“Gənc xilasedici və yanğınsöndürən” yarışının keçirilməsi haqqında Əsasnamə
Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin
04 avqust 2010-cu il tarixli, 078 nömrəli
əmri ilə təsdiq olunmuşdur
1. Ümumi müddəalar
1.1. “Gənc xilasedici və yanğınsöndürən” yarışı orta və ümumtəhsil məktəblərinin şagirdləri arasında fövqəladə hallara hazırlıq sahəsində fiziki və intellektual müsabiqələrdən ibarət yarışdır. Yarış Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı və Təhsil, Gənclər və İdman Nazirliklərinin dəstəyi ilə keçirilir.
1.2. Yarışın keçirilməsinin əsas məqsədləri aşağıdakılardır:
- yeniyetmə və gənclərin fövqəladə hallara hazırlıq səviyyəsinin yüksəldilməsi;
- məktəblilərə şəxsi və ictimai təhlükəsizliyə məsuliyyətli yanaşma hissinin aşılanması;
- gənc nəslə hərbi-vətənpərvərlik ruhunun aşılanması;
- məktəblilər arasında sağlam həyat tərzinin təbliği;
1.3. Yarış aşağıdakı səviyyələrdə keçirilir:
- məktəbdaxili-seçmə yarışlar;
- rayon (şəhər) yarışları;
- zona yarışları;
- ümumrespublika yarışları.
1.4. Məktəbdaxili-seçmə yarışlar orta və ümumtəhsil müəssisələrinin rəhbəri tərəfindən təsdiq olunmuş proqram əsasında keçirilir.
1.5. Rayon (şəhər), zona və ümumrespublika yarışları Fövqəladə Hallar Nazirliyi, Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyinin yerli qurumlarının dəstəyi ilə həyata keçirilir.
1.6. Yarışlar şəraitə uyğun olaraq hazırlanmış proqram əsasında həyata keçirilir.
1.7. Ümumrespublika yarışlarında zona yarışlarının qalibi olan komandalar iştirak edirlər.
2. Yarışların hazırlanması və keçirilməsi
2.1. Yarışlar Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi, Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyinin nümayəndələrindən ibarət Təşkilat Komitəsi tərəfindən təşkil olunur.
Təşkilat Komitəsinin tərkibi, yarışların keçirilmə vaxtı, yeri və hazırlıq ardıcıllığı, həmçinin xərclərin smetası Fövqəladə Hallar Nazirliyinin müvafiq əmri ilə təsdiqlənir.
2.2. Yarışların keçirilməsi üçün Hakimlər Kollegiyası yaradılır. Hakimlər Kollegiyasının komplektləşdirilməsi Fövqəladə Hallar Nazirliyinin regional mərkəzləri, Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyinin yerli qurumları tərəfindən aparılır.
Hakimlər Kollegiyasının tərkibini və iş prinsipini Təşkilat Komitəsi müəyyən edir.
Hakimlər Kollegiyasının tərkibinə yarışların baş hakimi, baş hakimin təhlükəsizlik məsələləri üzrə müavini, yarışların katibi, yarış növlərinə müvafiq hakimlər, mərhələlər üzrə hakimlər daxildir.
2.3. Rayon,(şəhər), zona və ümumrespublika yarışlarında iştirakçılar haqqında məlumat toplanması üçün Təşkilat Komitəsi üzvünün rəhbərlik etdiyi Mandat Komissiyası yaradılır. Baş hakimin təhlükəsizlik məsələləri üzrə müavini və yarışların katibi də Mandat Komissiyasına daxil edilir.
2.4. Yarışlar nümunəvi yarış proqramına uyğun həyata keçirilir. (Əlavə 1)
3. Yarış iştirakçıları
3.1. Yarışlar kiçik (12-14 yaş) və böyük (15-17 yaş) olmaqla 2 yaş qrupunda keçirilir.
3.2. Komandaların tərkibinə 7 iştirakçı, 3 müşayiətçi (komandanın rəhbəri, onun müavini və tərbiyəçi) daxildir.
3.3. Yarışın bütün iştirakçıları çöl şəraitində yaşamağı, gecələməyi, tonqalda yemək hazırlamağı və üzməyi bacarmalıdırlar.
3.4. Komanda üzvləri çöl şəraitində yaşamaq üçün şəxsi və komandaya aid zəruri geyim və ləvazimatlarla təchiz olunmalıdırlar.
4. Düşərgələrin hazırlanması
4.1. Düşərgələrin yerini Təşkilat Komitəsi yerli icra hakimiyyəti orqanının razılığı ilə təyin edir. Bu zaman ərazinin iqlim və coğrafi şəraiti nəzərə alınmalıdır. Düşərgə ümumişlək magistral yollardan kənarda yerləşməli və sərhədlər təyin edilməlidir.
