Ümumi təhsil pilləsində təhsilalanların yekun attestasiyasının aparılması Qaydaları
|
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 12 dekabr tarixli 498 nömrəli qərarı ilə TƏSDİQ EDİLMİŞDİR |
Ümumi təhsil pilləsində təhsilalanların yekun attestasiyasının aparılması
QAYDALARI
1. Ümumi müddəalar
1.1. Bu Qaydalar “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa, digər qanunvericilik aktlarına uyğun hazırlanmışdır və tabeliyindən, mülkiyyət və təşkilati-hüquqi formasından, tipindən və növündən asılı olmayaraq Azərbaycan Respublikasının ərazisində ümumi təhsil pilləsində ümumi təhsili həyata keçirən təhsil müəssisələrində (bundan sonra – ümumi təhsil müəssisələrində) təhsilalanların yekun attestasiyasının aparılması qaydalarını müəyyən edir.
1.2. Ümumi təhsil müəssisələrində təhsilalanların yekun attestasiyası ümumi təhsil pilləsinin ümumi orta və tam orta təhsil səviyyələrini başa vuran təhsilalanların təhsildə nailiyyətlərinin qiymətləndirilməsi məqsədilə həyata keçirilir.
1.3. Ümumi təhsil müəssisələrində ümumi orta və tam orta təhsil səviyyələrində təhsilalanların yekun attestasiyası Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi (bundan sonra – Mərkəz) tərəfindən aparılır.
1.4. Təhsilalanların yekun attestasiyası üçün Mərkəz tərəfindən buraxılış imtahanı keçirilir. Buraxılış imtahanının məzmunu, yəni təhsilalanlara təqdim edilən tapşırıqların növü və qiymətləndirilmə qaydası Mərkəz və Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən birgə müəyyən edilir və hər il tədris ilinin başlanılmasından 1 ay müddət keçənədək elan edilir. Tapşırıqların məzmunu “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 29.0.12-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş dövlət təhsil standartlarına və proqramlarına (kurikulumlara) uyğun müəyyən edilir.
1.5. Buraxılış imtahanlarının keçiriləcəyi günləri və imtahanların aparılması texnologiyasını Mərkəz və Azərbaycan Respublikasının Təhsil Nazirliyi birgə müəyyən edirlər.
1.6. Buraxılış imtahanının keçirilməsi Azərbaycan Respublikasının dövlət büdcəsindən maliyyələşdirilir və təhsilalanlar üçün ödənişsizdir.
1.7. Təhsil sənədinə yazılacaq yekun qiymət (qiymətlər) Mərkəz tərəfindən aşağıdakı qaydada çıxarılır:
1.7.1. buraxılış imtahanı aparılan hər bir fənn üzrə şagirdin buraxılış sinfinin yekun (illik) qiyməti və buraxılış imtahanının balı;
1.7.2. buraxılış imtahanı aparılmayan hər bir fənn üzrə şagirdin buraxılış sinfinin yekun (illik) qiyməti.
1.8. çıxarılıb.
1.9. çıxarılıb.
1.10. Ümumi orta təhsil səviyyəsi üzrə müvafiq sinfi bitirdikdən sonra təhsilini davam etdirməyən və ya hər hansı dərs ilində dərs məşğələlərində iştirak etmədiyi üçün fənn (fənlər) üzrə biliyi qiymətləndirilməyən buraxılış sinif şagirdləri yekun attestasiyaya, o cümlədən buraxılış imtahanına buraxılmırlar.
1.11. Tam orta təhsil səviyyəsi üzrə müvafiq sinfi bitirdikdən sonra təhsilini davam etdirməyən və ya hər hansı dərs ilində dərs məşğələlərində iştirak etmədiyi üçün fənn (fənlər) üzrə biliyi qiymətləndirilməyən buraxılış sinif şagirdləri yekun attestasiyaya, o cümlədən buraxılış imtahanına buraxılmırlar.
