səbədən vaxtından əvvəl attestasiyadan keçirilməsindən imtina etdikdə;
təhsil müəssisəsinin lisenziyası ləğv edildikdə;
təhsil müəssisəsi yenidən təşkil olunduqda.