4.2. Düşərgə qurularkən hakimlər korpusu və iştirakçılar üçün yaşayış yeri, komandaların düzülməsi üçün sahə, təsərrüfat zonası, sanitar qovşaqları və dayanacaq yerləri nəzərə alınmalıdır.
4.3. Yaşayış zonasında çadırlar sıra ilə qurulmalıdır. Sıralar arasında məsafə 5 m, çadırlar arasında məsafə isə 2,5 m olmalıdır. Hər komandanın qarşısında onun adı yazılan nəqliyyat vasitəsi dayanmalıdır.
4.4. Hakimlər korpusunun yaşayış yerində hakimlərin istirahəti üçün olan çadırlardan əlavə hakimlərin kollegiya və komanda rəhbərləri ilə iclasların keçirilməsi üçün çardaq qurulmalıdır.
4.5. Hakim və iştirakçıların yaşayış yerlərinin arasında üstündə “Gənc xilasedici və yanğınsöndürən” yarışlarının keçirilmə şərtləri, mərhələ yarışları və müsabiqələrinin şərtləri, mərhələlər üzrə informasiya, başlanğıc protokolları, bütün xidməti heyətin yerləşmə sxemi, günün bölünmə planı, düşərgənin iş qaydaları, elanlar və s. asılan məlumat lövhələri qoyulmalıdır.
4.6. Düşərgə yanğından mühafizə qaydalarına ciddi riayət olunmaqla qurulmalıdır. Ərazi daimi olaraq tullantılardan və quru otdan təmizlənməlidir. Düşərgənin ərazisində yanğınsöndürmə ləvazimatları asılmalıdır. Düşərgədən 40 m-dək məsafədə tez alovlanan vasitələrlə od qalamaq, çadırların işıqlandırılması üçün açıq odlardan (kibrit, alışqan, şam və s. ) istifadə, yanğınsöndürmə vasitələrinin yerləşdiyi əraziyə gedən yolu kəsmək qadağandır.
5. Düşərgənin tibbi təchizatı
5.1. Yarış iştirakçıları daimi tibbi nəzarətdə saxlanmalıdır. Düşərgənin ərazisində və müsabiqələrin keçirildiyi yerlərdə zədəli iştirakçılara ilk tibbi yardım göstərmək üçün tibb işçilərinə xüsusi yer ayrılmalı və zəruri hallarda onların tibb müəssisələrinə aparılmaları üçün təcili yardım maşını ilə təmin olunmalıdır. Yaşayış yerləri və yeməkləri daim həkim nəzarətində olmalıdır.
6. Yarışlarda təhlükəsizliyin təmin olunması
6.1. Yarışlar keçirilən zaman iştirakçıların, hakim və tamaşaçıların təhlükəsizliyi təmin olunmalıdır. Yarışlar vaxtı təhlükəsizliyin təmin olunması üçün əsas məsuliyyəti baş hakim və baş hakimin təhlükəsizlik məsələləri üzrə müavini daşıyır.
6.2. Yarışlarda təhlükəsizliyin təmin olunması tədbirlərinə aşağıdakılar aiddir:
- yarışlar üçün yerin (paliqon), marşrutların düzgün seçilməsi, onların təhlükəsizlik normalarına uyğun hazırlanması və mühafizəsi;
- yarışların keçirilməsi zamanı nizam-intizamın qorunması;
- yanğından mühafizə tədbirlərinin təşkili;
- yarışlar zamanı tibbi-profilaktik tədbirlərin təşkili;
- yarış iştirakçılarının, hakim və xidməti personalın isti yemək və içməli su
ilə təmin olunması, iştirakçıların istifadə etdikləri su mənbələrinin yoxlanılması və suyun müəyyən olunmuş mənbələrdən gətirilməsi;
- xilasetmə xidmətinin dəqiq işləməsi;
- şəraitdən asılı olaraq təşkilatçıların lazım bildiyi əlavə tədbirlərin keçirilməsi;
- yarış məsafəsinin start və finiş hissəsinin rəngli lent və yazılarla işarələnməsi;
- iştirakçılara təhlükə törədə bilən ərazilərdə xəbərdaredici işarə və yazıların qoyulması.
6.3. Yarışlardan kənar vaxtda yarış iştirakçılarının həyat və sağlamlığının təhlükəsizliyinin təmin olunması, iştirakçılar tərəfindən təhlükəsizlik texnikası qaydalarına riayət olunması, nizam-intizamın qorunması məsuliyyəti komanda rəhbərlərinin üzərinə düşür.
6.4. Düşərgələrin təşkil olunduğu müddətdə ümumi təhlükəsizliyə Fövqəladə Hallar Nazirliyi tərəfindən təyin olunmuş düşərgə rəhbərləri cavabdehdirlər.