1.12. Bu Qaydaların 1.10-cu və 1.11-ci bəndlərində göstərilən şagirdlərin və ya buraxılış imtahanında iştirak etməyən buraxılış sinif şagirdlərinin yekun attestasiyası aparılmır və onlara ümumi təhsil müəssisələrində təhsil almalarına dair Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 21 yanvar tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Müxtəlif səbəblərdən təhsilin hər hansı pilləsini və səviyyəsini başa vurmayan şəxslərə arayışın verilməsi Qaydası”na uyğun olaraq arayış verilir.
1.13. Psixoloji-tibbi-pedaqoji komissiyanın qərarı ilə buraxılış imtahanından azad edilmiş sağlamlıq imkanları məhdud təhsilalanların bütün fənlər üzrə yekun attestasiyası bu Qaydaların 1.7.2-ci yarımbəndində nəzərdə tutulmuş qaydada aparılır.
1.14. Çıxarılıb.
1.15. Yekun attestasiyanın nəticələri Mərkəz tərəfindən elektron təhsil sənədinə yazılır, şagirdə və təhsil müəssisəsinə təqdim edilir. Elektron təhsil sənədi dövlət nümunəli sənədin verilməsi üçün əsasdır.
2. Buraxılış imtahanı
2.1. Təhsilalanların yekun attestasiyasına hazırlıq məqsədilə buraxılış imtahanlarında iştirak edəcək şagirdlər haqqında məlumatlar “Şagird-məzun” dövlət elektron məlumat sisteminin verilənlər bazasına Azərbaycan Respublikasının Təhsil Nazirliyi (ümumi təhsil müəssisələri üzrə) tərəfindən təhsilalanların fərdi identifikasiya nömrəsi (Azərbaycan Respublikasının vətəndaşları üçün şəxsiyyət vəsiqəsinin FİN kodu, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş müvəqqəti və ya daimi yaşamaq üçün icazə vəsiqələrinin FİN kodu, qaçqın statusu almış əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin qaçqın vəsiqəsinin FİN kodu) göstərilməklə, daxil edilən məlumatlar əsasında Mərkəz tərəfindən formalaşdırılır.
2.2. Ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı tədris Azərbaycan, rus və gürcü dillərində aparılan ümumi təhsil müəssisələrində təhsil alan şagirdlər üçün - tədris dili, xarici dil və riyaziyyat, tədris ingilis, fransız və digər dillərdə aparılan ümumi təhsil müəssisələrində təhsil alan şagirdlər üçün - xarici dil və riyaziyyat fənlərindən olmaqla, Mərkəz tərəfindən mərkəzləşdirilmiş qaydada aşağıdakı iki mərhələdə keçirilir:
2.2.1. birinci mərhələdə şagirdlərə tədris dili fənnindən 20, xarici dil fənnindən 15 və riyaziyyat fənnindən 10 olmaqla, ümumilikdə 45 tapşırıq təqdim edilir. Bu mərhələdə şagirdlərin toplaya biləcəyi maksimal bal hər fənn üzrə 30 bal olmaqla, cəmi 90 baldır. İmtahanın davametmə müddəti 3 saatdır. Buraxılış imtahanını yalnız xarici dil və riyaziyyat fənlərindən verən şagirdlər üçün imtahanın davametmə müddəti 2 saatdır;
2.2.2. ikinci mərhələdə şagirdlərə tədris dili fənnindən 30, xarici dil fənnindən 30 və riyaziyyat fənnindən 30 olmaqla, ümumilikdə 90 tapşırıq təqdim edilir. Bu mərhələdə şagirdlərin toplaya biləcəyi maksimal bal hər fənn üzrə 70 bal olmaqla, cəmi 210 baldır. İmtahanın davametmə müddəti 3 saatdır. Buraxılış imtahanını yalnız xarici dil və riyaziyyat fənlərindən verən şagirdlər üçün imtahanın davametmə müddəti 2 saatdır.
