Təhsil işçilərinin 2023-cü il sentyabr konfranslarının keçirilməsi haqqında Azərbaycan Respublikası elm və təhsil nazirinin əmri
Ümumi təhsil müəssisələrində 2022/2023-cü tədris ili üçün müəyyən olunmuş hədəflərin Bakı Şəhəri üzrə Təhsil İdarəsi və Regional Təhsil İdarələri tərəfindən yerinə yetirilməsi vəziyyəti ilə tanış olmaq və 2023/2024-cü tədris ilində qarşıda duran aktual vəzifələri müzakirə edib müvafiq əməli təkliflər hazırlamaq məqsədilə “Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi haqqında Əsasnamə”nin 5.5.10-cu yarımbəndini rəhbər tutaraq əmr edirəm:
1. Təhsil işçilərinin 2023-cü il sentyabr konfranslarının plenar müşavirə iclasları 04-13 sentyabr tarixlərdə keçirilsin.
2. Nəzərdə tutulan məsələlərin peşəkar səviyyədə müzakirəsini təmin etmək üçün səmərəli və mobil iş mühiti yaratmaq məqsədilə plenar müşavirələrin Bakı Şəhəri üzrə Təhsil İdarəsi və Regional Təhsil İdarələri üzrə keçirilməsi məqsədəuyğun hesab edilsin.
3. Təhsil işçilərinin 2023-cü ildə keçiriləcək sentyabr konfranslarının plenar müşavirələrinin qrafiki təsdiq edilsin (əlavə edilir).
4. Plenar müşavirələrin iş qaydası aşağıdakı kimi müəyyən olunsun:
4.1. Tədbirin açılışı və Dövlət Himninin ifa edilməsi;
4.2. 2022/2023-cü tədris ili ərzində görülmüş işlərlə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsi və regional təhsil idarələrinin müdirlərinin təqdimatı;
4.3. Hesabatlar və məruzə ətrafında təklifyönümlü çıxışlar, müşavirə iştirakçılarının suallarının cavablandırılması;
4.4. Plenar müşavirənin yekunlaşdırılması.
5. Ümumi və məktəbəqədər təhsilin təşkili və idarəolunması (E.Əliyev) və Ümumi və məktəbəqədər təhsildə məzmun, tədris və qiymətləndirmə şöbələri (V.Yaqublu) Bakı Şəhəri üzrə Təhsil İdarəsi və Regional Təhsil İdarələri üzrə plenar müşavirələrə müvafiq rayon və şəhərlərdən dəvət edilən təhsil işçilərinin sayı və tərkibinin müəyyənləşdirilməsini, müşavirələrin səmərəli keçirilməsi ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsinə və Regional Təhsil İdarələrinə təşkilati-pedaqoji kömək edilməsini təmin etsin.
6. Təsərrüfat hesablı əsaslı tikinti və təchizat idarəsi (Valeh Mirzalıyev) plenar müşavirələrin keçiriləcəyi zalların İKT avadanlıqları ilə təchizatını təmin etsin.
7. Plenar müşavirələrdə irəli sürülən təkliflər aidiyyəti üzrə Regional Təhsil İdarələri və Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən ümumiləşdirilib sentyabrın sonunadək Azərbaycan Respublikasının Təhsil İnstitutuna göndərilsin.
8. Azərbaycan Respublikasının Təhsil İnstitutu Regional Təhsil İdarələri və Bakı Şəhəri üzrə Təhsil İdarəsindən daxil olmuş təkliflərin təhlilini aparsın və ümumiləşdirilmiş material hazırlayıb rəhbərliyə təqdim etsin.
9. Maliyyə şöbəsi (Rauf Orucov) yerlərə göndərilən əməkdaşların ezamiyyə xərclərinin ödənilməsini konfransların keçirilmə tarixi nəzərə alınmaqla təmin etsin.
10. İctimaiyyətlə əlaqələr sektoru (Cəsarət Valehov) bu əmrin “Azərbaycan müəllimi” qəzetində dərc olunmasını və Nazirliyin internet saytında yerləşdirilməsini, habelə konfransların gedişinin KİV-lərdə işıqlandırılmasını təmin etsin.
11. Əmrin icrasına nəzarət nazir müavini Həsən Həsənliyə həvalə edilsin.
Emin ƏMRULLAYEV,
Azərbaycan Respublikasının elm və təhsil naziri
1 sentyabr 2023-cü il
3-29/3-2-533F/2023