6.5. Zərərçəkənlərin daşınması vasitələri istisna olunmaqla başqa digər əllə düzələn vasitələrdən istifadə qadağandır. Bütün xüsusi istehsal olunan qurğular yalnız Təşkilat Komitəsi tərəfindən yaradılmış texniki komissiyanın icazəsindən sonra məşqlərdə və yarışlarda istifadə oluna bilər.
7. Nəticələrin hesablanması prinsipləri
7.1. Komandaların distansiyaları keçməsi aşağıdakılar üzrə hesablana bilər:
- keçmə vaxtı ilə;
- alınmış cərimələrlə;
- cərimə balları ilə;
- vaxtın cəmi ilə.
Keçmə vaxtı komandanın ən axırıncı iştirakçısının finişə çatdığı yekun qiymətidir.
7.2. Komandanın nəticəsi yarışların mərhələlərinin nəticələrinin cəmi ilə hesablanır.
Komandanın tutduğu yer onun nəticələri ilə müəyyən olunur. Əgər komandaların nəticələri bərabər olsa, o zaman ən az cərimə balı toplayan komanda qalib sayılır. Əgər cərimə balları da eynidirsə, o zaman “Axtarış-xilasetmə işi” və “Yaşam marşrutu” adlı müsabiqələrdə Hakimlər Kollegiyası tərəfindən ən yaxşı qiymətləri alan komanda qalib sayılır.
7.3. Bir və ya bir neçə mərhələdən çıxarılan komandalar, çıxarılma sırası ilə nəticələri tam hesablanmış komandaların arxasına düzülür.
7.4. Ümumi hesablamada komandaların yeri onların ayrı-ayrı mərhələlərdəki nəticələri ilə müəyyən olunur. Nəticələr bərabər olduğu zaman ən uzun məsafədə olan “Yaşam marşrutu” üzrə ən yüksək bal toplamış komanda qalib olur.
Heç bir bal toplamayan komandalar ümumi hesablamada sonuncu yerdə hesab olunur.
8. Mükafatlandırma
8.1. Ümumi hesablamada I-III yerləri tutan komandalar diplomlarla, iştirakçılar, rəhbərlər, onların müavinləri və tərbiyəçi hədiyyə və diplomla təltif olunur.
8.2. Ayrı-ayrı növlərdə I-III yerləri tutan komandalar hədiyyə və diplomlarla, iştirakçılar, rəhbərlər, onların müavinləri və tərbiyəçi diplomlarla təltif olunur.
8.3. Yarışın Təşkilat Komitəsi ayrı-ayrı mərhələlərdə fəallıq göstərən komandalar və iştirakçılar üçün əlavə mükafatlar nəzərdə tutmalıdır.
9. Komandaların maliyyələşdirilməsi
9.1. İştirakçıların yarışın keçirildiyi əraziyə gediş gəlişləri, lazımi əşyalarla təmin olunması və yarış ilə bağlı bütün xərcləri əhatə edən xərclər smetası Təşkilat Komitəsi tərəfindən hazırlanır.
10. Ərizələrin qəbulu
10.1. Ərizələr (Əlavə 3) yarışın başlanmasından ən azı 15 gün əvvəl, aşağıda göstərilmiş ardıcıllıqla təqdim olunmalıdır:
- məktəbdaxili-seçmə yarışlarda sinif rəhbəri tərəfindən məktəb direktoruna;
- rayon yarışlarında məktəb direktoru tərəfindən yerli təhsil şöbələrinə;
- zona yarışlarında yerli təhsil şöbələri tərəfindən Fövqəladə Hallar Nazirliyinin regional mərkəzlərinə;
- Ümumrespublika yarışlarında Fövqəladə Hallar Nazirliyinin regional mərkəzlərindən – Təşkilat Komitəsinə.
10.2. Komandanın rəhbəri yarışa gələrkən Mandat Komissiyasına aşağıdakı sənədləri təqdim etməlidir:
- vahid formada sağlamlıq haqqında arayış; (Əlavə 4)
- komandanın göndərilməsi barədə təhsil müəssisəsinin əmrindən çıxarış;
- komandanın rəhbəri, onun müavininin və tərbiyəçinin şəxsiyyət vəsiqəsi, ezamiyyə vərəqi;
- iştirakçıların şəxsiyyətini təsdiq edən sənəd (doğum haqqında şəhadətnamə və ya şəxsiyyət vəsiqəsi);
- iştirakçının müvafiq təhsil müəssisəsində təhsil aldığını təsdiq edən sənəd;
- iştirakçının valideyninin razılığını təsdiq edən sənəd.
Əlavələr:
1. Yarışların nümunəvi proqramı
2. Komandanın təchizat siyahısı
4. Vahid formada sağlamlıq haqqında arayış
“Gənc xilasedici və yanğınsöndürən” yarışının keçirilməsi üzrə regional mərkəzlər