2.3. Tam orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı tədris Azərbaycan, rus və gürcü dillərində aparılan ümumi təhsil müəssisələrində təhsil alan şagirdlər üçün - tədris dili, xarici dil və riyaziyyat, tədris ingilis, fransız və digər dillərdə aparılan ümumi təhsil müəssisələrində təhsil alan şagirdlər üçün - xarici dil və riyaziyyat fənlərindən olmaqla, Mərkəz tərəfindən mərkəzləşdirilmiş qaydada keçirilir. Buraxılış imtahanında şagirdlərə tədris dili fənnindən 30, xarici dil fənnindən 30 və riyaziyyat fənnindən 25 olmaqla, ümumilikdə 85 tapşırıq təqdim edilir. Buraxılış imtahanında şagirdlərin toplaya biləcəyi maksimal bal hər fənn üzrə 100 bal olmaqla, cəmi 300 baldır. İmtahanın davametmə müddəti 3 saatdır. Buraxılış imtahanını yalnız xarici dil və riyaziyyat fənlərindən verən şagirdlər üçün imtahanın davametmə müddəti 2 saatdır.
2.4. Azərbaycan dili istisna olmaqla, tədris digər dillərdə aparılan ümumi təhsil müəssisələrində təhsil alan şagirdlər ümumi orta və tam orta təhsil səviyyələri üzrə buraxılış imtahanı çərçivəsində Azərbaycan dili (dövlət dili kimi) fənnindən ayrıca imtahan verirlər. İmtahanda şagirdlərə Azərbaycan dili (dövlət dili kimi) fənnindən 30 tapşırıq təqdim edilir. Şagirdlərin toplaya biləcəyi maksimal bal 100 baldır. İmtahanın davametmə müddəti 1 saat 30 dəqiqədir.
2.5. Buraxılış imtahanlarında əlilliyi olan şəxslərin iştirakının təmin edilməsi üçün Mərkəz tərəfindən əlverişli şərait yaradılır. I dərəcə gözdən əlilliyi olan şəxslərə fərdi nəzarətçi təyin edilir və onlar üçün imtahanın davametmə müddəti 1 saat artırılır.
2.6. Buraxılış imtahanında iştirak etməyən ümumi orta və tam orta təhsil səviyyələrinin buraxılış sinif şagirdlərinin yekun attestasiyası məsələsinə təhsil müəssisələrinin təqdimatı əsasında fərdi qaydada və ya şəxslərin fərdi müraciəti əsasında Mərkəz tərəfindən baxılır. Həmin şagirdlər Mərkəz tərəfindən müəyyən edilən vaxtda imtahan verirlər. Ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanının hər hansı bir mərhələsində iştirak etməyən şagirdin yekun attestasiyası aparılmır.
2.7. Buraxılış imtahanı zamanı şagirdin aşağıdakı hərəkətlərə yol verməsi qadağandır:
2.7.1. saxta və ya başqasına aid sənəd təqdim etmək, imtahana öz yerinə başqasını göndərmək və ya sərxoş vəziyyətdə gəlmək;
2.7.2. imtahanlara mobil telefon və digər rabitə vasitələri, kalkulyator, konspekt, lüğət, cədvəl, məlumat kitabçası və digər yardımçı vasitələr gətirmək və onlardan istifadə etmək;
2.7.3. imtahan binasına yandırıcı, partlayıcı, kəsici, deşici, atıcı və digər bu kimi əşyalarla girmək, özü ilə tütün məmulatı gətirmək;
2.7.4. səbəbindən asılı olmayaraq imtahan keçirilən zalda yerini dəyişmək, gəzişmək, yerindən durmaq, “İmtahan başlandı!” elan olunan andan 1 saat müddət keçənədək və imtahanın son 15 dəqiqəsi ərzində zalı tərk etmək və digər hərəkətlərə yol verməklə, imtahanın gedişinə mane olmaq;
2.7.5. başqasının nəticəsinə təsir göstərmək, o cümlədən başqasının cavab kartına (vərəqinə), sual kitabçasına baxmaq və ya öz cavab kartına (vərəqinə), sual kitabçasına başqasının baxmasına şərait yaratmaq, sualın cavabını soruşmaq və ya bildirmək;
2.7.6. nəzarətçiyə və ya digər şəxslərə tapşırıqların həllində kömək üçün müraciət etmək;
2.7.7. cavab kartını (vərəqini) və sual kitabçasını nəzarətçiyə təhvil vermədən imtahan zalını tərk etmək.
2.8. Şagirdin bu Qaydaların 2.8-ci bəndində göstərilən hərəkətlərə yol verməsi halları Mərkəz tərəfindən aşkar edildikdə, onun imtahan nəticələri ləğv edilir. Bu qərardan inzibati qaydada və ya məhkəmə qaydasında şikayət verilə bilər.
3. Şagirdlərin buraxılış imtahanına təkrar və eksternat qaydasında buraxılması
3.1. Ümumi orta təhsil səviyyəsini əvvəlki dərs illərində başa vuran, lakin yekun attestasiyaya buraxılmayan və ya eksternat qaydasında cari tədris ilində yekun attestasiyada iştirak etmək üçün təhsil aldıqları təhsil müəssisələrinə müraciət etmiş və imtahana buraxılması haqqında həmin təhsil müəssisəsinin yaratdığı xüsusi komissiya tərəfindən qərar qəbul edilən şagirdlər buraxılış imtahanını bu Qaydaların 2.2-ci və 2.4-cü bəndlərində nəzərdə tutulmuş qaydada verirlər.
3.2. Tam orta təhsil səviyyəsini əvvəlki dərs illərində başa vuran, lakin yekun attestasiyaya buraxılmayan və ya eksternat qaydasında cari tədris ilində yekun attestasiyada iştirak etmək üçün təhsil aldıqları təhsil müəssisələrinə müraciət etmiş və imtahana buraxılması haqqında həmin təhsil müəssisəsinin yaratdığı xüsusi komissiya tərəfindən qərar qəbul edilən şagirdlər buraxılış imtahanını bu Qaydaların 2.3-cü və 2.4-cü bəndlərində nəzərdə tutulmuş qaydada verirlər.
3.3. Ümumi orta və tam orta təhsil səviyyələrini 2016/2017-ci tədris ilindən əvvəlki dərs illərində başa vuran, lakin buraxılış imtahanında iştirak etməyən və ya buraxılış imtahanında ən azı bir fəndən 2 qiymət alan şagirdlərin dövlət nümunəli təhsil sənədinə yazılacaq yekun qiymət Mərkəz tərəfindən aşağıdakı qaydada çıxarılır:
3.3.1. buraxılış imtahanı aparılan hər bir fənn üzrə şagirdin buraxılışdan əvvəlki və buraxılış siniflərinin yekun (illik) və buraxılış imtahanının qiymətlərinin ədədi ortası (bu zaman, buraxılış imtahanında iştirak etməyən şagirdin buraxılış imtahanının qiyməti kimi 2 qiyməti götürülür);
3.3.2. buraxılış imtahanı aparılmayan hər bir fənn üzrə şagirdin buraxılışdan əvvəlki və buraxılış siniflərinin yekun (illik) qiymətlərinin ədədi ortası.
3.3-1. Qiymətlərin ədədi ortası tam ədəd olmazsa, tam ədədə yuvarlaqlaşdırılır. Bu zaman, atılan rəqəm 5-dən kiçik olarsa, ondan əvvəlki rəqəm dəyişmir, 5 və ya daha böyük olarsa, ondan əvvəlki rəqəm bir vahid artırılır.
3.4. Tam orta təhsil səviyyəsi üzrə eksternat qaydasında yekun attestasiyaya yalnız ümumi orta təhsil səviyyəsini başa vurmuş şəxslər buraxılırlar.
3.5. Bu Qaydaların 3.1-ci və 3.2-ci bəndlərində qeyd edilən hallarda şagirdin yekun attestasiyası aparılarkən illik qiymət, o cümlədən illik 2 qiyməti əvəzinə xüsusi komissiyanın verdiyi qiymət götürülür.
4. Yekun müddəalar
4.1. Yekun attestasiyanın nəticələri ilə bağlı vətəndaşların müraciətlərinə baxılması üçün Mərkəz tərəfindən Apelyasiya Komissiyası yaradılır.
4.2. Şagird Apelyasiya Komissiyasına şəxsiyyəti təsdiq edən sənəd təqdim etməklə, şəxsən və ya valideynləri (onları əvəz edən şəxslər) vasitəsilə müraciət edir. Apelyasiya Komissiyasının qərarlarından inzibati qaydada və məhkəməyə şikayət verilə bilər.